Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-225/2022 01.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı “cavabdehin X11 adına torpaq sahəsinin satılması (ayrılması) barədə 03.05.2004-cü il tarixli 28 nömrəli qərarının ləğv edilməsi və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)- 1272/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı Abşeron rayon Masazır X1 adına torpaq sahəsinin satılması (ayrılması) barədə 03.05.2004-cü il tarixli 28 nömrəli qərarının ləğv edilməsi və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 15 mart 2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə ona ayrılmış torpaq sahəsinin ilkin qeydiyyatı və ilkin texniki pasportun alınması üçün müraciət etmiş və ərizənin son icra tarixi 12 aprel 2021-ci il tarixli göstərilməklə təsdiqetmə bildirişi almışdır. Həmin tarixdə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə ona bildirilmişdir ki, sənəd hazır deyil və növbəti günlər yenidən müraciət etməlidir. Nəhayət, 20 aprel 2021-ci il tarixdə növbəti müraciəti zamanı ona həmin idarənin rəisi Rauf Qarayev tərəfindən imzalanmış imtina məktubu təqdim edilmiş və imtinanın əsası kimi aşağıdakı məsələlər qeyd edilmişdir: “Abşeron rayonu, Masazır kəndində fərdi yaşayış evi və yerləşdiyi 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş X6 adına verilmiş 37096 reyestr və 5199 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinə dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı aşkar edilmişdir. Bundan başqa, Abşeron rayonu, Masazır kəndində fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında torpaq sahələrinin ayrılması barədə kənd, qəsəbə nümayəndəliklərinin sərəncamları nəzərdə tutulmamışdır. Əlavə olaraq sözügedən qeydiyyat vəsiqəsi və texniki pasportda hüquq sahibinin adında pozuntu olduğu üçün eyniləşdirmə əməliyyatı aparmaq mümkün olmamışdır. Həmçinin 37096 reyestr və 5199 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin ölçüləri ilə faktiki vəziyyətdəki ölçülən arasında fərq olduğu aşkar edilmişdir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin 245.6 kv.m hissəsinin yüksək gərginlikli (10 kvt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi 0.0992 ha hissəsinə isə başqa şəxsin adına 28.02.2019-cu il tarixli, **********01 reyestr nömrəli çıxarış verildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir”. İddiaçı bildirir ki, imtina məktubu əsassızdır, məktubda qeyd olunan hallar qanunaziddir və məhkəmə tərəfindən onun hüquqlarının müdafiə olunması xahiş olunur. Belə ki, Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə 0,1 ha ölçüsündə torpaq sahəsi fərdi ev tikintisi üçün İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsində atası X18 nəvəsi və iddiaçının azyaşlı oğlu X7 adına 2006-ci ildə yaşayış sahəsi 16.4 kv.m, köməkçi sahəsi 10.0 kv.m olan fərdi yaşayış evi inşa etmiş və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 37096 nömrəli reyestri kitabında və 5199 nömrəli inventar işi qeydiyyata alınmış, qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Sözügedən fərdi yaşayış evi hal-hazırda oğlunun mülkiyyətində və ailənin istifadəsindədir. Evin tikintisi zamanı icra hakimiyyəti ilə razılaşdırılmadığı üçün inzibatı xəta haqqında qərar qəbul olunmuşdur, lakin razılıq alandan sonra həmin evə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X13 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılması müvafiq inzibati orqanın vəzifəsidir. Zərurət yarandığı halda sənədlərin texniki ekspertizası, imza və möhürlərin düzgün olub-olmamasının yoxlanılması məhkəmə tərəfindən təyin oluna bilər. Əlavə olaraq, iddiaçının müraciəti əsasında DƏDRX-nın 4 saylı Ərazi İdarəsi tərəfindən verilən məktubdan və ondan irəli gələn araşdırmalardan məlum olur ki, arxa tarixlə saxtalaşdırılmış Abşeron rayonu Masazır Bələdiyyəsi 03.05.2004-cü il tarixdə 28 nömrəli qərarla oğlunun mülkiyyətində olan evin yerləşdiyi və RİH başçısının Masazır kənd nümayəndəsinin sərəncamı ilə ona ayrılan torpaq sahəsinin ünvan 1 ünvanda qeydiyyatda olan X11 adına qanunsuz əsasla ayrılmış və həmin qərar heç dövlət arxivində mövcud deyil və arxivdən verilən arayışa görə eyni nömrəli qərar tamamilə başqa məzmunda və tarixdə verilib, yəni bələdiyyə tərəfindən DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş sənədlər qeyri-qanunidir və saxtadır. Belə ki, bələdiyyə mövcud qanunvericiliyin tələbinə əsasən yalnız bələdiyyənin ərazisində daimi yaşayan və qeydiyyatda olan şəxslərə fərdi yaşayış evi inşa etmək üçün torpaq sahəsi ayıra bilərdi. Sudavər İsmayılova heç vaxt Abşeron rayonunda qeydiyyatda olmamışdır. Həmin qanunsuz qərar əsasında İsmayılova Sudavər DTXK Abşeron şöbəsinin 22.08.2011-ci il tarixli 2080/11 nömrəli bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alğısatqısına dair aktını və DTXK Abşeron şöbəsinin 09.09.2011-cı il tarixli 17350 nömrəli torpaq sahəsinin plan və ölçüsünü əldə etmişdir. Sonda isə, Sudavər İsmayılova qeyd olunan sənədlər əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* nömrəli. 27.10.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı və 27.10.2011-ci il tarixli AA 033259 saylı torpaq sahəsinin plan və ölçüsünü qanunsuz əsaslarla əldə etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin və DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə dəftərxanasında olan fərqli sənədləri və ziddiyyətləri təhlil etdikdə məlum olur ki, Masazır bələdiyyəsinin 03.05.2004-ci il tarixli 28 nömrəli qərarı saxtadır və Masazır bələdiyyəsinin o vaxtki sədri - X15 09.09.2011-ci il tarixli torpaq sahəsinin alğı-satqısına dair aktını pərdələmək üçün həmin saxta qərarı köhnə tarixlə qəbul edərək DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə təqdim etmişdir, halbuki həmin qərar 2004 yox, 2011-ci ildə arxa tarixlə tərtib olunmuşdur və bu fakt Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivində öz təsdiqini tapır, izləri tez-tələsik itirmək üçün X16 həmin əmlakı qızı X19 bağışlamış, o isə, öz növbəsində yaxın tanışı X5 adına bazar qiymətindən aşağı qiymətlə alğı-satqı vasitəsilə rəsmiləşdirmişdir və sonuncu 28.02.2019-cu il tarixli **********01 reyestr nömrəli çıxarış əldə etmişdir. İddiaçının azyaşlı oğlu X6 adına qeydiyyata alınmış qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu Masazır kəndində yerləşən yaşayış sahəsi 16.4 kv.m, köməkçi sahəsi 10 kv.m olan fərdi yaşayış evi və həyətyanı torpağı ona ayrılmış torpaq sahəsinin üzərindədir və bunu təsdiq edən torpaq sahəsinin yerləşmə planı və Masazır bələdiyyəsi tərəfindən möhürlə təsdiq olunmuş Abşeron rayonu Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarışdan aydın görünür. Uzaq qohumu olan şəhid bacısı və birinci qrup əlil, həmçinin də şəkər xəstəsi X20 həmin fərdi evdə yaşayır və yeri üzrə polis tərəfindən pasport qeydiyyatındadır. Təəccüblüsü odur ki, imtina məktubunda qeyd olunur ki “faktiki torpaq sahəsinin 245.6 kv.m hissəsinin yüksək gərginlikli (10 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi, 0.0992 ha hissəsinə isə başqa şəxsin adına 28.02.2019-cı il tarixli **********01 reyestr nömrəli çıxarış verildiyi müəyyən edilmişdi”-bəs necə olur ki, 2006-ci ildən inşa olunmuş fərdi ev mövcud ola-ola və orda yaşayış olduğu halda, məktubda qeyd olunan yüksək gərginlikli elektrik xəttinin həmin ərazidən keçdiyi halda həmin fərdi evin yerləşdiyi torpaq sahəsinə 2019-cu ildə başqa şəxsin adına çıxarış verilir?! İş materiallarına əlavə edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron rayon Dövlət Arxivindən olan çıxarışlara əsasən həmin torpaq sahəsi icra hakimiyyəti başçısının Masazır kənd nümayəndəsinin sərəncamına əsasən fərdi ev tikintisi üçün iddiaçıya ayrılmış və həmin yerdə inşa edilmiş qeydiyyat vəsiqəsinin notariat təsdiqlənmiş surətindən və texniki pasportun surətindən görünür ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. Həmin bəndə əsasən cavabdeh torpaq sahəsini digər fiziki şəxsə qərarla ayıra bilməzdi, çünki Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Daha sonra, iddiaçı iddia ərizəsini dəyişdirərək Abşeron rayon Masazır X1 adına torpaq sahəsinin satılması (ayrılması) barədə 03.05.2004-cü il tarixli 28 nömrəli qərarının və onun əsasında verilmiş sənədlərin mövcud olmadığının müəyyən edilərək etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1272/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İsmayıl Quliyev) Qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi inzibati aktın mövcud olmadığının müəyyən edilərək etibarsız sayılması barədədir. Məhkəmə isə mövqeyini mübahisələndirmə haqqında iddia üzərində qurmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.5-ci maddəsinə əsasən, baxılan iddianın növü inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) aiddir. Mübahisələndirmə haqqında iddia isə inzibati aktın ləğv edilməsi və dəyişdirilməsi barədə tələbdir. İPM-in 35.1-ci maddəsində dörd iddia növünün mümkünlük əsaslarından danışılır. Hazırkı iddia bu dörd iddia növünə aid deyil. Belə ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2.2.1-ci maddəsində məcburetmə haqqında iddia 2.2.2-ci maddəsində, öhdəliklərin icrası haqqında iddia 2.2.3cü maddəsində, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 2.2.4-cü maddədə, iddiaçının iddiası isə 2.2.5-ci maddədə öz əksini tapmışdır. Onun iddiasının mümkün sayılmaması üçün heç bir hüquqi əsas yoxdur. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Ona məxsus torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri DƏDRX-in Ərazi İdarəsinə təqdim edərək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. 20.04.2021-ci il tarixdə DƏDRX-in gözlənilməz cavab məktubu ilə məlum olmuşdur ki, ona məxsus əmlaka başqa şəxsin adına bələdiyyə qərarı əsasında çıxarış verilmişdir. Dərhal bələdiyyə qərarını mübahisələndirmişdir. Bələdiyyə qərarı mövcud deyil, köhnə tarixə saxtalaşdırılıb, bu barədə işin içində çox ciddi sübutlar mövcuddur, işdə olan ekspertiza vəsatətində bu dəlilləri dəqiq göstərmişdir. Lakin, məhkəmə onun ekspertiza vəsatətini müzakirə etmədən qərardadda yazır ki, 2004-cü ildə qəbul edilmiş qərardadı həmin vaxt mübahisələndirmədiyi üçün daha mübahisələndirə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı ona ayrılmış torpaq sahəsi barədə cavabdeh bələdiyyə tərəfindən mübahisələndirilən qərar verildiyini iddia edir. Lakin həmin torpaq sahələrinin eyni olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin bu mövqeyini ümumiyyətlə başa düşmək mümkün deyil. Əvvəl, məhkəmə qərardadında DƏDRX-nin imtina məktubunu qeyd etmiş, həmin məktubla ona məlum olmuşdur ki, onun çıxarış verilməsi üçün müraciət etdiyi torpaq sahəsinə bələdiyyə qərarı əsasında başqa şəxsin adına çıxarış verilmişdir. İkincisi, torpaq sahəsinə və fərdi yaşayış evinə dair bütün sübutları məhkəməyə təqdim etmişdir. Əgər məhkəmə bu fikirdə idisə onda niyə torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini yoxlamamış, yaxud ondan belə bir sübut tələb etməmişdir. Bələdiyyənin qərarı ilə ona ayrılan torpaq sahəsinin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Onun torpaq sahəsi qonşuluqda yerləşir və onu başqa şəxsə özgəninkiləşdirməyi ilə hazırki iddianı irəli sürmək üçün subyektiv hüququnun olmaması arasında hər hansı səbəbli əlaqə mövcud deyil. Daha sonra, məhkəmə qeyd edir ki, iddiaçının yaşayış evinin mülkiyyət sənədi olduğunu iddia etdiyi qeydiyyat vəsiqəsinin mövcudluğu barəsində arxiv əsaslarında və reyestr kitabında məlumat aşkar edilməmişdir. Odur ki, onun subyektiv hüququ yoxdur. Əvvəla, sözügedən qeydiyyat vəsiqəsi qüvvədədir, mübahisə predmeti deyil, ləğv edilməmiş, yaxud etibarsız hesab edilməmişdir. Belə olan halda, məhkəmənin gəldiyi nəticə qəbuledilməzdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdilər. İş üzrə cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə, üçüncü şəxslər X14 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən görünür ki, iddiaçı inzibati orqan olan bələdiyyənin qərarını mübahisələndirərək onun etibarsız hesab edilməsini xahiş edir. Həmin qərar isə torpaq sahəsinin X3 barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Masazır kəndində 0,10 ha torpaq sahəsi 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamla ona ayrılmış və həmin torpaq sahəsində yerləşən, yaşayış sahəsi 16,4 kv.m, köməkçi sahəsi 10 kv.m olan yaşayış evi 2005-ci ilin mart ayında onun oğlu X6 adına qeydiyyata alınmış və qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Abşeron rayonu Masazır bələdiyyəsinin 03.05.2004-cü il tarixli, 28 nömrəli qərarı ilə oğlunun mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsi X11 adına qanunsuz əsaslarla ayrılmışdır. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin ona ayrıldığını və torpaq sahəsində oğlunun mülkiyyətində olan evin yerləşdiyini əsas gətirərək, həmin torpağın X2 dair bələdiyyə qərarının qanuniliyini mübahisələndirmişdir. İddia tələbinin əsasını təşkil edən hüquqmüəyyənedici sənəd kimi həmin yaşayış sahəsinə dair tərtib olunmuş qeydiyyat vəsiqəsini və torpaq sahəsinin ayrılması barədə sərəncamı təqdim edilmişdir. Abşeron rayonu X13, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış sahəsi 16,4 m2, köməkçi sahəsi 10,0 m2 olan bir otaqdan ibarət yaşayış sahəsi X6 adına mülkiyyət hüququ əsasında Abşeron rayon Masazır Bələdiyyə sədrinin 06 avqust 2004-cü il tarixli, 28 saylı sərəncamı əsasında qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının adına torpaq sahəsinin və evin olması ilə əlaqədar müvafiq sorğu edilmiş və cavab olaraq bildirilmişdir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0992 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27.10.2011-ci il tarixdə **********00 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon Masazır bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə 03.05.2004-cü il tarixli 28 nömrəli qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 09.09.2011-ci il tarixli A№367286 torpaq sahəsinin planı və ölçüsü: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 22.08.2011-ci il tarixli 2079/11 nömrəli bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alğı-satqısına dair aktı əsasında) alınmışdır. Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X31 tərəfindən təsdiq edilmiş 28.03.2019-cu il tarixli 4Ə- 375 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən torpaq sahəsi X10 adına özgəninkiləşdirilmişdır. 02.04.2019-cu il tarixdə sözügedən torpaq sahəsi üzərində X10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat və **********00 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3464/2019 saylı bildirişinə əsasən torpaq sahəsi üzərinə müvəqqəti nəzarət qoyulmuşdur. Nəzərinizə çatdırırıq ki, sorğuya əlavə edilmiş 37096 reyestr nömrəli qeydiyyat vəsiqəsinin mövcudluğu barəsində arxiv əsaslarında və reyestr kitabında məlumat aşkar edilməmişdir. İşdə olan qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-134/2020 saylı, 17.09.2020-ci il tarixli qərardadından görünür ki, Abşeron Rayon Dövlət Arxivinin 16 sentyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Abşeron rayon Masazır Bələdiyyəsinin 06 avqust 2004-cü il tarixli, 28 saylı qərarı Abşeron Rayon Dövlət Arxivində aşkar edilmədi. Masazır Bələdiyyəsinin 28 saylı qərarı 17 may 2004-cü il tarixdə verilmişdir. Həmin qərar sorğuya cavaba əlavə edilmişdir. Ümumiyyətlə, Masazır Bələdiyyəsinin 2004-cü il qərarlarında X12 ilə bağlı heç bir məlumat yoxdur. Sorğuya əlavə edilmiş Masazır Bələdiyyəsinin 28 saylı qərarından görünür ki, həmin qərar 17 may 2004-cü ildə Məmmədova (Salahova) Dilarə Aslan qızına torpaq sahəsinin satılması barədədir. Göründüyü kimi, iddiaçının istinad etdiyi qeydiyyat vəsiqəsi arxivdə aşkar edilməmişdir. Həmçinin, iddiaçı oğlunun adına qeydə alınmış evin X11 adına ayrılmış torpaq sahəsində tikilməsi ilə və torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, qeydiyyat vəsiqəsi ilə bağlı inzibati orqanlarda məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçını subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə, torpaq sahəsinin üçüncü şəxsə ayrılması zamanı onun hər hansı hüququnun pozulmasına dair sübutların iddia verilərkən təqdim olunması tələb olunur, lakin iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. Bundan başqa, iddia ərizəsinin məzmundan görünür ki, iddiaçının hüquqi marağı həmin qərarın ləğvinə yönəlmişdir ki, bu da iddianın müəyyən etmə və tanıma növünə deyil, mübahisələndirmə növünə aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bələdiyyə qərarının mübahisələndirilməsi üçün müəyyən olunmuş müddəti də ötürmüşdür. Mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan 01.09.2000-ci il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İş materiallarından isə görünür ki, iddiaçı mübahisələndirdiyi qərarın mövcudluğu barədə iddia qaldırdığı tarixdən bir ay əvvələ deyil, daha əvvəldən məlumatı olsa da, onu qanunda göstərilən müddət ərzində mübahisələndirməmiş, həmin vaxtdan xeyli müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunlarla (Azərbaycan SSR Mülki Məcəlləsi və Azərbaycan Respublikasının MPM-nin 298-ci maddəsi) müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutmamışdır. İddiaçıya rəsmi olaraq məhz hansı tarixdə mübahisələndirilən qərarın təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki iş materialları ilə iddiaçının həmin qərar barədə iddia qaldırmazdan uzun müddət əvvəl məlumatlı olması təsdiq olunur. Birinci instansiya məhkəməsi tərəfindən Abşeron rayonu, Masazır Bələdiyyəsinin 03.05.2004-cü il tarixli, 28 nömrəli qərarı ilə X4 torpaq sahəsinə dair çıxarışların və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiqlənmiş surətlərinin verilməsi ilə bağlı sorğu edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi bununla əlaqədar bildirmişdir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0992 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X11 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27.10.2011-ci il tarixdə **********01 (qeydiyyat nömrəsi:**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, həmin torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş 23.02.2016-cı il tarixli, 4Ə-315 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X19 özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X17 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10.03.2016-cı il tarixdə **********01 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, həmin torpaq sahəsi Sumqayıt “ASAN xidmət" mərkəzinin notariat kontorunda təsdiq edilmiş 22.02.2019-cı il tarixli, 4Ə-645 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X8 özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 28.02.2019-cu il tarixdə **********01 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, həm iddiaçı ilə, həm də iddiaçının arvadı – X33 ilə üçüncü şəxs arasında mülki məhkəmə icraatında məhkəmə mübahisələri olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdehlər X14, X19 və qeyrilərinə qarşı torpaq sahəsinə dair bağışlanma müqaviləsinin (...) etibarsız hesab edilməsinə dair iddiası məhkəmələr tərəfindən təmin edilməmişdir. Həmin işdə İddiaçı mübahisəli torpaq sahəsini öz vəsaiti hesabına əldə etdiyini və anasının adına rəsmiləşdirdiyini bildirmiş, anasının həmin torpaq sahəsini bacısına bağışladığını mübahisələndirmişdir. Həmin iş üzrə qəbul olunmuş həm Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1965/2018 saylı, 22 iyun 2018-ci il tarixli qətnaməsində, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarında iş üzrə müəyyən olunmuş sübutlar sırasında mübahisəli torpaq sahəsinin X14 ayrılması barədə Abşeron rayonu Masazır Bələdiyyəsinin 03.05.2004-cü il tarixli 28 nömrəli qərarı da qeyd olunmuşdur. İşdən həmçinin görünür ki, İddiaçı və X37 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(001)-1336/2019 saylı qətnaməsinin qəbulundan sonra birgə iddiaçı kimi Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsini xahiş etmişlər. Göründüyü kimi iddiaçı iddia qaldırılan tarixdən bir ay əvvələ deyil, çox daha öncədən mübahisəli qərarın mövcudluğundan məlumatlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iddianın, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olan mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl 03.05.2004-cü ildə qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1272/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-225/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-225/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver