Məhkəmə qərarları › İş №2-1(105)-230/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-230/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-230/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bahadur qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bahadur qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamı ilə ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(118)- 2019/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı Bahadur qızı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamı ilə ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin Saray qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncam əsasında iddiaçıya “Köhnə Saray” kəndinin bərpası ilə bağlı Abşeron rayonu Saray qəsəbəsi ərazisində yaşayış evi tikmək məqsədilə 0,10 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Uzun müddət davam edən xəstəliyi, daha sonra bununla bağlı əlillik almağı ilə əlaqədar torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı müraciəti olmamışdır. