Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-222/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə adı və veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2- 1(118)-1378/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.1969-cu ildə Kəlbəcər rayonunda anadan olmuşdur. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdə olan qeydə əsasən o, 1987-1989-cu illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, 25.06.1992-ci il tarixdən 30.08.1992-ci il tarixədək Ağdərə və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan 02 iyun 2021-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 28.02.2020-ci il tarixli iclasında baxılmış və 674 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 17.06.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun 25.06.1992-30.08.1992-ci illər ərzində Ağdərə-Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirakı ilə bağlı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun iddiaçı qismində inzibati məhkəmə icraatına qəbul edilməsini və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət Tibb Unversitetində oxuyarkən 25.06.1992-30.08.1992-ci illər ərzində N saylı hərbi hissənin nəzdində Ağdərə-Kəlbəcər uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuşdur. Müharibədən qayıtdıqdan sonra öz təhsilini davam etdirmiş və hazırda X2 cərrahiyyə şöbəsində həkim-cərrah işləyir. Müharibədən sonra müharibə veteranı statusunun əldə edilməsi ilə bağlı uzun illər hər hansı dövlət qurumuna müraciət etməmişdir. 10.10.2018-ci ildə Kəlbəcər rayon hərbi komissarlığına statusun əldə edilməsi ilə bağlı müraciət etsə də, müraciətinə müsbət cavab almamışdır. Bundan sonra Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsinə xidməti haqqında arayışın verilməsi üçün müraciət etmiş, lakin İdarədən onun müraciətinə cavab olaraq bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin iyun-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında onun xidməti barədə məlumat aşkar edilməmişdir. Eyni tələblə Müdafiə Nazirliyinə yazılı müraciət edərək xidməti haqqında arayışın verilməsi üçün müraciət etmiş, 04.03.2020-ci il, 26.09.2020-ci il və sonuncu 02.06.2021-ci il tarixli müraciətinə cavab olaraq müsbət qərar verilməmişdir. Halbuki, onun 25.06.1992-30.08.1992-ci illər ərzində Ağdərə-Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirakı ilə bağlı hərbi biletində xüsusi qeyd aparılmlış və bu qeyd Müdafiə Nazirliyinin möhürü ilə təsdiq edilmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri:
5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edilməklə göstərilir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Beləliklə, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması və bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən iddiaçıya təqdim edilmiş 21.05.2019-ci il tarixli 9/2-6698 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin iyun-avqust 1992-ci il tarixli nizami-hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı xidməti barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İddiaçı müvafiq Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə işitrakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddiası əsaslı sayıla bilməz.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(118)-1378/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. İddiaçı qanuni əsaslarla hərbi xidmətdən təxris olunması təsdiq edilmədiyi üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.
8. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin və birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad edərək göstərir ki, N saylı Hərbi Hissənin verdiyi arayışda göstərilib ki, ona verilmiş ЯЕ-7326 nömrəli AKM markalı avtomat silah N saylı Hərbi hissənin anbarına təhvil vermişdir. Həmçinin hərbi biletində də onun 25.06.1992- 30.08.1992-ci illər ərzində Ağdərə-Kəlbəcər uğrunda gedən döyüşlərdə fəal iştirakı ilə bağlı xüsusi qeyd mövcuddur və bu da Müdafiə Nazirliyinin möhürü ilə təsdiq edilmişdir. Beləliklə onun həqiqətən 1992-ci ilin iyun-avqust aylarında Ağdərə-Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etməyi, ona avtomatın təhkim edilməsi və həmin avtomatın hərbi hissəyə təhvil verilməsinə dair hallar qeyd edilən sənədlərlə təsdiq edilir. Bu halda məhkəmənin hərbi hissədən tərxis edilməyinə dair müvafiq əmrin olmaması əsası ilə iddianı rədd etməsi qanuni və əsaslı deyil. Çünki, o, 1992-ci ildə Tibb Universitetindən döyüşlərə yollanmışdır və buna görə də onun hərbi hissədən tərxis edilməyinə dair əmrin olması mümkün deyil. O, 1992-ci ildə döyüşlərdə iştirak etmişdir və bunu da təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı həmçinin göstərir ki, o, İİ Qarabağ müharibəsində də də həkim-cərrah kimi iştirak etmiş, belə ki, işlədiyi X2 ezamiyyə vəsiqəsi əsasında cəbhə bölgəsinə ezam olunmuşdur və 27.09.2020-ci ildən 12.11.2020-ci ilə qədər Gəncə şəhər A.Səhhət adına şəhər xəstəxanasında mövcud vəziyyətlə bağlı yaralı əsgərlərə tibbi xidmət göstərmişdir. Bu xidmətinə görə N nömrəli hərbi hissə tərəfindən fəxri fərmanla da təltif olunmuşdur. İddiaçı daha sonra apellyasiya şikayətində Avropa İnsan hüquqları Konvensiyasının 6.1 və 8-ci maddələrinə, Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsinə və məhkəmənin bir sıra işlər üzrə qərarlarına istinad etməklə birinci instansiya məhkəməsinin qərarının əsaslandırılmadığnı, nəticədə ədalətli məhkəmə araşdırılması hüququnun pozulduğunu, müharibə iştirakçısı kimi ona statusun verilməməsinin onda məyusluq yaratdığını, ona qanunsuz olaraq müharibə veteranı adının və vəsiqəsinin verilməməsinin onu həm də aylıq 80 manatlıq prezident təqaüdündən məhrum etdiyini, sözügüdən sosial-təminat sistemindən faydalanmaq hüququnun pozduğunu və bu pozuntunun onun hüquqlarına xələl gətirilməsi ilə nəticələndiyini göstərmişdir. Apellyasiya şikayəti həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə onun döyüşlərdə iştirak etməyini təsdiqləyən sənədlərə məhəl qoymayıb, bu sənədlərə qiymət verməyib, onunla birlikdə döyüşlərdə iştirak edən şəxslərin izahatının alınması ilə bağlı ona hüquqi yardım göstərməyib, o da hüquqşünas olmadığından həmin şahidlərin məhkəmə iclasında dindirilməsini təmin edə bilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
10. “Hərbi qulluqçuların statusu haqqında” 25.12.1991-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
11. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
13. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.01.2022-ci il tarixli, 2-1(105)-222/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
15. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir.
18. İddiaçı H3 №5400947 nömrəli hərbi biletdə 25.06.1992-ci il tarixdən 30.08.1992-ci il tarixədək Ağdərə və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə qeydə, habelə N saylı Hərbi Hissənin ona verilmiş ЯЕ-7326 nömrəli AKM markalı avtomat silahın N saylı Hərbi hissənin anbarına təhvil verilməsinə dair arayışına (arayışda tarix və nömrə qeyd edilməmişdir) istinad edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb edir.
19. Mudafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 02.06.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı göndərdiyi sənədlərə Mudafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üçün komissiyanın 28.02.2002-ci il tarixli iclasında iddiaçının müraciətinə baxılmış 674 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir.
20. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən 21.05.2019-cu il tarixli 9/2-6698 №-li arayışda N nömrəli hərbi hissə komandirinin iyun-avqust 1992-ci il tarixli nizami-hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı xidməti barədə məlumatın aşkar olunmadığı göstərilmişdir.
21. İşin yuxarıda qeyd edilən hallarına uyğun olaraq iddiaçının apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 14-cü bəndində istinad edilən 22.09.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş və müvafiq münasibətləri tənzimləyən “Əsasnamə”nin tələblərinə əsasən hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi halda hərbi biletlər əsasında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı verilə bilməz. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özüözlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır.
22. Beləliklə, iddiaçının hərbi biletində 25.06.1992-ci il tarixdən 30.08.1992-ci il tarixədək Ağdərə və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə qeydə mövcud olsa da, onun həqiqətən həmin dövrdə N nömrəli hərbi hissədə hərbi xidmət keçməsi, yaxud da döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması, habelə şəxsi heyətin siyahısına daxil edilməsi və hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının təqdim etdiyi avtomat silahın N saylı hərbi hissənin anbarına təhvil verilməsinə dair arayışa gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin arayış özü-özlüyündə mötəbər sübut olmamaqla yanaşı, onun məzmunu da iddiaçının müvafiq hərbi-hissədə hərbi xidmət keçməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması nəticəsinə gəlməyə əsas vermir.
23. İddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsaslandırılmaması, habelə qərarla onun "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyada nəzərdə tutulmuş hüquqlarının pozulması ilə bağlı dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarına və iddiaçının dəlillərinə uyğun şəkildə işin hallarına müvafiq qanunvericilik aktlarını tətbiq etməklə qərar qəbul etmiş, həmin qərar kifayət qədər əsaslandırılmışdır. Bu qərarın 11-12-cİ bəndlərində istinad edildiyi kimi qanunvericilikdə müharibə veteran adının verilməsi qaydası və şərtləri ilə bağlı aşkar və dəqiq tənzimlənmə, habelə bu kateqoriya işlər üzrə Ali Məhkəmə tərərfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsi vardır. İddiaçıya müharibə veteranı adının verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olmadığından onun iddiasının təmin edilməməsi cavabdeh inzibati orqan və ya məhkəmə tərəfindən onun hər-hansı hüququnun pozulması kimi qiymətləndirilə bilməz.
24. Apellyasiya şikayətinin onunla birlikdə döyüşlərdə iştirak edən şəxslərin izahatının alınması ilə bağlı iddiaçıya hüquqi yardım göstərməməsi ilə bağlı dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı işlər üzrə qanunvericiliyin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə əsasən əsas sübut növü kimi şəxsin müvafiq dövrlərdə qanunvericilikdə sadalanan hərbi hissələrdə və digər hərbi birləşmələrdə hərbi xidmət keçməsi və qanuni əsaslarla hərbi xidmətdən təxris edilməsi barədə rəsmi sənədlər çıxış etdiyindən, şahid ifadələri iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilmədiyindən bununla bağlı hər hansı əlavə araşdırmanın aparılmasına, iddiaçıya yardım göstərilməsinə də zərurət olmamışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
26. İddiaçının İİ Qarabağ müharibəsində də işlədiyi yerdən ezamiyyə vəsiqəsi əsasında cəbhə bölgəsinə ezam olunması və yaralı əsgərlərə tibbi xidmət göstərməsi ilə bağlı apellyasiya şikayətində istinad etdiyi hallara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hal hazırkı iş üzrə məhkəmə araşdırması, habelə cavabdeh inzibati orqanın iddiaçının tələbindən imtinası zamanı araşdırma predmeti olmamışdır. Müvafiq məsələlə ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli Sərəncam qəbul edilmişdir və hazırda müvafiq orqanlar tərəfindən həmin Sərəncamın icrası ilə bağlı tədbirlər davam edir. İddiaçı müvafiq sənədləri təqdim etməklə qeyd edilən əsasla ona müharibə veteranı adı verilməsi üçün aidiyytəti orqanlara müraciət etmək imkanına malikdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(118)-1378/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.