Məhkəmə qərarları › İş №2-1(105)-223/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-223/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-223/2024 11.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X4, X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(118)-526/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE № 09612570 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.

2. xx.xx.1979-cu il tarixli attestatdan görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1979-cu il tarixlərdə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbində təhsil almışdır.

3. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur.

4. İddiaçının adına xx.xx.2002-ci il tarixdə açılmış əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1992-xx.xx.2004-cü il tarixlərdə MNK İB Mərkəzi İstehsalat Xidməti Bazasında, xx.xx.2004-xx.xx.2005-ci il tarixlərdə X10 İdarəsi QMB-də, xx.xx.2005xx.xx.2008-ci il tarixlərdə “X15” ASC-də, xx.xx.2008-xx.xx.2008-ci il tarixlərdə Neft Kəmərləri İdarəsində, xx.xx.2011-xx.xx.2011-ci il tarixlərdə X5 LTD-də, xx.xx.2012-ci il tarixdə H.Əliyev adına Bakı Neft Emalı zavodunda işə başlamış, hazırki tarixədək orada işləyir.

5. MQS MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 284 L saylı arayışdan görünür ki, MQS” MMC-də xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək boru quraşdırıcısı işində, polad borularının quraşdırılması işləri ilə tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafikinə uyğun olaraq işləmişdir. İddiaçı icra etdiyi- rezervuarların, bakların, mazut sistemlərinin və polad borularının quraşdırılması üzrə boru quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası NK-nin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının ‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinə uyğundur.

6. SOCAR Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X9 istehsalat X2 Xidməti Bazasında və X9 idarəsinin Abşeron Rayon Neft Kəmərləri İdarəsində “Texniki qurğuların təmin üzrə çilingər" və “Texniki avadanlıqiarın təmiri üzrə çilingər” peşələrində işləmişdir. Hər iki peşənin funksiyaları eyni olduğu üçün, sonradan bu peşələr “Texnoloji qurğuların təmiri üzrə çilingər" peşəsi adlandırılmışdır. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilmiş peşələrə uyğun deyildir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1993-cü il tarixli 21 saylı əmrinə əsasən X6 Kəmərləri idarəsi ləğv edilərək onun bazasında X9 Baş İdarəsi yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1994-cü il tarixli 13 saylı əmrinə əsasən X9 Baş idarəsi ləğv edilərək onun bazasında X9 İstehsalat Birliyi yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31 03.2003-cü il tarixli 25 saylı əmrinə əsasən X9 istehsalat Birliyi ləğv edilmiş və onun bazasında Neft Kəmərləri İdarəsi yaradılmışdır.

7. SOCAR Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X12 15 №-li sahənin texnoloji qurğuların təmiri üzrə çilingəri İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələr haqqında arayışı məhkəməyə təqdim edilmişdir.

8. "xxxx" ASC tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı boru quraşdırıcısı peşəsində işlədiyi "xxxx" MMC-nin fəaliyyət sahəsi "xxxx" ASC-nin fəaliyyət sahəsi ilə eynilik təşkil etmədiyinə görə həmin peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə uyğunluğunu müəyyən etmək mümkün olmamışdır.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Yusif Sədi oğlu X7 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 26 il 8 ay 9 gün (xx.xx.2006-cı il tarixədək 15 il 4 ay 9 gün əmək stajı (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)). xx.xx.2006-cı il tarixindən sonra 11 il 4 ay sığorta stajı, güzəştli iş stajı isə 9 il 7 ay (xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təşkil edir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən İddiaçı işi üzrə inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli 2-1(112)-8172/2022 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövrdə "xxxx" MMC-də borcu quraşdırıcı vəzifəsində işləmiş və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinə uyğun olması həmin müəssisə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 284L nömrəli arayışında göstərilmişdir. Lakin cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün nəzərdə tutulmuş güzəştli iş stajının hesablanması zamanı pozuntulara yol verilmiş və əsassız olaraq guya güzəştli iş stajının 12 il 6 aydan az, yəni 9 il 7 ay (xx.xx.2012xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) olduğu göstərilmişdir və bu əsasla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. b) Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

14. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, cavabdeh Filial tərəfindən 06 aprel 2022-ci il tarixli **********7 nömrəli məktubda təqdim edilmiş sənədlərə əsasən iddiaçının güzəştli iş stajının olmaması, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az oİmayan pensiya təminatına imkan verməməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçı tərəfindən Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasmın dublikatında və "xxxx" MMC-nin 14 dekabr 2020-ci il tarixli 284L nömrəli arayışında qeyd olunan xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövrdə həmin müəssisədə işlədiyi boru quraşdırıcı vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyaşı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sının Ümumi peşələr bölməsində (35) nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (9 il 7 ay (xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Digər tərəfdən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 45176,04 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36950,24 manat təşkil edir. c) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

15. Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(118)-526/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı tamamlansa da, tələb olunan 12 il ay stajı toplanmamışdır. Belə ki, cavabdeh düzgün olaraq onun “X14” ("xxxx") MMC-də işlədiyi xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi dövrləri sosial sığorta stajına qəbul etməmişdir. Həmin müəssisə tərəfindən verilən arayışa görə iddiaçı həmin müəssisədə boru quraşdırıcısı işində, polad boruların quraşdırılması peşəsində işləmiş və həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsinə uyğun olduğunu qeyd etmişdir. Hansı ki, istinad olunan Qərarın 35-ci bölməsində “boru quraşdırıcısı” peşəsi nəzərdə tutulmamışdır.

17. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində göstərir ki, "xxxx" MMC-də borcu quraşdırıcı vəzifəsində işləməsi İddiaçı оğluna güzəştli şərtlərlə pensiya almaq hüququ vеrəп zərərli iş şəraitinin müəyyən edilməsinə əsasdır. "xxxx" MMC-nin həmin vəzifənin Azərbaycan RespublikasıNazirlər Kabinetinin xx.xx.2007-ci il təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinə uyğun olmasına dair verdyi xx.xx.2020-ci il tarixli, 284L nömrəli arayışını məhkəmə tədqiq etməmişdir. Məhkəmə mübahisəni bu normanın tələbinə uyğun olaraq həqiqətə nail olmaq üçün zəruri prosessual hərəkətlər aparmamışdır. İddiaçıya güzəştli şərtlərlə pensiya almaq hüququ vеrəп kifayyət qədər sübutlar və dəlillər iş materiallarında vardır, əlavə sübutlara ehtiyacın olmasına və bunun əldə edilməsinə məhkəmə tərəfindən cəhd edilməmişdir. İddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə cavabdeh belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşsə də, sübut edə bilməmişdir. Məlum olduğu kimi, əmək bazarında baş verən dəyişikliklər nəticəsində bir sıra vəzifə və peşələr öz aktuallığını itirmiş, eləcə də bir sıra yeniləri meydana çıxmış və bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahıya yenidən baxılması üçün cavabdehin hərəkətsizliyi iddiaçı daxil olmaqla sayı bilinməyən şəxslərin güzəştli şərtlərlə pensiya almaq hüquqları pozulmuşdur. Belə ki, siyahıdakı vəzifələrin bir çox müəssisələrdə mövcud vəzifələrə aid işin xarakterik xüsusiyyəti baxımından eyni, lakin adlandırılma baxımından fərqli olması, nəticədə müəyyən şəxslərin güzəştli şərtlərlə pensiya hüququ əldə edə bilməmələrinə səbəb olmuşdur. Məhkəmə ümumiyyətlə qərarında müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halları araşdırmamışdır. Belə ki, iddiaçının "xxxx" MMC-də əmək şəraitinin xüsusilə zərərli və ağır olmasını, "xxxx" MMC-dəboru quraşdırıcı işində, polad borularının quraşdırılması işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində yer alan rezervuarların, bakların, mazut sistemlərinin və polad borularının quraşdırılması üzrə boru quraşdırıcı vəzifəsinə uyğunluğunu araşdırmamışdır. Əmək bazarında baş verən dəyişikliklər nəticəsində bir sıra vəzifə və peşələrin öz aktuallığını itirməsi, eləcə də bir sıra yenilərinin meydana çıxması Qərarla təsdiq edilmiş Siyahıya yenidən baxılmasına zərurət yaradıb. Sözügedən Siyahıdakı vəzifələrin bir sıra müəssisələrdə mövcud vəzifələrə aid işin xarakterik xüsusiyyəti baxımından eyni, lakin adlandırılma baxımından fərqli olması, nəticədə müəyyən şəxslərin güzəştli şərtlərlə pensiya hüququ əldə edə bilməmələrinə səbəb olur. Əlbəttə ki, bütün bu qeyd edilənlər məhkəmədə araşdırılmalı və öz həllini tapmalı idi. Məhkəmə isə İPM-nin tələbinə uyğun əməli araşdırma aparmadığından və bununla da düzgün nəticəyə gəlmədiyindən iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində yer alan rezervuarların, bakların, mazut sistemlərinin və polad borularının quraşdırılması üzrə boru quraşdırıcı vəzifəsinin iddiaçının "xxxx" MMCdə boru quraşdırıcı işində, polad borularının quraşdırılması işləri vəzifəsinə hansı səbəbə görə uyğun olmadığını qərarında əsaslandıra bilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclaslarında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, sorğulara verilmiş cavablarda iddiaçının işlədiyi vəzifənin zərərli olduğu, AR Nazirlər Kabinetinin müvafiq qərarının (29-cu bənd) Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sərlövhəsində nəzərdə tutulmuş “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə aid olan əmək funksiyasını yerinə yetiridiyi bildirilmişdir. Məhkəmə təcrübəsinə əsasən eyni vəzifə olmasa belə, işçinin əmək funksiyaları nəzərə alınmalıdır. İddiaçının işlədiyi peşənin vəzifə təlimatında da əmək funksiyaları aydın qeyd edilmişdir. AR Ali Məhkəməsinin mövqeyinə əsasən, işəgötürənin arayışı əsasında vəzifə və peşənin müvafiq siyahıya uyğun olduğu bildirilərsə, güzəştli şərtlərlə pensiya təyin edilə bilər. Müvafiq arayışlar təqdim edilmişdir. Vəzifə təlimatından da göründüyü kimi, iddiaçının işlədiyi vəzifə, iş şəraiti zərərli olmuşdur. Həmçinin, müəssisə arayış verərək bir daha xatırlatmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu–“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinə nəzərdə tutulan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsinə aid olan əmək funksiyasını yerinə yetirmişdir. İddiaçı hal-hazırda da zərərli işdə işləyir. Müvafiq vəzifə təlimatı iddiaçı tərəfindən imzalanmışdır. Bu o deməkdir ki, həmin təlimat konkret işçiyə münasibətdə tərtib edilmiş, həmin vəfizə funksiyalarını icra etmişdir. Müvafiq vəzifə təlimatı xx.xx.2005-ci il tarixdə tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclaslarında cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər, məhkəmə iclaslarında ayrıayrılıqda bildirmişlər ki, iddiaçının pensiya kapitalı yoxdur. Mübahisələndirilən dövr daxil edildiyi halda iddiaçının stajı pensiya təyin edilməsi üçün kifayət edir. İddiaçının nəzərə alınmayan güzəştli iş stajı yoxdur. İddiaçının güzəştli iş stajında mübahisələndirilən dövr xidməti vəzifə uyğunsuzluğu səbəbindən qəbul edilmir. Həmin peşə və vəzifələrin siyahısında “boru quraşdırıcı” vəzifəsi yoxdur. Vəzifə təlimatı bütün işçilərə münasibətdə tərtib edilən sənəddir. Vəzifə təlimatında işçilər tərəfindən görülən bütün işlər yazılır. Vəzifə təlimatı qərar qəbul etmək üçün əsas olmamalıdır. Birinci instansiya məhkəməsində də cavabdehin mövqeyindən qeyd edilmişdir ki, iddiaçının işlədiyi vəzifə xidməti vəzifəyə uyğun deyildir. AR Ali Məhkəməsinin mövqeyinə görə işçinin zərərli iş şəraitində işləməsi barədə müəssisə tərəfindən arayış tərtib edilməli, müvafiq arayışda işçinin işlədiyi vəzifənin müvafiq qərarla təsdiq edilmiş siyahıda hansı koda uyğun olduğu göstərilməlidir. İddiaçının vəzifə təlimatında imzasının olması həmin vəzifədə işləməsini təsdiq etmir. İddiaçının hazırda işlədiyi dövr qəbul edilsə belə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün stajı kifayət etmir. İddiaçının 2021-ci ilə qədər işlədiyi dövr nəzərə alınmışdır, əgər hələ də eyni vəzifədə işləyirsə, noyabr ayında müraciət etdiyi təqdirdə pensiya təyin edilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

20. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyasıhüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir.

21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu 13-cü maddəsinin birinci hissəsinin b) bəndi: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"

23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

25. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

27. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh düzgün olaraq onun “X14” ("xxxx") MMC-də işlədiyi xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi dövrləri onun sosial sığorta stajına qəbul etməmişdir. Həmin müəssisə tərəfindən verilən arayışa görə iddiaçı həmin müəssisədə boru quraşdırıcısı işində, polad poruların quraşdırılması peşəsində işləmiş və həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsinə uyğun olduğunu qeyd etmişdir. Hansı ki, istinad olunan Qərarın 35-ci bölməsində “boru quraşdırıcısı” peşəsi nəzərdə tutulmamışdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İlk növbədə kollegiya qeyd edir ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

31. 10.03.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

32. İddiaçı hazırda 60 yaşının tamam olmasına, tələb olunan 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajının mövcud olmasına istinad edərək ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini istəyir.

33. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə istinadən qeyd edir ki, 60 yaşı tamam olan iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajının mövcud olması 2) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.

34. İlk öncə kollegiya iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, həmin dövrlər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 26 il 8 ay 9 gün təşkil edir.

35. İddiaçının xüsusi iş stajı ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

36. İddiaçı iddia edir ki, tələb olunan xüsusi iş stajını toplamış və ümumilikdə güzəştli şərtlərlə iş stajı müddəti 12 il 6 ay təşkil edir.

37. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən xüsusi iş stajı xx.xx.2012-xx.xx.2021-ci illərdir və 9 il 7 ay təşkil edir. Cavabdeh tərəfindən mübahisələndirilən dövrlər iddiaçının “X14” ("xxxx") MMC-də işlədiyi xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövrlərdir.

38. MQS MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 284 L saylı arayışdan görünür ki, iddiaçı MQS” MMC-də xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək boru quraşdırıcısı işində, polad borularının quraşdırılması işləri ilə tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafikinə uyğun olaraq işləmişdir. İddiaçı icra etdiyi- rezervuarların, bakların, mazut sistemlərinin və polad borularının quraşdırılması üzrə boru quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası NK-nin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının ‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinə uyğundur.

39. Cavabdehin imtina əsası onunla bağlıdır ki, boru quraşdırıcı vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyaşı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sının Ümumi peşələr bölməsində (35) nəzərdə tutulmamışdır.

40. Məhkəmə kollegiyası tərəfindən MQS MMC-yə sorğu məktubu göndərilərək iddiaçının "xxxx" MMC-də işlədiyi boru quraşdırıcısı vəzifəsinə dair vəzifə təlimatının təsdiq edilmiş surəti və vəzifə uyğunluğu barədə izahlı arayışın məhkəməyə təqdim olunması xahiş olunmuş, məhkəməyə həmin təlimat daxil olmuşdur.

