Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-221/2024 19.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, Cəfər Cabbarlı adına olan küçənin 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan hissəsində küçənin adının Əhməd Baytursinulinin adına dəyişdirilməsini əks etdirən “Sumqayıt şəhərində küçə və meydanlara ad verilməsi və ya onların dəyişdirilməsi ilə bağlı komissiya”nın 19 avqust 2022-ci il tarixli 3 saylı iclas protokolu və eləcə də digər əlaqəli sənədlərin ləğv edilməsi, Sumqayıt şəhərində 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan həmin hissədə küçəyə Cəfər Cabbarlının adına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(118)-4634/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Cəfər Cabbarlı adına olan küçənin 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan hissəsində küçənin adının Əhməd Baytursinulinin adına dəyişdirilməsini əks etdirən “Sumqayıt şəhərində küçə və meydanlara ad verilməsi və ya onların dəyişdirilməsi ilə bağlı komissiya”nın 19 avqust 2022-ci il tarixli 3 saylı iclas protokolu və eləcə də digər əlaqəli sənədlərin ləğv edilməsi, Sumqayıt şəhərində 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan həmin hissədə küçəyə Cəfər Cabbarlının adına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Cəfər Cabbarlı adına olan küçənin 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan hissəsində küçənin adı başqa xalqın nümayəndəsi, qazax filoloqu Əhməd Baytursinulinin adına dəyişdirilmişdir. X4 adına olması ilə bağlı yaşayış binalarının üzərində müvafiq lövhələr uzun onilliklər yerləşdirilmiş, bütün xəritələrdə həmin ərazi C.Cabbarlı küçəsi kimi qeyd edilmişdir. Lakin cari ilin may-iyun əvvəllərində iddiaçı təsafüfən xəbər tutmuşdur ki, küçənin bir hissəsinə Əhməd Baytursinulinin adı verilmiş və müvafiq lövhələr asılmışdır. İddiaçının və həmin ərazidə yaşayan bir sıra sakinin bu dəyişiklikdən ümumiyyətlə, məlumatı olmamışdır. Halbuki, ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunvericiliyə əsasən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4634/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mahiyyəti üzrə baxılması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiası əsaslıdır və Azərbaycan Respublikasının qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğundur. Belə ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən, Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Onun 40 yaşı var, bütün həyatını Sumqayıt şəhərində 4-cü mikrorayonda yaşamış, lakin belə bir məsələ haqqında tamamilə xəbəri olmayıb, rəyini soruşan, maraqlanan olmayıb. Həmçinin yaxınları, tanışlarının da. Açıq-aydın görünür ki, qanunvericiliyin bu tələbi pozulub. Əgər fərz edilərsə ki, başqa sakinlərin rəyi alınıb, onun və yaxınlarıkı yox, o halda da bərabərlik hüququnun pozulduğu aydın görünür. Halbuki belə bir rəy, yəni müvafiq ərazinin əhalisinin rəyinin alınması faktı ümumiyyətlə yoxdur. Bunu elə sosial şəbəkədə Sumqayıt sakinlərinin müzakirələrində də aydın müşahidə etmək olar. İddianın məğzi Qazaxıstan filoloqu Əhməd Baytursinulinin adının Sumqayıt şəhərində küçəyə verilməsi deyil, bütün xalqlara, onların mədəniyyətlərinə hörməti var. İddianın məğzi Sumqayıt şəhərində çox sayda adsız küçə olduğu halda məhz onsuz da uzun olmayan (piyada 10-15 dəqiqəlik, minik avtomobili ilə 50 km/saat sürətlə, svetoforda dayanmadıqda 1-2 dəqiqəyə qət edilə bilən məsafəlik), adı bizim tarix və mədəniyyətə aid Cəfər Cabbarlı küçəsinin bir hissəsindən adının götürülüb başqa xalqın nümayəndəsinin adının verilməsi haqqındadır. Həmçinin 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında yerləşən məhz həmin hissədə küçənin bir tərəfindəki həyətdə AR X2 Adil İbrahimli yaşayıb, böyüyüb, digər hissədə isə AR Milli Qəhrəmanı Şükür Həmidov yaşayıb. Həmçinin AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi həmin ərazidə yerləşir. Belə bir ərazinin kimliyindən asılı olmayaraq başqa xalqın nümayəndəsinin adı ilə adlandırılmasını, xüsusilə də tarixi şəxsiyyətin adının həmin küçədən götürülərək, başqasının adının verilməsini əlverişli saymaq mümkün deyil. Sumqayıt şəhərində Cəfər Cabbarlı adına olan küçənin 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan hissəsində küçənin adının başqa xalqın nümayəndəsi, qazax filoloqu Əhmət Baytursinulinin adına dəyişdirilməsini əks etdirən “Sumqayıt şəhərində küçə və meydanlara ad verilməsi və ya onların dəyişdirilməsi ilə bağlı komissiya”nın 19 avqust 2022-ci il tarixli 3 saylı iclas protokolu və eləcə də digər əlaqəli sənədlər qüvvədə olan “İnzibati icraat haqqında” AR Qanununun 67.1.-ci maddəsinə əsasən qanunsuz inzibati aktdır. Çünki maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində (“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” AR Qanununun 9.8. maddəsi) qəbul edilmişdir. Həmçinin əlverişsiz inzibati aktdır. Çünki maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnü məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır, işin faktiki halları tam, hərtərəfli araşdırılmamışdır. İddia iddianın mümkünlüyü tələblərinə uyğundur. Belə ki, AR İPM-in 35.1-ci maddəsinə əsasən “Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.” Onun iddia ərizəsi subyektiv hüquq və azadlıqlar üzərində olduğundan AR İPM-in 35.2-ci maddəsində nəzərdə tutulmuş kollektiv maraqların müdafiə olunması məqsədi ilə müraciətə dair tələblət iddiaya tətbiq oluna bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci yarımbəndinə əsasən yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrini Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq hazırlamaq və yerləşdirmək, mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək və daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinq keçirmək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə, bu barədə aidiyyəti üzrə məlumat vermək yerli icra hakimiyətlərinin səlahiyyətlərinə aid edilmişdir. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi küçə adının dəyişdirilməsi barədə müvafiq icra hakimiyyəti orqanın komissiyası tərəfindən tərtib edilmiş iclas protokolunun və onunla bağlı sənədlərin ləğv edilməsi və küçə adının əvvəlki ada qaytarılması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti iddiaçının bu iddia tələbi qaldırmaq üçün subyektiv hüququnun olmaması kimi hala istinad etməklə, əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022ci il tarixli 465 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, Heydər Əliyev ilə Bakı küçəsini birləşdirən, 4-cü mikrorayonla 4-cı məhəllə arasında yerləşən küçə Əhəmd Bayursınulı küçəsi adlandırılması qərara alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan müvafiq ünvan üzrə küçə adının dəyişdirilməsinin əsası kimi xalqlar arasında etnik, dini və mədəni dəyərlər baxımından əlaqələrin genişləndirilməsi, dərinləşdirilməsi, habelə qarşılıqlı xarakter daşıması kimi hallara istinad etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının məzmununda yerli icra hakimiyyəti orqanın malik olduğu səlahiyyələrdən biri kimi də məhz küçə adlarının dəyişdirilməsi ilə bağlı səlahiyyət qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı iddianın mümkünlüyü baxımından cavabdeh inzibati orqanın hərəkətlərinin iddiaçının hər hansı hüquq və ya qanuni maraqlarının pozulmasına səbəb olması və ya hüquq müdaxilənin mövcudluğu müəyyən edilməmişdir. Bununla da hazırki iş üzrə iddianın mümkünlüyü baxımından ilkin zəruri şərtlərin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda isə iddiaçının müvafiq qanunun normasına istinad etməklə (əhalinin rəyinin nəzərə alınması ilə bağlı), həmin halın mübahisələndirilməsinə dair subyektiv hüququ mövcud olmamışdır. Nəticə etibarilə qeyd edilən hallar özlüyündə iddiaçının apellyasiya şikayətinin dəlillərini təkzib etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4634/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-221/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-221/2024
19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver