Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-220/2022 03.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2- 1(118)-712/2020 saylı qərarından iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt şəhər bələdiyyəsinin İİ qrup Qarabağ müharibəsi əlili X1 adına torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında 27 yanvar 2006-cı il tarixli qərarı ilə M.Vəlixanovun 13-cü mikrorayon ərazisində faktiki istifadə etdiyi ticarət obyektinin sahəsinin yerləşdiyi 63,7 kv.m. torpaq sahəsinin sonuncunun adına rəsmiləşdirilməsi və qanunvericiliyə uyğun icarə müqaviləsinin bağlanması qərara alınmışdır.
2. İcarəyəverən Sumqayıt şəhər bələdiyyəsi ilə icarəçi M.Vəlixanov arasında bağlanmış 29.12.2015-ci il tarixli 202№-li torpaq icarə müqaviləsinə əsasən Sumqayıt şəhər bələdiyyəsinin 27.12.2006-cı il tarixli 02 sayl qərarı əsasında Sumqayıt şəhər 13-cü mikrorayon ərazisində yerləşən 63,7 kv.m. torpaq sahəsi müvəqqəti istifadə üçün ilə M.Vəlixanova icarəyə verilmişdir. İcarə müqaviləsi 31.12.2019-cu il tarixədək bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən müqvilənin 6.2-ci bəndində göstərilmiş torpaqlara dair bağlanmış müqavilələr istisna olmaqla icarə müqaviləsinin müddətinin uzadılması barədə təkliflər vermək icarəyəverənin, icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə müraciət etmək isə icarəçinin hüquqları kimi müəyyən olunmuşdur (2.1 “q” və 2.3.1 “b” bəndləri). Müqvilənin 6.2-ci bəndinə əsasən isə icarə müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun 9-cu maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək (12 dekabr 2008) sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
3. X2 ilə hazırkı iş üzrə İddiaçı arasında bağlanılmış torpağın icarə hüquqlarının alğı-satqısı barədə 11 oktyabr 2016-cı il tarixli müqaviləyə əsasən M.Vəlixanov yuxarıda qeyd edilən qərar və icarə müqaviləsinə əsasən ona məxsus olan torpaq sahəsinin icarə hüquqlarını İddiaçı satmışdır.
4. Həmin müqavilə əsasında İddiaçı müraciətinə əsasən 25.10.2016-cı il tarixdə cavabdeh tərəfindən onun icarə hüququ qeydiyyata alınmış və iddiaçıya müvafiq çıxarış verilmişdir. Həmin çıxarışda icarə hüququnun yüklülüyü 31.12.2019-cu il tarixədək müəyyən edilmişdir.
5. 16.12.2019-cu il tarixdə iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında həmin torpaq sahəsinə dair 132 saylı icarə müqaviləsi bağlanmış və icarə müddəti 31.12.2044- ci il tarixədək müəyyən edilmişdir.
6. İddiaçı 16.12.2019-cu il tarixli icarə müqaviləsi əsasında icarə hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 25.12.2019-cu il tarixli məktubla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə istinad edilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinanı onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, 01.12.2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Müraciətə əlavə edilmiş 25 oktyabr 2016-cı il tarixli, **********46 nömrəli dövlət reyestrindən çıxarışdan göründüyü kimi, torpaq sahəsi üzərində icarə müddəti 31 dekabr 2019-cu il tarixdə bitmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi yolu ilə mümkündür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər bələdiyyəsi tərəfindən ayrılmış Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən, sahəsi 63,7 kv.m. olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə M.Vəlixanovla əldə edilmiş razılaşmaya əsasən, onların arasında sonuncunun icarəsində olan, Sumqayıt şəhəri,13-cü mikrorayon ərazisində yerləşən, sahəsi 63,7 kv.m. torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısına dair 11.10.2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilədən sonra onunla torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt şəhər bələdiyyəsi arasında torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmış və icarə müddəti 2019-cu ilin sonunadək müəyyən edilmişdir. Bundan sonra, iddiaçı icarə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, 25 oktyabr 2016-cı il tarixdə cavabdeh tərəfindən sözügedən torpaq sahəsi üzərində onun icarə hüququ dövlət qeydiyyatına alınmış və bu barədə ona RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən icarə hüququnun yüklülüyü 31 dekabr 2019-cu il tarixinədək müəyyən edilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək torpağın icarə müddətinin başa çatmaq üzrə olduğunu bildirmiş və icarə müddətinin uzadılmasını xahiş etmişdir. Sumqayıt şəhər bələdiyyəsi həmin torpaq sahəsinə dair onunla 16 dekabr 2019-cu il tarixli, 132 saylı icarə müqaviləsi bağlamış və müqavilədə torpağın icarə müddəti 31 dekabr 2044-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra icarə hüququnun dövlət qeydiyyatı üçün yenidən ərizə ilə cavabdehə müraciət etmiş, lakin bu dəfə cavabdeh hüququn dövlət qeydiyyatından imtina etmişdir. İddia ərizəsində müvafiq qanunvericilik aktlarına istinad edilərək göstərilir ki, cavabdehin hər-hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün cavab məktubunda göstərdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdeh bu hərəkəti ilə torpaq qanunvericiliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının müddəalarını heçə saymışdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(118)- 712/2020 saylı qərardadı ilə Sumqayıt şəhər bələdiyyəsi hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddiaçının mövqeyinə uyğun izahat verərək bildirmişdir ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Sumqayıt şəhər bələdiyyəsi tərəfindən icarə üçün 27.01.2006-cı il tarixli qərarla ayrıldığından, həmin torpaq sahəsinə münasibətdə 2007-ci ilin dekabr ayinin 1-dən sonra qüvvəyə minmiş qanunvericilik normaları tətbiq oluna bilməz.
10. Sumqayıt İnzibati Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2-1(118)- 712/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
11. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının torpaq sahəsi üzərində qeydə alınmış icarə hüququnun müddəti 31.12.2019-cu il tarixdə bitmişdir. Həmin torpaq sahəsi üzərində 16.12.2019-cu il tarixli icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqə yolu ilə mümkün olmasına baxmayaraq, bələdiyyə vətəndaşla bilavasitə müqavilə bağlamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
12. İddiaçı və üçüncü şəxs apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 2-1(105)-179/2021 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1745/2021 saylı, 24 noyabr 2021-ci il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 2-1(105)-179/2021 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün göndərilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayətində iddia ərizəsinə göstərilmiş hallara istinad edərək əlavə olaraq göstərmişdir ki, qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1-dən sonra ayrılmış bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd etdiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və 27.01.2006-cı il tarixli qərarla M.Vəlixanovun icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının ayrılması qaydası tətbiq edilə bilməz. Bu müddəa müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Cavabdehin imtina məktubunda istinad etdiyi müddəalar 2008-ci ildən mövcuddur, lakin buna baxmayaraq cavabdeh tərəfindən 25 oktyabr 2016-cı il tarixdə sözügedən torpaq sahəsi üzərində onun icarə hüququ dövlət qeydiyyatından keçirilmiş və bu barədə ona çıxarış verilmişdir. Sual oluna bilər ki, əgər qanun torpaq üzərində hüququnun dövlət qeydiyyatını istisna edirsə, niyə 2016-cı ildə eyni əsaslarla həmin torpaq üzərində hüququnun dövlət qeydiyyatı həyata keçirilmişdir? Həqiqətən də, cavabdehin bildirdiyi kimi, qüvvədə olan qanun normaları torpaq üzərində onun hüququnun dövlət qeydiyyatını istisna edirsə, hansı səbəbdən torpaq sahəsi üzərində əvvəlcə M.Vəlixanovun, daha sonra isə eyni əsaslarla onun icarə hüququnun dövlət qeydiyyatı aparılmışdır? Cavabdeh torpaq üzərində hüququnun təkrar qeydiyyatını aparmaqdan imtina etməklə, qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericlik aktlarının müddəalarını da heçə saymışdır. Təəssüf ki, işə baxan məhkəmə bütün bu dəlillərini heçə sayaraq iddia tələblərini əsassız olaraq rədd etmişdir. Məhkəmənin istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi sadalanan mübahisəyə tətbiq edilə bilməz, belə ki, həmin maddə ilə sözügedən qanun norması qüvvəyə mindikdən sonra bələdiyyələr tərəfindən ayrılan torpaq sahələri üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsi tənzimlənir, həmin qanun norması qüvvəyə minməmişdən əvvəl ayrılmış torpaq sahələrinin icarə müqavilələrinin uzadılmasına münasibətdə isə bu qanun norması tətbiq oluna bilməz. Sözügedən qanun norması isə “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr2008-ci il tarixli Qanunu qəbul edildikdən sonra qüvvəyə minmişdir. Başqa sözlə desək, üzərində icarə hüququ yaranmış və icarə hüququnu alqı-satqı qaydasında əldə etdiyi M.Vəlixanova torpaq sahəsinin ayrılması barədə Sumqayıt Şəhər Bələdiyyəsinin 27.01.2006-cı il tarixli, 2 saylı iclas qərarı qəbul edildikdən sonra qüvvəyə minmiş qanun norması həmin torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılmasına şamil edilə bilməz. Bu müddəa “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununda da aşkar şəkildə nəzərdə tutulmuşdur. Belə ki, həmin Qanunun İX bəndində birbaşa qeyd olunmuşdur ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
17. Üçüncü şəxs Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətində işin hallarına və birinci instansiya məhkəməsinin qərarına istinad edilərək göstərilir ki, məhkəmə işə baxarkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, tətbiq edilməli olan qanun normalarını tətbiq etməmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçıla Bələdiyyə arasında bağlanmış 16.12.2019-cu il tarixli yeni torpaq icarə müqaviləsi torpaq sahəsinin İddiaçı ayrılması deyil, onun həmin torpaq sahəsi üzərində əldə etdiyi icarə müqaviləsinin müddətinin uzadılması məqsədi daşıyır. Mübahisələndirilən torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aid edilmiş və 27.01.2006-cı il tarixli qərarla M.Vəlixanovun icarəsinə ayrılmışdır. Həmin qərar hal-hazırda da qüvvədədir. Belə olan halda həmin torpaq sahəsinə münasibətdə artıq mövcud olan icarə hüququnun müddətinin uzadılmasına cavabdehin istinad etdiyi qanun norması şamil edilə bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
23. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu 9-cu bənd: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
25. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməlidir.
28. Belə ki, iş üzrə təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı iş üzrə 24.11.2021-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə uyğun olaraq aparımış aradırma nəticəsində cavabdehin iddiaçının müvafiq torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınmasından imtina edilməsi üçün istinad etdiyi halların əsassız olduğu müəyyən edilmişdir.
29. Məhkəmə araşdırması zamanı iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatı, habelə Sumqayıt şəhər bələdiyyəsinin müvafiq sorğuya cavab olaraq təqdim etdiyi 11.02.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında hazırda icarə hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinə dair bağlanılmış 16.12.2019-cu il tarixli 132 saylı icarə müqaviləsi yeni icarə müqaviləsi olmamaqla, iddiaçının icarə hüquqlarını 11.10.2016-cı il tarixli alğı-satqı müqaviləsi ilə əldə etdiyi Sumqayıt şəhər bələdiyyəsinin hazırda qüvvədə olan 27.12.2006-cı il tarixli 02 sayl qərarı əsasında Sumqayıt şəhər bələdiyyəsi ilə icarəçi M.Vəlixanov arasında bağlanmış 29.12.2015-ci il tarixli 202№-li torpaq icarə müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmiş Sumqayıt şəhər 13-cü mikrorayon ərazisində yerləşən 63,7 kv.m. torpaq sahəsinə dair icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı olmuşdur.
30. Cavabdeh qeyd edilən halı təkzib edən hər-hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh orqan imtinasında istinad etdiyi halların mövcud olmasına baxmayaraq 25.10.2016-cı il tarixdə iddiaçının hazırkı torpaq sahəsi üzərində icarə hüququnu qeydiyyata alaraq müvafiq çıxarış vermişdir.
31. Bundan əlavə, iş materiallarından, o cümlədən Sumqayıt şəhər bələdiyyəsinin 27.12.2006-cı il tarixli 02 sayl qərarından göründüyü kimi həmin torpaq sahəsi M.Vəlixanova faktiki istifadə etdiyi ticarət obyektinin sahəsinin yerləşdiyi torpaq sahəsi kimi verilmişdir. İşdə olan sənədlərə əsasən görə müvafiq torpaq sahəsi M.Vəlixanovun adına rəsmiləşdirilərkən həmin torpaq sahəsində köşk olmuş və köşkün yerində layihə əsasında kommersiya obyektinin quraşdırılması ona həvalə edilmişdir. Eyni zamanda iş üzrə materiallardan görünür ki, sonradan həmin ticarət köşkünün rekonstruksiyası nəzərdə tutulmuş və bununla əlaqədar Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və şəhərsalma İdarəsi tərəfindən eskiz tərtib edilmişdir. Bu hal isə qeyd edilən torpaq sahəsinin məhz sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ayrılması nəticəsinə gəlməyə əsas verir. İddiaçı hazırda da, həmin torpaq sahəsi üzərində yerləşən tikilidə “çay evi”nin fəaliyyət göstərdiyini bildirmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Sumqayıt şəhər bələdiyyəsi tərəfindən torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair 16.12.2019-cu il tarixli müqvilənin bağlanması zamanı hər-hansı yeni qərar qəbul edilməmişdir və həmin müqavilə də hazırda qüvvədə olan 27.12.2006-cı il tarixli 02 sayl qərara əsasən bağlanılmışdır.
32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, qərarın 23-cü bəndində istinad olunan normaya görə, həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin normada həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlara münasibətdə istisna nəzərdə tutulmuş və həmin torpaqlara münasibətdə icarə müddətinin açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadılmasının mümkünlüyü birbaşa təsbit olunmuşdur. Buna görə də, həmin normanın mahiyyətinə görə icarə müddətinin açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə uzadılması qaydası həmin qanun qüvvəyə minənədək qeyd olunan məqsədlərlə icarəyə verilmiş torpaqlara deyil, digər torpaqlara münasibətdə tətbiq oluna bilər.
33. Lakin, buna baxmayaraq, birinci instansiya məhkəməsi qərarın 24-cü bəndində istinad olunan normanı tətbiq edərək iddianın təmin edilməməsi nəticəsinə gəlsə də, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia ərizəsində istinad etdiyi və qərarın 23-cü bəndində göstərilən normanın tətbiqinə imkan yaradan və açıq torpaq hərracını və ya müsabiqəsini istisna edən halların iddiaçıya və hazırkı mübahisəyə münasibətdə tətbiq edilməli olduğunu nəzərə almamışdır. Halbuki, bu qərarın 22-ci bəndində istinad edilən normalara əsasən qanunla müəyyən edilmiş qaydada ...bələdiyyə orqanları tərəfindən ...bələdiyyələrə məxsus olan daşınmaz əmlakın ...icarəsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
34. Yuxarıda göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası bu qərarın 25-ci bəndində göstərilən normalara əsasən qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə ilə bağlı iddiaçının cavabdeh inzibati orqanın inzibati praktikasına, onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Belə ki, 25.10.2016-cı il tarixində analoji şərtlər daxilində iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüququ cavabdeh tərəfindən qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Bununla əlaqədar cavabdehin yenə uyğun qaydada davranacağı ilə bağlı iddiaçının haqlı olaraq qanuni gözləntiləri yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxsin apellyasiya şikayətlərində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.
36. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2-1(118)-712/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmalı, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən, sahəsi 63,7 kv.m. torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2-1(118)-712/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunsun. Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən, sahəsi 63,7 kv.m. torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı ona müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.