Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-228/2020 11.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X7 1 saylı regional ərazi filialına qarşı “mərhum həyat yoldaşı X3 müharibə veteranı vəsiqəsini aldığı xx.xx.1999-cu il tarixindən vəfat etdiyi xx.xx.2017-ci il tarixədək olan dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-430/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “mərhum həyat yoldaşı X3 müharibə veteranı vəsiqəsini aldığı xx.xx.1999-cu il tarixindən vəfat etdiyi xx.xx.2017-ci il tarixədək olan dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçının həyat yoldaşı X5 müharibə veteranı olduğuna görə, ona sağlığında verilməli olan veteranlar üçün nəzərdə tutulan aylıq müavinətin xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək hesablanaraq ona birdəfəlik ödənilməsinə dair cavabdeh orqana müraciət etmiş və cavabdeh **********6 nömrəli xx xxxxxx 2019-cu il tarixli məktubla bundan imtina etmişdir. Bu da onun Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin bu imtinası qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, onun həyat yoldaşı X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmənə qarşı vuruşduğu üçün xx.xx.1999-cu il tarixdə müharibə veteranı vəsiqəsi ilə təmin olunmuşdur. Lakin qanunvericiliklə veteranlar üçün nəzərdə tutulan aylıq müavinətin verilməsi üçün müraciət etməmişdir. Həyat yoldaşı Azərbaycanın müdafiəsi zamanı ağır güllə yarası almışdır. Uzun sürən müxtəlif xəstəliklərdən sonra, xx.xx.2017-ci ildə rəhmətə getmişdir. Qanunvericiliyə uyğun olaraq, o, ona həyat yoldaşına sağlığında verilməli olan müavinətin verilməsini istəyir. Hesab edir ki, həyat yoldaşına veteran statusu verildiyi xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulan aylıq müavinət hesablanaraq birdəfəlik ona ödənilməlidir. Həyat yoldaşının Veteranlar üçün nəzərdə tutulmuş aylıq müavinətin verilməsi üçün müraciət etməməsinə səbəb onun döyüşlərdə yaralanması nəticəsində yataq xəstəsi olması olmuşdur. Müraciətin edilməməsi veteran statusunun itirilməsinə səbəb olmur. Sadəcə bu müavinətin vaxtında alınmaması ilə nəticələnə bilir. Hər kəsin öz hüquqlarından istifadə etməsi qanunvericilikdə təsbit edilmişdir. Bu səbəbdən o da qeyd edilən müavinətin verilməsini cavabdehdən tələb edir, çünki həyat yoldaşı veteran statusunu 1999-cu ildə qazanmış və həmin statusu vəfat etdiyi xx.xx.2017-ci il tarixədək saxlamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, ”Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı–ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Qanunun 9.1 maddəsinin mətnindən də göründüyü kimi, müraciət edilmə vaxtından asılı olmayaraq əvvəlki 3 il üçün müavinət almaq hüququ iki müddətlə, bu Qanunun qəbul edildiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Yəni hüququn yarandığı gün bu Qanunun qəbul edildiyi gündən əvvələ təsadüf edirsə, onda qanun qəbul edildiyi gündən, hüququn yarandığı gün bu Qanunun qəbul edildiyi gündən sonraya təsadüf edirsə, onda hüququn yarandığı gündən, lakin hər iki halda müraciətdən əvvəlki 3 ildən artıq olmayan müddət daxilində müavinət təyin edilir. Mərhum X5 xx.xx.2017-ci il tarixədək qeydiyyatda olduğu müvafiq rayon üzrə rəsmi müraciəti qeydə alındığı təqdirdə həmin dövr üçün onun həyat yoldaşı İddiaçı müraciətinə qanunvericiliyə uyğun baxıla bilərdi. Qeyd olunanları nəzərə alaraq İddiaçı xx.xx.1999- cu ildən xx.xx.2017-ci il tarixədək sosial müavinətin ödənilməsi barədə iddiasının rədd olunması məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-430/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-430/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Sumqayıt şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X11 X13 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğranda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Qanun, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və Azərbaycan Respublikası ərazi bütövlüyü uğranda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə tənzimlənir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğranda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər...müharibə veteranları sayılırlar. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təqdim edildikdə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər həyata keçirilir. Yəni normanın açıqlamasına görə vəsiqə vərilməmiş şəxslərə qeyd olunan güzəştlər tətbiq olunmur. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər-bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Göründüyü kimi, hər hansı güzəştin tətbiq edilməsini deyil, “Sosial müavinətlər haqqında” Qanunla iddiaçıya ödənilməli olan aylıq müavinətin ödənilməsini xahiş edir və qanunla ödənilməli olan müavinət hansısa güzəşti ehtiva etmir. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-430/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, xx.xx.1999-cu il tarixdə iddiaçının mərhum ərinə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İddiaçı tələb edir ki, mərhum ərinin qanuni vərəsəsi olduğuna görə ona (ərinə) sağlığı dövründə çatacaq sosial yardımı almaq hüququna malikdir. Cavabdeh inzibati orqan isə xx xxxxxx 2019-cu il tarixli məktubla bundan imtina etmişdir. Cavabdeh orqanın etirazında gətirdiyi arqumentlərdən biri o olmuşdur ki, mərhuma çatacaq sosial müavinətin onun ailə üzvünə verilməsi yolverilməzdir. Belə ki, qeyd olunan müavinət müharibə veteranlarına onların kommunal, nəqliyyat və digər xərclərinin ödənilməsi ücün verilmiş sosial yardımdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iddiaçının mərhum əri X5 müharibə veteranı vəsiqəsini xx.xx.1999-cu il tarixində almasına baxmayaraq, sağlığı dövründə müharibə veteranlarına şamil olunan güzəştlərdən (sosial müavinat) istifadə etməsi ilə bağlı müvafiq icra hakimiyyətinə müraciət etməmişdir. “Sosial müavinatlar haqqında” Azərbaycan Respublikası Qanunun 10.3-cü maddəsinə əsasən isə müavinətlərin təyin edilməsi üçün müavinət almaq istəyən şəxsin müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməsi zəruri şərtdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli məlum Fərmanında nəzərdə tutulur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 manat məbləğində müavinət təyin edilmişdir. 3- cü bəndində qeyd olunmuşdur ki, bu Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Kollegiya iddiaçının mərhum həyat yoldaşının qanun üzrə vərəsəsi olması və buna görə də ona çatası miras aktivini qəbul etmək hüququna malik olmasına dair dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-cimaddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.5-ci və 11.2-ci maddələrinə əsasən sosila müavinət almaq hüquq olan şəxs pensiya hüququ qazandıqda və müavinət alan şəxs öldükdə müavinətlərin verilməsi dayandırılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən müavinət ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvü bu barədə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da göründüyü kimi, X1 qüvvədə olub onun vəfatı ilə dayandırılan (Qanunun 11.2- ci maddəsi) və şəxsi xarakter daşıyan mərhuma mənsub əmlak hüququ mirasın tərkibinə daxil deyildir.(MM-nin 1153-cü maddəsi) Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə (maddə 1151 və 1152) iddiaçı yalnız mərhum əri Vidadi Əzizovun öldüyü günədək mülkiyyətində olduğu əmlak üzrə qanun üzrə vərəsə hesab edilmişdir. X12 sağlığında müavinətin alınması ilə bağlı müvafiq icra hakimiyyətinə müraciət edərək qanuna uyğun sosial müavinət almaq hüqunu əldə etmiş olsa idi, onun vəfatından sonra qanun üzrə vərəsəsi hesab edilən Təranə Baxşəliyeva hesabına yatırılmış, lakin ödənilməmiş müavinətin ödənilməsini tələb etməkdə haqlı olardı. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-430/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-430/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-1(105)-228/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-228/2020
11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver