Məhkəmə qərarları › İş №2-1(105)-22/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-22/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-22/2023 26.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 193 saylı qərarı ilə iddiaçıya ayrılmış Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-122/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 193 saylı qərarına əsasən Abşeron rayonu Novxanı kəndinin ərazisindən 0,12 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır.

2. İddiaçı 29 aprel 2021-ci il tarixində cavabdehə müraciət edərək Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh 19 may 2021-cu il tarixli imtina məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı vətəndaşa 0.12 ha torpaq sahəsinin Abşeron Novxanı kənd XDS İK-nin 31 oktyabr 1991-cu il tarixli 33.2 saylı qərarı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sənəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Həmçinin baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin yararsız (şoranlıq) ərazidə yerləşdiyi aşkar edilmişdir. Vətəndaşın adına ləğv edilmiş DT və XK tərəfindən torpağa mülkiyyət hüququna dair şəhadətnamə tərtib olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 193 saylı qərarı ilə iddiaçıya ayrılmış Abşeron rayonu Novxanı kəndinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 193 saylı qərarına əsasən Abşeron rayonu Novxanı kəndinin ərazisindən kənd təsərrüfatına yararsız sahədən 0,12 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Maddi imkanı zəif olduğuna görə həmin torpaq sahəsində fərdi yaşayış evi tikə bilməmişdir. Hal-hazırda o, mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almaq və torpaq sahəsinə dövlət reyestrindən çıxarış almaq istəyir. Bu məqsədlə o, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin oradan müsbət cavab ala bilməmişdir. Belə ki, imtina məktubunda ayrıc aktının olmaması və torpaq sahəsi yararsız olduğuna görə çıxarış verilməsinin mümkün olmadığı qeyd edilir. Cavabdehin imtina cavabı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanına, “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə ziddir. 30 il bundan əvvəl iddiaçıya XDS İK tərəfindən torpaq sahəsi ayrılarkən ayrıc aktının verilməməsinin təqsiri onda deyil. Bundan başqa iddiaçıya ayrılmış torpaq sahəsinə qonşu olan digər mülkiyyətçilərə də həmin vaxt Abşeron rayonu Novxanı kənd İcraiyyə Komitəsinin məlum qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılmışdır. Həmin mülkiyyətçilərdən onlara məxsus torpaq sahələrinə dair daşınmaz əmlakdan çıxarış veriləndə onlardan ayrıc aktı tələb olunmamışdır.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı vətəndaşa 0.12 ha torpaq sahəsinin Abşeron Novxanı kənd XDS İK-nin 31 oktyabr 1991-cu il tarixli 33.2 saylı qərarı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Fərmanın birinci hissəsindəki sənədlərin Sivahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Həmçinin baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin yararsız (şoranlıq) ərazidə yerləşdiyi aşkar edilmişdir. Vətəndaşın adına ləğv edilmiş DT və XK tərəfindən torpaqa mülkiyyət hüququna dair şəhadətnamə tərtib olunmuşdur. Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 28 nömrəli qərarı ilə 0,08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-122/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Abşeron rayon Novxanı XDS İK-nin 33.2 saylı xx.xx.1991-ci il tarixli qərarında torpaqların vətəndaşlara Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı əsasında ayrılması qeyd olunduğundan Novxanı XDS İK-nin torpaq sahəsini vətəndaşlara ayırmaq səlahiyyəti olmuşdur.

9. Məhkəməyə təqdim olunmuş Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarından görünür ki, fərdi yaşayış evinə ehtiyacı olan vətəndaşlara həyətyanı torpaq fondunun ayrılması haqqında Novxanı XDS İK-nin məktubu və kənd sakinlərinin xahişləri nəzərə alınaraq hər ailəyə 0.12 hesabı ilə 100 ailəyə 12.0 ha həyətyanı torpaq fondu üçün, 3.0 ha küçə və yollar altına – cəmi 15.0 ha Novxanı üzümçülük sovxozunun dəmyə dinc yerindən torpaq sahəsinin Novxanı XDS İK-nə verilməsi qərara alınmışdır.

10. Torpaq sahəsinin yararsız (şoranlıq) olmasını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

11. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, məhkəmə sorğusuna əsasən əldə edilmiş JN732A KOD 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən İddiaçı Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi ayrıldığı müəyyən edilir. Hazırda isə iddiaçı Novxanı XDS İK-nin xx.xx.1991-ci il tarixli 33.2 saylı qərarına əsaslanaraq 0.12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Aqrar islahat Komissiyasının istinad olunan qərarı qüvvədədir.

12. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır.

13. Məhkəmə hesab etmişdir ki, həmin qərar hüquqi cəhətdən etibarlı olduğundan iddiaçının 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair tələbi əsassız hesab edilərək təmin edilməməlidir.

14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia qaldırarkən Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 193 saylı qərarı ilə ona ayrılmış torpaq sahəsinə çıxarış verilməsini xahiş etdiyi halda məhkəmə sorğusu əsasında əldə olunmuş, JN-732A KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun mülkiyyətində və istifadəsində olan başqa torpaq sahəsi ilə qarışdırılmış və əsassız olaraq iddiası rədd olunmuşdur. Bundan başqa məhkəmə sorğusu ilə əldə etdiyi JN-732A KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətində olan başqa torpaq sahəsinin iddia ərizəsində qeyd etdiyi Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 193 saylı qərarı ilə ona ayrılmış toıpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etməmişdir. Çünki hər iki torpaq sahələri ayrı-ayrı yerlərdədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Torpaq islahatının məqsədi və vəzifələri Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan MuxtarRespublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

25. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Novxanı kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir.

26. İddiaçı tələbinin əsası kimi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 193 nömrəli qərarına istinad etmişdir.

27. Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 31 oktyabr 1991-ci il tarixli 33.2 nömrəli qərarı ilə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 193 saylı qərarı və kənd əhalisinin müraciətləri nəzərə alınaraq vətəndaşlara (o cümlədən İddiaçı) hər birinə 0.12 hektar torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi qərara alınmışdır.

28. Abşeron rayon Novxanı bələdiyyəsi tərəfindən tərtib edimiş torpaq sahəsinin planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.115 ha torpaq sahəsinə dair tərtib edilmişdir.

29. xx.xx.2021-ci il tarixli torpaq sahəsinin ayrıc aktından (İş v.43) görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 193 saylı qərarına əsasən Abşeron rayonu Novxanı kəndinin ərazisindən kənd təsərrüfatına yararsız sahədən fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə ayrılmış 0.12 ha torpaq sahəsi vətəndaş İddiaçı iştirakı ilə Novxanı kəndinin Baş İnkişaf Planına uyğun olaraq yerində ölçülüb nişangahlar qoyulduqdan sonra vətəndaş İddiaçı təhvil verilmiş, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur. Vətəndaş tərəfindən 30 ildir ki, maneəsiz və mübahisəsiz istifadə edilir.

30. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, elektron məlumat bazasına əsasən AZCAD ve TEKUİS-da (X2 X3) Azerbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əlavə edilmiş baza xəritəsindən çıxarışda (ortofoto) göstərilmiş və məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayonu X1 Planından Çıxarışda göstərilən 0.115 ha torpaq sahəsinin döngə nöqtələrini koordinatları Novxanı üzümçülük sovxozuna aid ərazidə yerləşir. Elektron məlumat bazasına əsasən eyni zamanda həmin baza xəritəsindən çıxarışda (ortofoto) göstərilmiş İddiaçı JN-732A KOD 30800118 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə verilmiş torpaq sahəsi Novxanı üzümçülük sovxozuna aid ərazidə yerləşir.

31. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, JN-732A KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair **********96-10301 reyestr nömrəli çıxarış verilmişdir.

32. İş materiallarında olan JN-732A KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən (İş v.54) görünür ki, şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi iddiaçıya Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarı ilə verilmişdir.

33. Məhkəmə kollegiyası həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi barədə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCyə sorğu göndərmiş, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla həmin sənədlər məhkəməyə təqdim olumuşdur. Həmin sənədlərdən aydın olur ki, JN-732A KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 193 nömrəli qərarı əsasında verilmişdir.

34. Göründüyü kimi iddia olunan torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər ikisi mütəxəssis rəyinə əsasən Novxanı üzümçülük sovxozuna aid ərazidə yerləşir və hər iki torpaq sahəsinin verilməsinə dair sənədlərin əsasını Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 193 nömrəli qərarı təşkil edir. İddiaçıya Novxanı üzümçülük sovxozuna aid ərazidə iki ayrı-ayrı yerlərdə yerləşən torpaq sahələrinin verilməsi halı isə həmin sənədlərlə öz təsdiqini tapmır.

35. Beləliklə, məhkəmə kollegiyası iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-122/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-122/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar