Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-226/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2- 1(118)-5486/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ona Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli, 3-17-1/2- K-171966/2024 saylı məktubla iddiaçıya pensiyanın təyin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi bort operator vəzifəsində işlədiyi dövrün “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsi ilə deyil, 9.1-ci maddəsi ilə qanunvercilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilər. Həmçinin cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Cavabdeh inzibati orqanın müövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydalarının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC-də bort operator vəzifəsi mövcud deyildir. İkincisi araşdırma aparılan şəxslərin heç biri QSC-nin işçisi deyillər və onlar X3 şirkətinin əməkdaşlarıdırlar. Buna görə də, AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürməklə şəxslərə pensiya təyin edilməsindən imtina edilməsi əsassızdır. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan İATA-nın eləcə də Agentlik tərəfindən təsdiq edilmiş normativ sənədlərdən görünür ki, bort operatorlar uçuş heyətinin sırasına daxildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən “Silk Way Aviaşirkəti" MMC-nin ona dair 28 dekabr 2021-ci il tarixli 128- 21/SWA/HR nömrəli arayışında qeyd olunmuş xx.xx.2010-cu il tarixdən həmin günədək adıçəkilən müəsisənin Uçuş dəstəsində işlədiyi bort operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiqlənmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda nəzərdə tutulmadığından müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.3-cü maddəsinə əsasən xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortadist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortadist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Həmin Qanununun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2010-cu il tarixdən bugünədək "xxxx" Aviaşirkətində bort operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorlarının hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Bundan başqa, mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən Dövlət Mülki Aviasiya Agentliyi müvafiq sorğuya 30 may 2023-cü il tarixdə verdiyi cavab məktubunda Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, Beynəlxalq Mülki Aviasiya haqqında 1994-cü il Çikaqo Konvensiyasını da əsas gətirərək bort operatorunun nə uçuş heyət üzvü, nə də digər uçuş mütəxəssisi hesab edilmədiyini bildirib. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: "xxxx" Aviaşirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin uçuş heyətlərinin vəzifələrində uçuş saatları barəsində arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən halhazıradək "xxxx" Aviaşirkətində İL-76 HG-nin bortoperatoru vəzifəsində işləyir. Həmin Arayış əmək və uçuş kitabçaları əsasında, Azərbaycan Respublikası uçuş heyətinin təqaüdə çıxması barədə qanuna uyğun olaraq tərtib olunub, vəzifəli şəxslərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur. İddiaçı uçuş işində xidməti illərinə görə xx.xx.2021-ci il tarixinədək 5400 (Beş min dörd yüz) saat olmaqla sığorta stajı 25 il təyin olunub. Arayış Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə təqdim olunmaq üçün verilir. İddiaçının əmək kitabçasından görünür ki, o, "xxxx" Aviaşirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinə işə qəbul edilənə qədər əmək stajı olmamışdır. xx.xx.2010-cu il tarixdən halhazıradək "xxxx" Aviaşirkətində İL-76 HG-nin bortoperatoru vəzifəsində işləyir. İnzibati icraat materiallarına əlavə edilmiş "xxxx" Aviaşirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 128-21/SWA/HR saylı, xx.xx.2022-ci il tarixli 30- 22/SWA/HR saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixindən "Silk Way Aviaşirkəti” MMC-nin Uçuş dəstəsinin İL-76 tipli HG- nin Bortoperatoru vəzifəsində işləyir. Ümumi iş təcrübəsi xx.xx.2010-cı ildən başlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarın 21.3 maddəsinə müvafiq olaraq mülki aviasiyada hava gəmilərinin bortoperatorları ağır və zərərli iş şəraitinə görə imtiyazlı təqaüd almaq hüququna malikdir. "xxxx" Aviaşirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-ci il tarixli 100- 24/HR/SWA saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.3-cü bəndinə müfaviq olaraq, pensiya hüququ verən hava gəmilərinin bortoperatoru vəzifəsində iş stajı 14 il 4 ay 16 gün təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2-1(118)-5486/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisənin əsasını iddiaçının sığorta stajı və ya pensiya kapitalı deyil, məhz vəzifə uyğunsuzluğu təşkil edir. Bu kateqoriya işlər üzrə isə formalaşmış məhkəmə təcrübəsi mövcuddur. İş materiallarına əlavə edilmiş "xxxx" Aviaşirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin uçuş heyətlərinin vəzifələrində uçuş saatları barəsində arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən hal-hazıradək "xxxx" Aviaşirkətində İL-76 HG-nin bortoperatoru vəzifəsində işləyir. Həmin Arayış əmək və uçuş kitabçaları əsasında, Azərbaycan Respublikası uçuş heyətinin təqaüdə çıxması barədə qanuna uyğun olaraq tərtib olunub, vəzifəli şəxslərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur. İddiaçı uçuş işində xidməti illərinə görə xx.xx.2021-ci il tarixinədək 5400 (Beş min dörd yüz) saat olmaqla sığorta stajı 25 il təyin olunub. Arayış Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə təqdim olunmaq üçün verilir. Göründüyü kimi iddiaçının xx.xx.2021-ci il tarixinədək 5400 (Beş min dörd yüz) saat olmaqla sığorta stajı 25 il olmuşdur və onun xx.xx.2021-ci il tarixində güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu bortoperator vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 231 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarında nəzərdə tutulmaması ilə bağlı olmuşdur. Hazırki iddia tələbinin cavabdehin 22 iyul 2024-cü il tarixli imtina məktubundan sonra qaldırılmış olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə ünvanlanmış son müraciəti xx.xx.2024-cü ildir. Belə ki, iddiaçı hüququnun yarandığı xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. Bildirilir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. "Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.27-ci maddəsinə əsasən, hava gəmisinin heyəti - uçuş xidməti vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin sahibinin və ya istismarçının təyin etdiyi şəxslərdir. Həmin qanunun 1.1.76-ci maddəsində göstərilir ki, uçuş heyəti - uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarına əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, navigator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); komanda-uçuş heyəti, müvafiq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşüt-desant qrupları. Bortoperator vəzifəsi sözügedən qaydalarda nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 11 fevral 2010-cu il tarixdən bugünədək "xxxx" Aviaşirkətində bort operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının müvafiq məlumatların dəqiqləşdirilrnəsi məqsədilə ünvanladığı sorğulara verilən cavabda uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorlarının hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Bundan başqa, mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən Dövlət Mülki Aviasiya Agentliyi müvafiq sorğuya 30 may 2023-cü il tarixdə verdiyi cavab məktubunda Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, Beynəlxalq Mülki Aviasiya haqqında 1994-cü il Çikaqo Konvensiyasını da əsas gətirərək bort operatorunun nə uçuş heyət üzvü, nə də digər uçuş mütəxəssisi hesab edilmədiyini bildirib. Formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyin edilə bilməsi üçün şəxsin məhz uçuş heyət üzvü kimi fəaliyyət göstərməsi şərti ödənilmiş olmalıdır. Belə ki, uçuş heyət üzvü və heyət üzvü anlayışı fərqli olmaqla qeyd edilən şəxslər uçuş zamanı müxtəlif əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olurlar. Onların həyata keçirdikləri əmək funksiyalarının xarakteri, ağırlığı və mürəkkəbliyi bir-birindən fərqli olduğu üçün qanunverici yalnız uçuş heyət üzvünə aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüquqlarının “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən yaranacağını qəbul etmişdir. Məhkəmə qərarda "xxxx" MMC tərəfindən təsdiq olunmuş əmrə istinad etməklə 01 yanvar 1985-ci ildən qüvvəyə minmiş “İL-76 T (TD)" hava gəmisinin “Uçuş təlimatının” ikinci nəşrinin 1.1-ci bəndinin “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq “İL-76 T (TD)” hava gəmisinin ekipajının 7 (yeddi) nəfərdən - hava gəmisinin komandiri, hava gəmisinin pilotu, naviqatoru, bortmühəndisi, bortradisti, böyük bortoperatoru, bortoperatordan ibarət olması qənaətinə gəlmişdir. Qeyd edilir ki, bortoperatorun hava gəmisinin ekipajının tərkibinə daxil edilməsi onun uçuş heyəti üzvü hesab olunması üçün əsas deyildir. Belə kı, məhkəmənin də qeyd etdiyi kimi hava gəmisinin ekipaj üzvlərini həm heyət üzvləri, həm də uçuş heyət üzvləri təşkil edir. Uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi ilə məşğul olduqları halda, heyət üzvləri isə hava gəmisinin idarə edilməsi ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdirlər. Bundan başqa məhkəmə iddianı təmin edərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli, 231 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndində bort operator vəzifəsi konkret olaraq qeyd edilməsə də, həmin bənddə digər uçuş mütəxəssisləri söz birləşməsinin göstərildiyini, bununla da norma yaradan orqanın həmin sahədə hüquqi tənzimləməni həyata keçirərkən uçuş heyət üzvlərini məhdud çərçivəyə salmadığını və uçuş heyət üzvlərinə xas olan funksiya və vəzifələri yerinə yetirə bilən və yaxud yerinə yetirə biləcək vəzifələri digər uçuş mütəxəssisləri adı altında qeyd etdiyini bildirmişdir. Lakin bununla əlaqədar olaraq qeyd edilir ki, bortoperator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) bilavasitə nəzərdə tutulması, bu vəzifədə çalışmış şəxslərə pensiya təyin edilərkən Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli, 231 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndində göstərilən “digər uçuş mütəxəssisləri” ifadəsinə istinad etməklə, “Əmək pensiyaları hagqında" Qanunun 9,3-cü maddəsinin tətbig olunmasını istisna edir. Həmçinin bildirmək istəyirik ki, “İL-76 T (TD)” hava gəmisinin "Uçuş təlimatı” normativ hüquqi akt deyil, texniki normativ hüquqi aktdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı isə normativ hüquqi akt olmaqla, daha üstün hüquqi qüvvəyə malikdir. Hazırkı iş üzrə məhkəmə yuxarıda sadalanan halları nəzərə almamaqla maddi hüquq normalarını düzgün tətbiq etməmiş və yanlış hüquqi nəticəyə gəlmişdir. Beləliklə, qanunvericilik normalarının tələbləri və işin faktiki hallarını nəzərə alaraq hesab edilir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ....... 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydaları Bənd 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) Bənd 3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanlara yaşa görə əmək pensiyası təyin edilərkən həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla tətbiq edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən "xxxx" Aviaşirkətində İL-76 HG-nin bortoperatoru vəzifəsində işləyir, İddiaçı uçuş işində xidməti illərinə görə xx.xx.2021-ci il tarixinədək 5400 (Beş min dörd yüz) saat olmaqla sığorta stajı 25 il təyin olunub. İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Kollegiya cavabdeh inzibati orqanın həmin dəlilini əsassız hesab etməklə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyin edilə bilməsi üçün şəxsin məhz uçuş heyət üzvü kimi fəaliyyət göstərməsi şərti ödənilmiş olmalıdır. Belə ki, uçuş heyət üzvü və heyət üzvü anlayışı fərqli olmaqla qeyd edilən şəxslər uçuş zamanı müxtəlif əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olurlar. Onların həyata keçirdikləri əmək funksiyalarının xarakteri, ağırlığı və mürəkkəbliyi birbirindən fərqli olduğu üçün qanunverici yalnız uçuş heyət üzvünə aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüquqlarının “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən yaranacağını qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, qüvvədən düşmüş “Aviasiya haqqında” Qanunun 1.0.14cü maddəsində hava gəmisinin ekipajına belə anlayış verilmişdir - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət. Göründüyü kimi sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilməli ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdirlər. Eyni zamanda, qeyd olunmalıdır ki, “Aviasiya haqqında” hazırda qüvvədə olan 22 dekabr 2023-cü il tarixli yeni Qanun da məsələyə dair oxşar yanaşmanı mənimsəməklə daha aydın tənzimləmələr gətirmişdir. Belə ki, sözügedən Qanunun 1.1.49 və 1.1.76-cı maddələrində kabinə heyəti və uçuş heyəti anlayışları fərqləndirilmişdir. Kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxsdir. Uçuş heyəti isə – uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Qanun uçuş əməliyyatına belə bir anlayış vermişdir – hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar. Beləliklə, sadalanan normalardan da göründüyü kimi hazırda qüvvədə olan qanunvericilik normaları uçuş heyət üzvlərini heyət üzvlərindən (kabinə heyəti) açıq şəkildə fərqləndirmiş, onların müxtəlif əmək funksiyası yerinə yetirən şəxslər olduğunu qəbul etmişdir. Uçuş heyət üzvü kimi fəaliyyət göstərən şəxslərə isə stajla bağlı şərtlər ödənildiyi halda “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən əmək pensiyası təyin oluna bilər. Belə olan halda, aydınlaşdırılmalı olan məsələ iddiaçının bort operator kimi işlədiyi vəzifələrin uçuş heyət üzvü hesab edilib-edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə eyni işdə işləmiş şəxslərin pensiya hesablanması əsaslarını müəyyən edən formalaşmış məhkəmə təcrübəsi vardır. Belə ki, hazırkı işdəki iddiaçı ilə eyni vəzifədə işləmiş şəxsin pensiya təyinatı ilə bağlı mübahisəyə baxan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-1(102)-891/2024 nömrəli qərarında həmin məsələyə aşağıdakı kimi hüquqi qiymət verilmişdir: Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2.1-ci bəndində həmin şəxslərin dairəsinə daxil olanların bir qismi sadalansa da (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist) bitkin siyahı tərtib edilməmiş, digər uçuş mütəxəssislərinin də uçuş heyətinə aid edilməsinin mümkünlüyü qəbul edilmişdir. Belə olan halda, bort operatorlar digər uçuş mütəxəssisləri kimi o halda, uçuş heyətinə daxil olacaqlar ki, onlar hava gəmilərinin idarə edilməsi (uçuş əməliyyatının həyata keçirilməsi) ilə bağlı əmək funksiyalarını yerinə yetirmiş olsunlar. Hava gəmilərinin idarə edilməsi (uçuş əməliyyatının həyata keçirilməsi) ilə bağlı əmək funksiyalarının yerinə yetirilib-yetirilmədiyinin müəyyənləşdirilməsi üçün isə həmin şəxslərin hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslər qrupuna daxil olub-olmadıqlarına baxmaq lazımdır. Belə ki, "xxxx" MMC tərəfindən təsdiq olunmuş əmrə əsasən xx.xx.1985-ci ildən qüvvəyə minmiş “İL-76 T (TD)” hava gəmisinin “Uçuş təlimatının” ikinci nəşrinin 1.1-ci bəndinin “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq “İL-76 T (TD)” hava gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: 1. hava gəmisinin komandiri; 2. hava gəmisinin pilotu; 3. naviqatoru; 4. bortmühəndisi; 5. bortradisti; 6. böyük bortoperatoru; 7. bortoperatoru. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, yuxarıda qeyd olunan hallarla bağlı formalaşmış vahid məhkəmə təcrübəsinə dair kassasiya instansiyası məhkəməsinin digər qərarları (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-992/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1097/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-998/2024 nömrəli qərarları) mövcuddur və cavabdeh inzibati orqanın həmin dəlilə istinad etməklə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən hərəkəti kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə də ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarının yuxarıda qeyd edilən məhkəmə təcrübəsi olan işlərdən fərqi ondan ibarətdir ki, həmin işlərdə iddiaçılara təyin edilmiş pensiya dayandırılmış, hazırkı işdə isə iddiaçı ilkin pensiya təyinatı ilə bağlı müraciət etmişdir. Kollegiya iddiaçının hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmaqla bərabər, əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüququ xx.xx.2021-ci ildə yarandığına görə pensiya təyinatı həmin vaxt qüvvədə olan qanunvericilik normalarına əsasən təyin edilməlidir. Həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən: Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçıya xx.xx.2021-ci il tarixdən həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt tələb olunur, 25 il sığorta stajı və tələb edilən pensiya kapitalı. İş materiallarına əlavə edilmiş "xxxx" Aviaşirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin uçuş heyətlərinin vəzifələrində uçuş saatları barəsində arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən hal-hazıradək "xxxx" Aviaşirkətində İL-76 HG-nin bortoperatoru vəzifəsində işləyir. Həmin Arayış əmək və uçuş kitabçaları əsasında, Azərbaycan Respublikası uçuş heyətinin təqaüdə çıxması barədə qanuna uyğun olaraq tərtib olunub, vəzifəli şəxslərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur. İddiaçı uçuş işində xidməti illərinə görə xx.xx.2021-ci il tarixinədək 5400 (Beş min dörd yüz) saat olmaqla sığorta stajı 25 il təyin olunub. Göründüyü kimi iddiaçının tələb edilən sığorta stajı mövcuddur. Məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqana sorğu ünvanlanaraq 27 dekabr 2021-ci il tarixdə İddiaçı məxsus pensiya kapitalının məbləği barədə, eyni zamanda həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən tələb olunan pensiya kapitalının məbləği barədə məlumat verilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının 3-17-1/2- 58676/2025 nömrəli, 11 mart 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 27 dekabr 2021-ci il tarixinə ona münasibətdə 98780,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 109290,10 manat təşkil edir. Göründüyü kimi iddiaçıya xx.xx.2021-ci il tarixdən həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən ikinci şərt, yəni pensiya kapitalı şərtidə ödənilmiş olur. Bu isə iddiaçının tələbinin əsaslı olduğunu göstərir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə məhkəmə praktikasına istinad edilsə də, cavabdeh tərəfindən məhkəmə praktikasına zidd mövqe bildirilmişdir ki, bu da başadüşülən deyil. Eyni zamanda məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının 25 il sığorta stajı hazırda qüvvədə olan qanuna edilmiş dəyişiklikdən əvvəl yarandığı üçün, ona pensiya təyini üçün yaş məhdudiyyəti tətbiq edilmir. İddiaçı ona Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi iddiaçıya xx.xx.2021-ci il tarixində qüvvədə olan Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi başa düşülməlidir. Məhkəmə kollegiyası pensiyanın təyini və ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından da aydın olur ki, iddiaçının cavabdeh inzibati orqana sonuncu müraciəti 28 iyun 2024-cü il tarixdə olmuşdur (Cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının 01 iyul 2024-cü il tarixində daxil olmuş müraciətinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxıldığını qeyd etmişdir). Bu səbəbdən də iddiaçıya 27 dekabr 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ona ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2-1(118)-5486/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-226/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-226/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver