Məhkəmə qərarları › İş №2-1(105)-223/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-223/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-223/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Xızı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “Məhkəmə qərarı olmadan xüsusi mülkiyyətində olan Xızı rayonu, Xızı qəsəbəsi, H.Əliyev prospektində yerləşən mağazanın cavabdeh Xızı Rayon İcra Hakimiyyətinin tələbi ilə sökülməsinin qanunsuz hesab edilməsi, ona məxsus Xızı rayonu, Xızı qəsəbəsi, H.Əliyev prospektində yerləşən 56 kv.m torpaq sahəsindəki mağazanın yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasına təsir göstərən və maneələr törədən hərəkətlərin Xızı Rayon İcra Hakimiyyətinə qadağan edilməsinə, ticarət məqsədləri üçün istifadə etdiyi mağazanın qanunsuz sökülməsi nəticəsində 5 il ərzində götürəcəyi 30.000 manat məbləğində əldən çıxmış faydanın və sökülmüş əmlakının yenidən tikilib bərpa edilməsi üçün lazım olan 30.000 manat məbləğində olmaqla, ümumilikdə 60.000 (altmış min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 36/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərarından cavabdeh Xızı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Xızı Rayon İcra Hakimiyyəti dövlət əhəmiyyətli layihə planlaşdırması adı altında digər sahibkarlar kimi onu da aldadaraq 2004-cü il tarixdən etibarən mülkiyyətində olan əmlakını qanunsuz olaraq sökdürüb məhv etmişdir. Halbuki, sonradan məlum olmuşdur ki, həmin yerdə heç bir dövlət əhəmiyyətli layihə planlaşdırması olmamış və cavabdeh Xızı Rayon İcra Hakimiyyətinin tələbi ilə məcburi səkildə sökülmüş mağazalar cavabdehin öz maraqlarına uyğun qanunsuz şəkildə aparılmışdır. Bugünə kimi də həmin ərazidə heç bir tikinti aparılmamış və ərazi boş sahə olaraq qalmaqdadır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində onun mülki məhv edilmiş və ona ciddi ziyan dəymiş, eləcə də əmlakdan əldə etdiyi gəlirindən məhrum olmuşdur. Qeyd etdiyi kimi, əvvəlcə ona və ərazidə olan digər sahibkarlara əmlaklarının dövlət ehtiyacları üçün söküldüyü bildirilsə də bir müddət sonra məlum oldu ki, cavabdeh orqanın vəzifəli şəxsi Azər Əlizədə tərəfindən aldadılmışlar. Belə ki, həmin şəxs obyektlərə daxil olmaqla yol kənarı bir çox ictimai-iaşə obyeklərinin dövlət əhəmiyyətli layihə tikintisi üçün sökülməli olduğunu bildirərək onlara kompensasiya veriləcəyinə vəd vermiş, lakin sonradan məlum olmuşdur ki, həmin ərazidə hər hansı dövlət əhəmiyyətli layihə həyata keçirilməsi nəzərdə tutulmamış, eləcədə bu ad altında aparılmış söküntü işləri dövlət ehtiyacları üçün deyil, birbaşa cavabdeh orqanın vəzifəli məmurlarının şəxsi maraqları və ehtiyacları üçün həyata keçirilmişdir. Uzun müddət keçməsinə baxmayaraq söküntü işlərinin aparıldığı ərazidə heç bir dövlət əhəmiyyətli layihə salınmamışdır. Bu da özlüyündə cavabdeh orqanın vəzifəli şəxsinin öz maddi maraqları üçün yalan uydurduğu və iddiaçı kimi kasıb, sadə vətəndaşları aldatdıqlarını ortaya çıxarır. Həmin obyektin tikilib istifadəyə verilməsi üçün iddiaçı uzun illər zəhmət çəkib, əmək sərf edib. Ticarət təyinatlı həmin obyekt əsasən mağaza kimi istifadə olunmuş və iddiaçı orda öz ticarət fəaliyyətini həyata keçirməklə ailəsinin gündəlik dolanacağını çıxardıb. Lakin, heç bir dövlət ehtiyacları tələb etmədiyi halda cavabdehin öz şəxsi mənafeləri üçün yalan məlumatlar və vədlər verməklə qanunsuz olaraq mülkiyyətini məhv etməsi nəticəsində ona və ailəsinə ciddi ziyan dəymişdir. Cavabdehin bu qanunsuz hərəkətlərinin nəticəsində artıq 4 ildir iddiaçı öz əmlakından istifadə edib fayda götürə bilmir. Belə ki, əmlakının sökülməsi nəticəsində 5 il ərzində (orta aylıq gəlir 500 manat x 12 ay x 5 il) 30.000 manat məbləğində gəliri əldən çıxmışdır. Cavabdeh qanunvericiliyin tələblərini pozaraq əmlakını qanunsuz şəkildə məhv etmiş və kompensasiya da ödəməmişdir. Bununla da, cavabdeh qanunla qorunan və dövlət tərəfindən təminat verilən hüquqlarını pozaraq onu bir mülkiyyətçi kimi tanımamış və ümumiyyətlə, bu barədə onunla hər hansı danışıq belə aparmamışdır. Məsələyə aydınlıq gətirilməsi və pozulmuş hüquqlarının bərpası üçün cavabdeh Xızı Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, bugünə kimi pozulmuş hüquqlarının bərpa olunmasında heç bir nəticə əldə etməmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, məhkəmə qərarı olmadan onun xüsusi mülkiyyətində olan Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşən mağazanın cavabdeh Xızı Rayon İcra Hakimiyyətinin tələbi ilə sökülməsinin qanunsuz hesab edilməsi, ona məxsus Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşən 56 kv.m torpaq sahəsindəki mağazanın yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasına təsir göstərən və maneələr törədən hərəkətlərin cavabdehə qadağan edilməsi və cavabdehin qanunsuz tələbi (hərəkətləri) nəticəsində sökülmüş əmlakının yenidən tikilib bərpa edilməsi üçün lazım olan 30.000 (otuz min) manat məbləğində kompensasiyanın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-36/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, Xızı Rayon İcra Hakimiyyətinin tələbi ilə məhkəmə qərarı olmadan X3 xüsusi mülkiyyətində olan Xızı rayonu, Xızı qəsəbəsi, H.Əliyev prospektində yerləşən ümumi sahəsi 10.4 kv.m olan qeyri-yaşayış sahəsinin (mağazanın) sökülməsinin qanunsuz hesab edilməsi, X1 məxsus Xızı rayonu, Xızı qəsəbəsi, H.Əliyev prospektində yerləşən 0,0056 kv.m torpaq sahəsindəki qeyri-yaşayış sahəsinin (mağazanın) yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasına təsir göstərən və maneələr törədən hərəkətlərin cavabdehə qadağan edilməsi, Xızı Rayon İcra Hakimiyyətindən Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşən 0,0056 kv.m torpaq sahəsin üzərində ümumi sahəsi 10.4 kv.m olmuş və sonradan sökülmüş əmlakının yenidən tikilib bərpa edilməsi üçün tələb olunan 2.746 manat məbləğində kompensasiyanın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh Xızı Rayon İcra Hakimiyyəti apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bütün respublika ərazisində olduğu kimi Xızı rayonunda da müvafiq layihələr həyata keçirilir. Bu məqsədlə abadlıq, təmizlik, yenidənqurma və əsaslı tikinti işləri aparılır. Belə işlərin tərkib hissəsi olaraq Xızı şəhərinin ümumi görünüşünə xələl gətirən və pərakəndə formada əvvəllər inşa edilmiş tikililərin sökülməsi zərurəti yarandığından obyekt sahibləri olan hüquqi və fiziki şəxslərlə aparılan maarifləndirmə və izahat işləri nəticəsində bu tikililərin böyük əksəriyyəti sahibləri tərəfindən könüllü olaraq sökülmüşdür. O cümlədən, həmin dövrdə heç bir tikinti norma və qaydalarına uyğun olmayan, mağaza zövqsüz, plansız və pərakəndə şəkildə olduğundan burada da abadlıq, təmizlik işlərinin aparılması zərurəti yarandığından bu barədə Xızı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ilə söhbət aparılaraq qanunvericiliyin bütün müddəaları ona izah edilmiş, nəticədə tikinti normalarının tələblərinə cavab verməyən tikili İddiaçı tərəfindən könüllü olaraq sökülmüş, söküntü materialları isə iddiaçı tərəfindən daşınmışdır. Tikilinin sökülməsində və daşınmasında Xızı RİHBA-nın məsul işçilərinin iştirakı olmamışdır. Xızı Rayon Məhkəməsinin icraatında olmuş “zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə məhkəmənin 2(068)-03/2017 saylı, 06 mart 2017-ci il tarixli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2017-ci il tarixli, 8363/8377 nömrəli ekspert rəyinə əsasən, tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının və s. daşınmaz obyektlərin bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı suallar əmlak birjalarından konkret məlumatın əldə edilməsinə aid olduğundan, iddiaçının mülkiyyətində olmuş torpaq sahəsinin və üzərindəki mağaza binasının ümumilikdə bazar dəyərinin müəyyənləşdirilməsinə dair tədqiqat aparılmamışdır. Tədqiq olunan ünvanda yerləşmiş, müvafiq hüquqmüəyyənedici və texniki sənədlər üzrə ümumi, o cümlədən əsas sahəsi 10,4 kv.m qeyri-yaşayış sahəsi olan mağazanın bərpası üçün tələb olunan pul vəsaitinin məbləğinin müəyyənləşdirilməsi üçün ilk növbədə tədqiq olunan obyektin ilkin vəziyyəti, yəni söküntü işləri aparılmamışdan əvvəl həmin sahələrin hansı dərəcədə təmirliyi, sahələrin ayrı-ayrı tikililərin konstruktiv elementlərinin hansı növ tikinti materiallarından inşa olunduğu, onların təmirlik və texniki vəziyyəti, o cümlədən həcmi, sahəsi, miqdarı və s. zəruri məlumatlar tədqiq edilməlidir. Lakin, tədqiq olunan mağaza yerində olmadığından, yəni söküldüyündən və yuxarıda qeyd olunan xüsusiyyətlər barədə mülki iş materiallarında, o cümlədən texniki pasportda və əlavə olaraq təqdim olunmuş eskiz layihəsində kifayət qədər məlumat olmadığından, sökülmüş obyektin (mağaza) bərpası üçün tələb olunmalı pul vəsaitinin məbləğinin müəyyən edilməsi üzrə tədqiqat aparılması mümkün deyildir. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olan dövrdə gəlirin əldə olunması ilə bağlı çəkilmiş xərcləri təsdiq edən bütün ilkin mühasibat sənədləri, o cümlədən malların alınmasına dair, əmək haqqının ödənilməsinə dair, vergilərin ödənilməsinə dair xərc sənədləri təqdim olunmadığından, hazırki ekspertiza zamanı iddiaçının fəaliyyət göstərdiyi dövrlərdə ticarət obyektinin orta aylıq gəlirini, illik dövriyyə nəzərə alınmaqla həmin ticarət obyektinin (söküldükdən sonrakı) 4 il ərzində nə qədər gəlir əldə edə bilməsini, ticarət məqsədləri üçün istifadə olunan mağazanın sökülməsi nəticəsində əldən çıxmış faydanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.3-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Eyni zamanda qanunvericiliyin normaları baxımından İddiaçı cavabdeh Xızı Rayon İcra Hakimiyyətindən vurulmuş maddi ziyanın əvəzi olaraq təzminat tələb etməsi üçün öz tələbinin əsasları kimi istinad etdiyi halları sübuta yetirməli və iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Lakin, iddia ərizəsində belə sübutlar mövcud deyil. Həmçinin iddiaçı tikilinin sökülməsindən 6 ilə yaxın bir müddət keçməsinə və bu illər ərzində heç vaxt Xızı Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etməməyinə rəğmən, tikilinin məhz Xızı RİH tərəfindən söküldüyünü iddia edərək kompensasiya tələbi ilə bağlı məhkəmə orqanlarına müraciət edir. Halbuki, tikili İddiaçı tərəfindən könüllü sökülməsəydi Xızı RİH digər şəxslərə məxsus tikililərin sökülməsi üçün məhkəmə orqanlarına müraciət etdiyi kimi, ona məxsus tikilinin sökülməsi tələbi ilə bağlı aidiyyəti məhkəmə orqanlarına müraciət edərdi. Xızı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı iddia etdiyi ərazidə heç bir söküntü işləri aparılmamışdır. Yalnız onunla tövsiyə xarakterli söhbət aparılmış, nəticədə qeyd olunan tikili İddiaçı tərəfindən könüllü olaraq sökülmüşdür. Göründüyü kimi İddiaçı sözü gedən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş və tikilinin heç bir əsas olmadan cavabdeh tərəfindən sökülməsi qənaətinə gəlmiş, yalnız iddiaçının məhkəməyə verdiyi ifadəsinə əsaslanmış və nəticədə məhkəmə tərəfindən iddia qanunsuz olaraq qismən təmin edilərək müvafiq qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Xızı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. İş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İddiaçı Xızı rayonu, Xızı qəsəbəsi, H.Əliyev prospektində yerləşən ümumi sahəsi 10.4 kv.m olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq cavabdehin əməkdaşlarının göstərişi ilə söküldüyünü göstərərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Xızı Rayon İcra Hakimiyyəti iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin məhz onun əməkdaşları tərəfindən sökülmədiyini, bu barədə sübut olmadığını bildirmişdir. İş materiallarından görünür ki, MA seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən Xızı rayonu, Xızı qəsəbəsi, H.Əliyev prospektində yerləşən 0,0056 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 10,4 kv.m olan qeyri-yaşayış binası iddiaçının mülkiyyətindədir. Cavabdeh Xızı Rayon İcra Hakimiyyəti iddiaçıya məxsus tikilinin onun tərəfindən sökülmədiyini bildirsə də, 19.02.2020-ci il tarixli, 112 saylı cavab məktubunda göstərmişdir ki, Xızı şəhərinin ümumi görünüşünə xələl gətirən, heç bir tikinti norma və qaydalarına uyğun olmayan, zövqsüz, plansız və pərakəndə şəkildə inşa olunduğundan və burada da abadlıq, təmizlik işlərinin aparılması zərurəti yarandığından bu barədə Xızı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ilə söhbət aparılaraq qanunvericiliyin bütün müddəaları ona izah edilmiş, nəticədə tikinti normalarının tələblərinə cavab verməyən tikili İddiaçı tərəfindən könüllü olaraq sökülmüş, söküntü materialları isə iddiaçı tərəfindən daşınmışdır. Söküntü işləri iddiaçı tərəfindən könüllü aparıldığından hər hansı mütəxəssis rəyinin alınmasına ehtiyac yaranmamışdır. Xızı şəhərinin 2008-2028-ci illər üçün təsdiq edilmiş baş planında tikililərin (dükanların) yerləşdiyi ərazidə ticarət mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. İddiaçıya məxsus Xızı şəhəri H.Əliyev prospektində yerləşən tikilinin (mağazanın) və digər obyekt sahiblərinə məxsus tikililərin yerləşdiyi ərazinin hər hansı dövlət layihəsi əsasında dövlət ehtiyacları üçün alınması nəzərdə tutulmamışdır.“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bütün respublika ərazisində olduğu kimi Xızı rayonunda da müvafiq layihələr həyata keçirilir. Bu məqsədlə abadlıq, təmizlik, yenidənqurma və əsaslı tikinti işləri aparılır. Bu layihələrə Xızı Rayon İcra Hakimiyyətinin inzibati binasının, X6 inzibati binasının, Xızı rayon Dövlət Sosial Müdafiə Fondunun inzibati binasının, Xızı dövlət X7 inzibati binasının tikintisi və Şəhidlər xiyabanının salınması və s. daxildir. Xızı şəhəri H.Əliyev prospektində yerləşən tikililərin (mağazaların) yerləşdiyi ərazi hal-hazırda boşdur. Xızı şəhərinin 2008-2028-ci illər üçün təsdiq edilmiş baş planında tikililərin (dükanların) yerləşdiyi ərazidə ticarət mərkəzinin tikintisi nəzərdə tutulmuşdur ki, həmin ərazidə ticarət mərkəzi tikildikdən sonra orada mağazası mövcud olmuş obyekt sahibləri müvafiq yerlərlə təmin olunacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Xızı Rayon İcra Hakimiyyəti iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınmasının nəzərdə tutulmadığını göstərsə də, məktubunda İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sökülməsində maraqlı olmasını gizlətməmiş, yəni İddiaçı məxsus qeyri-yaşayış sahəsinin müasir tələblərə cavab verməməsi səbəbindən həmin yerdə ticarət mərkəzinin tikiləcəyini qeyd etmişdir. Apelyasiya şikayətində də cavabdeh iddiaçının iddia etdiyi ərazidə heç bir söküntü işləri aparılmadığına, tikilinin könüllü söküldüyünə istinad etsə də, digər tərəfdən iddiaçı ilə tövsiyə xarakterli söhbət aparıldığını bir daha təsdiq etmişdir. Göründüyü kimi sadalanan hallarla iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin cavabdehin müdaxiləsi ilə sökülməsi faktı öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsi cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya yazılı xəbərdarlığı, eyni zamanda hər hansı dövlət və ya ictimai ehtiyac olmadan, qabaqcadan əvəzi ədalətli kompensasiya ödənilmədən söküldüyündən, mülkiyyət hüququ isə qanunla qorunduğundan, qeyri-yaşayış sahəsinin sökülməsinin qanunsuz hesab edilməsi, qeyriyaşayış sahəsinin yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasına təsir göstərən hərəkətlərin cavabdehə qadağan edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə olduğu təqdirdə iddiaçı ona dəymiş zərərin ödənilməsini də cavabdeh Xızı Rayon İcra Hakimiyyətindən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçıya dəymiş zərərin həcminin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05.12.2019-cu il tarixli 16794 saylı ekspert rəyi ilə Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşmiş, hazırda sökülmüş, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış obyektinin yerində yenidən bərpa edilməsi üçün (yəni yerinə yetirilməli tikinti işlərinin dəyəri) 2.746 manat məbləğində vəsait lazım olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi vurulmuş zərərin məbləği ilə bağlı ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qeyri-yaşayış sahəsinin yenidən tikilib bərpa edilməsi üçün 2.746 manat məbləğində kompensasiya tutmuşdur. Sökülmüş obyektin (mağaza) bərpası üçün tutulan pul vəsaiti ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən tikili artıq mövcud olmadığından, həmin tikiliyə dair eskiz-layihə iddiaçı tərəfindən təqdim edilmiş və ekspert iş materiallarına əsasən rəy vermişdir. Cavabdeh tərəf isə tikilinin eskiz-layihəyə uyğun olmamasına dair hər hansı dəlil irəli sürməmiş və ya sübut təqdim etməmişdir. Hazırkı halda iddiaçıya məxsus tikili söküldüyündən qiymətləndirmənin başqa cür aparılması istisna olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-36/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar