Məhkəmə qərarları › İş №2-1(105)-222/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-222/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-222/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: order əsasında verilmiş yaşayış sahəsinin özəlləşdirilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 16-cı mikrorayon, 5 saylı evdə yerləşən 6 saylı mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 1276/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt İHB apartının mənzillərin qeydiyyatı dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin xx.xx.2000-ci il tarixli saylı orderinin surətindən görünür ki, həmin order Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 361 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Sumqayıt şəhəri, 16-cı mikrorayon, 5 saylı evdə yerləşən 6 saylı mənzilə dair verilmişdir. 11 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3, X20 oğlu, X18 oğlu və Fərəcov Vüsal Əliağa oğlu ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə qeydiyyatdadırlar. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina bildirişindən görünür ki, müraciətə əlavə etdiyiniz sənədlərin araşdırılması zamanı sözügedən mənzilə dair qeydiyyatınızın olmadığı müəyyən edilmişdir. X3, X20 oğlu, X18 oğlu (əvəzinə qəyyumu X3) və Fərəcov Vüsal Əliağa oğlunun notarial qaydada təsdiq olunmuş ərizələrinin surətindən görünür ki, onlar Sumqayıt şəhəri 16-cı mikrorayon, 5 saylı evdə yerləşən 6 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmirlər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə təqdim etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Hal kəndindən məcburi köçkün 1939-cu il təvəllüdlü X14 1993-cü ildən Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən tikintisi yarımçıq qalmış üç mərtəbədən ibarət 5 saylı evin 6 nömrəli 4 otaqlı mənzilində müvəqqəti məskunlaşmışdır. Sonradan yəni, 1997-ci ildən övladı 1970-ci il təvəllüdlü Şəfiyev Aqil Bəhrəm oğlu, 1972-ci il təvəllüdlü gəlini X10, 2000-ci il təvəllüdlü nəvəsi Şəfiyev Bəhrəm Aqil oğlu və 1997-ci il təvəllüdlü nəvəsi X17 həmin mənzilə gələrək 2 otağında yenidən məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. X14 12 aprel 2013-cü ildə vəfat etmişdir. Həmçinin Zəngilan rayonunun Babaylı kəndindən məcburi köçkünlər - 1971-ci il təvəllüdlü X5 və 1964-cü il təvəllüdlü Xankişiyevə Sərmayə Hünbət qızı 1997-ci ildən Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən tikintisi yarımçıq qalmış üç mərtəbədən ibarət 5 saylı evin 6 nömrəli 4 otaqlı mənzilin digər 2 otağında müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Müraciətinizlə bağlı müəyyən olunmuşdur ki, əvəllər Sumqayıt şəhərində daimi qeydiyyatda olan gəlini X6 mülkiyyətində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 10/5A saylı evin sahəsi 45.7 kv.metr olan 17 nömrəli mənzili, həmçinin Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində 29 saylı evin, sahəsi 71 kv.metr olan 42 nömrəli mənzilinin olduğu aşkar edilmişdir. Sonradan 5-ci mikrorayon ərazisindəki mənzilini övladı X9 adına, digər 10-cu mikrorayon ərazisindəki mənzilini isə Sumqayıt şəhəri sakin olan qardaşı X4 adına keçirmişdir, yəni özgəninkiləşdirilmişdir. Ailə üzvlərindən - Bakı şəhərində daimi qeydiyyatda olan X17 10 sentyabr 2015-ci ildən yerli sakin X11 ilə rəsmi nikahdadır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 11 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 76 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, Şəfiyev Aqil Bəhram oğlu, X10, Şəfiyev Bəhrəm Aqil oğlu ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə yaşayırlar. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 11 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 77 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, X5 və Xankişiyevə Sərmayə Hünbət qızı ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə yaşayırlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 16-cı mikrorayon, 5 saylı evdə yerləşən 6 saylı mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, 5 saylı evdə yerləşən 6 saylı mənzil ona Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 361 saylı sərəncamına əsasən ayrılmış və order verilmişdir. Həmin vaxtdan mənzil onun və ailə üzvlərinin istifadəsindədir. Mənzilin özəlləşdirilməsi üçün cavabdeh idarəyə müraciət etdikdə cavabdeh inzibati orqan onun xahişini təmin edilməsindən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 16-cı mikrorayon,ev 5 ünvanında yerləşən 6 saylı mənzilin özəlləşdirilməsinə dair ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun 18 oktyabr 2022-ci il tarixli ərizəsi ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən 6 saylı mənzilə dair onun qeydiyyatı yoxdur. Bununla bağlı müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsində baxılmışdır və işlə əlaqədar **********62 sayiı 27 oktyabr 2022-ci il tarixli cavab məktubu göndərilmişdir. Həmçinin sözügedən mənzilə dair orderdə adı qeyd olunan şəxslərin razılıq ərizələri yoxdur. Hüquq müəyyənedici sənədlər barəsində məlumatlar arxivdə aşkarlanmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1276/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 16-cı mikrorayon, 5 saylı evdə yerləşən 6 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması gedişində iddiaçının mübahisəli mənzildə qeydiyyatda olan ailə üzvlərinin, o cümlədən fəaliyyət qabiliyyətsiz hesab edilmiş oğlu X18 oğlunun qəyyumunun mənzilin özəlləşdirlməsinə razılıq ərizələrini təqdim etmişdir. Qanunvercilikdə mənzili özəlləşdirmək istəyən şəxsin həmin mənzildə qeydiyyatda olması şərt kimi nəzədə tutulmamışdır. İddiaçının mənzil üzərində mülkiyyət hüququnu qeydə alınmasını tələb etmək üçün subyektiv hüquqa malikdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən mənzilə dair ərizəçinin yaşayış yeri üzrə qeydiyyatının olmadığı və həmin mənzildə məcburi köçkünlərin yaşadığı müəyyən edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən mənzil sahəsi bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəflərindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... Maddə 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ..... “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; .... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq order əsasında iddiaçı və onun ailə üzvlərinin istifadəsinə (mülkiyyətinə) verilmiş mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlıdır. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının həmin mənzilə dair pasport qeydiyyatının olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin 11 may 2000-ci il tarixli 2/11 nömrəli order əsasında 16-cı mrk, küçə 5 ünvanında yerləşən ümumi sahəsi 56,84 kv.m olan 4 otaqlı mənzil iddiaçı “Azmənzilsənayetikintitəmir” Birliyində işləyən İddiaçı və onun 4 nəfər ailə üzvinin istifadəsinə verilmişdir, orderin verilməsinə əsas kimi “ SŞİHBS №361 xx.xx.2000” qeyd edilmişdir. İş materiallarında olan müvafiq Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 04 may 2000-ci il tarixli 361 nömrəli Sərəncamı ilə yuxarıda göstərilən komissiyanın yeni istifadəyə verilmiş və boşalmış mənzillərin bölünməsinə dair xx.xx.2000-ci il tarixli 3 №li protokolu təsdiq edilmiş, həmin protokolun arxiv çıxarışının məzmununda yaşayış sahəsi 56,84 kv.m olan 4 otaqlı 16 mkr, ev 5, mənzil 6 İddiaçı 5 nəfərdən ibarət ailə tərkibinə təqdim olunması (İddiaçı-ev sahibi, X3- h/yoldaşı, X20 oğlu-oğlu, X18 oğlu-oğlu, Fərəcov Vüsal Əliağa oğlu-oğlu),1978-ci ildən köçürmə yolu ilə mənzil növbəsindədir, növbədən çıxarılması qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Fərəcov Vüsal Əliağa oğlu, X3, X20 oğlu, X18 oğlunun qanuni nümayəndəsi tərəfindən həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə razı olmaları barədə notarial qaydada təsdiq edilmiş yazılı ərizə təqdim etmişlər. İş materiallarından görünür ki, İddiaçı sözügedən mənzildə pasport qeydiyyatına düşməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, mənzilə dair iddiaçının qeydiyyatı yoxdur, orderdə adları qeyd edilən şəxslərin razılıq ərizələri yoxdur, hüquqmüəyyənedici sənədlər arxivdə aşkar edilməmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış edir. İndiki halda sözügedən mənzilə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçının adına order tərtib edilmiş, orderdə adları qeyd edilən şəxslər isə həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə razıdır, nəticə etibarilə iddiaçının həmin əmlaka dair mülkiyyət hüququ yaranmışdır. Yuxarıda istinad edilən müvafiq Qanunun 8-ci maddəsinin tələbinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma);mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi, qanunvericilikdə adına order verilmiş şəxslərin həmin mənzildə pasport qeydiyyatında olması və həmin hala dair sənədin təqim edilməsi şərti nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmayan hala istinad edilməklə, iddiaçının mövcud olan hüququnun dövlət qeydiyyatından imtina edilməsi halı özlüyündə mənzilin özəlləşdirilməsi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edirki, mülki qanunvericiliyin tələbinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır, şəxsin bir neçə yaşayış yeri ola bilər (Mülki Məcəllənin 27.1-ci maddəsi). Həmçinin, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır, vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınır, şəxsin yaşayış yeri isə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 1,2 və 5-ci maddəsi). Qeyd olunan qanunvericilik normalarının təhlilindən görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatda olması halı şəxslərin uçota alınması, hüquq və vəzifələrinin realizəsi məqsədini daşımaqla, şəxsin həmin əmlaka dair mülkiyyət hüququnun və digər əmlak hüquqlarının müəyyən edən amil kimi çıxış etmir. Başqa sözlə desək, şəxs yaşadığı və əmlak hüququ olmadığı yaşayış yeri üzrə də qeydiyyata alına bilər. Göründüyü kimi, şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. İndiki halda iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması, szöügedən mənzildə pasport qeydiyyatında olmaması halı onun əmlaka dair mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qismində çıxış etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının həmin mənzildə pasport qeydiyyatında olmaması halına istinad etməklə, hüququn dövlət qeydiyyatına alınmasında imtina etməsi ilə bağlı hərəkətləri iddiaçının əmlak hüquqlarının əsassız məhdudlaşıdırlmasına gətirib çıxartmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə cavabdehin arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin imtina və şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı həmin mənzilə dair hüquqmüəyyənedici sənədlərin arxiv nüsxələrinin və orderdə adları qeyd edilmiş şəxslərin notarial qaydada təsdiq edilmiş yazılı razılıq ərizələrinin olduğu aşkar edilmişdir. Bu hal özlüyündə cavabdehin həmin sənədlərin arxiv məlumatlarının aşkar edilməməsi və razılıq ərizələrinin olmaması halına istinad edilməsi ilə bağlı dəlillərini təkzib edir. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan özü də inzibati icraat çərçivəsində araşdırma aparmaqla, həmin sənədləri əldə edə bildiyi halda, bu istiqamətdə heç bir araşdırma aparmadan, əsassız və formal olaraq, qeyd edilən əsasa istinad etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də cavabdehin arqumenti əsassız olmuşdur. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi həmin mənzildə məcburi köçkünlərin yaşadığının müəyyən edilməsi halına istinad edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən mənzildə məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşması halı müəyyən edilmişdir. Bundan əlavə, həmin şəxslərin sözügedən mənzildə qanuni əsaslarla məskunlaşması və ya mənzilə dair əmlak hüquqlarının olması halı müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin mənzilə dair əmlak hüququ mövcud olduğu halda, başqa şəxslərin qanuni əsas olmadan ona məxsus olan mənzildə yaşaması halı onun əmalka dair hüquqlarının dövlət qeydiyyatından imtina üçün əsas qismində çıxış etməmişdir. Əks yanaşma halı özlüyündə iddiaçının əmlak hüquqlarının və bu hüququn realizəsinin əsassız olaraq məhdudlaşıdırlmasına gətirib çıxarda bilər. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə də istinad etdiyi dəlillər əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1276/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar