Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-219/2023 10.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ünvanlı dövlət sosial yardımın geri tələb olunmasına dair qərarın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(118)-2247/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 207.04 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 və Audit Departamenti tərəfindən təkrar aparılmış ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçının ailə tərkibində uyğunsuzluq aşkar edildiyi üçün iddiaçıya təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. “Ünvanlı Yardım” Alt Sisteminin təqdim etdiyi məlumatlara əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 2898.56 manat vəsait təyin edilərək onun “Kapital” bankda olan kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 “Əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli, 15 saylı qərarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2898.56 manat məbləğində ödənilmiş cəmi 2898.56 manat məbləğində sosial yardım tələb edilərək 10 gün müddətində Dövlət Sosial Müdafiə Fondunun X1 hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional ərazi filialının “ünvanlı dövlət sosial yardımın geri tələb olunmasına dair” xx.xx.2022-ci il tarixli 15 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialı vəsatətlə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Abşeron-Xızı regional ərazi filialının əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 28 sentyabr 2022-ci il tarixli protokolu ilə vəsatət təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Abşeron- Xızı regional ərazi filialı iddiaçıdan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ödənilmiş 2898.56 manat məbləğində ünvanlı dövlət sosial yardımın geri tələb olunmasına dair xx.xx.2022-ci il tarixli 15 saylı Qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur. Belə ki, 2017-ci ildə X7 ilə iddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Məhkəmə qətnaməsi ilə rəsmi nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 onun himayəsinə verilmişdir. İki övladı ilə birlikdə atasının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı m/n,ev 35-də yerləşən 180 saylı mənzildə yaşayır. 1954-cü il təvəllüdlü atası X4 2013-cü ildə X6 ilə faktiki nikaha daxil olmuş və ona məxsus Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “SK” zavodu ərazisində yerləşən özbaşına tikilidə yaşamışdır. Müraciətinə əsasən onun 3 nəfərlik ailəsinə xx.xx.2020-ci il tarixdən ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları iddiaçının evinə gələrkən qonaq gəlmiş atasının sadəcə kim olmasını ondan soruşmuşlar. İddiaçı “atamdır” deyə cavab vermişdir. Bundan başqa ondan heç nə soruşmamış və heç nəyi araşdırmamışlar. DSMF-nin 1 saylı regional ərazi filialı tərəfindən xx.xx.2021-ci il tarixdə sosial yardımın ödənişini dayandırılmış və əsassız olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ayda 207.04 manat olmaqla, cəmi 2898.56 manat məbləğində ödənilmiş ünvanlı dövlət sosial yardımın geri tələb olunması barədə qərar qəbul edilmişdir. 1954-cü il təvəllüdlü atası X4 2013-cü ildən etibarən öz mənzilində yaşamamışdır. Bu faktı qonşular və MİS-nin əməkdaşları da təsdiq edə bilərlər. Ona görə də hesab edir ki, qərar qanunsuz və əsassızdır. Cavabdeh iddia yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən aylıq 275,80 manat (iki yüz yetmiş beş manat səksən qəpik) olmaqla ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə keçirilmiş maddi-məişət şəraitinin yoxlanması zamanı ailənin tərkibində uyğunsuzluq aşkar edilmiş və iddiaçıya təyin edilmiş ünvanlı sosial yardımın ödənişi xx.xx.2021-ci ildən 1 il müddətinə məhdudlaşdırılmaqla dayandırılmışdır. Aparılmış monitorinq nəticəsində məlum olmuşdur ki, ailə 4 nəfərdən ibarətdir və təmsilçinin atası onlarla birgə yaşayır. Həmçinin, o, əmək pensiyaçısıdır. Yoxlama zamanı iddiaçı özü də bu faktları öz imzası ilə təsdiqləmişdir. İddiaçı “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” nın 4.2-ci maddəsinin tələblərini pozduğu və ailə tərkibi barədə düzgün məlumat vermədiyi üçün ona təyin olunmuş ünvanlı sosial yardım xx.xx.2021-ci il tarixdə 1 il müddətinə məhdudlaşdırılmış və ödənilmiş 2898,56 manat vəsaitin geri qaytarılması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(118)-2247/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 xx.xx.2022-ci il tarixli “əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında” 15 nömrəli qərarı ləğv edilmişdir. (hakim İ.Quliyev) Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin səlahiyyətləri və öhdəlikləri arasında hazırda mübahisələndirilən qərarın qəbul edilməsinə əsas ola biləcək hər hansı hüquqi tənzimləmə mövcud deyil və həmin inzibati orqana belə bir diskression səlahiyyət verilməmişdir. Cavabdeh inzibati orqana belə bir diskression səlahiyyət verilsə idi belə hazırkı iş üzrə mübahisələndirilən qərar əsaslı hesab edilə bilməzdi. Çünki, inzibati icraatla bağlı qanunvericiliyə əsasən diskression səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Ünvanlı sosial yardım təyin edilməsinin məqsədi isə sosial yardım almağa ehtiyacı olan ailələrin müəyyən edilərək maddi təminat altına alınmasından ibarətdir. İddiaçının ailəsinin isə bu statusunun dəyişmədiyi müəyyən olunur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verildiyindən, hazırkı iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 10.1 sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: (-) Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. (-) Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. (-) Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllə Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunan “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun preambulasına görə həmin qanun ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 4.1-ci maddəsinə əsasən, sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10.6-cı maddəsinin tənzimləməsi altına düşür. Həmin maddə aşkar olaraq tələb edir ki, sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi, qanunverici artıq ödənilmiş ünvanlı dövlət sosial yardımın məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu sosial yardım alan ailənin razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (ünvanlı dövlət sosial yardımın) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız sosial yardım alan ailənin razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Sosial yardım alan ailənin artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədən kənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu ailənin (hazırkı iş üzrə belə ailənin timsalında iddiaçının) razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa və yaxud ailənin bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan edilmədiyini bildirir. “İnzibati icraat haqqında” Qanunun 67.1 və 67.2-ci maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(118)-2247/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-219/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-219/2023
10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver