Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-227/2023 14.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(85)-4292/2017 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əmək haqqının indeksləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2-1(85)- 4292/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əmək haqqının indeksləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 yanvar 2018ci il tarixli, 2-1(105)-97/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2-1(85)- 4292/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2018-ci il tarixli, 2-1(102)-650/2018 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 yanvar 2018-ci il tarixli, 2-1(105)-97/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə mindikdən sonra 29 iyun 2018-ci il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə göndərilmişdir. Şöbə 11 iyul 2018-ci il tarixli məktubunda bildirmişdir ki, məhkəmənin qərarı tərəflərindən icra olunmuşdur. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iş üzrə icraatın təzələnməsi və ərizəçi DSMF-nin Abşeron rayon şöbəsinin əsl ərizəçi DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən Şöbənin pensiya təyin edən komissiyasının xx.xx.1995-ci il tarixli 344 nömrəli qərarı ilə iddiaçıya İİ qrup ÇAES əlili kimi pensiya təyin edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2017-ci il tarixdə Abşeron rayon Şöbəsinə müraciət edərək 1987-ci il tarixli əməkhaqqı arayışı əsas götürülməklə pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir. Müvafiq məhkəmə qərarları əsasında iddiaçının əmək pensiyası 1987-ci il aprel ayı üzrə 4589-57 rubl, may ayı üzrə 6834-46 rubl və iyun ayı üzrə 5489-43 rubl əməkhaqqı əsas götürülməklə yenidən hesablanmışdır. Qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş əməkhaqqı cədvəlləri bilərəkdən yüksək məbləğdə pensiya alınması məqsədilə sonradan saxtalaşdırılmışdır. Belə ki, sözügedən faktın müəyyən olunması üçün saxtalaşdırıldığı ehtimal olunan əməkhaqqı arayışlarının mötəbərliyinin yoxlanılması məqsədilə X5 müvafiq sorğu göndərilmişdir. X4 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil məktubunda X4 Çerniqov bölgəsindəki Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 1581 nömrəli akt tərtib olunduğu qeyd olunmuşdur. Həmçinin, aktda iddiaçının adına 1987-ci il aprel ayından iyul ayınadək verilmiş xx.xx.2017-ci il tarixli 322-06 və 321-06 nömrəli arayışların Çerniqov şəhər Şurasının Arxiv şöbəsi tərəfindən verilmədiyi və imzalanmadığı göstərilmişdir. Göründüyü kimi iddiaçı əməkhaqqı arayışını saxtalaşdırmaqla əmək pensiyasının yenidən hesablanmasına nail olmuşdur. İddiaçının müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya hüququ qazanması faktına hüquqi qiymətin verilməsi məqsədilə AR ƏƏSMN tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin istintaq idarəsində cinayət işi açılaraq istinaq aparılır. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(085)-4292/2017 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadla razılaşmayan ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Sözügedən iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, bütün məhkəmə aktlarında iş materiallarına əlavə edilmiş sənədlər kimi iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, 1987-ci ilin aprel ayı üzrə 4589,57 rubl, may ayı üzrə 6834,46 rubl və iyun ayı üzrə 5489,43 rubl aldığı əks olunmuş əməkhaqqı arayışı göstərilmişdir. Bununla belə, qərarların əsaslandrma hissəsində iddiaçının pensiyasının ötən dövrlərdən yenidən hesablanması ilə bağlı qüvvədə olmuş və ya qüvvədə olan qanunvericiliklə əsaslı mübahisələndirmələrin aparılmadığı məlum olmuş, qeyd olunan arxiv arayışına istinad edilməklə qərarlar qəbul edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, məhkəmələrdə tarixi və nömrəsi qeyd edilməyən əməkhaqqı barədə arxiv arayışı üzrə heç bir zəruri tədqiqat işləri aparılmadan, o cümlədən, həmin arayışların həqiqiliyi və etibarlılığı yoxlanılmadan iddia tələbi təmin edilmişdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qərardadda göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, Mərkəzi Filial tərəfindən X4 Çerniqov bölqəsindəki Baş idarəsinin xx.xx.2021-ci il tarixli 1581 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlılığının və əsaslılığının qarşılıqlı yoxlanılması aktı və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu iş materiallarına əlavə edilməsinə baxmayaraq məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş, hüquqi qiymət verilməmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş saxtalaşdırıldığı ehtimal olunan iş stajı və əməkhaqqı arayışları əsasında Fondun keçmiş Abşeron rayon şöbəsi vasitəsilə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində iddiaçının plastik kart hesabına faktiki köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 141456,32 manat təşkil etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, ərizə iddiaçı tərəfindən təqdim edilmiş əməkhaqqı cədvəllərinin bilərəkdən saxtalaşdırılması ilə əsaslandırılsa da, ərizəçinin qərarın qanuni qüvvəyə minməsindən sonrakı 3 ildən çox müddət ərzində məhkəməyə müraciət etməməsi, hazırda mübahisələndirməyə çalışdığı işin faktiki hallarının aydınlaşdırılması üçün heç bir tədbir görməməsi, məhkəməyə deməyə imkan verir ki, bu hallar işə baxılarkən ya sonuncuya məlum idi, yaxud da məlum olmalı idi. Ərizəçi mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmişdir, qanunvericiliklə müəyyən edilmiş və bərpası istisna olunan prosessual müddəti buraxmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən hallar, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağlı olmalıdır. Sonradan yaranmış sübutlar və hallar da məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı, həmçinin, tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və ya hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Ərizəçi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə və apellyasiya şikayətinin dəlillərində belə hallar qismində iddiaçı tərəfindən təqdim edilmiş əməkhaqqı cədvəllərinin yüksək məbləğdə pensiya alınması məqsədilə saxtalaşdırıldığını qeyd etsə də, istinad etdiyi halların ilkin məhkəmə araşdırmaları zamanı müəyyən edilməməsi və məhkəməyə təqdim olunmamasının onun iradəsindən asılı olmayan səbəblərini qeyd etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, ərizəçinin hazırkı dəlilləri onun tərəfindən yol verilmiş ehtiyatsızlıq nəticəsində aşkar edilmədiyindən ilkin məhkəmə araşdırmalarının predmeti olmamışdır. Belə ehtiyatsızlıq isə ərizəçinin məsuliyyət sferasına aid olan məsələ kimi qiymətləndirilməlidir. Bu baxımdan həmin hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz. Göründüyü kimi ərizəçi icraatın təzələnməsi üçün qanunun müddəalarından irəli gələn hallar ilə əlaqədar hər hansı bir əsas gətirməmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, İPM-nin 103.1 və 103.2-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə görə bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İstinad olunan normaların tələblərindən də göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2-1(85)-4292/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qərar 2018-ci ildə qanuni qüvvəyə minmişdir. Ərizəçi isə xx.xx.2022-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ərizəçi hazırkı məzmunda ərizənin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür. İPM-in 106.3-cü maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, kollegiya belə nəticəyə gəlir ki, icraatın təzələnməsinə dair ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Eyni zamanda ərizənin həm də qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyi və müddətin bərpasına yol verilmədiyi də nəzərə alınmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(085)-4292/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-227/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-227/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver