Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-23/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər X18 və X14 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(85)-276/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək X4 1997-ci il 20 iyun tarixdən Qazax rayonu ərazisində düşmənlə təmas xəttində xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğuna görə şəhid statusu verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 2 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya Daxili İşlər, Milli Təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təyinatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mövcud qanunvericilikdə hərbi xidmət keçərkən digər səbəblərdən həlak olmuş hərbi qulluqçulara şəhid adının verilməsi nəzərdə tutulmamışdır. İddiaçı 2018-ci il 8 noyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1996-cı il 3 iyul tarixində Qobustan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış oğlu X4 1997-ci il 20 iyun tarixdən Qazax rayonu ərazisində düşmənlə təmas xəttində xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğuna görə şəhid statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, X9 1996-cı il 3 iyul tarixində Qobustan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq qısa müddətli hazırlıq keçdikdən sonra Qazax rayonu ərazisində düşmənlə təmas xəttində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin döyüşən X12 X8 radiotelefonçusu vəzifəsində hərbi xidmətə başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən verilmiş 1997-ci il N iyun tarixli, 66 nömrəli bildiriş məktubuna əsasən X9 1997-ci il 20 iyun tarixində xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. 1997-ci il N iyun tarixində onun meyidi tabutda gətirilərək Qobustan rayonu, Nabur kənd qəbiristanlığında rayon İcra Hakimiyyətinin, rayon Hərbi Komissarlığının, N nömrəli hərbi hissənin zabit əsgərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qəbiristanlığın şəhidlər dəfn olunan hissəsində dəfn edilmişdir. Dəfn mərasimində iştirak edən hərbi hissənin hərbi qulluqçuları bildiriblər ki, iddiaçının oğlu düşmənlə təmas xəttində çayın o biri tayında yerləşən taburla N nömrəli hərbi hissənin qərargahı ilə telefon əlaqəsini təmin etmək üçün döyüş tapşırığı alıb. Həmin vaxt düşmən tərəfindən həyata keçirilən təxribat nəticəsində həlak olmuşdur. O vaxtdan uzun müddət keçməsinə baxmayaraq, müvafiq orqanlar ona şəhid statusunun verilməsi üçün heç bir hərəkət etməmiş, iddiaçının ailəsinə köməklik göstərməmişlər. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 33.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 6 mart tarixli 2-1(85)- 276/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqdim edilən sənədlərdə X4 1997-ci il 20 iyun tarixində xidməti vəzifəsini yerinə yetirərkən həlak olması öz təsdiqini tapır. Lakin onun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmasını sübut edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və mahiyyəti üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 sentyabr tarixli 2-1(105)-368/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-3569/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2- 1(105)-368/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. (İ.Hüseynov) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı övladını sonuncu dəfə görmək üçün büküldüyü kəfənin açılmasına və yenidən yuyularaq kəfənlənməsinə icazə verilməməsi, X1 düşərək həlak olması cavabı, onun dəfninin yarım saat içində tələsik təşkil olunması, tabutun açılmasına icazə verilməməsi kimi hallar iddiaçıda bir narahatlıq yaratmış və oğlunun ölümündən sonra iddiaçı həmin əraziyə gedərək özü üçün dəqiqləşdirmə aparmışdır. İddiaçının oğlunun suya düşərək boğulması ehtimal olunan çay kəndin əkin sahələrini suvarmaq üçün istifadə edilən 40-50 santimetr dərinliyi olan su arxıdır. İddiaçı qeyd edir ki, şəhid statusuna malik olmaq nəticə etibarı ilə ona mənəvi rahatlıq gətirəcəkdir və onun ailəsinin cəmiyyətdəki statusu dəyişəcəkdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid sayılır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, həlak olmuş şəxsin valideynləri şəhidin ailə üzvləri hesab olunur. İddiaçı hesab edir ki, məhkəmə işə baxan zaman işin həqiqi hallarını lazımi qaydada araşdırmamış, onlara qanuna müvafiq hüquqi qiymət verməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi X10 və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə Kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həmin ərizəyə baxılmış və X4 həlak olmasının səbəb və şəraiti barədə müvafiq sorğuların edilməsi üçün Qobustan rayon bölməsinə aidiyyəti göstəriş verilmişdir. Göstərişə əsasən tərəflərindən xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə Müdafiə Nazirliyinin Mərkəzi X17 Arxivinə eləcə də, N saylı hərbi hissəyə sorğular göndərilmişdir. SHXÇDX-nin Qobustan rayon bölməsinə Müdafiə Nazirliyinin Mərkəzi X17 Arxivindən daxil olmuş xx.xx.2018-ci il tarixli 9/2-16055 nömrəli məktubda X4 N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 364 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməsi və xidməti yerində suya düşərək öldüyünə görə komandirin 21,06.1997-ci il tarixli 172 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat qeyd olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 saylı qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya Daxili İşlər, Milli Təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təyinatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mövcud qanunvericilikdə hərbi xidmət keçərkən digər səbəblərdən həlak olmuş hərbi qulluqçulara “Şəhid” adının verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də X7 şəhid adının verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 1994-cü il tarixli 1 nömrəli fərmanında nəzərdə tutulan siyahıya əlavə edilməsi mümkün hesab edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından şikayətin rədd edilməsini xahiş edir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Birinci instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi mərhum İddiaçı döyüş tapşırığının, eləcə də, döyüş təminatının hər hansı növünə aid tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olduğuna dair hər hansı sübutun olmadığına əsaslanmışdır. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, “Ölüm hadisəsinin döyüş şəraitində olan hərbi hissədə olması tərəflər arasında mübahisə olunmur.”. Belə ki, Qobustan rayon Hərbi Komissarlığının 1997-ci il 4 iyul tarixli arayışına görə X9 1997-ci il 20 iyun tarixdə xidməti vəzifəsini yerinə yetirərkən suya düşərək boğulub vəfat etmişdir. Ali Məhkəmənin qərarda əks edilmiş göstərişində deyilir ki: “əvvəla, mərhumun məhz boğulmadan öldüyünə dair işdə hər hansı tibbi sənəd (tibb müəssisənin sənədi) yoxdur, yaxud ölüm qeydində ölümün səbəbinin məhz həmin məzmunda olduğuna dair məlumat yoxdur. Mərhumun ölümü haqqında şəhadətnamənin kserosurətindən də göründüyü kimi, həmin sənəddə “ölümün səbəbi” sətrində düzəliş edilmiş, buna hər hansı münasibət bildirilməmiş, akt qeydindəki məlumatlar yoxlanılmamışdır.” Bununla bağlı məhkəmə kollegiyası tərəfindən İV-JQ seriyalı 429440 saylı ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər Qobustan rayon Nabur kənd İcra Nümayəndəliyindən tələb edilmiş, sorğuya cavab olaraq Nümayəndəliyin 9231 nömrəli xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən şəhadətnamə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Qobustan rayon Hərbi Komissarlığına ünvanlanan 1997-ci il N iyun tarixli, 66 №-li bildirişə əsasən verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Qobustan rayon Hərbi Komissarlığına ünvanlanan 1997-ci il N iyun tarixli, 66 №-li bildirişdə, Qobustan rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli arayışda həm də iş materiallarında olan, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsinin iddiaçıya ünvanlanmış 2018-ci il 2 oktyabr tarixli, 692 №-li məktubunda aşkar olaraq qeyd edilir ki, X9 1997-ci il 20 iyun tarixində xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən İV-JQ seriyalı 429440 saylı ölüm haqqında şəhadətnamənin əslinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin sənəddə “ölümün səbəbi” sətrində düzəliş edilərək X4 xx.xx.1997-ci il tarixdə xidməti yerində həlak olması qeyd edilmiş, edilmiş düzəliş Qobustan rayon Nabur kənd İcra Nümayəndəliyinin möhürü ilə təsdiq edilərək, düzəlişin edilməsinə əsas kimi N nömrəli hərbi hissənin 1997-ci il N iyun tarixli, 66 №-li bildirişi qeyd edilmişdir. Beləliklə, Q.İddiaçı ölümünə səbəb olan hadisənin (1) döyüş şəraitində olan hərbi hissədə və (2) Q.İddiaçı xidməti vəzifəsini yerinə yetirərkən baş verdiyi mübahisəsizdir, belə olduğu təqdirdə həmin xidməti vəzifənin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olub-olmadığını müəyyən edilməlidir. Bununla bağlı Ali Məhkəmənin qərarında qeyd edilir ki, “İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Q.İddiaçı ölümünə səbəb olan hadisənin (1) döyüş şəraitində olan hərbi hissədə və (2) Q.İddiaçı xidməti vəzifəsini yerinə yetirərkən baş verdiyinə dair işin mübahisəsiz hallarından çıxış etmək haqqına malik olan iddiaçının tələbinə qarşı cavabdeh inzibati orqan İddiaçı həlak olmasını (ölümünü) “digər səbəblər”ə aid edirsə (iş v.11), onda məhz cavabdeh sübut etməlidir ki: 1) döyüş şəraitində olan hərbi hissədə xidmət edən İddiaçı ölümündən bilavasitə əvvəl, hadisənin baş verdiyi anda məhz hansı məzmunda (“digər səbəblər”ə aid olan) xidməti vəzifəsini icra edirdi; 2) qanunverici həmin məzmunda xidməti vəzifəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsinə aid etmir.” Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişinə uyğun olaraq cavabdehin səlahiyyətli nümayəndəsinə İddiaçı ölümündən bilavasitə əvvəl, hadisənin baş verdiyi anda məhz hansı məzmunda xidməti vəzifəsini icra etməsi ilə bağlı zəruri sübutları məhkəməyə təqdim edilməsi tələb edilsə də, cavabdehin nümayəndəsi belə bir sübuta malik olmadıqlarını, iş materiallarına əlavə edilmiş sübutlardan başqa əlavə heç bir sübut təqdim edə bilməyəcəklərini qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.1-ci maddəsinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər Həmin Qaydaların 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarına görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, X9 1997-ci il 20 iyun tarixində döyüş şəraitində olan hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğundan və cavabdeh inzibati orqan İPM-nin 14.3-cü maddəsinə əsasən, Qamət Məmmədovun ölümünün məhz döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsinə aid olmayan xidməti vəzifənin icrası ilə bağlı öldüyünü sübuta yetirə bilmədiyindən iddiaçı tələbində haqlıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2-1(085)- 276/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. X7 şəhid statusu verilməsi vəzifəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinə həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-23/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-23/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver