Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-224/2024 24.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mərhum əri X1 kimi aldığı 1400 manat məbləğində pulun hər ay ona ödənilməsi, xx.xx.2020-ci il tarixdən qərar qanuni qüvvəsini aldığı müddətdə ödənilməmiş 649 manat məbləğində pulun hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(118)-845/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. 003242 və 007478 seriyalı vəsiqələrdən görünür ki, X7 və övladı X12 şəhid ailəsi üzvüdür.
2. N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, baş leytenant X3 nazirinin müavini - X15 komandirinin 16 oktyabr 2020-ci il tarixli əmri ilə xüsusi təyinatlı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edildiyinə gorə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Şahbuz şəhəri) gəlmiş hesab edilməsi, 16 oktyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxıl edilməsi, bütün növ təminatlara qoyulması və vəzifəsinin icrasına başlanılması əmr edilmişdir.
3. N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, kapitan X2 tutduğu N nömrəli hərbi hissənin 3-cü xüsusi təyinatlı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il tarixli müvafiq (məxfi) əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir.
4. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 236 nömrəli əmrindən görünür ki, baş leytenant X9, 3-cü dərəcəli xüsusi təyinatlı bölük komandirinin şəxsi heyət üzrə müavini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur.
5. AZ-İİ 084864 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2020ci il tarixdə hərbi əməliyyatlar nəticəsində partlayış travması, bir neçə qarın boşluq orqanının travması səbəb ilə həlak olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək mərhum əri X1 kimi aldığı 1400 manat məbləğində pulun hər ay ona ödənilməsi, xx.xx.2020-ci il tarixdən qərar qanuni qüvvəsini aldığı müddətdə ödənilməmiş 649 manat məbləğində pulun hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X9 ilə 17 dekabr 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 25 dekabr 2018-ci il təvəllüdlü Asena adlı qız övladları anadan olmuşdur. X9 2016-cı il tarixdə Azərbaycan Ali Hərbi Məktəbinin “Kəşfiyyat” bölməsini bitirərək leytenant rütbəsi almış və ilk təyinatı Naxçıvan Muxtar Respublikasında 217 №li Hərbi hissəsində tağım komandiri vəzifəsində xidmət keçməsi üçün Qıvraq kəndinə göndərilmişdir. 2019-cu il tarixdən N №li hərbi hissəsində baş leytenant rütbəsində kəşfiyyat bölük komandirinin müavini vəzifəsini icra etmişdir. Müharibə başladıqdan sonra onu guya siyasi işlər üzrə müavin təyin edərək Qarabağa müharibəyə göndərmişlər. Belə ki, o müharibə dövründə də kəşfiyyatçı vəzifəsini icra etmişdir. Bütün 44 günlük müharibədə iştirak edən əri xx.xx.2020-ci il tarixədək döyüşmüş və bu tarixdə qəhrəmancasına döyüşdə şəhid olmuşdur. Belə ki, həyat yoldaşı X9 müharibədə göstərdiyi qəhrəmanlığa görə vaxtından əvvəl kapitan rütbəsinə yüksəlmişdir. Ölümündən sonra o, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, Fizuli və Xocavənd uğrunda medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 1/B-16768 nömrəli arayışından məlum olur ki, kapitan X9 xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə həlak olaraq şəhidlik zirvəsinə yüksəlmişdir. O isə Fizuli, Cəbrayıl, Zəngilan və Xocavənddə döyüşmüşdür. O, həyat yoldaşının ölümündən sonra kəşfiyyatçının aldığı maaşla bağlı Baş Kəşfiyyat idarəsinə, Naxçıvan MR-da əlahiddə orduda olan vəzifəli şəxslərə ərizə ilə müraciət etsə də, bu günədək cavab verilməmişdir. O, sonradan başa düşmüşdür ki, kəşfiyyatçı maaşı 1400 manat olduğu halda nə səbəbdən guya siyasi işlər üzrə komandir müavini vəzifəsinə keçirilərək müharibəyə göndərilmişdir. O, hazırda 851 manat aylıq məvacib alır, halbuki, bu məbləğ 1400 manat olmalı idi. b) Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
8. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 8446 nömrəli məktubundan və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, mərhum X9 N nömrəli hərbi hissədə 3-cü xüsusi təyinatlı bölük komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 236 nömrəli əmri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 15/221 nömrəli məktubundan göründüyü kimi, mərhum kapitan X5 tutduğu N nömrəli hərbi hissənin 3-cü xüsusi təyinatlı bölük komandirinin şəxsi heyət üzrə müavini vəzifəsi “kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq nömrəli əmri ilə təsdiq edilmiş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. c) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə.
9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2197/2022 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum əri uzun müddət kəşfiyyat bölüyü komandirinin köməkçisi, müavini kimi xidmət etsə də, Vətən müharibəsi dövründə xüsusi təyinatlı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə xidmət etdiyi dövrdə döyüş tapşırığını icra edərkən həlak olmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə birbaşa göstərilən kompensasiyanın kəşfiyyat subyektlərinə verilməsi nəzərədə tutulduğundan və mərhum E.Babaxanovun həlak olduğu zaman kəşfiyyat subyekti hesab edlmədiyindən iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmir.
11. Həmin qərardan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
16. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
18. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
20. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əri X9 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində partlayış travması, bir neçə qarın boşluq orqanının travması səbəb ilə həlak olmuşdur.
21. İddiaçı hazırda şəhid ailəsi üzvüdür və ona istinad edir ki, əri kəşfiyyatçı olmuş və maaşı 1400 manat olmuşdur. O, hazırda 851 manat aylıq məvacib alır, halbuki, bu məbləğ 1400 manat olmalı idi, yəni ərinin ölümündən sonra kəşfiyyatçının aldığı maaşı almalı idi.
22. Məhkəmə kollegiyası tərəfindən işin faktiki hallarının araşdırılması ilə bağlı Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq sorğular edilmiş və İddiaçı 851 manat aylıq məvacib ödənilməsinin hüquqi əsasları barədə məlumat verilməsi xahiş olunmuşdur.
23. Məhkəməyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən inzibati icraat materialları və xidməti məktub daxil olmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, “İddiaçı Mərkəzi Filial tərəfindən (8 yaşına çatmamış övladına baxdığına görə) və övladı X8 8 noyabr 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.1-ci maddəsinin tələblərinə uyğun olaraq, şəhid X6 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (851,60 manat) 100 faizi (hər birinə 50 faiz olmaqla) miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilib. Qanunun 14.1.3-cü maddəsinə əsasən yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. Eyni zamanda, 7 dekabr 2022-ci il tarixindən etibarən işlədiyi müəyyən edilib. Bununla əlaqədar, 8 yaşına çatmamış övladına baxdığına görə adı çəkilən şəxsə ödənilən müvafiq təminat xərcliyinin 50 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq 1 yanvar 2023-cü il tarixindən dayandırılıb. 7 dekabr 2022-ci il tarixindən hesablanmaqla İddiaçı əmək pensiyası müvafiq təminat xərcliyinin (851,60 manat) 80 faizi-681,28 manat məbləğində müəyyən edilib. Eyni zamanda, əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər üzrə İddiaçı artıq ödənilmiş ümumilikdə 916,20 manat pensiya məbləği müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaiti 2022-ci ilin mart ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin müvafiq indeksləşdirilmələr nəzərə alınmaqla 1 yanvar 2024-cü il tarixindən adı çəkilən şəxsin əmək pensiyası 955,84 manat təşkil edir.
24. Beləliklə, təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.1-ci maddəsinin tələblərinə uyğun olaraq, şəhid X6 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (851,60 manat) 100 faizi (hər birinə 50 faiz olmaqla) miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və hazırda iddiaçıya ödənilir.
25. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, iddia tələbi mərhum ərinin maaşının alınması ilə bağlı olmamışdır. Əri kəşfiyyaçı olmuşdur. Kəşfiyyatçıların 5 illik müavinəti birdəfəlik olaraq ailəsinə ödənilir. Mərhum əri Azərbaycan Ali Hərbi Məktəbinin “Kəşfiyyat” bölməsini bitirmiş, sağlığında kəşfiyyatçı kimi xidmət etmişdir. Sadəcə müharibəyə göndərilərkən kəşfiyyatçı yeri boş olmadığı üçün tərbiyəvi işlər üzrə müavin vəzifəsinə göndərilmişdir. Halbuki, mərhum əri həmin vəzifəni icra etməmişdir.
26. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
27. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
28. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim etmiş və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti təmin edilə bilməz.
30. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
31. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 186 nömrəli Fərmanının 1-ci maddəsinə əsasən “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; 1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini.
32. N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli əmri ilə müəyyən olunur ki, baş leytenant X3 nazirinin müavini-X15 komandirinin 16 oktyabr 2020-ci il tarixli əmri ilə xüsusi təyinatlı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edilmişdir.
33. N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, kapitan X2 tutduğu N nömrəli hərbi hissənin 3-cü xüsusi təyinatlı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il tarixli müvafiq (məxfi) əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir.
34. Beləliklə işin araşdırılan hallarından görünür ki, iddiaçının mərhum əri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturlarında xidmət etməmişdir, bu isə “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulmuş kompensasiyanın iddiaçıya şamil olunmasını istisna edir.
35. Kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya kompensasiya verilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir.
36. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(118)-845/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.