Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-219/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və X2 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Sumqayıt şəhər şöbəsinə qarşı 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayına kimi Ağdam rayonu, Başqərvənd kəndində yerləşən Ş.Rəhimov adına kolxozda elektrik qaynaqçısı vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-416/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Sumqayıt şəhər şöbəsinə qarşı onun 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayına kimi Ağdam rayonu, Başqərvənd kəndində yerləşən Ş.Rəhimov adına kolxozda elektrik qaynaqçısı vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sənədlərini cavabdehə təqdim etmiş, cavabdeh xx.xx.2018-ci il tarixdə iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışdırsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959- cu il təvəllüdlüdür, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına qarşı, 09 il 04 ay sosial sığorta stajı olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Daha sonra, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayına kimi Ağdam rayonu, Başqərvənd kəndində yerləşən Ş.Rəhimov adına kolxozda elektrik qaynaqçısı vəzifəsində işləmək faktının müəyyən edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(060)- 8033/2018 saylı qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Sumqayıt şəhər şöbəsi apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(105)- 4137/2018 saylı qərardadı ilə, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Sumqayıt şəhər şöbəsinin müdiri İ.H.İsmayılovun verdiyi apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(060)-8033/2018 saylı qətnaməsinin ləğv edilməsi, ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin baxılmamış saxlanılması, maraqlı şəxslərə ümumi əsaslarla məhkəməyə iddia vermək hüququnun izah edilməsi qərara alınmışdır. Ona görə də iddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-416/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim Zaur Pirverdiyev) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibat-İqtisadi Kollegiyasının 2-1(105)-346/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-416/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. (sədrlik edən hakim Nazim Nəsibov) Qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibat-İqtisadi Kollegiyasının 2-1(105)- 2913/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 346/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. (sədrlik edən hakim Kəmaləddin Bədəlov) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Dövlət X9 Sumqayıt şəhər şöbəsi əsl cavabdeh Dövlət X9 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvercilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbələri göstərilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı, onun vəkili və nümayəndəsi X8 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın mümkünsüz hesab olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-416/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarında tövsiyə edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPMin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsindən görünür ki, iddiaçı onun 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayına kimi Ağdam rayonu, Başqərvənd kəndində yerləşən Ş.Rəhimov adına kolxozda elektrik qaynaqçısı vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibat-İqtisadi Kollegiyasının 2-1(105)-2913/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr qəbul etdikləri qərarlarla 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayına dair müddətlərin pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi vəzifəsini cavabdehin üzərinə vəzifə olaraq qoymuşlar. İddiaçı cavabdehin imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi müddətin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi və ya artıq buna qədər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə nəticələnə bilsin. Odur ki, hazırkı məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia olunan illərin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək və ya təyin edilmiş pensiyanı yenidən hesablamaq öhdəliyi yaranacaqdır. Öz növbəsində, şəxslərin pensiya hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmək vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxslərin (hazırkı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Başqa sözlə, maraqlı şəxs imtinanın səbəbləri ilə yanaşı, onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavab məktubunda aydın görməli, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Cavabdehin imtina məktubundan bunları aşkar müəyyən etmək mümkün olmadıqda, mübahisənin düzgün həlli, həmçinin əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir. Məhkəmənin bu qaydada davranmaq vəzifəsi İPM-in 13-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Məhkəmə kollegiyası məhkəmə iclasında məhkəmənin yardım etmək vəzifəsini müəyyən edən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsini təklif etsə də, iddiaçı tərəf hazırkı tələbə baxılmasını və mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarındagöstərilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud iddia tələbi ilə iddiaçının hüquqi marağının təmin olunması, yəni müvafiq illərin sığorta stajına daxil edilməsi ilə iddiaçıya pensiyanın təyin olunub-olunmaması məsələsi müəyyən olunmamışdır. Digər tərəfdən, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, X5 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayınadək Ağdam rayonu, Başqərvənd kəndində yerləşən Ş.Rəhimov adına kolxozda elektik qaynaqçısı vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi MPM-in 259.0.10 və 306.4-cü maddələrinə əsasən baxılmamış saxlanılmışdır və ona ümumi əsaslarla məhkəməyə iddia vermək hüququ izah edilmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-416/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İPM-nin 35, 80 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-416/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Sumqayıt şəhər şöbəsinə (hazırda Dövlət X9 1 saylı regional ərazi filialı) qarşı iddiaçının 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayına kimi Ağdam rayonu, Başqərvənd kəndində yerləşən Ş.Rəhimov adına kolxozda elektrik qaynaqçısı vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Telman Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2-1(105)-219/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-219/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver