Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-222/2025 21.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqqı üzrə borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2-1(118)-3415/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqqı üzrə borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2-1(118)-3415/2024 nömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilmişdir. (hakim Leyla Mirzəyeva) Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, iş üzrə bir neçə iclas təyin olunsa da, bəziləri onlardan asılı olmayan səbəbdən keçirilməmişdir.Belə ki, e-məhkəmə kabinetindən görsənir ki, iş üzrə ilk hazırlıq icraatı xx.xx.2024-cü il tarixinə saat 10:00-a təyin olunmuşdur. Daha sonra xx.xx.2024-cü il tarixinə təyin olunmuşdur. Həmin iclas cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi ərizəyə əsasən təxirə salındı. Növbəti iclas xx.xx.2024-cü il tarixinə təyin olunmuşdur. Lakin e-kabinetdə iclasın tarixi xx.xx.2024-cü il qeyd edilsə də, iclasın saatı həm 10:00, həm də 14:40 kimi göstərilmişdir. Bundan başqa, qeyd edir ki, işə baxan Məhkəmə işin hərtərəfli araşdırılmasına şərait yaratmır. Belə ki, hələ xx.xx.2023-cü il tarixində bu iş başqa hakimin icraatında olan zaman iddiam mümkünsüz hesab olunaraq iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(118)-4086/2023 saylı qərardad qəbul olunmuşdur. Həmin qərardaddan apellyasiya şikayəti tərəflərindən verilmiş və şikayətləri Sumqayıt Apellyaisya Məhkəməsinin inzibati kollegiyası tərəfindən təmin olunaraq sözügedən qərardad ləğv olunmuş və iş baxılması üçün yenidən Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra cəmi 2 iclas keçirilmiş və həmin iclasların birində iddiaçının nümayəndəsi və vəkili iştirak etmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi xx.xx.2024-cü il tarixində keçirilməli olan iclasda cavabdehin nümayəndəsi tərəfindən üzrlü səbəbdən iştirak edə bilinəcəyi haqqında ərizə yazılmış və iclasın təxirə salınması xahiş etməsi haqqında ərizə ekabinetde yerləşsdirilməsi səbəbdən xx.xx.2024-cü il tarixli iclas təxirə salınmışdır. Təxir vaxtı 20.1 1.2024-cü il tarixinə həm saat 10:00-a, həm də 14:40-a təyin olunduğu ekabinetdə qeyd olunmuşdur. Bu da onun üçün çaşqınlıq yaratmış və həm bu səbəbdən, həm də digər üzrlü səbəbə görə xx.xx.2024-cü il tarixli iclasda iştirak edə bilməmişdir. Həmçinin qeyd etmək istəyir ki, iddiaçının nümayəndəsi və vəkili Bakı şəhərindən Sumqayıt İnzibati Məhkəməsinə gəlməli imiş. O tarixlərdə də. Bakıda COP-29 tədbirləri keçirilirdi. Hamıya da bəllidir ki. o dövrdə Bakı şəhərində olan giriş-çıxış müəyyən məhdudiyyətlə həyata keçirilirdi. Şəhərdə böyük sıxlıq olduğundan və digər başqa üzrlü səbəbdən, o cümlədən yuxarıda göstərdiyi səbəbdən iddiaçı və onun nümayəndəsi və vəkili üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Lakin qeyd etmək istəyirəm ki, bu iddianı tam həcmdə müdafiə edir və iş üzrə müvafiq qərarın çıxarılmasını da istəyir. Çünki, cavabdehin qanunsuz hərəkətlərə görə əsassız olaraq iddiaçının üzərinə borc məbləğləri yazılmış və bu borclar iddiaçının normal fəaliyyətinin həyata keçirilməsinə böyük maneələr törədir. Ona görə də hesab edir ki, bu qərardad qanunusuzdu və o ləğv olunmalı və iddiaya mahiyyəti üzrə baxılaraq onun təmin olunması haqqında müvafiq qərar çıxarılmalıdır. Lakin həmin qərardad işə baxılmasını mümkünsüz edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdən görünür ki, iddiaçının tələbi məcburi dövlət sosial sığorta haqqı üzrə borcların silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının xəbərdarlıq olunmasına baxmayaraq məhkəmə iclaslarına gəlməməsini və hər hansı digər vasitələrlə məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirmiş və iddianın geri götürüldüyü qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Hazırda iddiaçının nümayəndəsi və vəkili həmin qərardadla razılaşmayaraq apellyasiya şikayətinin dəlillərində məhkəmənin ilk iclasında iştirak etdiyini və iddia tələbini müdafiə etdiyini, həmin iclasın məhkəmə tərəfindən təxirə salındığını, sonrakı iclasın cavabdehin nümayəndəsinin vəsatəti əsasında təxirə salındığını, digər məhkəmə iclasında isə üzrlü səbəblər olduğu üçün iştirak etmədiklərini bildirmişdir. İşdən də görünür ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, məhkəmənin ilk iclası xx.xx.2024-cü il tarixdə keçirilmiş, həmin iclasda iddiaçının nümayəndəsə və vəkili, eyni zamanda cavabdehin nümayəndəsi iştirak etmiş, məhkəmə iclası məhz cavabdehin nümayəndəsinin vəsatəti əsasında təxirə salınmışdır. Eyni zamanda məhkəmə iclasları arasında uzun müddətli fasilələrin olması, növbəti məhkəmə iclasının da, təxirə salınması ilə bağlı məhz cavabdehin nümayəndəsinin vəsatətinin olması nəzərə alınmamışdır. İş materiallarından o da görünür ki, cavabdehin nümayəndəsinin vəsatətində məhkəməyə müvafiq məlumatların təqdim ediləcəyi göstərilsə də, həmin məlumatlar məhkəməyə təqdim edilməmiş və növbəti məhkəmə iclasında da məhkəm tərəfindən sənədlər cavadehdən tələb edilməmiş, məhkəmə iclasının müvafiq məlumatlar əldə edilməsi ilə bağlı təxirə salınması əhəmiyyətsiz olmuşdur. Göründüyü kimi iddiaçı məhkəmə icraatından yayınmamış, nümayəndəsinin məhkəmənin ilk iclasında iştirakını təmin etmiş, növbəti məhkəmə iclaslarında iştirak etməməsini isə üzrlü səbəblərdən olması ilə əsaslandırmışdır. (Həqiqətən də ölkəmizdə 2024-cü ilin 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə X1 Konfransının 29cu sessiyası (COP29) keçirilmiş və şəhərə giriş-çıxış məhdudliyyətləri qoyulmuşdur) İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki prosessual Məcəlləsinin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. İş materialları ilə müəyyən olunur ki, tərəflərə göndərilməsi üçün məhkəmə bildirişləri tərtib edilsə də, iddiaçıya çatması ilə bağlı hər-hansı məlumatlar iş materiallarında mövcud olmamış, (hətta iddiaçıya ünvanlanmış məhkəmə bildirişinin göndərildiyi zərf “ünvan düzgün deyil” qeydi geri qaytarılmış) həmçinin iddiaçının telefon nömrəsinə SMS bildiriş də göndərilməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın geri götürülmüş hesab edilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə hazırki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi iddiaçının konstitusion məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından zəruridir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2-1(118)-3415/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqqı üzrə borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-222/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-222/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver