Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-220/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X1 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin 1 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı “ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1176/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı pensiya almaq tələbi ilə DSMF-nin Abşeron rayon şöbəsinə müraciət etmiş, cavabdehin ona ünvanladığı **********6 saylı, 07 aprel 2020-ci il tarixli məktubda bildirilmişdir ki, guya onun pensiya hüququ yoxdur. Ona ünvanlanmış imtina məktubu tamamilə əsassızdır. Belə ki, o, xx.xx.1962-ci ildə Laçın rayonu, Malbəy kəndində anadan olmuş, 15.11.1979-cu il tarixində Laçın rayonu, M.Əzizbəyov adına sovxozda fəhlə işləməklə əmək fəaliyyətinə başlamışdır. 1981-1983-cü illərdə, N saylı hərbi hissədə Sovet Ordusu sıralarında qulluq etmiş, 10.10.1990-cı il tarixində, sovxoz ləğv edilənədək, o, həmin sovxozda fəhlə işləmişdir. Yəni, 1979-1990-cı ildə sovxozda işləmiş, oradan hərbi xidmətə getmiş, dönəndən sonra öz işinə davam etmişdir. Hərbi xidmət də daxil olmaqla 11 il iş stajı 1990-cı ildə artıq var idi. Hər kəs bilir ki, Sovet vaxtı rəsmi iş yerinin olmaması, kiminsə işləməməsi, mümkün deyildi, sadəcə ola bilməzdi. Bu sadə həqiqəti DSMF-də də bilirlər, buna baxmayaraq, onun həmin illərini qəsdən saymayıblar. Həmin illər baş verənlər hər kəsə məlumdur. O məlumat möhürsüz deyildir. İcra hakimiyyəti tərəfindən təsdiqlənmişdir. 1990-1995-ci illərdə Laçın rayonu, M.Hüseynzadə kolxozunda işləmiş, həmin köçkünlük illərində sənədləşmənin dəqiq aparılması mümkün deyildi. Çünki, idarələrin çoxu sənədləri Laçından çıxara bilməmişdi. O, işləmişdir, onun təqsiri deyil ki, müharibə olub, ermənilər Laçını işğal edib, dövlət strukturları sənədləşməni vaxtında və dəqiq edə bilməyib. DSMF-nin legitim saymadığı 1979-1990-cı illər sovxozda işləməyi və 1990-1995-ci illərdə Laçın rayonu, Mehdi Hüseynzadə kolxozunda işlədiyi vaxtı birgə, yanaşı yaşadığı çoxsaylı həmkəndliləri, yerliləri vardır. 1995-98-ci illərdə İmişli SES-də mühəndis hidrotexnik vəzifəsində işləmişdir. Ona bildirirlər ki, 2006-cı ildən sonra işlədiyi özəl iş yerləri iş stajına aid edilmir. Halbuki, həmin iş yerləri qeydiyyata alınmış rəsmi iş yerləridir. 2006-2008-ci illərdə Yol "xxxx" MMC-nin Yol Nişanları Departamentində sürücü işləmiş, 2008-ci ildə 6 ay ARGE inşaat Ticarət AS-da sürücü işləmiş, 15.02.2011- 10.10.2011-ci il tarixində "xxxx" MMC-də yenə sürücü işləmiş, 01.09.2011-24.05.2012-ci il tarixində "xxxx" MMC-də sürücü işləmiş, 14.09.2012-11.01.2013-cü il tarixində "xxxx" MMC-də sürücü işləmiş, 17.03.2014-24.12.2014-cü il tarixində Hərbi Komisarlığın Xətai rayon bölməsində sürücü işləmiş, 27.10.2015-28.12.2015-ci il tarixində Ekologiya və TSNdə usta-rəngsaz vəzifəsində işləmiş, 06.04.2016-01.08.2016-cı il tarixində X8 Nəzarət İdarəsində sürücü vəzifəsində işləmişdir. 2016-cı ildə əməliyyat olunmuş və ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Bütün bunlardan sonra ona pensiya verilməsindən imtina edilməsi absurddur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1176/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi illəri və hərbi xidmət müddətlərini sosial sığorta stajına daxil edilərək, ona 02.04.2017-ci ildən etibarən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyininin cavabdeh Azərbaycan espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. İddiaçının əmək kitabçasında 15.11.1979-cu ildə həmin sovxozda əmək fəaliyyətinə başlaması və 10.10.1990-cı ildə işdən çıxması barədə məlumat qeyd olunsa da, işdən çıxması barədə qeyddə sovxozun möhürün olmaması həmin qeydin mötəbərliyini sual altına qoyur. Həmin qeydin özünə diqqətlə baxıldıqda belə, onun bir neçə dəfə düzəlişlərə məruz qaldığı aşkar görünür. Buna görə də, iddiaçının həmin sovxozda məhz 1990-cı ilə qədər işləməsi faktı əsaslı şübhələr yaradır. Vətəndaşa işdən çıxması faktını təsdiq edən möhürün olmaması barədə məlumat verildikdə, vətəndaş Laçın Rayon İcra Hakimiyyətinə müraciət etmişdir və İcra Hakimiyyətinin əməkdaşı iddiaçının əmək kitabçasındakı həmin qeydə Sovet dövrünə aid olan, içindəki yazılar rus dilində olan bir möhür vurmuşdur. 2020-ci ildə Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında 1991-ci il tarixdən mövcud olmayan bir ölkənin möhürünün vurulması faktı özü-özlüyündə artıq ciddi bir qanun pozuntusudur. Həmin qeydlərin möhürlə təsdiq olunmaması sovxozda işlədiyi mübahisəli dövrün iş stajına daxil edilməsini yolverilməz edir. Belə olduğu halda isə, iddiaçının əmək kitabçasına əsasən sosial sığorta stajı cəmi 09 il 09 ay 10 gün təşkil edir. Bu isə əlilliyə görə pensiyanın təyin olunması üçün tələb olunan 14 ildən az olduğu üçün, iddiaçıya əlilliyə görə pensiyanın təyin olunması qanunla mümkün deyil. Buna görə də, iddiaçıya əlillik dərəcəsi alındığı 04.11.2016-ci il tarixdən bugünədək əlilliyə görə sosial müavinət təyin olunub ödənilir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin 1 saylı regional ərazi filialının nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsini iddianı təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi illər onun sosial stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsi qanunauyğundur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 əmək stajı 23 ildən çoxdur. Belə ki, ona məxsus olan əmək kitabçasında olan qeydlər ilə bağlı şübhələrin aradan qaldırılması məqsədi ilə Laçın Rayon İcra Hakimiyyətinə sorğu verilmiş və nəticədə Əbülfət Ağayevin 15.11.1979-cu ildən 10.12.1990-cı ilədək Laçın rayonunun Malıbəy kəndində fəaliyyət göstərmiş “M.Əzizbəyov” adına sovxozda işləməsi müəyyən olunmuşdur. Əbülfət Ağayevin əlil olması və 23 ildən çox sosial sığortası olduğuna görə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə Əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. “Əmək pensiyaları haqqında” Qanunun 32.2ci maddəsinin tələbləri baxımından İddiaçı hüququn yarandığı, yəni İİ qrup əlilliyə çıxdığı 04.11.2016-cı ildən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri baxımından İddiaçı təyin olunacaq pensiya onun cavabdeh təşkilata müraciət etdiyi 02 aprel 2020-ci il tarixdən əvvəlki üç il üçün (02.04.2017-ci ildən) ödənilməklə təyin edilməlidir. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Hazırkı işin hallarından görünür ki, iddiaçıya 04.11.2016-cı il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçıya əlillik 2016-cı ilin noyabr ayında təyin olduğundan, həmin vaxt qüvvədə olan pensiya qanunvericiliyinin müddəaları tətbiq olunmalıdır. 04.11.2016-cı il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün təyin olunur. Qeyd olunan normalara əsasən, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 13 il (54 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=39 yaş x 4 ay =156 ay : 12 ay = 13 il) sığorta stajı olmalıdır. İddiaçının minimum toplamalı olduğu sosial sığorta stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş: - 06507saylı hərbi biletə əsasən, İddiaçı 19.11.1981-ci ildən 22.12.1983-cü ilə kimi həqiqi hərbi xidmətdə olmuşdur. - ******* saylı əmək kitabçasına əsasən İddiaçı 15.11.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, 01.08.2016-cı ilədək işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd edilən işlədiyi dövrləri cəmlədikdə (hərbi xidmət müddəti də nəzərə alınmaqla) 23 ildən çox sığorta stajı yaranmış olur. Lakin cavabdeh qeyd olunan dövrlərdən iddiaçının 15.11.1979-10.10.1990-cı illərdə Laçın rayon M.Əzizbəyov adına sovxozda işlədiyi illəri mübahisələndirərək, əmək kitabçasında iddiaçının qeyd edilən illərdə işləməyinin möhürlə təsdiq edilməməsi səbəbindən həmin dövrləri sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Apelyasiya şikayətinin və cavabdehin imtinasının qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının 9/226 nömrəli, 29.10.2020-ci il tarixli məktubu ilə Əbülfət Ağayevin 15.11.1979-cu ildən 10.12.1990-cı ilədək Laçın rayonunun Malıbəy kəndində fəaliyyət göstərmiş “M.Əzizbəyov” adına sovxozda işləməsi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərarının apelyasiya qaydasında ləğv olunması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1176/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-220/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-220/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver