Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-221/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-3455/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 3455/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixdən İddiaçı xəstəliklə əlaqədar əmək pensiyasının ödənilməsi və həmin tarixdən sosial müavinətin əmək pensiyası ilə əvəz edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əlilliyə görə əmək pensiyası bərpa edilməklə, əsassız olaraq xx.xx.2020-ci il tarixdən dayandırılmış pensiya ödənişi məbləğlərinin birdəfəlik qaydada cavabdeh orqandan tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023cü il tarixdən ona xəstəliklə əlaqədar əmək pensiyasının ödənilməsi və həmin tarixdən sosial müavinətin əmək pensiyası ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə Qubadlı rayonu Qiyaslı kəndində doğulmuşdur. Ona xx.xx.2013-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra əmək pensiyası ilə bağlı indeksləşdirmələr aparılmış və əmək pensiyası xx.xx.2020-ci il tarixdən 233,20 manata çatdırılmışdır. Həmçinin pensiya işində mövcud olan tibbi sosial ekspert komissiyasının SER TSE-01 452329 nömrəli müayinə aktından çıxarışa əsasən təkrar müayinə əsasında ona xx.xx.2014-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin anlaşılmaz şəkildə yuxarıda qeyd etdikləri nəzərə alınmadan xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası ödənişi dayandırılmışdır. Cavabdeh orqan dayandırılmanın səbəbini mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində ona təyin edilmiş əlillik müddətinin xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək bir il müddətinə qeyd olunması ilə izah etmişdir. O, yenidən müayinədən keçmiş və xx.xx.2023-cü il tarixdə yenidən əmək qabiliyyətinin 70%-ni itirməsi ilə bağlı ikinci dərəcəli əlillik təyin edilmişdir. O, xx.xx.2020-ci il tarixə kimi pensiya almışdır. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur və onun konstitusion hüquqlarını kobud şəkildə pozur. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilir ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona əvvəllər təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-B- 11127/2024 nömrəli imtina məktubunda pensiya işinə daxil olan tibbi-sosial ekspert komissiyasının SER TSE01452329 saylı müayinə aktından çıxarışa əsasən xx.xx.2014-cü il tarixdən müddətsiz əlilliyin müəyyən edildiyi qeyd edilmişdir. Lakin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək əlilliyin müəyyən edilməsi qeyd edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmış və xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş əlilliyə görə əmək pensiyasının məbləği əsassız ödənilmiş vəsait hesab edilmişdir. Çünki, iddiaçıya xx.xx.2013-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan əlavə MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlilliyi (ikinci dərəcəli) müəyyən edilmişdir. Qanunun 33.2-ci maddəsinə əsasən 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir. Beləliklə, iddiaçının pensiya işində olan sənədlərə əsasən ümumi sığorta stajı 15 il 4 ay olmaqla qanunla tələb olunan müddətdən (14 il 8 ay) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 11 il 7 ay sığorta stajına uyğun 10727,86 manat, xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək (3 il 9 ay sığorta stajına uyğun olaraq) 3312,10 manat olmaqla, ümumilikdə 14039,96 manat təşkil edir ki, bu məbləğ də iddiaçının 59 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 35481,60 manat pensiya kapitalından azdır və minimum pensiya təminatına (280 manat) imkan vermir. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin dəlilləri imtina məktubu və iddia ərizəsinə etirazla eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi, birinci intansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab etdi, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, ona xx.xx.2013-cü il tarixdən ikinci dərəcəli əlil olmasına görə pensiyası təyin edilmiş, xx.xx.2020-ci il tarixə kimi əmək pensiyası ödənilmişdir. xx.xx.2020-ci il tarixdən pensiyanın ödənilməsi dayandırılmışdır. Daha sonra yenidən xx.xx.2023-cü il tarixdə orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə yenidən (ikinci) əlillik dərəcəsi verilmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyə görə pensiya deyil, sosial müavinət təyin edilmişdir. İddiaçı qeyd edilən hal ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan imtina ilə razılaşmamış və haqlı olaraq hesab etmişdir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassızdır. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Eyni zamanda həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdeh orqan imtinasının əsası kimi göstərmişdir ki, Qanunun 33.2-ci maddəsinə əsasən 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir. Məhkəmə kollegiyası cavabdeh orqanın etirazda və apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı qenyd edir ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi ikinci dərəcəli ümumi əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2013-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. ƏƏSMN 9 nömrəli Xəzər 14 nömrəli TSEK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli SER TSE01№ 452329 saylı arayışa əsasən təkrar müayinədən keçən əlil İddiaçı xx.xx.2014-cü ildən ikinci dərəcəli müddətsiz ümumi əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü ildən ikinci dərəcəli müddətsiz ümumi əlillik təyin edilməsinə baxmayaraq cavabdeh inzibati orqan ona xx.xx.2020-ci il tarixədək əmək pensiyası ödəmişdir. xx.xx.2020-ci il tarixdən ödənişi dayandırmışdır. İddiaçıya xx.xx.2014-cü il tarixli arayış əsasında müddətsiz əlillik təyin edilməsinə baxmayaraq, “Əlillik” altsistemində xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək əlilliyin müəyyən edilməsi qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən vətəndaşa pensiya ödənilməsi xx.xx.2020-ci il tarixdən dayandırılmış və həmin dövrə qədər ödənilmiş pensiya məbləği əsassız ödənilmiş məbləğ hesab edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz əlillik təyin edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən “Əlillik” altsistemində onun “əlilliyinin xx.xx.2014-cü il tarixdən xx.xx.2015ci il tarixədək təyin edilmişdir” kimi qeyd edilməsi vətəndaşın təqsiri kimi qiymətləndirilə və onun məsuliyyətinə səbəb ola bilməz. Çünki, rəsmi sənədlərin olduğu kimi “Əlillik” altsistemində qeydiyyatının düzgün aparılmasına cavabdeh orqan məsuliyyət daşıyır. İddiaçıda olan və pensiya işinə əlavə edilmiş ƏƏSMN 9 nömrəli Xəzər 14 nömrəli TSEK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli SER TSE01№ 452329 saylı arayışda iddiaçıya əlilliyin müddətsiz təyin edildiyi öz əksini tapmışdır. Məhz bu səbəbdən də cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixə kimi heç bir etiraz olmadan iddiaçıya əlilliyə görə pensiya ödəmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə xx.xx.2007ci il tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə xx.xx.2015-ci il tarixli, §49 Qərarlar). İddiaçıya yenidən xx.xx.2023-cü ildə orqanizmin funksiyalarının 70 faiz pozulması səbəbi ilə əlillik təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən vətəndaşa əmək pensiyasının deyil, sosial müavinətin təyin edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı əlilliyi altsistemdə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci ilə qədər qeyd edilməsinə baxmayaraq, vətəndaşa xx.xx.2020-ci ilə qədər pensiya ödənilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti əsasında işin hallarını araşdıraraq hesab edir ki, cavabdeh orqanın etirazda göstərdiyi Qanunun 33.2-ci maddəsi hazırki iş üzrə iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Çünki, iddiaçıya xx.xx.2014-cü ildə tibbi sosial ekspert komissiyası tərəfindən müddətsiz əlillik təyin edildiyi halda, altsistemdə məlumatların yanlış qeyd edilməsi səbəbindən xx.xx.2020-ci il tarixdən onun pensiya ödənişi dayandırılmışdır. İddiaçı pensiya ödənişi dayandırıldıqdan sonra yenidən müraciət etmiş və ona 3 il sonra, yəni xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixədək yenidən əlillik dərəcəsi təyin edilmişdir. Bu isə onun bütün müddət ərzində xəstə olmasını təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, vətəndaşın “Əlillik” altsistemində olan qeyddən ümumiyyətlə məlumatı olmamış, pensiya ödənişi dayandırıldığı vaxt məlumatlı olmuş, həmin tarixdən isə təxminən 3 il sonra yenidən müayinədən keçmiş və ona yenidən əlillik dərəcəsi müəyyən edilmişdir. Beləliklə, Qanunun 33.2-ci maddəsində qeyd edilən “5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verməsi” halı müəyyən edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2-ci maddəsində qeyd edilən müddətin axımı hazırki iddia tələbinə münasibətdə İddiaçı barəsində “Əlillik” altsistemində qeyd edilən əlilliyin bitmə müddəti olan xx.xx.2015-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Kollegiya, eyni zamanda qeyd edir ki, hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-3135/2024 nömrəli nişanlanmış (***) qərarının 56-58ci abzaslarında qeyd olunmuşdur:
56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya əlilliyə görə pensiya təyin etməkdən imtina bərədə hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-3455/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.