Məhkəmə qərarları › İş №2-1(105)-228/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-228/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-228/2021 06.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən JN 5156A kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-664/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən JN 5156A kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 29.01.2020ci il tarixli, **********76 saylı məktubu ilə iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN- 5156A kod 30301004 saylı şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində Quba şəhəri ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsini özəlləşdirmək üçün hüquqmüəyyənedici sənədləri toplayıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba şöbəsinə təqdim etmiş, həmin təşkilatda sənədlər qəbul edilməmiş, bildirilmişdir ki, iddiaçının mülkiyyətində olan JN 5156A kod 30301004 saylı şəhadətnamə üzrə 0.10 ha torpaq idarənin baza sənədlərində qeydə alınmayıb, ona görə sənədləri qəbul etməkdən imtina etmişdirlər. İddiaçı məcburiyyət qarşısında qalıb 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, 5 saylı Xaçmaz Ərazi İdarəsindən iddiaçıya bildirilmişdir ki, onun mülkiyyətini təsdiq edən şəhadətnamə baza sənədlərində qeydə alınmamış, ona görə də çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə etdiyi JN 5156A kod 30301004 saylı şəhadətnamədən görünür ki, iddiaçının mülkiyyətində 0.10 ha torpaq sahəsi vardır, həmin şəhadətnamədə mülkiyyətinə verilmiş 0.10 ha torpağın sxemi belə qeyd edilmiş və həmin şəhadətnamədə DTXK-nın Quba şöbəsinin müdiri A.Xudaverdiyevin və Dövlət Yerquruluşu Layihə İnstitunun direktoru F.Cəfərovun imzaları və möhürləri ilə təsdiq edilmişdir, həmin sənədin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin bazasında öz əksini tapmaması və DTXK-nın Quba şöbəsinin təhvil verilməməsi, arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması iddiaçının təqsiri üzündən baş verməmiş və bu hal iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Quba şəhər Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyetri Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-664/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı apelyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ondan torpağa dair sənədləri qəbul etməyərək bildirmişdir ki, mülkiyyətində olan JN 5156A kod 30301004 saylı şəhadətnamə üzrə 0,10 ha torpaq idarənin baza sənədlərində qeydə alınmayıb, ona görə də çıxarışın verilməsindən imtina edilir. Ona verilmiş JN 5156A kod 30301004 saylı şəhadətnamə, torpağın sxemi DTXK-nın Quba rayon şöbəsinin müdirinin və dövlət yerquruluşu layihə institunun direktorunun imzaları və möhürləri ilə təsdiq edilmişdir. Həmin şəhadətnamənin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin bazasında öz əksini tapmaması və DTXK-nın Quba şöbəsinin həmin sənədləri təhvil verməməsi, arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması onun təqsiri üzündən baş verməmişdir bu hal onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas bilməz. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. İş materiallarına olan JN 5156A kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunmuşdur ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün 0,10 ha torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı arxivdə aşkar olunmamışdır. Məhkəmə qərarında həmçinin göstərmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə idiaçıya və ailə üzvlərinin qanuni istifadəsində olan digər torpaq sahəsinin mülkiyyətə verilməsinə aid sənədlər məhkəməyə təqdim edilsə də, hazırda mübahisə predmeti olan torpaq sahəsinə aid ilkin sənədlərin olması və dövlət reyestrində torpaq sahəsi ilə bağlı məlumatların olması müəyyən edilmir. Məhkəmə kollegiyası da göstərilən halların araşdırılması üçün X3 filialına sorğular vermiş, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarının və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin arxiv çıxarışının təqdim edilməsini, iddiaçıya aqrar islahat zamanı torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə məlumat verilməsini xahiş etmişdir. X3 filialının 13 nömrəli 29.03.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli, 05 saylı iclası 25 may 2000-ci il tarixində olmuşdur. X3 filialının 538 nömrəli 09.06.2021-ci il tarixli məktubunda isə göstərilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il üçün iclas protokollarının qərarları ilə torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısı filiala təhvil verilməmişdir. Göründüyü kimi, İddiaçı fərdi yaşayış evi tikintisi üçün 0,10 ha torpaq sahəsinin verilməsinə dair Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı arxivdə aşkar olunmamışdır və ümumiyyətlə Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixdə 05 saylı qərarı may ayının 25-i qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi şəhadətnaməyə əsasən mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və həmin sənədin arxiv məlumatları olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-664/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar