Məhkəmə qərarları › İş №2-1(105)-228/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-228/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-228/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 250 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin Xırdalan- Masazır avtomobil yolunun mühafizə zolağına düşən 10 kv.m hissəsi istisna olmaqla qalan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2- 1(118)-2603/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Avtomobil yollan haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudları daxilində yerləşən avtomobil yollarının qorunma (mühafizə) zolaqları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu səbəbdən, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi (Abşeron rayonu, Əliağa Vahid küçəsi) yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə (0,10 ha torpaq sahəsi) avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təqdim olunan sənədlər araşdırılarkən torpaq sahəsinin həyaətyanı torpaq sahəsi kimi ayrıldığı və Masazır kəndində mərkəzi, qəsəbələrarası avtomobil yolunun kənarında yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunan avtomobil yolu “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 59 nömrəli Qərarına əsasən yerli əhəmiyyətli avtomobil yollarına aiddir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, № 250 qərarı ilə fərdi yaşayış evlərinin tikintisinə torpaq sahəsi ayrılması haqqında Abşeron rayon suvarma istehsalat birliyinin fəhlə və mütəxəssizlərinə fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında. Ləğv edilmiş Abşeron rayon suvarma istehsalat birliyinin 11 noyabr 1988-ci il tarixli 65 №-li əmrinə baxılması. Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli 17/867-10 №-li məktubuna əsasən Abşeron rayon suvarma istehsalat birliyinin fəhlə və mütəxəssizləri üçün fərdi ev tikmək məqsədilə hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailəyə 5 hektar Xırdalan südçülük sovxozundan torpaq sahəsi ayrılmışdır. Abşeron torpaq sahəsi Xirdalan sovxozunun balansından çıxarılmış, Abşeron rayon suvarma istehsalat birliyinin balansına keçirilmişdir. Abşeron rayon suvarma istehsalat birliyinin 11 noyabr 1988-ci il tarixli 65 №-li əmrinə əsasən ayrılmış torpaq sahəsindən 29 nəfər işçiyə torpaq sahəsi ayrılmışdır. Birliyin əmri baxılmaq üçün Abşeron RİK-ə göndərilmişdir. Abşeron RİK baş memarı Z.Xələfova və RASB-nın yerquruluşçu-mühəndisı R.Quliyev tərəfindən RİK-ə qərar lahiyəsi hazırlanmışdır. Lakin bizə bəlli olmayan səbəblərə görə həmin sənədlər Abşeron RİK-də müzakirə edilmişdir. Torpaq almış 29 nəfər vətəndaş Abşeron RİK-in qərarı olmadığı üçün ssuda ala bilmədiyinə görə böyük narazılıçığına səbəb olmuşdur. Həmin vətəndaşlar qrup halında müxtəlif rəhbər orqanlara şikayət edirlər. Həmin şikayətlərin qarşısını almaq məqsədilə, vətəndaşların haqlı tələbi ödənilməsi vacib məsələdir. Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli 263 №-li qərarı ilə sonradan ləğv edilmiş Abşeron rayon suvarma istehsalat birliyinin fəhlə və mütəxəssizlərinə fərdi ev tikmət hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailəyə beş hektar həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınsın. Aşağıdakı vətəndaşlara hər birinə 0,10 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Abşeron rayon suvarma istehsalat birliyinin 11 noyabr 1988-ci il tarixli 65 №-li əmri nəzərə alınsın....17. İddiaçı...Vətəndaşlara həmin torpaqda sahəsində 60 kv.m. Ölçüyədək fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Qərarın icrasına nəzarət RİK-in müavini İ.İbrahimov yoldaşa həvlə edildin. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 250 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin Xırdalan-Masazır avtomobil yolunun mühafizə zolağına düşən 10 kv.m hissəsi istisna olmaqla qalan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 250 saylı qərarı ilə iddiaçıya 0.10 hektar torpaq sahəsi ayrımış, həmin torpaq sahəsində 60 kv.m ölçüyədək fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bu günə kimi həmin toıpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Torpaq sahəsi il bağlı hər hansı mübahisə mövcud olmamışdır. Cavabdehə müraciət edərək 0.10 ha torpaq sahəsindən 0.09 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişik, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmiş, imtinaya əsas kimi, Torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli qərarın nömrəsinin pozulduğu; Sözügedən qərara dair torpaq sahəsinin yerləşmə vəziyyətinin özündə əks etdirən ilkin baş planın və təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilməməsi; Bundan başqa sözügedən toıpaq sahəsinin 10 kv.m hissəsinin isə Xırdalan-Masazır avtomobil yolunun mühafizə zotağına düşməsi göstərilmişdir.Cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, o sözügedən 0.10 ha torpaq sahəsinin 10 kv.m hissəsinin Xırdalan-Masazır avtomobil yolunun mühafizə zolağına düşən hissəsindən imtina edir. Qalan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdehin digər dəlilinə, yəni Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990cı il tarixli qərarın nömrəsinin pozulmasına münasibətdə qeyd edir ki, Abşeron rayon Dövlət Arxivinin 22 aprel 2016-cı il tarixli, F-353 saylı Arxiv arayışı ilə Abşeron rayon XDS icraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli qərarının nömrəsinin 250 saylı olması öz təsdiqini tapır. Bundan başqa Abşeron rayon Dövlət Arxivinin arxiv arayışında qeyd edilir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli 250 saylı qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin qərara aid ayrıc aktı, cizgi və s. bu kimi sənədlər Dövlət Arxivinə təhvil verilməmişdir. Hesab edirəm ki, ayrıc aktının olmaması onun mülkiyyət hüquqlarımın məhdudlaşdırılmasına səbəb ola bilməz. Bundan əlavə sözügedən torpaq sahəsinin yerquruluşu planından çıxarış, ortofoto görüntüsünü də iş materiallarına əlavə edilmişdir. İddiaçı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 250 saylı qərarı ilə ona ayrılmış 0.10 ha torpaq sahəsinin 0.09 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu. Masazır kəndində yerləşən İddiaçı məxsus 0.09 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli qərarının nömrəsinin pozulduğu, sözügedən qərara dair torpaq sahəsinin yerləşmə vəziyyətini özündə əks etdirən ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi, Torpaq sahəsinin 10 kv.m hissəsinin isə Xırdalan-Masazır avtomobil yolunur mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Bildirilir ki, qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Göstərilən səbəblərdən iddiaçının müraciəti müsbət həll edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2- 1(118)-2603/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilmiş, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 250 saylı qərarı ilə ona ayrılmış 0.10 ha torpaq sahəsinin 0.09 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Belə ki, Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı ayrılmış 0.09 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı məxsus 0.09 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli qərarının nömrəsinin pozulduğu; sözügedən qərara dair torpaq sahəsinin yerləşmə vəziyyətini özündə əks etdirən ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi; torpaq sahəsinin 10 kv.m hissəsinin Xırdalan-Masazır Avtomobil yolunun mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Bu səbəblərdən də ərizənin icrasından imtina olunmuşdur. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. İddiaçının apellyasiya şikayətinə dair etirazının dəlilləri İddiaçı apellyasiya şikayətinə dair etirazında qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından şikayət edən cavabdeh əsasız olaraq müddəti uzatmaq, vətəndaşı süründürmək məqsədilə apellyasiya şikayəti vermişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2603/2022 nömrəli, xx.xx.2022-ci tarixli qərarı ətraflı araşdılmış, tədqiq edilmiş sübutlar əsasında qəbul edilmişdir və apellyasiya şikayəti əsassızdır. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi formal tələbləri apellyasiya şikayətində təkrarlamışdır. Halbuki, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən həmin tələblər tədqiq edilmiş və əsaslı araşdırma aparılmasına baxmayaraq, cavabdeh apellyasiya şikayətində də eyni tələblərlə çıxış etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli 250 nömrəli Qərarı ilə Abşeron rayonu Masazır kənd ərazisində yerləşən 0,10 torpaq sahəsinin 0,09 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuş və imtinanın əsası kimi həmin qərarın nömrəsinin pozulması, torpaq sahəsinin 10 kv.m hissəsinin müvafiq avtomobil yolunun mühafizə zolağına düşməsi və həmin torpaq sahəsinin yerləşmə vəziyyətini özündə əks etdirən ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilməməsi halına istinad edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri də imtinanın əsasları ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qedy olunmalıdır ki, hazırki işin materiallarında olan Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli məktubun məzmunundan görünür ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin Qərarının 28 sentyabr 1990-cı il tarixli 250 nömrəli olduğu qeyd olunmuşdur. Bu halda, məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi qərarın nömrəsinin pozulması halı ilə bağlı qeyd edir ki, qeyd olunan hal iş materialları əsasında təkzib olunur. Bundan əlavə cavabdeh inzibati orqanın özü də həmin halın aydınlaşdırılması ilə bağlı müvafiq arxiv idarəsinə sorğu vermək səlahiyyətinə malik olduğu halda, bu hüququndan istifadə etmədən həmin hala istinad etməsi, özlüyündə həmin halın imtinanın formal əsası kimi kimi qiymətləndirilməsinə əsas verir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq Qərar əsasında ona 0,10 ha torpaq sahəsi ayrıldığı halda, 0,90 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına dair notarial razılıq ərizəsi təqdim etmiş, habelə iddia tələbi 0,90 ha torpaq sahəsi ilə bağlı olmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsininyerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə (0,10 ha torpaq sahəsi) avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır (“Avtomobil Yolları haqqında” Azərbaycan Respublikası Qanunun 15-1-ci maddəsinə əsasən). Bu halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iznibati orqanın imtinanın əsası kimi istinad etdiyi digər hal da mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olmamaqla, qanunvericiliyin tələbinə əsasən imtinanın əsası kimi çıxış etməməklə, həmin hal da təkzib olunur. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 №li Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar qeyd edilmişdir. İndiki halda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq torpaq sahəsinin iddiaçıya ayrılmasının əsası kimi məhz Abşeron Rayonu XDS İcraiyyə Komitəsinin müvafiq qərarı çıxış etmiş, habelə həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçı ilə yanaşı 50 ailəyə hər ailə üçün 0,10 ha torpaq sahəsi olmaqla ayrılmışdır. Göründüyü kimi, müvafiq torpaq sahəsinin iddiaçıya ayrılması əsası qanuni olmuşdur. İndiki halda, həmin sənədlərin mötəbərliyini istisna edən hal aşkar edilməmişdir. Həmçinin, qeyd olunan Fərmanın tələbinə əsasən həmin qərar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi çıxış edir. Həmçinin, qeyd olunmalıdır ki, hazırki iş üzrə müvafiq torpaq sahəsinin ayrılmasına dair qərara aid ayrıc aktı, cizgi və s. kimi sənədlərin arxiv idarəsinə təhvil verilməsi aşkar edilməsə də, indiki halda həmin torpaq sahəsinə dair texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmiş, torpaq sahəsinin yerləşmə planı, yerquruluşu planı iş materiallarında əlavə edilmişdir. Qeyd olunan hallar da özlüyündə cavabdehin imtinasıının əsası kimi istinad etdiyi digər halları da təkzib edir. Eyni zamanda, qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə iş materiallarından həmin torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması, orada fərdi yaşayış evi tikməsi, yaşaması, torpaq sahəsi ilə bağlı mübahisənin olması, habelə torpaq sahəsinin təyinatı və kateqoriyası ilə bağlı hər-hansı mübahisənin olması müəyyən olunmur. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçririlir Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmaısnı qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımından qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdıırlmasının yolverilməzliyi də xüsusi həmiyyət kəsb edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq torpaq sahəsinin iddiaçıya ayırlması əsası qanunauyğun olduğundan, həmin torpaq shaəsinə dair iddiaçının mülkiyyət hüququnun mövcudluğunun qanuni əsası olduğundan və onu istisna edən hal aşkar edilmədiyindən, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2- 1(118)-2603/2022 nömrəli dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar