Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-222/2023 10.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı “sərəncamların qanunsuz hesab edilməklə etibarsız sayılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2- 1(118)-2574/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin X1 Xaçmaz rayonunun Yergüc İƏV-nin ərazisində yerləşən dövlət fonduna aid torpaqlardan fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli, 66/1 saylı və 900 kv.m torpaq sahəsinin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 44/1 saylı sərəncamların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini dəqiqləşdirərək, xx.xx.2005 və xx.xx.2005-ci il tarixli sərəncamların etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Armudpadar Bələdiyyəsinin 15 oktyabr 2004-cü il tarixli 63 saylı qərarı ilə iddiaçıya bələdiyyənin ehtiyat fondundan fərdi iaşə obyektlərinin tikintisi üçün 0.60 ha torpaq sahəsi satılmışdır. Həmin 0.60 ha torpaq sahəsinə 03 noyabr 2004-cü il tarixdə DT və XK Xaçmaz rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən onun adına JN-9090 KOD 30209048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Mülkiyyətinə verilmiş 0.60 ha torpaq sahəsində təbii bulaq mövcud olmuş, restoranın tikintisinə başlayanda o, həmin bulaq suları təbii axarını gözləməklə ərazidə əvvəldən mövcud olmuş su arxının keçdiyi Xaçmaz - Xudat yolu istiqamətdə borular vasitəsilə yerin altı ilə aparmışdır. Həmin boruya qonşuluqda yerləşən bir neçə yaşayış evinin və torpaq mülkiyyətçilərinin suları da birləşir. Təsdiq edilmiş layihəyə əsasən o həmin torpaq sahəsində “Çeşmə” restoranı inşa etdirmiş və hazırda istifadəsindədir. Xaçmaz-Xudat şosse yolundan “Çeşmə” restoranına gedən yolun sağ tərəfində X2 məxsus yaşayış evi vardır. Cari ilin aprel ayının əvvəllərində H.H.Orucəliyeva restoranın ərazisindəki bulaq suları axıdılan boruları evin qarşısından keçən hissəsində qazıyıb çıxarmış və suyun axarını bağlamışdır. Bunun səbəbini soruşduqda H.H.Orucəliyevanın həyat yoldaşı bildirmişdir ki, boruların onun ərazisindən keçməsinə razı deyildir və ona görə də boruların bir hissəsini çıxarıb suyun axarını bağlamışdır. Aidiyyəti qurumlara müraciət etsə də müsbət nəticəsi olmamış, ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məlum olmuşdur ki, hazırda H.H.Orucəliyevanın yaşayış evinin yerləşdiyi torpaq sahəsi Yergüc bələdiyyəsinin ümumi istifadədə olan örüş torpaqlarına aid olsa da, Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli 66/1 sərəncamı ilə adına verilmişdir. Bundan əlavə Xaçmaz rayon İHB-nin xx.xx.2005-ci il tarixli 44/1 saylı sərəncamı ilə qərara alınmışdır ki, Xaçmaz rayonu Xudat şəhər sakini X2 Xaçmaz rayonun Yergüc İƏV-nin ərazisində yerləşən dövlət fonduna aid torpaqlardan fərdi yaşayış evinin tikintisi üçün istifadəsinə ayrılmış 600 m2 torpaq sahəsini genişləndirmək məqsədilə həmin torpaq sahəsinə bitişik olan 900 m2 torpaq sahəsi onun istifadəsinə verilsin. Qeyd edir ki, həmin sərəncamların əsassızlığı və qanunsuzluğu onların verilməsi tarixləri ilə əyani şəkildə təsdiq olunur. Belə ki, 600 m2 torpaq sahəsinin ayrılmasına dair sərəncamın tarixi xx.xx.2005-ci il göstərildiyi halda, 600 m2 torpaq sahəsinin genişləndirilməsi məqsədilə 900 m2 torpaq sahəsinin istifadəyə verilməsi barədə sərəncamın tarixi xx.xx.2005-ci il göstərilmişdir. Belə müəyyən edilir ki, H.H.Orucəliyevaya 600 m2 torpaq sahəsi ayrılmamış ona həmin torpaq sahəsinin genişləndirilməsi məqsədilə bir ay qabaqcadan 900 m2 torpaq sahəsi verilmişdir. Hesab edir ki, hər iki sərəncam qanunsuz və əsassızdır. Göstərilən sərəncamlarla H.H.Orucəliyevaya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m2 və həmin torpaq sahəsini genişləndirmək məqsədilə istifadəsinə verilmiş 900 m2 torpaq sahələri dövlət fonduna aid deyil, bələdiyyənin ümumi istifadədə olan örüş torpaqlarıdır. Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2574/2022 nömrəli qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-2574/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov) Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qərardadında göstərilir ki, məhkəmənin əvvəlki iclaslarında iştirak edən X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahələri ona qanuni şəkildə ayrılmışdır. İddiaçının sahibliyində olan restoranın həyətində olan bulaqdan çıxan suyun öz sahibliyində olan torpaq sahəsindən keçirilməsinə etirazı yoxdur. Mübahisənin yaranmasına səbəb həmin suların axıdılması üçün iddiaçı tərəfindən quraşdırılmış boruların keyfiyyətsiz olması səbəbindən mütəmadi olaraq sınması və buna görə də sahibliyində olan torpaq sahəsinin palçıq olması ilə əlaqədar olmuşdur. Xarab olmuş borulardan axan suyun qarşısını almaq məqsədi ilə həmin suyun qarşısı onun tərəfindən kəsilmişdir. Lakin, iddiaçı həmin suyun axıdılmasının keyfiyyətli borular vasitəsilə onun sahibliyində olan torpaq sahəsindən aparılmasına etirazı yoxdur və gələcəkdə həmin işlərin aparılması üçün tikinti işlərinə hər hansı bir maneə yaratmaq fikrində deyil. Göründüyü kimi üçüncü şəxs ərizəsində etiraf etmişdir ki, borulardan axan suyun qarşısını almaq məqsədi ilə həmin suyun qarşısı onun tərəfindən kəsilmişdir. Belə olan halda hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iddia o halda mümkün olardı ki, həmin qərarlar əsasında ayrılmış torpaq sahələrinin koordinatları iddiaçının sahibliyində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmüş olsun. Lakin, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsəd su borularının üçüncü şəxsin sahibliyində olan torpaq sahəsindən keçirilməsinə qoyulmuş qadağa ilə bağlı olmuşdur. Bu isə inzibati icraat çərçivəsində deyil, qonşular arasında torpaq sahəsindən servitut alınması ilə bağlı (hüquqların məhdudlaşdırılması) mülki icraat qaydasında baxılmalı olan iddia tələblərinə aid olmalıdır. Başqa sözlə, mübahisə predmeti olan qərarların üçüncü şəxsin qadağa xarakterli hərəkətlərinə hər hansı bir aidiyyəti yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia tələbi cavabdeh orqanın müvafiq qərarının etibarsız sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunur. Bununla bağlı, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddianın mübahisə edilən qərarın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Nəzərə alınmalıdır ki, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu növ iddialar üzrə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçı ən azından qısa müddət ərzində inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığının müəyyən olunmasında maraqlı olmalıdır. Yəni iddiaçı, etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində, tez bir zamanda reallaşdırmalıdır. Beləliklə, bu iddia növündə əsaslandırılmış maraq subyektiv komponentlə (iddiaçının marağı) bərabər həm də zaman komponentinə malik olmalıdır. Bu səbəbdən, hazırkı mübahisəyə münasibətdə etibarsızlığın tanınması ilə bağlı qeyd edilən şərtlər (ən azından qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını........ yoxlamalıdırlar (2.3). Qaldırılmış iddianın mahiyyətindən görünür ki, iddiaçı, inzibati orqan olan İcra Hakimiyyətinin sərəncamlarını mübahisələndir, sərəncam isə torpaq sahəsinin hazırki iş üzrə üçüncü şəxsə ayrılması barədədir. Kollegiya hesab edir ki, iddiaçının üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla qərarı ləğv etmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Eyni zamanda məhkəmə kollegiyası baxılan mübahisəyə münasibətdə qeyd edir ki, işin hallarından da göründüyü kimi, hazırkı iddia yuxarıda da qeyd edildiyi kimi mübahisələndirmə haqqında iddiadır. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların mümkünlüyü həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə bağlıdır. İddia qaldırmaq səlahiyyəti qəbul edilən inzibati aktla hüquqlarını ən azı pozmaq imkanına malik olmasını nəzərdə tutur. Bu baxımdan şəxsin subyektiv hüququnun mövcudluğu həm də onun iddia qaldırmaq səlahiyyəti ilə bağlıdır. Belə ki, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində hüququn pozulma ehtimalının mövcud olması üçün şəxs ən azından həmin hüquqa malik olmalıdır. Yəni şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiə ehtiyacı da mövcud olmur. Qanunverici tərəfindən bu qaydanın nəzərdə tutulması hər hansı şəxsin heç bir əsas olmadan iddia qaldırmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baxılan mübahisəyə münasibətdə üçüncü şəxsə ayrılmış torpaq sahəsinə dair subyektiv hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququ yoxdur. İddiaçı subyektiv hüququnun əsası kimi üçüncü şəxs tərəfindən iddiaçıya məxsus restoranın ərazisindəki bulaq suları axıdılan boruların evinin qarşısından keçən hissəsində qazılıb çıxarıldığını və bununla da suyun axarını bağlandığını qeyd etmişdir. Halbuki, qeyd edilən hal mülki mübahisə predmeti olmaqla mülki məhkəmə icraatı qaydasında həll edilməli olan məsələdir. Göstərilən hallar iddiaçıya hazırkı iddianı qaldırmaqda subyektv hüquq tanımır. İddiaçının subyektiv hüququnun olmaması isə qeyd edilən torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə qərarın mübahisələndirməsi imkanını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Apellyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 33, 58 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-2574/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-222/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-222/2023
10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver