Məhkəmə qərarları › İş №2-1(105)-224/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-224/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-224/2025 28.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-797/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən (xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi dövr nəzərə alınmaqla) sığorta stajı 19 il 4 ay 23 gün təşkil edir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 15 il 23 gün sığorta stajına uyğun olaraq 14444,82 manat, xx.xx.2020ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2121,98 manat olmaqla, ümumilikdə 16566,80 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyi və hazırda adına aktiv əmək müqaviləsi ("xxxx" Firması) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Əlavə olaraq, ona xx.xx.2019-cu il tarixindən “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmiş, övladının 18 yaşı tamam olduğu üçün xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. X6 Nəvahir qızının xx.xx.2011-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 18 yaşınadək sağlamlıq imkanlarının məhdud olması barədə Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışı (qəyyum olmağı qeyd edilməsi şərtilə) təqdim etdikdən sonra uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona 57 yaşı tamam olduğu 18 fevral 2022-ci il tarixdən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaladılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 01 iyul 2023-cü il tarixdən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaladılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci ildə anadan olmuş, onun 58 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaladılmaqla yaşa görə əmək pensiyası hüququ olan şəxs kimi cavabehə müraciət etmişdir. Lakin, cavabdeh onun müraciətinin müsbət həll edilməsindən imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən (xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi dövr nəzərə alınmaqla) sığorta stajı 19 il 4 ay 23 gün təşkil edir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 15 il 23 gün sığorta stajına uyğun olaraq 14444,82 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2121,98 manat olmaqla, ümumilikdə 16566,80 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-797/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 01 iyul 2023-cü il tarixdən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaladılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlıq imkanları məhdud qızı xx.xx.2002-ci il təvəllüdlü Kərimli Aynur Nəvahir qızının sağlamlıq imkanları məhdud olduğunun dövlət qeydiyyatına alındığı xx.xx.2009-cu il tarixdən, Aynur Kərimlinin 18 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixədək ona qulluq etdiyi dövrü (11 il 4 ay) nəzərə alaraq iddiaçıya yaşaya görə təyin ediləcək pensiya yaşı fərqli olmalıdır. Çünki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağın səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azalmaqla yaşa görə əmək pensiyası hüququ var. Həmçinin iddiaçının sağlamlıq imkanları məhdud qızı Kərimli Aynur Nəvahir qızı yuxarıda qeyd edildiyi andan yetkinlik yaşına çatanadək qulluq etdiyinə görə, həmin qulluq illəri onun sosial sığorta stajına daxil edilməlidir. İş materiallarından görünür ki, sağlamlıq imkanları məhdud olan xx.xx.2002-ci il təvəllüdlü Kərimli Aynur Nəvahir qızı xx.xx.2009-cu il tarixdən 18 yaşı tamam olanadək anası İddiaçı himayəsində olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddətlər ərzində həmin müəssisələrdə işləməsi öz təsdiqini tapmış olur. Belə ki, qeyd edilən dövrlər (xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1997-ci il tarixədək xx.xx.2000-ci il tarixədək cəmi: 4 il 2 ay ) üzrə arxiv sənədlərinin aşkar olunmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Başqa sözlə desək cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər və arvix arayışında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək qanunvericilikdə sosial sığorta stajı deyil iş stajı məvhumu mövcud olmuşdur. Bu səbəbdən 2006-cı ilədək əmək kitabçasında yuxarıda qeyd edilən iş stajları iddiaçının əmək stajına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdən gürünür ki, iddiaçının ümümilikdə 25 ildən çox sığorta stajı vardır. Qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək kitabçasında qeyd mübahisələndirilən müddətlər və xx.xx.2002-ci il təvəllüdlü Kərimli Aynur Nəvahir qızının sağlamlıq imkanları məhdud olduğunun dövlət qeydiyyatına alındığı xx.xx.2009-cu il tarixdən, onun 18 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixədək ona qulluq etdiyi dövrlər (11 il 4 ay) hesablanıb İddiaçı sosial sığorta stajına daxil edilməlidir. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 9 il 5 ay 25 gün, xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək, xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək sağlamlıq imkanları məhdud uşağına qulluq dövrü və iddiaçının pensiya yaşına çatdığı xx.xx.2023-cü il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalına əsasən 2 il 7 ay sığorta stajı nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən sonra mübahisələndirilməyən sığorta stajı cəmi 11 il 2 ay18 gün təşkil edir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək və xx.xx.2006-cı il tarixdən sonra mübahisələndirilməyən sığorta stajı cəmi 20 il 8 ay 13 gün təşkil edir. Əlavə olaraq iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən sığorta stajı 1 il 4 ay təşkil edir. Həmçinin İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Sumqayıt şəhəri “Servis” Müstəqil Kollektiv müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Erudit” kiçik müəssisəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Xəlil” TMMƏ xüsusi firmasında, həmçinin xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Qubadlı rayon “Hal” kənd orta məktəbində işləməsi faktı tərəfindən araşdırılmışdır. Fondun Abşeron-Xızı regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən Sumqayıt şəhəri “Servis” Müstəqil Kollektiv müəssisəsinin və “Erudit” kiçik müəssisəsinin hüquqi və faktiki ünvanının və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması səbəbindən iddiaçının həmin firmadakı sığorta stajının araşdırılması mümkün olmamışdır. Fondun Abşeron-Xızı Regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən iddiaçının “Hal” kənd orta məktəbindəki əmək fəaliyyəti dövrünün araşdırılması zamanı məktəbin əmr kitablarında iddiaçının adına rast gəlinməmişdir. Eyni zamanda X5 nəzarət və İnventarlaşdırma departamentinin Daxili nəzarət şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024cü il tarixli akta əsasən “Xəlil” TMMƏ xüsusi firmasının hüquqi və faktiki ünvanının və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması səbəbindən iddiaçının həmin firmadakı sığorta stajının araşdırılması mümkün olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.2. Bu Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqanın imtinasını onunla əsaslandırmışdır ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi xx.xx.2009-xx.xx.2011-ci il dövrlər nəzərə alınmaqla, sosial sığorta stajı 19 il 4 ay 23 gün təşkil edir, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən azdır, xx.xx.2006-xx.xx.2018-ci il üzrə pensiya kapitalı qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən uşaqlara görə güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər: 1) əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, uşaq səkkiz yaşınadək sağ olduqda; 2) tələb olunan pensiya yaş həddinin 5 il azaldılmaqla, tamamlanması; 3) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmasından ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya yaş həddi 63 yaş müəyyən edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı məhz əlilliyi müəyyən edilmiş uşağa qulluq etdiyindən, həmin qulluq etdiyi dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla, ümumi pensiya yaş həddi 5 iİ azaldılmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi xx.xx.2009-xx.xx.2011-ci ilədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci ilədək dövrü və əmək kitabçasında əks olunmuş müəyyən işlədiyi dövrləri nəzərə almaqla, ümumilikdə 20 il 8 ay 13 gün iş stajına malik olduğunu qəbul edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlilliyi müəyyən edilmiş uşağına qulluq etdiyi 2013-2015-ci ilə aid dövrlər əlillik alt sistemində məlumat olmadığından, habelə əmək kitabçasında qeyd aparılmış xx.xx.1993-xx.xx.1994-cü ilədək Sumqayıt şəhəri “Servis” Müstəqil Kollektiv müəssisəsində işlədiyi, xx.xx.1994-xx.xx.1995-ci ilədək “Erudit” kiçik müəssisəsində işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci ilədək “Xəlil TMMƏ” xüsusi firmasında işlədiyi dövrlər arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından,xx.xx.2002-xx.xx.2006-ci ilədək ünvan 1ə işlədiyi dövr iddiaçının adının əmr kitablarında olmaması səbəbindən mübahisələndirilərək, iş stajı kimi nəzərə alınmamışdır. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının övladının xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-cü il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əlil olması halı məhz “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” tərəfindən verilmiş məlumat əsasında öz təsdiqini tapmışdır. Bundan əlavə, iş materiallarında olan TSEK tərəfindən verilmiş arayışlar və müayinə aktları da həmin halı təsdiq etmişdir, hansı ki, qanunvericiliyin tələbinə əsasən əlilliyin müəyyən edilməsi səlahiyyəti məhz TSEK-ə aid olmaqla, onun tərəfindən verilmiş arayış əsasında müəyyən edilirdi. Həmçinin, iş materiallarında olan həmin arayışların məzmunundan görünür ki, iddiaçının övladının xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək əlilliyinin müəyyən edilməsinə dair TSEK tərəfindən verilmiş arayış mövcud olmuşdur. Göründüyü kimi, iddiaçının övladının xx.xx.2009-cu ildən xx.xx.2020-ci ilədək sağlamlıq imkanları məhdud olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının övladının sağlamlıq imkanları məhdud olduğu bütün dövrlərin tam olaraq nəzərə almamaqda haqlı olmamışdır. Başqa sözlə desək, iddiaçının övladının 2011-2013-cü il və 2013-2015-ci illərə aid müvafiq dövrlərdə sağlamlıq imkanları məhdud olması halı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən əsassız olaraq həmin dövrlər iş stajı kimi nəzərə alınmamışdır. Bu baxımından kollegiya hesab edir ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçının əlilliyi müəyyən edilmiş övladına 18 yaşınadək qulluq etdiyi müvafiq dövrlər (2009-2020-ci illərə aid) tam olaraq ona münasibətdə ümumi iş stajı kimi nəzərə alınmalıdır. Kollegiya həmçinin onu qeyd edir ki, iddiaçının sağlamlıq imkanları məhdud olan övladına qulluq etdiyi və cavabdeh tərəfindən nəzərə alınmayan dövrlər ümumilikdə 4 il təşkil edir. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən 20 il 8 ay 13 gün, habelə nəzərə alınmalı olan və nəzərə alınmayan uşağa qulluq dövrü-4 il nəzərə alındıqda, cəmi 24 il 8 ay 13 gün təşkil edir. Bu baxımından kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh eyni zamnada iddiaçının işlədiyi və bu barədə əmək kitabçasında olan müəyyən dövrləri (xx.xx.1993xx.xx.1994-cü ilədək Sumqayıt şəhəri “Servis” Müstəqil Kollektiv müəssisəsində işlədiyi, xx.xx.1994-xx.xx.1995-ci ilədək “Erudit” kiçik müəssisəsində işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci ilədək “Xəlil TMMƏ” xüsusi firmasında işlədiyi dövrlər) mübahisələndirərək, həmin dövrləri iş satjı kimi nəzərə almamışdır. Kollegiya işin həmin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının qeyd edilən müəssisələrdə işlədiyi dövrlərə dair əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. İndiki halda isə cavabdeh tərəfindən həmin qeydlərin mötəbərliyini şübhə altına alan heç bir dəlilər istinad edilməmiş, habelə mübahisələndirilməmişdir. Həmin dövrlərlə bağlı cavabdehin istinad etdiyi arqumenti ondan ibarət olmuşdur ki, məhz qeyd edilən müəssisələrin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, araşdırma aparılması mümkün olmadığından, iş stajı kimi nəzərə alınmamışdır. Kollegiya bununla bağlı qeyd edir ki, indiki halda qeyd edilən sənədlərin arxivləşdirilməsi və arxivə təhvil verilməsi işçinin deyil, məhz işəgötürənin məsuliyyət daşıdğı öhdəlik kimi çıxış etmişdir. Nəticə etibarilə hazırda həmin sənədlərin aşkar edilməməsi iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun hüquqi məsuliyyət daşıdığı hal kimi ortaya çıxmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının təqsiri ilə əhatə olunmayan hala istinad edilməklə, onun hüququnun məhdudlaşdırılması ilk növbədə mütənasiblik prisiöinin tələblərinə zidddir. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından, məhkəmə kolegiyası hesab edir ki, həmin dövrlər iddiaçıya məxsus əmək kitabçasında əks olunduğu və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim edilmədiyindən, cavabdeh tərəfindən həmin dövrlər sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmamış, iş stajı kimi nəzərə almalı olduğu halda, nəzərə almamışdır. Həmçinin, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı həmin müəssisələrdən Sumqayıt şəhəri “Servis” Müstəqil Kollektiv müəssisəsi və “Erudit” kiçik müəssisəsi tərəfindən arxiv sənədləri müvafiq arxiv idarəsinə təhvil verilmədiyindən, sənədlərin təqdim edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. İddiaçının həmin müəssisələrdə işlədiyi dövrlər isə (xx.xx.1993-xx.xx.1994-cü ilədək Sumqayıt şəhəri “Servis” Müstəqil Kollektiv müəssisəsində işlədiyi, xx.xx.1994-xx.xx.1995-ci ilədək “Erudit” kiçik müəssisəsində işlədiyi) ümumilikdə 1 il 3 ay 28 gün təşkil edir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçının sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi dövrlər (2009-2020) tam olaraq nəzərə alındıqda, habelə iddiaçının işlədiyi və cavabdeh tərəfindən mübahisələndirilməyən dövrlər (cəmi 24 il 8 ay 13 gün) və “Servis” Müstəqil Kollektiv müəssisəsi və “Erudit” kiçik müəssisəsində işlədiyi dövrlər (1 il 3 ay 28 gün) nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 25 il ümumi stajına aid olan şərt ödənilmiş olur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, cavabdeh inzibati orqan özünün təqdim etdiyi məlumatda iddiaçıya münasibətdə xx.xx.2023-xx.xx.2024-cü ildək fərdi hesbaın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən 1 il 4 ay sığorta stajının olduğunu qeyd etmişdir. Belə olan halda, kollegiya qeyd edir ki, hətta həmin dövrlər mövcud olmasa idi belə (həmin dövrlərin iş stajı kimi nəzərə alınmalı olması iş materialları əsasında təsdiq olunmuşdur) həmin 1 il 4 ay sığorta stajı və iddiaçının sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi dövrlər (2009-2020) tam olaraq nəzərə alındıqda, habelə iddiaçının işlədiyi və cavabdeh tərəfindən mübahisələndirilməyən dövrlər (cəmi 24 il 8 ay 13 gün) nəzərə alındıqda, iddiaçıya münasibətdə 25 il iş stajına aid şərt ödənilmiş olur. Bu baxımından da kollegiya hesab edir ki, cavabdehin imtin, etiraz və şikayətinin dəlilləri əsassız olmuşdur. Eyni zamanda kollegiya onu qeyd edir ki, iddiaçıya münasibətdə işin yuxarıda qeyd edilən halları əsasında azı 25 il iş stajı tamamlandığından, cavabdehin şikayətinin digər hissədə dəlillərinin əlavə araşdırılması zərurəti olmadığından, hazırki iş üzrə həmin halın nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının güzəştli əsaslarla (əlilliyi müəyyən edilmiş uşağı olduğundan) yaşa görə pensiya hüququ (ümumi yaş həddi 63 yaş olduğundan və bu əsasla 5 il azaldılmaqla yaş həddi müəyyən edildiyinən) xx.xx.2023-cü il tarixdə yaranmışdır. Qeyd edilən hallara kollegiya hesab edir ki, iddiaçıya münasibətdə yaşa görə penisya təyin edilməsi üçün qanunla tələb olunan hər iki şərt ödənildiyindən (yaş həddi və ümumi iş stajına aid şərt), yaşa görə pensiya hüququ yaranmışdır. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçının pensiya hüququ xx.xx.2023-cü il tarixdən yarandığından, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, ona məhz xx.xx.2023-cü il tarixdən yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının pensiya hüququ xx.xx.2023-cü il tarixdən yarandığından, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-797/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar