Məhkəmə qərarları › İş №2-1(105)-23/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-23/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-23/2022 08.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə açar sözlər: torpaq sahəsinə görə ödənilməli olan kompensasiya tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Telman Qədir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, cavabdeh Azərbaycan Avtomobil X5 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(085)-19/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı xx.xx.2017-ci ildə cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək onun torpağının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq ona 135000 manat məbləğində kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşə məhkəmədə baxılarkən Azərbaycan Respublikasının Prezidentinin 18 oktyabr 2017-ci il tarixli, 1638 nömrəli fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.

İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-cı ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.1655 ha və 0.10807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri almış və ona Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2011-ci il tarixdə MA seriyalı ******* və MA seriyalı ******* saylı çıxarışlar verilmişdir. 2015-ci ildə ona məlum olmuşdur ki, onun mülkiyyətində olan torpaq sahəsində qazma işləri aparılır. Özünü iş icraçısı kimi təqdim edən şəxslər ona bildirmişlər ki, cavabdehin işçiləri olmaqla torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq və ona kompensasiya ödəniləcəkdir. Bundan sonra o, cavabdehə müraciət etmiş və ona bildirilmişdir ki, onun torpaq sahəsi dövlət ehtiyacları üçün alınan torpaqlar siyahısına daxil edilmiş və ondan torpağın sənədləri istənildiyindən bütün sənədləri toplayıb cavabdehə təqdim etmişdir. Dəfələrlə Layihə rəhbərinə və digər əməkdaşlara müraciət etmiş olsa da, məsələ öz həllini tapmamış və kompensasiya bu günə kimi ona ödənilməmişdir. Hazırda ona məxsus torpaq sahəsi cavabdehin əməkdaşları tərəfindən qazılaraq ilkin vəziyyətindən təxminən 10 metr dərinləşdirilərək tam yararsız hala salınmışdır. Onun torpaq sahəsinin hazırda real bazar qiyməti hər sot üçün 5000 manat olmaqla, ümumi dəyəri 135000 manat təşkil edir.

Cavabdehin etirazları:

4. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində İddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DƏDRX-i tərəfindən verilmiş çıxarış ilə qeydə alınmış, lakin həmin sahə yol tikintisi altına düşmür. Belə ki, “Bilgəh-Novxanı-Sumqayıt yolunun tikintisi” layihəsinə dəyişiklik edilmiş və avtomobil yolunun iddiaçının torpaq sahəsindən yan keçilməklə inşa edilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq bildirilir ki, avtomobil yolunun tikintisi ilə bağlı iddia qaldırmış vətəndaş müraciət edəcəyi halda müdaxilə olunan torpaqda kultivasiya və bərpa işləri təmin ediləcəkdir. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş edirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsindəki icraat:

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 2-1(085)- 2546/2017 saylı qərardadı (hakim Z.R.Pirverdiyev) ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiaçının torpaqlarının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq ona 135000 manat məbləğində kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsinə dair inzibati iş üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 2-1(085)- 2546/2017 saylı sorğusuna əsasən "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Bilgəh-Sumqayıt yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüş MA № ******* saylı çıxarışa əsasən 0.10807 ha və MA № ******* saylı çıxarışa əsasən 0.1655 ha torpaq sahələrinin ümumilikdə dəyəri təqribən 56079,0 manat məbləğində müəyyən edilmişdir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(085)- 19/2019 saylı qərarı (hakim Z.R.Pirverdiyev) ilə iddia qismən təmin edilərək X7 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.2735 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 97200 manat məbləğində kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq X8 ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qərara alınmışdır.

8. Qərardan narazı qalan cavabdeh və 3-cü şəxs apellyasiya şikayətləri verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(085)-19/2019 saylı qərarı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-505/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi H.Ç.Babayeva, hakimlər N.M.Nəsibov və Z.İ.Məmmədov) ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən MA seriyalı ******* nömrəli və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan 0,1655 ha və 0,10807 ha torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan, İddiaçı mülkiyyətində olan torpaq sahələri ilə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşüb-düşməməsini müəyyən etmək mümkün olmadığından tədqiqat aparılmamışdır.

11. “X9” MMC-nin 21 yanvar 2020-ci il tarixli qiymətləndirmə hesabatı və müşayiətedici məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən, mülkiyyətdə olan 0.1655 ha və 0.10807 ha torpaq sahələrinin 2017-ci ilin iyun ayı üçün və hal-hazıradək bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, tikinti normalarından və hesablama düsturlarından istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən, mülkiyyətdə olan 0,1655 ha torpaq sahəsinin bazar dəyəri 2017-ci ilin iyun ayına bazar dəyəri 62.000 manat, hal-hazırda bazar dəyəri 55.000 manatdır. Eləcə də sahəsi 0,10807 ha torpaq sahəsinin bazar dəyəri 2017-ci il iyun ayına 40.500 manat, hal-hazırda bazar dəyəri isə 36.000 manatdır.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-05/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi H.Ç.Babayeva, hakimlər Z.İ.Məmmədov və F.Ə.Məmmədov) ilə cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətləri təmin edilməyərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2- 1(085)-19/2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Qərardan narazı qalan cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-05/2019 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 902/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 05/2019 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətlərinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməklə iddia tələbi rədd edilməlidir ona görə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin Bakı-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə düşməsi müəyyənləşdirilməmiş və araşdırma aparılmamış, onlara düzgün qiymət verməyərək iddianı təmin etmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Belə ki, məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək, dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xx.xx.2010-cu il tarixli 2-182 nömrəli məktubu ilə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə tövsiyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin göründüyü kimi qeyd olunan tövsiyyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxılmaqla nəticədə qeyriqanuni qərar qəbul edilmişdir.

16. İş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi qərar əsassız olduğundan, habelə mövcud qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir ona görə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1-ci hissəsinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 4.1-ci bəndinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 9-cu bəndinə görə İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin də mövcudluğu yoxlanılmalıdır. Belə ki, iş materiallarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd olunan mübahisəli sahəyə görə kompensasiyanın ödənilməsindən imtina olunduğunu göstərən sübutlar mövcud olmadığından hesab edirlər ki, iddia tələbinin mövcud prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün sayılması əsasları birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Digər tərəfdən məhkəmə tərəfindən torpaqların dövlət ehtiyacları üçün alınmasına dair qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Apellyator “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü, 24-cü və 58-ci maddələrinə istinad etməklə dövlət ehtiyacı üçün alınan torpaqların qiymətləndirilməsinin qiymətləndirmə komissiyası tərəfindən müsabiqə əsasında cəlb edilən müstəqil qiymətləndiricinin alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflər, həmin təkliflərə dair nəzarət orqanının rəyləri nəzərə alınmaqla həyata keçirilməklə kompensasiyanın məbləği barədə komissiya tərəfindən qərar qəbul edilməsinə əsaslanaraq onu da vurğulamışdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Novxanı- Sumqayıt yolunun tikintisi” layihəsinə dəyişiklik edilmiş və avtomobil yolunun iddiaçının torpaq sahəsindən yan keçilməklə inşa edilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq göstərilən xüsusatlar məhkəmə tərəfindən diqqətə alınmamış, bununla bağlı zəruri araşdırma aparılmamışdır.

b) apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək onu da qeyd etdi ki, apellyasiya şikayətləri formal mülahizələrdən ibarət olmaqla, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin onu da vurğuladı ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə razıdırlar və verilmiş rəydən də məlum olur ki, iddiaçıya məxsus iki torpaq sahəsinin birindən, yəni 10 sot olan sahənin 282 kv.metr hissəsi, digər torpaq sahəsinin isə bütövlüklə, yəni 16 sot olan sahənin bütün hissəsi yol tikintisi altına düşdüyündən və buna görə kompensasiya ödənilməsilə bağlı cavabdeh tərəfi müvəkkilinə heç bir ödəniş təklifi etməyib. İddiaçıya məxsus torpaq sahəsinə 2015-ci il tarixdən müdaxilə olunub və torpaq sahəsində tikinti işləri aparılmışdır. Ona görə də Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(118)- 19/2019 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

19. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Avtomobil X5 nümayəndəsi X3 vermiş olduqları apellyasiya şikayətini müdafiə edirək əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olması apellyasiya şikayətində ətraflı göstərilmiş, eyni zamanda işin halları ilə bağlı bəzi məqamları məhkəməyə bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində iddiaçıya məxsus torpaq sahələrinin də bir hissəsinin yolun tikintisi altına düşməsi ekspert rəyilə təsdiq edilsə də, hazırda yolun tikintisi işləri tamamilə dayandırılmış və artıq torpaq sahələri yola düşən vətəndaşların siyahısı müvafiq orqanlara təqdim edilmiş və yaxın zamanlar da kompensasiya üçün məbləğlər ayrılacağı təqdirdə iddiaçıya da müvafiq kompensasiya ödəniləcəkdir. Torpaqları alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

20. Məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İİİ şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İİİ şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

22. Eyni zamanda məhkəmə kollegiyasının qərardadına əsasən iş üzrə İİİ şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı iş üzrə icraatda iştirakına xitam verilməsi, həmçinin apellyasiya şikayətinin mümkün hesab edilməməsi qərara alınmışdır.

Tədbiq edilən hüquq

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

24. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

25. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

26. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

27. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

28. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

29. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

30. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

31. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

32. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

33. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

34. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

35. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

36. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

37. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

38. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

39. Azərbaycan Respublikasının Konstitusiyası (-). Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-). Maddə 29. Mülkiyyət hüququ (-). İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (-).

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

42. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. (-). Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

43. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanun Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hazırki qərarın 23-33-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını, iş materialındakı, eləcə də məhkəmə kollegiyasının əldə etdiyi əlavə ekspertiza rəyinin və sorğuya əsasən əldə olunan sənədlərlə cavabdehin apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı kompensasiyanın məbləği hissəsində dəyişdirilməlidir.

45. Eyni zamanda məhkəmə kollegiyası onu da nəzərə alır ki, iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırkı iş üzrə məhkəmə icraatında iştirakına ayrıca akt şəklində qəbul edilmiş xx.xx.2022-ci il tarixli məhkəmə qərardadına əsasən xitam verilməklə, 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməmişdir.

46. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, torpaqların dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar olaraq alınmanın təsirinə məruz qalan şəxslərə uğradıqları real itki və məhrumiyyətlər nəzərə alınmaqla qanunvericiliklə müəyyən olunmuş qaydada ədalətli kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün isə şəxslərin alınma nəticəsində məruz qaldıqları itki və məhrumiyyətlərin real vəziyyətinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır. Geri alınma bir qayda olaraq şəxsə məxsus olan torpaq sahəsinin tamam olaraq və ya onun bir hissəsinin faktiki olaraq itirilməsi ilə nəticələnir. Bununla yanaşı, faktiki olaraq torpağın itirilməsi ilə nəticələnməsə də, onun dəyərinin və ya faydalılığının azalmasına gətirib çıxaran hərəkətlər də dövlət ehtiyacları üçün geri alınma proseduru çərçivəsində qiymətləndirilməklə müvafiq kompensasiya ödənilməsinə əsas verə bilər. Bu mənada, hazırkı mübahisə üzrə aydınlaşdırılmalı məsələ ondan ibarət olmalıdır ki, sözügedən avtomobil yolunun çəkilməsi ilə bağlı həyata keçirilən tikinti fəaliyyəti nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsini tamamilə və ya qismən itirmişdirmi və tələb etdiyi kompensasiya məhz bu itkinin əvəzidirmi? Odur ki, təkrar apellyasiya baxışında bu məsələ aydınlaşdırılmalı, ilk növbədə torpaq sahələrinin tikinti altına düşüb-düşmədiyi, düşürsə hansı hissədə düşməsi məsələsinə dəqiq aydınlıq gətirilməlidir.

47. Ali Məhkəmənin istinad edilən qərarındakı göstərişlərin yerinə yetirilməsi istiqamətində məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinin ilkin plan və profil cizgiləri çərçivəsində MA seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,10807 ha torpaq sahəsinin 0,0282 ha (282 kv.metr) hissəsi və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,1655 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları layihədə göstərilən yolun qazma yamacına düşür.

48. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflərin arasında yaranmış mübahisə alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməsi ilə bağlı münasibətlərdən yaranmış və kollegiyanın qənaətinə görə, mübahisənin həllinə mülkiyyətin müdafiəsi haqqında Konstitusiya müddəaları rəhbər tutulmaqla, əlaqəli hüquq normaları tətbiq edilməlidir.

49. Belə ki, hazırkı qərarın 39-cu bəndində istinad edilən konstitusion normaların tələbləri xüsusi mülkiyyətin qarantı olmaqla, eyni zamanda Konstitusiyanın 15-ci maddəsinin İ hissəsində vurğulanır ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Mülkiyyət dövlət tərəfindən qorunur və mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir.Lakin qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir.

50. Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİhissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).Qeyd edilən Konstitusiya Qanununda o da vurğulanır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

51. Yuxarıda göstərilən normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.

52. İşin hallarından göründüyü kimi, iddiaçının torpaq sahələrindən biri tamamilə, digəri isə qismən dövlət əhəmiyyətli yolun inşası ilə əlaqədar alınmadır. Lakin iddiaçıya həmin torpaq sahələrinə görə ödənilməli olan kompensasiya cavabdeh tərəfindən icra edilmir və bunu müxtəlif hallarla əsaslandırmağa çalışaraq bu işdə iddiaçının haqsız tələb irəli sürdüyünü apellyasiya şikayətində vurğulamışdır.

53. Belə ki, cavabdehin hazırkı qərarın 15-ci bəndində öz əksini tapan apellyasiya şikayətinin dəlillərində qeyd edilir ki, iddiaçının iddia etdiyi torpaq sahələrinin Bakı- Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşübdüşməməsi, düşərsə hansı hissədə düşməsi müəyyənləşdirilməmiş və araşdırma aparılmamış, onlara düzgün qiymət verilməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır.

54. Lakin, hazırkı qərarın 47-ci bəndində istinad edilən ekspertiza rəyindən müəyyən edildiyi kimi İddiaçı mülkiyyətində olan ümumilikdə 0,27357 (0,10807 + 0,1655 = 0,27357) ha iki torpaq sahələrinin 0,1937 (0,0282 + 0,1655 = 0,1937) ha torpaq sahəsindən ibarət hissələri “Bilgəh-Novxanı-Sumqayıt yolunun tikintisi” layihəsi çərçivəsində aparılan yol tikintisinin altına düşdüyündən cavabdehin apellyasiya şikayətinin dəlilləri bütövlükdə əsaslı hesab edilə bilməz, lakin birinci instansiya məhkəməsi iddiaçıya məxsus iki sahədən ibarət olan 0,27357 ha torpaq sahələrinin bütövlüklə yol yatağının altına düşməsinə dair gəldiyi nəticə də əsaslı hesab edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən, əsasən də torpaq sahələrinin həcmi və bir sotunun qiyməti ilə bağlı hissəsini əsaslı hesab edilərək aşağıdakıları qeyd edir.

55. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. İddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar cavabdeh tərəfindən müdaxilə baş verilməsi təsdiq edilsə də, birinci instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara sorğular etməmiş, alınacaq torpağa uyğun torpağın bazar qiymətini müəyyən etməmişdir.

56. Məhkəmə kollegiyası məhz hazırkı qərarın 42-ci bəndində istinad edilən qanun normalarının tələblərinə əsasən iddiaçının mübahisələndirdiyi torpaq sahələrinin bazar qiymətinin müəyyənləşdirilməsi üçün Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna sorğu göndərərək 2015-ci ilə dair Abşeron rayonunun Mehdiabad qəsəbəsində (dəqiq yeri bildirilməklə, yəni Novxanı qəsəbəsindən Binəqədi qəsəbəsinə tərəf, “Praqa” restoranından Binəqədi qəsəbəsi istiqamətində 300-500 metrdən sonra yolun sol tərəfində yerləşən (iddiaçının nümayəndəsinin də qeyd etdiyi kimi mübahisələndirilən torpaq sahəsi faktiki olaraq Novxanı kəndi ərazisinə aid edilsə də, torpaq sahəsi ərazi baxımından Mehdiabad qəsəbəsinə aiddir), yeni inşa edilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi altına düşmüş “Kənd təsərrüfatı təyinatlı” torpaq sahəsinin bazar qiymətinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun müəyyənləşdirilməsi məqsədilə, notariatda aparılmış alqısatqı müqavilələri tələb edilmiş və xx.xx.2022-ci il tarixli 2320 saylı cavab məktubu ilə məhkəməyə təqdim edilmiş “2015-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair alqı-satqı müqavilələri” ilə müəyyən olunur ki: - xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.4366 ha torpaq sahəsi 22000 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.3464 ha torpaq sahəsi 17000 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.1263 ha torpaq sahəsi 6500 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.13 ha torpaq sahəsi 5.400 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.1169 ha torpaq sahəsi 11.000 manata satılmışdır.

57. Məhkəmə kollegiyası hesab edir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 2015-ci ilə aid 3 ən yüksək qiyməti seçməklə, o cümlədən xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.4366 ha torpaq sahəsi 22000 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqısatqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.1263 ha torpaq sahəsi 6500 manata satılmış və xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.1169 ha torpaq sahəsi 11.000 manata satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni, 1-ci – 504 manat, 2-ci – 515 manat, 3-cü – 941 manat olmaqla, 1 sotun orta qiyməti 653 (504+515+941=1960:3=653) manat müəyyən edildikdə, iddiaçıya məxsus 0,1937 ha torpaq sahələrinin qiyməti 12.648,61 (19,37 sot x 653 m = 12.648,61) manat təşkil edəcəkdir.

58. Kollegiya onu da nəzərə alır ki, hazırkı qərarın 6-cı bəndində istinad edilən mütəxəssis rəyində müəyyən edilmiş torpağın qiyməti ümumilikdə 56079,0 manat olmaqla torpaq sahəsinin bütövlükdə 27,357 (10,807 sot + 16,55 sot = 27,357 sot) sota dair olmaqla, hər sotunun qiyməti 2050 manat təşkil etsə də, həmin məbləğ 2017-ci ilə müəyyən olunmuş orta bazar qiyməti kimi hesablanmışdır. Bundan əlavə hazırkı qərarın 11-ci bəndində istinad edilən 21 yanvar 2020-ci il tarixli qiymətləndirmə hesabatında müəyyən edilmiş qiymətlərin 2017-ci ilin iyun ayı üçün və hal-hazıradək bazar dəyəri ondan ibarət olmuşdur ki, 2017-ci ilin iyun ayı üçün bazar dəyəri 0,1655 ha torpaq sahəsinə görə 62.000 manat, hal-hazırda bazar dəyəri 55.000 manatdır. Eləcə də sahəsi 0,10807 ha torpaq sahəsinin bazar dəyəri 2017-ci il iyun ayına 40.500 manat, hal-hazırda bazar dəyəri isə 36.000 manatdır. Yəni torpaq sahəsinin orta bazar qiymətinin bir sotu 2017-ci il üçün 3.747 manat, 2020-ci il üçün isə 3.326 manat kimi hesablanmışdır. Həmçinin, iş materialında cavabdehin xx.xx.2019-cu il tarixli birinci instansiya məhkəməsinə ünvanladığı məktubda bildirilmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi altına düşən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin 1(bir) sotuna bütün əlavələr nəzərə alınmaqla 3000 manat kompensasiya ödənilmişdir.

59. Məhkəmə kollegiyası hazırkı işdə torpaq sahəsinin qiymətilə bağlı əldə olunmuş qiymətlərlə bağlı qeyd edir ki, istər mütəxəssis rəyində, istər qiymətləndirmə hesabatında, istərsə də cavabdehin məktubunda göstərilən məbləğlər mübahisənin həlli üçün əsas kimi götürülə bilməz ona görə ki, həmin sənədlərdə əks edilən məbləğlər “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid edilən məbləğ kimi nəzərdə tutulmamışdır. Lakin məhkəmə kollegiyasının hazırkı qərarın 56-cı bəndində istinad edilən notariat orqanından əldə edilmiş torpaq alqı-satqı müqavilələrindən müəyyən edilən məbləğlər, məhz “kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin” 2015-ci ilə dair satış qiymətini özündə əks etdirən orta bazar qiymətini, yəni 653 manat olmasını iddia tələbi üzrə əsas kimi götürülməsini mümkün hesab edir ona görə ki, iddiaçıya məxsus torpaq sahələri 2015-cu ilin əvvəllərində dövlət əhəmiyyətli yolun çəkilməsi səbəbilə cavabdeh tərəfindən müdaxilə edildiyindən hazırkı qərarın 42-ci bəndində istinad edilən Qanunun 58.1 və 58.2-ci maddələrində müəyyən edildiyi zamana münasibətdə qiymətin müəyyən edilməsi əsas götürülməli, bu baxımdan hazırkı qərarın 58-ci bəndində istinad edilən sənədlərdəki qiymətlər nəzərə alına bilməz.

60. Kollegiya onu da qeyd edir ki, cavabdeh olaraq alan orqanın hazırkı iş üzrə iddiaçıya torpaq sahəsinə görə təklif etdiyi hər hansı bir məbləğ barədə məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, hazırda sözügedən layihə üzrə vəsait ayrılmadığından 2015-ci ildən tikinti dayandırılmış, bununla belə ərazidə torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı vətəndaşlara, o cümlədən İddiaçı kompensasiya ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında məsələ qaldırılmış, hazırkı yolun layihəsi üzrə tikintinin davam etdiriləcəyi təqdirdə tikinti işlərinin aparılması və vətəndaşlara kompensasiya ödənilməsi öz həllini tapacaqdır.

61. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinin də qeyd etdiyi kimi iddiaçıya məxsus torpaq sahələrinin hissələri, qismən və bütövlükdə yol tikintisi altına düşdüyündən və buna görə kompensasiya ödənilməsilə bağlı cavabdeh tərəfindən müvəkkilinə heç bir ödəniş təklifi edilməmişdir.

62. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi iki torpaq sahəsinin bütövlüklə, yəni 0,27357 ha hissəsinin yol tikintisi altına düşməsi səbəbindən kompensasiya ödənilməsi tələbi qismən əsaslı hesab edilərək, yəni hazırkı qərarın 54-cü bəndində istinad edilən 0,1937 (0,0282+0,1655=0,1937) ha torpaq sahəsindən ibarət hissələri “Bilgəh-Novxanı-Sumqayıt yolunun tikintisi” layihəsi çərçivəsində aparılan yol tikintisinin altına düşdüyündən, həmin “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid, məqsədli istifadə növü əkin olan torpaq sahələrinə görə müəyyən edilən məbləğ, hazırkı qərarın 56-cı bəndində istinad edilən notariat orqanından əldə edilmiş torpaq alqı-satqı müqavilələrinə əsasən 2015-ci ilə dair satış qiymətini özündə əks etdirən orta bazar qiymətini, yəni bir sotu 653 manat olmaqla, 19.37 sota görə 12.648,61 manat məbləği müəyyən olunmaqla, həmin məbləğə hazırkı qərarın 40-41-ci bəndlərində istinad edilən qanun normalarına görə 20%, yəni 2.529,72 manat əlavə edilməklə ümumilikdə - 15.178,33 (12.648,61 +2.529,72=15.178,33) manat məbləğinin tutulmaqla iddiaçıya ödənilməsi təmin edilməli, bununla da cavabdehin hərəkətlərində hazırkı qərarın 40-43-cü bəndlərində istinad edilən normaların tələblərinin pozulması müəyyən edildiyindən birinci instansiya məhkəməsi hazırkı iş üzrə qismən düzgün nəticəyə gəlsə də, torpaq sahəsinin və kompensasiya məbləğinin hesablanmasında müəyyən uyğunsuzluq olduğundan cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(085)-19/2019 saylı qərarı dəyişdirilməli, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən iddiaçının xeyrinə 15.178,33 manat məbləğində kompensasiya tutulmaqla İddiaçı ödənilməlidir.

NƏTİCƏVİ HİSSƏ

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Avtomobil X5 səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(085)-19/2019 saylı qərarı dəyişdirilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsibdə yerləşən, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən 0,10807 ha “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyalı torpaq sahəsinin 0,0282 ha (282 kv.metr) hissəsinin, həmçinin MA seriyalı ******* nömrəli Çıxarışa əsasən 0,1655 ha “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyalı torpaq sahəsinin bütövlüklə dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 15.178,33 (on beş min yüz yetmiş səkkiz manat otuz üç qəpik) manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil X5 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar