Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-219/2022 28.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3 saylı Ərazi Vergilər İdarəsinin 19.06.2020-ci il tarixli **********137452 saylı qərarının əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilməsi və qərarın həmin hissəsi üzrə İddiaçı MMC-dən əlavə olaraq tutulmuş 10832.03 manat məbləğində əlavə dəyər vergisinin müvafiq olaraq 5416.02 manat məbləğində maliyyə sanksiyasının və 7709.40 manat məbləğində mənfəət vergisinin və müvafiq olaraq 3854.71 manat məbləğində maliyyə sanksiyasının İddiaçı MMC-yə geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(118)-220/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 3 saylı Ərazi Vergilər İdarəsinin 19.06.2020-ci il tarixli **********137452 saylı qərarının əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilməsi və qərarın həmin hissəsi üzrə İddiaçı MMC-dən əlavə olaraq tutulmuş 10832.03 manat məbləğində əlavə dəyər vergisinin müvafiq olaraq 5416.02 manat məbləğində maliyyə sanksiyasının və 7709.40 manat məbləğində mənfəət vergisinin və müvafiq olaraq 3854.71 manat məbləğində maliyyə sanksiyasının İddiaçı MMC-yə geri qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Xaçmaz rayonu, Yergüc kəndində plastik taraların istehsalı ilə məşğul olur. 3 saylı Ərazi Vergilər İdarəsinin 05.02.2020-ci il tarixli **********196852 saylı qərarına əsasən, 06.02.2020-16.06.2020-ci il tarixlərində şirkətdə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının nəticələri haqqında 18.06.2020-ci il tarixində **********197134 saylı müvafiq akt tərtib olunmuş və akt əsasında 19.06.2020-ci il tarixində 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********137452 saylı qərar qəbul edilmişdir. Vergi orqanının qərarı ilə şirkətə bir sıra tədiyyə növləri üzrə hesablamalar aparılmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. Vergi orqanı tərəfindən hesablanmış vergilərin və maliyyə sanksiyalarının bir qisminin tam əsaslı və qanunauyğun olmasına baxmayaraq, əlavə dəyər vergisi və mənfəət vergisi üzrə aparılmış əlavə hesablamaların və maliyyə sanksiyalarının tam əsassız və qanunsuz olduğunu hesab edirlər və qərarın həmin hissələrdə ləğv edilməli olduğu, müvafiq olaraq şirkətdən tutulmuş vəsaitin şirkətə geri qaytarılmalı olduğu qənaətindədirlər. Bunu aşağıdakı hüquqi əsaslar və faktiki hallarla əsaslandırırlar: vergi orqanı aktda yoxlama ilə əhatə olunan dövrdə əlavə dəyər vergisi və mənfəət vergisinin şirkət tərəfindən az hesablandığını iddia etmiş, lakin aktda bunu əsaslandıran heç bir sübut irəli sürməmişdir. Şifahi olaraq, şirkətə bildirilən əsas bu olmuşdur ki, istehsal olunan plastik taraların şirkət tərəfindən bəyan edilmiş qiymətlər bazar qiymətindən aşağı olmuşdur. Qeyd etmək lazımdır ki, vergi orqanı öz iddiasını əsaslandırmaq üçün 12.03.2020-ci il tarixli **********198248 saylı qərarla istehsal edilmiş plastik taraların orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspert cəlb etmiş, lakin aktda da qeyd olunduğu kimi, ekspert rəy verilməsindən imtina etmişdir. Həmçinin, vergi orqanı 18.02.2020-ci il tarixli **********197407 saylı qərarla şirkətin avadanlıqlarının istehsal gücünün və bu gücə uyğun olaraq məhsul istehsalı həcminin müəyyən edilməsi məqsədilə mütəxəssis dəvət etmiş və aktda da qeyd olunduğu kimi, mütəxəssis araşdırması nəticəsində obyektiv nəticə əldə etmək mümkün olmamışdır.
3. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 05.02.2020-ci il tarixli **********196852 nömrəli qərarına əsasən, “A Plastic" MMC-nin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.09.2017-ci il tarixdən 01.01.2020ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 05.02.2020-ci il tarixdə KY201436637 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq 18.06.2020-ci il tarixli **********197134 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və həmin akt əsasında 19.06.2020-ci il tarixli **********137452 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən məfəət vergisinin 7709,40 manat, əmlak vergisi üzrə 7134,19 manat və ödəmə mənbəyində tutulan verginin 21250,0 manat olmaqla, ümumilikdə 36093,59 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Həmçinin, yoxlama zamanı vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinin 14705,59 manat artıq hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyicisinə 21388,0 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 23462,83 manat və həmin məcəllənin 57.1-ci maddəsinə əsasən vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə 160,0 manat olmaqla, ümumilikdə 23622,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 06.02.2020-ci il tarixli **********196909 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi 26.02.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Hesablamanın mahiyyəti ilə bağlı bildirirlər ki, vergi ödəyicisi vergi orqanında 10.05.2017-ci il tarixli **********4 nömrəli ƏDV qeydiyyat bildirişi əsasında qeydiyyata alınmış və ƏDV qeydiyyatı 01.02.2017-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövr üzrə (01.09.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək) vergi ödəyicisinin fəaliyyəti “Əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı” fəaliyyətindən ibarət olmuş və cəmiyyət faktiki olaraq “Sair plastik məmulatların istehsalı” ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verilməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatlarının aparılması halları olmamışdır. Həmçinin, ƏDV-ni ödəməklə əldə edilmiş mallardan, iş və xidmətlərdən qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, malların itməsi, əskik gəlməsi və xarab olması halları olmamışdır. ƏDV üzrə vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan dəyəri əsasında müəyyənləşdirilmişdir. Lakin, vergi tutulan əməliyyatların dəyərlərinin, aparılması vaxtlarının və əvəzləşdirmə məbləğlərinin vergi ödəyicisi tərəfindən düzgün müəyyənləşdirilməməsi nəticəsində yoxlama ilə əhatə edilən dövr ərzində ƏDV məbləğlərinin 25537,62 manat artıq hesablanması, 10832,03 manat az hesablanması, ümumilikdə isə vergi məbləğlərinin 14705,59 manat artıq hesablanması halı aşkar edilmişdir (ƏDV-nin hesablanması cədvəli etiraza əlavə olunur). Mənfəət vergisinin yoxlanılması zamanı yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisinin mülkiyyətində olan əmtəə-material ehtiyatlarının satınalma qiymətlərinə əsasən mədaxili, istehsal prosesinə silinməsi və qalıqlarının uçotu yoxlanılmışdır. Qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən əldə olunmuş mənfəət və ya zərərin dəqiq müəyyənləşdirilməsi üçün sənədlərlə təsdiq olunan gəlir və xərclərin dəqiq uçotu aparılmalı, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlər və xərclər onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid edilməli, təsərrüfat əməliyyatlarının başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmalı və aparılan uçotun qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən 2017-ci ilin nəticələri üzrə gəlirlər 81034,07 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclər 104196,96 manat və nəticədə 23162,89 manat məbləğində zərər bəyan etmişdir. Lakin, aparılmış yoxlama ilə cəmiyyətin gəlirlərin 132881,39 manat, gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərin 71242,65 manat və mənfəətin 12327,75 manat olduğu müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən 13.02.2017-ci il tarixində investisiya təşviqi sənədi alınmışdır. Vergi Məcəlləsinin 106.1.17-ci maddəsinə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə vergidən azad olduğuna görə büdcəyə 6163,87 manat əlavə mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən 2018-ci ilin nəticələri üzrə gəlirlər 51650,77 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclər 74585,69 manat, nəticədə 22934,92 manat məbləğində zərər bəyan etmişdir. Lakin, aparılmış yoxlama ilə cəmiyyətin gəlirlərin 42056,35 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclərin 42313,27 manat, zərərin 256,92 manat olduğu müəyyənləşdirilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən 2019-cu ilin nəticələri üzrə gəlirlər 198840,41 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclər 157595,53 manat, mənfəət 41244,88 manat, 22934,92 manat məbləğində keçmiş illərin zərərin çıxmaqla vergiyə cəlb olunacaq mənfəət isə 18309,96 manat, büdcəyə hesablanmış verginin məbləği 3661,99 bəyan etmişdir. Lakin, aparılmış yoxlama ilə cəmiyyətin gəlirlərin 198501,43 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclərin 146426,19 manat, mənfəətin 52075,24 manat olduğu müəyyənləşdirilmişdir. Vergi Məcəlləsinin 106.1.17-ci maddəsinə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə vergidən azad olduğuna görə büdcəyə 5207,52 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləği nəzərə alınmaqla büdcəyə 1545,53 manat əlavə mənfəət vergisi hesablanmışdır (5207,52 - 3661,99 = 1545,53). Qeyd olunmalıdır ki, yoxlamanın nəticəsi olaraq tərtib edilmiş 18.06.2020-ci il tarixli **********197134 nömrəli “Səyyar vergi yoxlaması” Aktı 18.06.2020-ci il tarixində vergi ödəyicisinin rəhbəri X1 əlbəəl təhvil verilmişdir. Vergi ödəyicisinin rəhbəri Rəhim Məmmədov həmin akt ilə tanış olaraq hesablanmış vergi məbləğləri ilə razı olmuş və akta etiraz etməmişdir. Həmçinin, vergi ödəyicisinin rəhbəri Rəhim Məmmədova 19.06.2020-ci il tarixli **********137452 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı əlbəəl təhvil verilmiş və o, hesablanmış vergilərlə bağlı hər-hansı bir etiraz bildirməmişdir. Əlavə olaraq bildirirlər ki, vergi ödəyicisi 31.05.2020-ci il tarixli məktubla 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasından narazı olmadığını və hesablanmış vergi məbləğləri ilə razı olduğunu bildirsə də, sonradan vergiləri ödəməkdən yayınmaq məqsədi ilə əsassız olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Göründüyü kimi səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə əməl edilmiş, vergilər iddiaçının faktiki dövriyyəsi nəzərə alınaraq hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən vergi tutulan əməliyyatlar aparılmasına baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq dövlət büdcəsinə ödənilməli olan vergiləri tam bəyan etməmiş və dövlət büdcəsinə ödənilməmişdir. Buna görə də hesab edirlər ki, iddia ərizəsi tamamilə əsassızdır və onun təmin edilməsi üçün heç bir əsas yoxdur. Həmçinin, iddia ərizəsində hər hansı bir mötəbər sübuta söykənməyən yalnız ümumi cümlələrdən və şəxsi subyektiv fikirlərdən istifadə edilmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(118)-220/2021 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 19.06.2020-ci il tarixli **********137452 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ekpert rəyi ilə müəyyən edilmiş, 799.65 manat məbləğində az hesablanmış əlavə dəyər vergisi istisna olmaqla, əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması hissəsində və həmin hissələrə uyğun maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilməsi və həmin məbləğlərin İddiaçı MMC-yə geri qaytarılmasının cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. (hakim İsmayıl Quliyev)
5. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın qismən - iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti iddiaya etirazla eyni məzmunda əsaslandırılmışdır. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə yalnız vergi ödəyicisinin iddia ərizəsində göstərdiyi məlumatlara istinad etməklə və həmin iş üzrə əlavə araşdırma aparılmadan mübahisə üzrə yekun nəticəyə gəlmişdir. Məhkəmə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda göstərilən məlumatları və sübutları ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə 28.10.2021-ci il tarixli, 2-1(118)-220/2021 nömrəli qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.07.2021-ci il tarixli, 9/2667 nömrəli ekspert rəyini rəhbər tutaraq, belə bir yanlış nəticəyə gəlmişdir. Hesab edir ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan prosessual hüquq normalarını tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə tərəf olaraq cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, ekspertiza təyin edildiyi zaman heç bir mövqeləri nəzərə alınmamışdır. Məhkəmə ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməli olduğu halda hər hansı bir sübutla ekspert rəyinin yanaşı qiymələndirilməsi həyata keçirilməmiş, yeganə və mötəbər sübut olaraq ekspert rəyi qəbul edilmişdir. Ekspert qarşısında qoyulmuş məsələlər üzrə hər hansı araşdırma və tədqiqat aparılmamış, qoyulmuş suallara verilmiş cavabların hansı sənədlərə istinad edirlərək verilməsi əsaslandırılmamış və nəticədə formal rəy tərtib olunmuşdur. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi Sumqayıt İnzibati Məhkəməsi tərərfindən işə baxılarkən iş üzrə mövcud olan sübutların düzgün, tam və hərtərəfli araşdırılmaması mübahisə üzrə əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Göstərilənlərə əsasən, Sumqayıt İnzibati Məhkəməsinin 28.10.2021-ci il tarixli, 2-1(118)- 220/2021 nömrəli qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti.
Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması
83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.01.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilən hissəsində (cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 19.06.2020-ci il tarixli **********137452 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ekpert rəyi ilə müəyyən edilmiş, 799.65 manat məbləğində az hesablanmış əlavə dəyər vergisi istisna olmaqla, əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması hissəsində və həmin hissələrə uyğun maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilsin və həmin məbləğlərin İddiaçı MMC-yə geri qaytarılması cavabdehə həvalə edilsin) mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
13. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsinin 05.02.2020-ci il tarixli **********196852 saylı qərarına əsasən, 06.02.2020-16.06.2020-ci il tarixlərində növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır.
14. Səyyar vergi yoxlamasının nəticələri haqqında 18.06.2020-ci il tarixində **********197134 saylı müvafiq akt tərtib olunmuş və aktın əsasında, 19.06.2020-ci il tarixində 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********137452 saylı qərar qəbul edilmişdir.
15. Həmin səyyar vergi yoxlaması nəticəsində müəssisə tərəfindən 7709,40 manat məbləğində mənfəət vergisinin, 10832,03 manat məbləğində ƏDV-nin, 7134,19 manat əmlak vergisinin, 21250,00 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması, 25537,62 manat məbləğində ƏDV-nin artıq hesablanması və 23462,83 manat məbləğində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası hesablanması faktı aşkar edilmişdir.
16. Yoxlamanın nəticələri öz əksini 18 iyun 2020-ci il tarixli səyyar vergi yoxlaması aktında tapmışdır.
17. Birinci instansiya məhkəməsi vergilərin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 9/2667 nömrəli ekspert rəyində qeyd edilir: Mənfəət vergisi üzrə: Ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan sənədlər (bank hesabından çıxarışlar, təhvil-təslim aktları, kassa mədaxil orderləri, e-qaimə fakturalar və s.) əsas götürülməklə İddiaçıdə 2017-2019-cu il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla mənfəət vergisi aşağıdakı kimi müəyyən olunur, o cümlədən: 2017-ci il üzrə gəlir 81034.07 manat, gəlirdən çıxılan xərc 104047.55 manat, mənfəət və ya zərər 23013.48 manat, cəmi toplanmış zərər 23013.48 manat; 2018-ci il üzrə gəlir 42068.14 manat, gəlirdən çıxılan xərc 74132.95 manat, mənfəət və ya zərər 32064.81 manat, cəmi toplanmış zərər 55078.29 manat; 2019-cu il üzrə gəlir 198501.43 manat, gəlirdən çıxılan xərc 149616.21 manat, mənfəət və ya zərər 48885.22, cəmi toplanmış zərər 6193.07.
19. Göstərilənlərə əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr (2017-2019-cu illər üzrə) ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə mənfəət vergisinin az hesablanması müəyyən olunmur, o cümlədən: 23013,48 (2017-ci ilin zərəri) + 55078,29 (2018-ci ilin zərəri) - 48885,22 (2019- cu ilin vergiyə cəlb olunan mənfəəti) = 6193,07 (zərər)
20. ƏDV üzrə: İş materiallarında olan səyyar vergi yoxlaması aktından göründüyü kimi, yoxlama ilə müəssisə tərəfindən 2017-ci ilin sentyabr ayı üzrə 381,36 manat, 2017ci ilin oktyabr ayı üzrə 6647,97 manat, 2017-ci ilin noyabr ayı üzrə 1148,65 manat, 2017ci ilin dekabr ayı üzrə 1154,55 manat, 2018-ci ilin yanvar ayı üzrə 14,24 manat, 2018-ci ilin fevral ayı üzrə 30,51 manat, 2018-ci ilin mart ayı üzrə 1215,26 manat, 2018-ci ilin iyun ayı üzrə 198,30 manat, 2018-ci ilin avqust ayı üzrə 41,19 manat, ümumilikdə 10.832,03 manat məbləğində dövlət büdcəsinə çatası ƏDV-nin az hesablanması müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan sənədlər (bank hesabından çıxarışlar, təhvil-təslim aktları, kassa mədaxil orderləri, eqaimə fakturalar və s.) əsas götürülməklə İddiaçındə yoxlama ilə az hesablanması müəyyən olunmuş vergi dövrləri üzrə aşağıdakılar müəyyən olunur: bəyannamələr üzrə 2017-ci ilin sentyabr ayı ƏDV tutulan dövriyyə 53039,39, dövriyyənin ƏDV-si 9547,09, büdcəyə çatası ƏDV 9547,09; tədqiqatla 2017-ci ilin sentyabr ayı ƏDV tutulan dövriyyə 53039.39, dövriyyənin ƏDV-si 9547,09, büdcəyə çatası ƏDV 9547,09; bəyannamələr üzrə 2017-ci ilin oktyabr ayı ƏDV tutulan dövriyyə 6949,15, dövriyyənin ƏDV-si 1250,85, büdcəyə çatası ƏDV 1250,85; tədqiqatla 2017-ci ilin oktyabr ayı ƏDV tutulan dövriyyə 6949.17, dövriyyənin ƏDV-si 1250.85, büdcəyə çatası ƏDV 1250.85; bəyannamələr üzrə 2017-ci ilin noyabr ayı ƏDV tutulan dövriyyə 6381.36, dövriyyənin ƏDV-si 1148,64, büdcəyə çatası ƏDV 1148,64; tədqiqatla 2017-ci ilin noyabr ayı ƏDV tutulan dövriyyə 6381.33, dövriyyənin ƏDV-si 1148.64, büdcəyə çatası ƏDV 1148.64; bəyannamələr üzrə 2017-ci ilin dekabr ayı ƏDV tutulan dövriyyə 6414,15, dövriyyənin ƏDV-si 1154,55, büdcəyə çatası ƏDV 1154,55; tədqiqatla 2017-ci ilin dekabr ayı ƏDV tutulan dövriyyə 6414.17, dövriyyənin ƏDV-si 1154.55, büdcəyə çatası ƏDV 1154.55; bəyannamələr üzrə 2018-ci ilin yanvar ayı ƏDV tutulan dövriyyə 0, dövriyyənin ƏDV-si 0, əvəzləşdirilən ƏDV 219,66, büdcəyə çatası ƏDV-219,66, fərq-45, tədqiqatla 2018-ci ilin yanvar ayı ƏDV tutulan dövriyyə 250, dövriyyənin ƏDV-si 45, əvəzləşdirilən ƏDV 219.66, büdcəyə çatası ƏDV-174.66, fərq-45; bəyannamələr üzrə 2018-ci ilin fevral ayı ƏDV tutulan dövriyyə 0, dövriyyənin ƏDV-si 0, əvəzləşdirilən ƏDV 247,12, büdcəyə çatası ƏDV-247,12, fərq-45; tədqiqatla 2018-ci ilin fevral ayı ƏDV tutulan dövriyyə 250, dövriyyənin ƏDV-si 45, əvəzləşdirilən ƏDV 247.12, büdcəyə çatası ƏDV-202.12, fərq-45; bəyannamələr üzrə 2018-ci ilin mart ayı ƏDV tutulan dövriyyə 423,73, dövriyyənin ƏDV-si 76,27, əvəzləşdirilən ƏDV 302,03, büdcəyə çatası ƏDV-225,76; tədqiqatla 2018-ci ilin mart ayı ƏDV tutulan dövriyyə 423.73, dövriyyənin ƏDV-si 76.27, əvəzləşdirilən ƏDV 302.03, büdcəyə çatası ƏDV -225.76; bəyannamələr üzrə 2018-ci ilin iyun ayı ƏDV tutulan dövriyyə 3418,15, dövriyyənin ƏDV-si 615,27, əvəzləşdirilən ƏDV 226,89, büdcəyə çatası ƏDV 388,38, fərq 339,26; tədqiqatla 2018-ci ilin iyun ayı ƏDV tutulan dövriyyə 5302,9, dövriyyənin ƏDV-si 954,52, əvəzləşdirilən ƏDV 226.88, büdcəyə çatası ƏDV 727,64, fərq 339,26; bəyannamələr üzrə 2018-ci ilin avqust ayı ƏDV tutulan dövriyyə 17156,79, dövriyyənin ƏDV-si 3088,22, əvəzləşdirilən ƏDV 96,23, büdcəyə çatası ƏDV 2991,99, fərq 550,39; tədqiqatla 2018-ci ilin avqust ayı ƏDV tutulan dövriyyə 20214,5, dövriyyənin ƏDV-si 3638,61, əvəzləşdirilən ƏDV 96,23, büdcəyə çatası ƏDV 3542,38, fərq 550,39.
21. Nəticə olaraq: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə çatası ƏDV-nin 799,65 manat məbləğində az hesablanması müəyyən olunmuşdur. Mənfəət vergisinin isə az hesablanması müəyyən olunmamışdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, əlavə dəyər və mənfəət vergisinin səyyar vergi yoxlamasının nəticələri haqqında aktda göstərilən məbləğlərdə olmaması ekspert rəyi ilə təsdiqini tapır. Ekspert rəyinə əsasən dövlət büdcəsinə çatası əlavə dəyər vergisinin 799,65 manat məbləğində az hesablanması müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən qeyd olunan hissədə mübahisələndirilməmişdir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
24. Cavabdeh vergi orqanı isə 18.06.2020-ci il tarixli səyyar vergi yoxlaması aktında və 19.06.2020-ci il tarixli qərarında iddiaçının 06.02.2020-16.06.2020 dövrlər üçün mübahisələndirilən vergi məbləğini hansı qaydada hesablanaraq müəyyənləşdirilməsini ümumiyyətlə göstərməmişdir. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
25. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
26. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(118)-220/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.