41. "xxxx" MMC-dən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müəyyən olunur ki, MQS MMC-də işlədiyi dövrdə İddiaçı həm boru quraşdırıcısı kimi rezervuarların, bakların və polad boruların quraşdırılması üzrə müvafiq əmək funksiyalarını yerinə yetirmiş və həm də, istehsal zərurəti ilə əlaqədar olaraq və eləcə də, boşdayanma hallarının qarşısının alınması məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gösltəricilərin Siyahısı”nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sərlövhəli bölməsində nəzərdə tutulmuş “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə aid olan əmək funksiyalarını yerinə yetirmişdir. Yəni İddiaçı daşıdığı vəzifənin adının “boru quraşdırıcısı” olmasına baxmayaraq, o həm rezervuarların, bakların və polad boruların quraşdırılması, sazlanması, təmizlənməsi və istismara hazır vəziyyətə gətirilməsi kimi işlərdə və həm də MQS-in emalat sexində istehsal olunan polad konstruksiyaların sifarişçilərin obyektlərində quraşdırılması və tikinti sahələrində armatur və dəmir-beton işlərinin görülməsində də gündəlik olaraq 8 (səkkiz) saat ərzində çalışmışdır.

42. Göründüyü kimi, müəssisə ilk öncə verdiyi arayışda iddiaçının işlədiyi boru quraşdırıcısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 35-ci bölməsinə uyğun olduğunu bildirsə də, xx.xx.2024-cü il tarixli arayışda həmin vəzifənin müvafiq qərarın 29-cu bölməsinə uyğun olduğunu bildirmişdir.

43. Bundan başqa, məhkəmə kollegiyasına təqdim edilmiş və iddiaçı tərəfindən imzalanmış vəzifə təlimatından görünür ki, boru quraşdırıcısının yerinə yeriməli olduğu öhdəliklər sırasına “12. bina, tikili və qurğuların inşası, quraşdırılması və təmiri işlərində metal konstruksiya elementlərinin və dəmir-beton konstruksiyalarının quraşdırılması” da daxil olmuşdur.

44. Beləliklə, iddiaçının işlədiyi peşənin siyahıda qeyd olunan peşə ilə eyniliyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, funksional vəzifənin (işin) eyniliyi iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) müəyyən edildiyindən cavabdeh orqan sözügedən müddətin güzəştli iş stajı kimi qəbul edilməsindən imtina etməkdə haqlı olmamışdır.

45. Beləliklə, iddiaçının mübahisələndirilməyən güzəştli iş stajı (xx.xx.2012xx.xx.2021-ci illər, 9 il 7 ay) və “X14” ("xxxx") MMC-də işlədiyi (xx.xx.2005- xx.xx.2008-ci illər, 2 il 9 ay, 4 gün) illər nəzərə alındıqda onun 12 il 4 ay 5 gün güzəştli iş stajının olduğu müəyyən olunur.

46. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdən hazırki vaxtadək texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində işləyir.

47. Beləliklə, iddiaçının xx.xx.2021-ci il tarixədək 12 il 4 ay 5 gün güzəştli iş stajı mövcuddur və o hazırda da güzəştli iş stajına əsas verən işdə çalışmaqda davam edir. Yəni, 2022-ci ilin fevral ayından sonra iddiaçı tələb olunan 12 il 6 ay güzəştli iş stajını toplamışdır.

48. Cavabdehin imtinasının pensiya kapitalının mövcud olmaması dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, iddia tələbindən də göründüyü kimi, iddiaçı ilk öncə ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

48. 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə edilmiş dəyişikliklə “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” tələbi aradan qalxmışdır.

49. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

50. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

51. İddiaçının vəkili məhkəmə kollegiyasına iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və xx.xx.2022-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

52. Beləliklə kollegiya işin aradşırılan hallarını və qanunvericilik normalarını ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər ödənilmişdir.

49. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz, qanunvericiliyin tələbləri baxımından və qeyd edilən səbəblərdən birinci instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı olmamışdır.

53. Məhkəmə kollegiyası qeyd olunanları, nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir.

54. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.

55. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(118)-526/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar