Məhkəmə qərarları › İş №2-1(105)-228/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-228/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-228/2025 28.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 və qeyrilərinin cavabdeh Quba rayon Küpçal-Dağlı bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Quliyev İsmayıl Rza oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçıların nümayəndəsi və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Quba rayon Küpçal- Dağlı bələdiyyəsinə qarşı cavabdeh tərəfindən rəsmi bələdiyyə sənədlərinin təsdiqlənmiş sürətlərini aydiyyati üzrə onlara təqdim edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 2526/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Küpçaİ - Dağlı Bələdiyyəsi tərəfindən rəsmi bələdiyyə sənədlərinin təsdiqlənmiş sürətlərini aydiyyati üzrə, onlara təqdim edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2526/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini səlahiyyəti olmayan inzibati orqana yönəltdiyindən onun iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçıların tələbinə münasibətdə qanunvericiliklə hazırki cavabdehə keçmiş Aqrar İslahat Komissiyasının qərarının təqdim edilməsi ilə bağlı hər hansı bir səlahiyyət verilməmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçılara hüquqi yardım edilərək, izah edilmişdir ki, sonuncu tələblə bağlı cavabdeh əsl cavabdehlə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə) əvəz edilsə belə, bu zamanda öhdəliyin icrasına dair iddiaların mümkünlük şərtlərindən biri olan qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması şərtinə riayət edilmədiyi üçün iddia tələbi mümkün sayılmaya bilər. İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırmışlar ki, Quba Rayon Küpçal kənd sakinləri, İddiaçı2 Şixseyid oğlu, İddiaçı5 Şixseyid oğlu, İddiaçı3 Şixseyid oğlu, İddiaçı4 Şixseyid oğlu, İddiaçı1 Şaxseyid oğlu tərəflərindən 2004-cü ildə Quba rayon Küpçal kənd ərazisində fərdi evi tikmək məqsədi ilə hər birinə ayrı-ayrılıqda həyətyanı torpaq sahələrinin ayrılması və verilməsi barədə Quba rayon Küpçal Bələdiyyəsinə rəsmi müraciət etmişlər. Quba rayon Küpçal Bələdiyyəsinə təqdim edilmiş rəsmi müracətlərinə əlaqədar Küpçal Bələdiyyəsinin keçirilmiş aydiyyatı iclasında baxılmış və aydiyyatı üzrə Küpçal Bələdiyyəsinin 21 nömrəli, xx.xx.2004-cü il tarixli qərarı ilə hər birilərinə ayrı-ayrılıqda İddiaçı2 Şixseyid oğluna 0.12 ha, İddiaçı5 Şixseyid oğluna 0.12 ha, İddiaçı3 Şixseyid oğluna 0.12 ha, İddiaçı4 Şixseyid oğluna 0.12 ha, İddiaçı1 Şaxseyid oğluna 20 ha torpaq sahələri Quba rayon Küpçal Bələdiyyəsi tərəfindən, Quba rayon Küpçal kənd ərazisindən torpaq sahəsinin alqı-satqı qaydasında satılması barəsində müvafiq Qərar rəsmiləşdirilmişdir. Quba rayon küpçal kənd ərazisində yerləşən mövcud 0.70 ha torpaq səhəsi əvvəlki vaxtından hal-hazira kimi, üzun illər istifadələrində olmuş və hal-hazırda da Quba rayon Küpçal Bələdiyyəsi tərəfindən təqdim edilmiş rəsmi müracətlərilə əlaqədar, Küpçal Bələdiyyəsinin keçirilmiş iclasında baxılmış və aydiyyatı üzrə Küpçal Bələdiyyəsi tərəfindən onlara məxsus olmuş torpaq sahələri ayrı-ayrılıqda ailə üzvlərinə təqdim edilmiş 21 nömrəli, xx.xx.2004-cü il tarixli Qərarına əsasən hal-hazıra kimi fərdi istifadələrindədir. Quba rayon Küpçal Bələdiyyəsi tərəfindən 2004-cü il tarixində rəsmiləşdirilmiş Qərarı və qərara səbəb olmuş mövcud rəsmi təsdiqlənmiş sənədlərin təsdiq edilmiş sürələrini onlara məxsus torpaq sahələrinə dair ayrı-ayrılıqda təqdim edilmiş 21 nömrəli, xx.xx.2004-cü il tarixli Qərarına əsasən hal-hazia kimi, fərdi istifadələrində olan mövcud torpaq sahələrinə dair, Quba rayon Küpçal - Dağlı Bələdiyyəsinə xx.xx.2023-cü il tarixli sifarişli Poçt vasitəsi ilə, ünvanlanmış rəsmi müracət ilə bələdiyyə tərəfindən rəsmiləşdirilmişdir. Onlara məxsus torpaq sahələrinə dair ayrı -ayrılıqda təqdim edilmiş 21 nömrəli, xx.xx.2004-cü il tarixli qərarına əsasən hal-hazira kimi, fərdi istifadəsində olan mövcud torpaq sahələrinə dair Küpçal Bələdiyyəsinin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatina yararlı torpaq sahəsindən, fərdi yaşayış evi tikintisi məqsədi ilə hər birinə ayrı-ayrılıqda 0.12 ha torpaq sahələrinin satılması barədə Bələdiyyənin müvafiq Rəylərinin rəsmi təsdiq eilmiş sürətlərini aydiyyatı üzrə təqdim edilməsini, Küpçal-Dağli Bələdiyyəsindən rəsmi tələb və xahiş edilmişdir. Bələdiyyə tərəfindən onlara məxsus torpaq sahələrinə dair ayr-ayrılıqda təqdim edilmiş 21 nömrəli, xx.xx.2004-cü il tarixli qərarına əsasən bələdiyyənin qeydiyyat kitabında rəsmiləşdirilmiş, Küpçal Bələdiyyəsinin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən fərdi yaşayış evi tikintisi məqsədi ilə ümumilikdə 0.70 ha torpaq sahəsinə dair alqısatqı ilə Bələdiyyəyə ödəniş mədaxil edilməklə satılması rəsmiləşdirilmişdir. Bələdiyyə tərəfindən rəsmiləşdirilmiş onlara məxsus torpaq sahəsinə dair ayrı-ayrılıqda təqdim edilmiş 21 nömrəli, xx.xx.2004-cü il tarixli qərarına əsasən hal-hazira kimi fərdi istifadələrində olan mövcud torpaq sahələrinə dair Küpçal Bələdiyyəsinin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən fərdi yaşayiş evi tikintisi məqsədi ilə hər birinə ayrıayrılıqda verilmiş 0.12 ha torpaq sahələrinin satılması barədə Bələdiyyənin müvafiq Rəylərinin rəsmi təsdiq edilmiş sürətlərini aydiyyati üzrə təqdim edilməsini, Küpçal-Dağlı Bələdiyyəsindən rəsmi tələb və xahiş edilmişdir. Quba rayon Küpçal-Dağli Bələdiyyəsi tərəfindən Quba rayon Küpçal Bələdiyyəsinə təqdim edilmiş rəsmi müracətləri ilə əlaqədar, Küpçal Bələdiyyəsinin keçirilmiş iclasında baxılmış və aydiyyatı qərarı ilə onlara məxsus torpaq sahələrinə dair ayrıayrılıqda təqdin edilmiş 21 nömrəli, xx.xx.2004-cü il tarixli Qərarına əsasən hal-hazıra kimi fərdi istifadələrində olan mövcud torpaq sahələrinə dair Quba rayon Küpçal Bələdiyyəsi tərəfindən 2004-cü il tarixində rəsmiləşdirilmiş qərarı və qərara səbəb olmuş mövcud rəsmi təsdiqlənmiş sənədlərin təsdiq edilmiş sürələrini, onlara məxsus torpaq sahələrinə dair Quba rayon Küpçal - Dağli Bələdiyyəsinə xx.xx.2023-cü il tarixli sifarişli poçt vasitəsi ilə müracəti ünvanlanmışdır. Bələdiyyə tərəfindən onlara şifahi verilmiş məlumatina görə 2015-ci ildə, Quba rayon Küpçal Bələdiyyəsi, Dağli Bələdiyyəsi ilə birləşərək, Quba rayon Küpçal-Dağlı Bələdiyyəsi yaradılmışdır. Quba rayon Küpçal-Dağlı Bələdiyyəsi tərəfindən, aydiyyati üzrə Bələdiyyənin 93, 94, 95, 96, 97 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuları ilə, müracətlərinin təmin olunmasından imtina etmişdir. Onlar tərəfindən Quba rayon Küpçal-Dağlı Bələdiyyəsinə ünvanlanmış müracəti baxılması və aydiyyatı üzrə rəsmi təsdiq edilmiş Bələdiyyə Qərarının və qərara səbəb olmuş mövcud rəsmi Bələdiyyə sənədlərinin təqdim edilməsi, Quba rayon Küpçal-Dağli Bələdiyyəsi tərəfindən təmin edilməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. …. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. .... Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hazırki iş üzrə iddia tələbi bələdiyyə sənədlərinin təsdiqlənmiş surətinin təqdim eidlməsi ilə bağlı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, kollegiya qeyd edir ki, iddianın mümkünlüyü baxımından iddiaçının hüquqi marağının nədən ibarət olması, irəli sürdüyü iddia tələbinin onun hüquqi marağına uyğun olubolmaması, nəticə etibarilə çatmaq istədiyi məqsədə irəli sürülmüş iddia növü əsasında nail ola bilməsinin mümkünlüyü, düzgün hüquqi müdafiə vasitəsindən istifadə edib-etməməsi halları aydınlaşdırılması zəruri olmaqla, həmin halların müəyyən edilməməsi halı özlüyündə iddianın mümkün hesab edilməməsi üçün əsas hesab edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıların hüquqi marağı müvafiq torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçıların hər birinin adına müvafiq nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr tərtib edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri” PHŞ tərəfindən müvafiq məktub əsasında həmin şəhadətnamələrin idarəyə təhvil verilmədiyi və təsdiq olunmuş surətinin təqdim edilməsi qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçıların adına tərtib edilmiş Şəhadətnamələrin tərtib edilməsinə əsas olmuş sənədlərin bir qismi müvafiq bələdiyyə qərarı, bir qismi isə müvafiq aqrar islahat komissiyası tərəfindən qəbul edilmiş qərar təşkil etmişdir. Belə olan halda kollegiya hesab edir ki, indiki halda iddiaçıların hüquqi marağını torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması təşkil etdiyindən, iddiaçıların hazırki iddia tələbi onların hüquqi marağına uyğun olmamış, nəticə etibarilə iddiaçılar düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişlər. Bu hal isə özlüyündə iddianın mümkün sayılamaması üçün əsas hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Həmçinin, kollegiya əlavə olaraq iddiaçı tərəfin diqqətinə onu çatdırır ki, iddiaçılar hüquqi maraqlarına uyğun (torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) tələbi ilə məhz həmin tələbə cavab verməli olan orqana (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri” PHŞin müvafiq ərazi idarəsinə) müraciət etməli, müraciətlərinin təmin edilməsindən imtina olunduğu halda, həmin inzibati orqana qarşı inzibati məhkəmə icraat qaydasında iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2526/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar