Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-220/2024 26.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2117/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı məxsus ЗТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1988-ci tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1996-cı tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Boru Prokat zavodunda (hazırkı "xxxx" ASC) işləmişdir. "xxxx" Səhmdar Cəmiyyətinin kollektiv kooperativ bağçılıq cəmiyyəti “Metallurq-1” Ceyranbatan tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 17 nömrəli arayışda İddiaçı Ceyranbatan ərazisində "xxxx" ASC-yə məxsus “Metallurq” kollektiv-bağçılıq sahəsində 867 saylı bağ sahibi olduğu göstərilmişdir. İddiaçı 30 dekabr 2022-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə və publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri, Ceyranbatan ərazisində yerləşən “Metallurq” BY 867 saylı torpaq sahəsi üzrərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. İnzibati orqan xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-Q-0080-8/2022 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtinanı onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Ceyranbatan ərazisində yerləşən “Metallurq" Bağçılıq Cəmiyyətinin bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən, bağçılıq cəmiyyəti üzvlərinin təsdiq olunmuş adlı siyahısı Ərazi idarəsinə təhvil verilməmişdir. Bu səbəbdən qeyd edilən ərazidə yerləşən torpaq sahələri üzərində hüquqların qeydiyyatı prosesi arxiv məlumatları idarəyə təhvil verilənədək dayandırılmışdır. Əlavə olaraq, ərizəyə kollektiv bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərin iclasının protokolundan çıxarış əlavə edilməmiş, həmçinin, üzvlük kitabçası “Polad-1” B/Y Cəmiyyətinin müvafiq möhürü ilə təsdiq edilsə də, xx.xx.2022-ci il tarixli 17 nömrəli arayış "Metallurq"-1 Ceyranbatan B/Y Cəmiyyəti tərəfindən verilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Ceyranbatan ərazisi, “Metallurq” Bağçılıq Cəmiyyəti ünvanında yerləşən 867 saylı torpaq sahəsi üzrərində hüquqlarının dövlət qeydiyyatına alınması və həmin 0,10 ha torpaq sahəsinə görə texniki sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-xx.xx.2009-cu illərdə Azərbaycan Boru Prokat zavodunda işlədiyi vaxtı bağ sahəsi almaq məqsədilə zavodunun rəhbərliyinə və Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. Müraciəti əsasında “Polad- 1” Ceyranbatan Bağçılıq Cəmiyyəti üzvlərinin xx.xx.2001-ci il tarixli 2 nömrəli protokoluna əsasən cəmiyyətə üzv qəbul edilmiş və ona 867 saylı bağ sahəsi verilmişdir. 867 saylı (0,10 ha) bağ sahəsinin ona ayrılmasını xx.xx.2001-ci ildə verilmiş “Bağçının üzvlük kitabçası” və “Metallurq-1” Ceyranbatan Bağçılıq Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 17 saylı arayışı təsdiq edir. O, həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, işlədiyi dövrdə o, 1970-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən bağ sahəsini əldə etmişdir. Həmin vaxt Azərbaycan Boru Prokat zavodunda işləməsi əmək kitabçası ilə təsdiq edilir. Həmçinin “Metallurq-1” Ceyranbatan BC-nin xx.xx.2022-ci il tarixli, 17 saylı arayışı ilə 867 saylı bağ sahəsinin ona verilməsi və bağların qeydiyyat kitabında bağ sahəsinin qeyd edilməsi göstərilmişdir. Ona məxsus 867 saylı bağçılıq kitabçasında “Polad-1” Ceyranbatan BY-nin möhürünün, xx.xx.2022-ci il tarixli 17 saylı arayışda isə “Metallurq-1 Ceyranbatan" BC-nin möhürünün qeyd edilməsi ilə əlaqədar olaraq bildirir ki, "xxxx" ASC-nin HİK-nin xx.xx.2005-ci il tarixli, 17 saylı protokolu əsasında qəbul edilmiş qərara əsasən “Polad-1” BC Metallurq-1” Cəmiyyəti adlanmışdır. "xxxx" ASC tərəfindən arxiv sənədlərinin və adlı siyahının cavabdehə təqdim edilməməsi səbəbindən hüquqlarının dövlət reyestrində qeydə alınmaması əvvəlki Torpaq Məcəlləsinin 23-cü və MM-nin 139.1.1.7-ci maddəsinin tələblərinə ziddir. Cavabdeh tərəfindən "xxxx" ASC-nin işçilərinin bağ torpaq sahələri üzərində mülkiyyət hüquqları yüzlərlə şəxsə münasibətdə tanınmışdır. Belə olan halda, arxiv sənədləri və adlı siyahılar təqdim edilmədiyi halda şəxslərə çıxarışın verilməsi mümkünsüz olardı. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunar əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, Sumqayıt şəhəri, Ceyranbatan ərazisində yerləşən “Metallurq” Bağçılıq Yoldaşlığı tərəfindən ayrılmış 867 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2117/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Ceyranbatan ərazisində yerləşən “Polad-1“ (“Metallurq-1”) Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən ayrılmış 867 saylı bağ torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, bağçılıq yoldaşlıq cəmiyyətinin arxiv sənədlərinin cavabdeh inzibati orqana təqdim edilməməsi iddiaçının təqsiri üzündən baş verməmişdir və bu hal onun məsuliyyət sferasına daxil deyildir. Yəni, məhz iddiaçıya aid sənədin deyil, ümumiyyətlə, bağçılıq-yoldaşlıq cəmiyyətinin sənədləri təhvil verilməmişdir. Bu hala görə iddiaçının mülkiyyət hüququ hər hansı formada məhdudlaşdırılmamalıdır. İddiaçının Azərbaycan Boru Prokat zavodunda ("xxxx" ASCdə) işləməsi və işlədiyi dövrdə bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilərək ona torpaq sahəsinin ayrılması, hazıradək həmin torpaq sahəsinin onun faktiki istifadəsində olması iddianın təmin edilməsi üçün zəmin yaradır. Bundan başqa, Bağçılıq Yoldaşlıq Cəmiyyətinin adının üzvlük kitabçası və arayışda fərqli göstərilməsinə dair cavabdehin dəlilinə münasibətdə iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC Həmkarlar İttifaqı Komitəsinin 17 avqust 2005-ci il tarixli 17 saylı Protokoluna əsasən “Polad-1” Bağçılıq Yoldaşlıq Cəmiyyəti “Metallurq-1” kollektiv kooperativ bağçılıq cəmiyyəti adlandırılması və cəmiyyətin möhürü və ştampının da müvafiq olaraq dəyişdirilməsi qərara alınmışdır. Buna görə xx.xx.2022-ci il tarixdə verilən 17 saylı arayış “Polad-1” Bağçılıq Cəmiyyəti tərəfindən deyil, “Metallurq-1” kollektiv kooperativ bağçılıq cəmiyyəti tərəfindən verilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi yerləşən ərazi bağçılığın deyil, Sumqayıt bələdiyyəsinin ərazisidir. Bu baxımdan, həmin ərazidə yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə qərarları əsasında 3 nəfər şəxsin mülkiyyət hüququ reyestrdə qeydə alınaraq çıxarış verilmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, “Metallurq” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən ona 2001-ci ildə 867 saylı bağ sahəsi ayrılmışdır, həmin ərazi uzun müddət gölməçə olmuş, 3 il bundan əvvəl torpaq sahəsini yararlı vəziyyətə gətirmək üçün ərazini torpaqla doldurmuşdur, torpaq sahəsindən faktiki olaraq isə istifadə etmir. Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən onunla yanaşı, Əsgər Hüseynova və Dilafruz Hüseynovaya da torpaq sahələri ayrılmış, həmin sahələr üzərində onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Adıçəkilən şəxslərə ayrılmış torpaq sahələri mübahisəli torpaq sahəsi yerləşən ərazidən uzaqda yerləşir. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Ceyranbatan ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.7-ci maddəsinə istinad edərək bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsas olduğunu və iddiaçı tərəfindən də həmin sənədlərin təqdim edildiyi əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Həmin əsaslardan biri də, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır (Qanunun 8.0.7-ci maddəsi). İddiaçı da tələbinin əsası kimi 2001-ci il tarixli “Bağçının üzvlük kitabçası” və “Metallurq-1” Ceyranbatan Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 17 nömrəli arayışa istinad edərək mübahisəli torpaq sahəsinin ona Azərbaycan Boru Prokat zavodunda işlədiyi dövrdə “Polad-1” Ceyranbatan Bağçılıq Cəmiyyəti tərəfindən 867 saylı bağ sahəsi kimi ayrıldığını iddia edir. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinadla təqdim edilmiş kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasında bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin, bunun üçün iddiaçı tərəfindən təqdim edilmiş həmin müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Qanunun 8.0.7-ci maddəsində göstərilən üzvlük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməlidir. Yəni, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və üzvlük kitabçası bağ torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün birgə əsas kimi çıxış edir. Hazırkı iş üzrə cavabdehin imtinası, etiraz və şikayətinin dəlillərindən müəyyən edilir ki, “Metallurq" Ceyranbatan Bağçılıq Cəmiyyətinin üzvlərinin adlı siyahısı Ərazi idarəsinə təhvil verilməmişdir. Eyni zamanda, iddiaçı hazırda həmin cəmiyyət tərəfindən ona bağ torpaq sahəsinin ayrıldığını iddia etsə də, öz adının da qeyd olunduğu cəmiyyətin üzvlərinin adlı siyahısını məhkəməyə təqdim etməmişdir. İddiaçının mübahisələndirilən torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd qismində istinad etdiyi üzvlük kitabçası isə cavabdeh orqan tərəfindən qanunsuz hesab edilməklə müvafiq hüquq müəyyənedici sənəd kimi qəbul edilməmiş, onun düzgün tərtib olunmadığı göstərilmişdir. Cavabdeh sənədlərin qanunsuzluğu ilə bağlı mövqeyini onunla əsaslandırır ki, üzvlük kitabçası “Polad-1” B/Y Cəmiyyətinin müvafiq möhürü ilə təsdiq edilsə də, xx.xx.2022-ci il tarixli 17 nömrəli arayış "Metallurq"-1 Ceyranbatan B/Y Cəmiyyəti tərəfindən verilmişdir. Cavabdehin apellyasiya şikayətinin eyni dəlilləri nəzərə alındığında müəyyən edilir ki, iddiaçı tərəfindən hüquq müəyyənedici sənəd kimi təqdim olunan sənədlərin mötəbərliyi ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində təsbit olunmuş işin hallarının obyektiv araşdırılmasına dair normanın tələblərinə görə, ilk növbədə, məhz inzibati orqanda sözügedən sənədlərin mötəbərliyi ilə bağlı məsələ lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Məhkəmə icraatı zamanı aparılan araşdırma isə inzibati orqanı tamamilə əvəz edəcək formada deyil, İPM-in 58.6-cı maddəsinə əsasən inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetmənin təzələnməsi və ya tamamlanması qaydasında olmalıdır. Bu mənada, birinci instansiya məhkəməsinin bu məsələ üzrə araşdırması və ondan irəli gələn qiymətləndirməsi İPM-in 12 və 82-ci maddələrinin tələblərinə zidd olmaqla, yetərli və qəbul edilən hesab oluna bilməz. Belə ki, iddiaçının təqdim etdiyi 867 nömrəli üzvlük kitabçasından görünür ki, həmin sənədin 2001-ci ildə "Metallurq" Bağçılıq Cəmiyyəti tərəfindən verildiyi göstərilsə də, o, "xxxx" Səhmdar Cəmiyyətinin “Polad-1” kollektiv bağçılıq cəmiyyətinin müvafiq möhürü ilə təsdiq edilmişdir. Bu ziddiyyətlə bağlı isə "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2005-ci il tarixdə keçirilmiş iclasının 17 nömrəli protokolunda qeyd edilənlərə diqqət yetirilməlidir. Belə ki, iclasın gündəliyinə daxil edilmiş “Müəssisənin nəzdində fəaliyyət göstərən “Polad- 1” və "xxxx" kollektiv bağçılıq cəmiyyətlərinin adlarının dəyişdirilməsi” məsələsinə münasibətdə protokolda qeyd edilmişdir ki, müəssisəyə məxsus Ceyranbatan ərazisində yerləşən kollektiv bağçılıq cəmiyyətinə səmərəli fəaliyyət göstərmək üçün “Polad-1” möhür və stampı 2003-cü ilin mart ayının 1-dən verilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, həmin möhürlə təsdiq edilmiş çoxlu sayda 2003-cü ildən əvvəlki tarix qeyd edilməklə sənədlər verilmişdir. Kollektiv bağçılıq cəmiyyəti yaradılan zaman ilkin variantda Ceyranbatanda "Metallurq" kollektiv bağçılıq cəmiyyəti adlandırılmışdır və onun özünün bank hesabı, başqa təşkilatlarla müqavilə bağlamaq səlahiyyətləri olmuşdur. Lakin, sonradan onun möhür və stampı bir neçə dəfə dəyişdirilmişdir. Bu baxımdan, kollektiv bağçılıq cəmiyyətinin adının əvvəlki adına qaytarılması zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iclasın qərarı ilə 1) HİK-nin 26 fevral 2003-cü il tarixli, 37 nömrəli protokol qərarı ilə Ceyranbatan və Yaşma ərazisində yerləşən kollektiv bağçılıq cəmiyyətlərinin “Polad-1” və "xxxx" adlandırılması barədə qərarı qüvvədən düşmüş hesab edilmiş; 2) Müəssisənin Ceyranbatan ərazisində yerləşən “Polad-1” kollektiv bağçılıq cəmiyyəti “Metallurq-1”, Yaşma ərazisində yerləşən "xxxx" kollektiv bağçılıq cəmiyyəti isə “Metallurq-2” kollektiv kooperativ bağçılıq cəmiyyəti adlandırılmış və cəmiyyətin möhür və stampı da müvafiq olaraq dəyişdirilmiş, Ceyranbatan ərazisində yerləşən kollektiv bağçılıq cəmiyyətinin idarə heyətinin sədrinə yol verdiyi ciddi nöqsanlara görə sonuncu dəfə xəbərdarlıq edilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin yerləşdiyi Ceyranbatan ərazisində "xxxx" ASC-yə məxsus kollektiv bağçılıq cəmiyyətinin adı əvvəlcə “Metallurq-1” olmuş, daha sonra 2003-cü ildə həmin cəmiyyətin adı dəyişdirilərək “Polad-1” kollektiv bağçılıq cəmiyyəti adlandırılmış və həmin cəmiyyətə 01 mart 2003-cü il tarixdən etibarən “Polad-1” möhür və stampı verilmiş, cəmiyyət tərəfindən həmin möhür və stampla qeyd edilən tarixdən daha əvvəl müvafiq sənədlər verildiyi müəyyən edildiyindən, yuxarıda qeyd edilən 2005-ci il tarixli qərarla cəmiyyətin adı təkrarən “Metallurq-1” adlandırılmaqla, möhür və stampı da dəyişdirilmiş, eyni zamanda, cəmiyyətin müvafiq səlahiyyətli şəxsi məsuliyyətə cəlb edilmişdir. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi “Polad-1” kollektiv bağçılıq cəmiyyətinin möhürü ilə təsdiq edilmiş üzvlük kitabçası da məhz qərarda göstərilən pozuntuların baş verdiyi 01 mart 2003-cü il tarixdən əvvəl – 2001-ci ildə verilmişdir. Hansı ki, həmin dövrdə Ceyranbatan ərazisində fəaliyyət göstərən “Metallurq-1” kollektiv bağçılıq cəmiyyətinin adı və möhürü hələ dəyişməmişdi, yəni “Polad-1” kollektiv bağçılıq cəmiyyətinin, ümumiyyətlə, belə bir səlahiyyəti yox idi. Birinci instansiya məhkəməsi isə cavabdehin imtinasının həmin dəlilinə düzgün hüquqi qiymət verməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının adının qeyd olunduğu bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı təqdim edilmədiyindən, eləcə də iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün istinad edilən üzvlük kitabçasının özünün mötəbərliyi təsdiq edilmədiyindən cavabdehin imtinası əsaslı olmuşdur. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2117/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-220/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-220/2024
26.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver