Məhkəmə qərarları › İş №2-1(105)-23/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-23/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-23/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçıya təyin edilmiş əlillik dərəcəsinin səbəb-əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(118)-959/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 25 saylı qərarında qeyd edilmişdir: Sumqayıt ŞHK tərəfindən 1993cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Qazax rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Başın təpə nahiyyəsində kor qəlpə yarası» (Sumqayıt şəhər idarəsinin xx.xx.2012-ci il tarixli 2662 nömrəli göndərişi, xx.xx.2012-ci il tarixli 145 nömrəli arayışı, Qazax rayonu mərkəzi xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin a) bəndi. ...MN MHHK-nın 25 nömrəli 22.01. 2013-cü il tarixli protokolu.

2. İddiaçı xx.xx.2016-ci il tarixində “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr,. Başın təpə nahiyyəsində kor qəlpə yaralanmasından sonrakı çapıqlar. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Baş beyinin silkələnməsi, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə,. Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə.Eşitmə sinirinin xəstəlikləri,. Postravmatik koxleor nevrit” diaqnozu ilə, əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik göstərilməklə xx.xx.2021-ci il tarixinə kimi 2-ci dərəcə əlillik təyin edilmişdir.

3. Cavabdehin xx.xx.2021-ci il tarixli protokolu ilə müəyyən olunur ki, Sumqayıt şəhər sakini İddiaçı (FİN: xxxxxxx) 28.07 2015-cı İİ tarixdə Tibbi Sosial Ekspert Komissiyasında təkrar əyani müayinə olunmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 (bir) ü müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixdək ikinci dərəcə əlillik müddəti avtomatlaşmış qaydada 5 il müddətinə uzadılmışdır, (müddəti bitib, forma 88 rəsmiləşdiriləcəkdir). Əlavə əyani müayinənin araşdırılması aparılaraq (SXA) müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 25 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Basın təpə nahiyəsində kor qəlpə yaralanması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Başın təpə nahiyyəsində kor qəlpə yaralanmasından sonrakı çapıqlar. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Baş beyinin silkələnməsi. İkitərəfli qarışıq konduktiv və nevrosensor tipli ağır eşitmə. Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə. Eşitmə sinirinin xəstəlikləri Postravmatik koxlear nevrit.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Xəstəliyin Hərbi ilə səbəb əlaqəsi təsdiqlənmədiyindən nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmin 2.5.20 bəndinə uyğun olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatına müvafiq görülmüşdür.

4. İddiaçıya Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAG9Y saylı göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; X2: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H.90.6-İkitərəfli qarışıq konduktiv və ...; Diaqnozun mətni: İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə. Eşitmə sinirinin xəstəlikləri. Postravmatik koxlear nevrit; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.

5. İddiaçının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi işinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına xx.xx.2012-ci il tarixli, 2662 saylı göndərişində “başın təpə nahiyyəsində kor qəlpə yarası” diaqnozu qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin səbəb-əlaqəsinin düzgün müəyyən edilməsi və ümumi xəstəliyə görə 3-cü qrup əlillik dərəcəsinin 2-ci qrup müharibə əlilliyinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”-na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “İddiaçıya təyin edilmiş əlillik dərəcəsinin səbəb-əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində zabit kimi-kapitan rütbəsində xidmət etmişdir və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək xx.xx.1993-cu il tarixdə Ağdərə rayonunun Qlobus yüksəkliyində baş nahiyyəsindən qəlpə yarası almışdır. Müharibə şəraitində aldığı bu xəsarətə görə ona 2-ci qrup müharibə əlilliyi təyin edilmişdir. 2021-ci ildə təkrar müayinədən keçəndən sonra isə əsassız olaraq ümumi xəstəliyə görə 3-cü qrup əlillik təyin edilmişdir. Halbuki, o, xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı almışdır. Əlillik dərəcəsinin səbəb-əlaqəsinin düzgün müəyyən edilməsi və ona təyin edilmiş ümumi xəstəliyə görə 3-cü qrup əlillik dərəcəsinin 2-ci qrup müharibə əlilliyinə dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş və **********6 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə ona imtina edilmişdir. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

9. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, müharibədə aldığı travmaya görə ona əlillik təyin edilmişdir. Növbəti əyani müayinədə bildirilmişdir ki, məlumat verəcəklər. Elektron qaydada aldığı məlumatlarda ona əlillik təyin olunduğu, lakin əlilliyin səbəbəlaqəsinin ümumi xəstəliklə bağlı olması göstərilmişdir. Anadangəlmə xəstəliklə əlillik təyin edilmişdir. Lakin o, travmanı döyüş tapşırıqlarını yerinə yetirərkən almışdır. Anadangəlmə lal-karlıq olsa idi orta təhsil alması və hərbi xidmətdə olması necə mümkün ola bilərdi? Ağdam və Tərtər rayonlarında olmuşdur. Kəllə beyin travaması almışdır. 20 gün tamamilə eşitməmişdir.

10. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 4 saylı şəhər poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8- Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş Kəllə beyin travmasının qalıq əlamətləri. Baş beynin orta dər. əzilməsi. Beyin daxili hematoma, tez-tez v/d krizlərilə. Postravmatik sağ tərəfli koxliar nevrit. Neyrosensor ağıreşitmə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 Kəllədaxili travma => S06.8-Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş KBT-nın qalıq əlamətləri. Baş beynin orta dərəcədə əzilməsi. Beyin daxili hematoma, tez-tez v/d krizlərilə müşahidə olunan ANS. К/d hipertenziya. Postravmatik sağ tərəfli koxliar nefrit. Ağır eşitmə İİ dər. Eroziv qastrit. Xr pielonefrit; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Başın təpə nahiyyəsində kor qəlpə yaralanmasından sonrakı çapıqlar. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Baş beyinin silkələnməsi. İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə. Eşitmə sinirinin xəstəlikləri. Postravmatik koxlear nevrit; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, . Başın təpə nahiyyəsində kor qəlpə yaralanmasından sonrakı çapıqlar. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Baş beyinin silkələnməsi. İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə. Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə. Eşitmə sinirinin xəstəlikləri. Postravmatik koxlear nevrit; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAG9Y saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95-Qulağın digər xəstəlikləri => H90-Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H.90.6 - İkitərəfli qarışıq konduktiv və ...; Diaqnozun mətni: İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə. Eşitmə sinirinin xəstəlikləri. Postravmatik koxlear nevrit; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4- cü dərəcə ağır eşitmə (H90-90.8)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsaslar göstərilmişdir. iddiaçının əlilliyi ikinci yox, üçüncü dərəcə əlilliyin təyinatı üçün əsasdır.

11. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-959/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməklə ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. İddiaçı xx.xx.2021-ci il tarixdən ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas olmuş sənədlərdə qeyd edilənlər İddiaçı real xəstəlik vəziyyətinə uyğundurmu? 2. İddiaçı xx.xx.2021-ci il tarixdən ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas olmuş sənədlərdə qeyd edilənlər əlilliyin hansı dərəcəsinə uyğundur? 3. İddiaçı real xəstəlik vəziyyəti ilə əlaqədar hansı diaqnoz müəyyən edilməlidir? 4. İddiaçı real xəstəlik vəziyyətinə uyğun olan diaqnoz müvafiq olaraq “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-də müəyyən edilmiş əsaslar üzrə əlilliyin hansı dərəcəsinə uyğundur?

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publiki hüquqi şəxsin T214/2022 saylı ekspert rəyində nəticə olaraq qeyd edilmişdir ki, “vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı şəxsin səhhətini əks etdirən son göndərişdə qeyd edilən “ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağıreşitmə, sağtərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə, eşitmə sinirinin xəstəlikləri, postravmatik koxlear nevrit, insulindən asılı şəkərli diabet, tip bir ağır forma, daimi insulin terapiyası, anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağıreşitmə (H90-90.8)” diaqnozda olan xəstəliklərdən əziyyət çəkir. Həmin xəstəliklərlə əlaqədar şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər ona “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.20 bəndinə uyğun ümumi səbəb ilə üçüncü dərəcə əlillik təyinatı verilməsinə əsas olmuşdur.”

13. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(118)-959/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təyin edilmiş əlillik dərəcəsinin səbəbəlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.(hakim İ.Quliyev).

14. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Apellyasiya şikayətinə etirazın dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş və etiraz iddia ərizəsi, iddiaçının izahatları ilə eyni məzmunda əsaslandırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, iddiaçıya eşitmə qüsuru ilə bağlı əlillik təyin edilmişdir. İddiaçıda ll və lll dərəcə ağıreşitmə vardır. Əslində ll və lll dərəcə deyil, lll, lV dərəcə ağıreşitmə qüsuru əlillik təyinatına əsas verir. Cavabdehin nümayəndəsi-mütəxəssis məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, iddiaçıda anadangəlmə eşitmə qüsuru vardır. İddiaçının eşitmə qüsurunun hərbi xidmət zamanı alınması təsdiq olunmamışdır. İddiaçıda qəlpə yaralanması nəticəsində sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, 2021-ci il 30 oktyabrda Forma 88 verilmişdir. 30 oktyabrda deyil, 2021-ci il avqust ayında müayinə olunmuşdur. Onda sol bud çanaq oynağının yaxınlaşdırıcı-uzaqlaşdırıcı kontrakturası, sol budun kor qəlpə yaralanması, sol bud sinirinin travmatik neyropatiyası kimi diaqnozlar yoxdur, kəllə beyin travmasıdır. Onda heç vaxt şəkər xəstəliyi olmamış, amma onu da diaqnoz kimi yazmışlar. Tərxis olunandan sonra qulaq həkiminə getmiş, qulaq problemlərini ilk dəfə onda bilmişdir. Hərbi Həkim Komissiyası tərəfindən onun iştirakı olmadan verilmiş rəyə etiraz edir və əlilliyin səbəb-əlaqəsinin müəyyən edilməsini, müayinə edilərək əlilliyin səbəbinin həqiqətən 2013-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyün müdafiəsi zamanı keçirilmiş kəllə-beyin travması, alınmış qəlbə yarası səbəbindən olub-olmamasının müəyyənləşdirilməsini tələb edir. Ağır eşitmə, 3-cü dərəcə əlilliyi aldığı travma səbəbindəndir. Bir çox xəstəxanalarda, həmçinin Respublika eşitmə mərkəzində bildirilmişdir ki, yanında partlayışın baş verməsi nəticəsində qulağın sinirləri məhv olmuşdur, 70-80 faiz həcmində eşitmə yoxdur. Eyni zamanda bildirilmişdir ki, mövcud xəstəliyin sağalma ehtimalı yoxdur və getdikcə ağırlaşacaqdır. Rəy verilən zaman onu müayinə etməyiblər. Mərkəzi Hərbi Həkim Komissiyasının rəyi ilə razı deyil. Anadangəlmə eşitmə qüsuru olmamışdır. Qəlpə yarası almış və aldığı travma nəticəsində hazırkı xəstəliyi yaranmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra–Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra–göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

19. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

22. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının ilkin olaraq əlilliyinin hərbi xidmətlə səbəb-əlaqəsinin müəyyən edildiyi halda növbəti müayinədə “anadangəlmə” olaraq qeyd edilməsi həqiqətə uyğun olmamışdır ki, əlilliyin ilkin təyinatı ilə bağlı sənədlərlə də bu hal təkzib olunur və qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Kollegiya qeyd edir ki, əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı mübahisələrə münasibətdə nəzərə alınmalıdır ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının müddəalarına görə, aşağıdakı müstəsna hallarda əlilliyin qüvvədə olduğu bütün dövr ərzində mümkündür: -əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəbi müəyyən olunduqda; -göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda.

27. İddiaçı iddia edir ki, ona əsassız olaraq anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı,3-4- cü dərəcə ağır eşitmə (H90-90.8)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Belə ki, o, travmanı döyüş tapşırıqlarını yerinə yetirərkən almışdır. Anadangəlmə lal-karlıq olsa idi orta təhsil alması və hərbi xidmətdə olması mümkün olmazdı. Ağdam və Tərtər rayonlarında olmuş, kəllə beyin travaması almışdır. 20 gün tamamilə eşitməmişdir.

28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(118)-322/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinin başqa ekspertlərinə həvalə edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı canlı müayinə olunmaqla, ona əlillik dərəcəsinin təyin olunması üçün Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAG9Y saylı göndərişində (Forma 88) qeyd edilmiş əsas diaqnoz: baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, keçirilmiş kəllə beyin travmasının (baş beyin əzilməsi) qalıq əlamətləri; ağırlaşmalar: Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit, Neyrosensor ağır eşitmə İİİ-İV dərəcə; kəllədaxili travmların nəticələri, posttravmatik ensefalopatiya vestubulo-ataktik pozulmalar; digər ikincili hipertenziya, Kəllədaxili hipertenziya; yuxu pozğunluğu, Qabarıq asteno-nevritok sindrom xəstəliklərinin mövcud olub-olmaması müəyyən edilsin.

2. Əgər İddiaçı yuxarıda qeyd edilmiş əsas diaqnoz və ağırlaşmalar müəyyən edilərsə həmin xəstəliklərin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 25 saylı qərarı ilə müəyyən edilmiş “Başın təpə nahiyyəsində kor qəlpə yarası” diaqnozu ilə səbəb əlaqəsi (yəni cari xəstəlik və ağırlaşmaların qəlpə yarası nəticəsində və ya sonradan həmin yara səbəbindən olubolmaması) müəyyən edilsin.

29. Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş T404/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, xəstəliklərin səbəb əlaqəsinin təyini Hərbi Həkim Komissiyası ekspertlərinə həvalə edildiyindən göndərişdə qeyd edilmiş diaqnozda olan xəstəliklərin səbəb əlaqəsinin təyini onların səlahiyyətinə aiddir.

30. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına sorğu verilərək İddiaçı canlı müayinə olunmaqla, ona əlillik dərəcəsinin təyin olunması üçün Sumqayıt 4 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAG9Y saylı göndərişində (Forma 88) qeyd edilmiş əsas diaqnozun (baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, keçirilmiş kəllə beyin travmasının (baş beyin əzilməsi) qalıq əlamətləri; ağırlaşmalar: Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit, Neyrosensor ağır eşitmə İİİ-İV dərəcə; kəllədaxili travmların nəticələri, posttravmatik ensefalopatiya vestubulo-ataktik pozulmalar; digər ikincili hipertenziya, Kəllədaxili hipertenziya; yuxu pozğunluğu, Qabarıq asteno-nevritok sindrom xəstəliklərinin) mövcud olub-olmaması, əsas diaqnoz və ağırlaşmalar müəyyən edilərsə həmin xəstəliklərin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 25 saylı qərarı ilə müəyyən edilmiş “Başın təpə nahiyyəsində kor qəlpə yarası” diaqnozu ilə səbəb əlaqəsi (yəni cari xəstəlik və ağırlaşmaların qəlpə yarası nəticəsində və ya sonradan həmin yara səbəbindən olubolmaması) müəyyən edilməklə müvafiq mütəxəssis rəyinin Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur.

31. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasından məhkəməyə İddiaçı dair MN Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 14112 nömrəli xəstəlik haqqında şəhadətnamənin surəti daxil olmuşdur. 14112 nömrəli şəhadətnamənin məzmunu ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1993-cü il tarixdən-xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. MƏRKƏZİ HƏRBİ HƏKİM KOMİSSİYASİNİN QƏRARİ: DİAQNOZ:"Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin kəllədaxili hipertenziv paroksizmlər ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqinin hər iki qulaqda 1 (bir) metr məsafədən eşitməsi ilə” “ÜMUMİ XƏSTƏLİKDİR” DİAQNOZ:”Başın təpə nahiyəsinin kor qəlpə yaralanmasından (1993) sonrakı bərkimiş dəri çapığı” “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” səbəb əlaqəsi ilə “TƏSDİQ OLUNUR”. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 25 nömrəli qərar qüvvədən düşmüş hesab edilsin.

32. Beləliklə iddiaçının məhz “Başın təpə nahiyəsinin kor qəlpə yaralanmasından (1993) sonrakı bərkimiş dəri çapığı” diaqnozunun “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” səbəb əlaqəsi təsdiqlənmişdir ki, iddiaçıya əlillik həmin diaqnozla bağlı deyil, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə. Eşitmə sinirinin xəstəlikləri. Postravmatik koxlear nevrit diaqnozu ilə təyin edilmişdir.

33. Birinci instansiya məhkəməsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş və şəxsi iddiaçının işinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına xx.xx.2012-ci il tarixli, 2662 saylı göndərişində də “başın təpə nahiyyəsində kor qəlpə yarası” diaqnozu qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən həmin hal nəzərə alınmamışdır.

34. Yəni iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən travma (başın təpə nahiyyəsində kor qəlpə yarası) alsa da, həmin travma ona əlillik dərəcəsinin təyin edilməsi üçün lazımi meyara uyğun olmamış, lakin iddiaçının digər xəstəliyi– ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə. Eşitmə sinirinin xəstəlikləri. Postravmatik koxlear nevrit ona üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün məqbul hesab edilmişdir.

35. Belə olan halda, cavabdeh haqlı olaraq iddiaçının əlilliyinin səbəb-əlaqəsini ona əlilliyin təyini üçün əsas olan xəstəliyin səbəb-əlaqəsi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası işin yuxarıda araşdırılan hallarına istinadən qeyd edir ki, iddiaçının ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir.

37. Kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

38. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(118)-959/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçıya təyin edilmiş əlillik dərəcəsinin səbəb-əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar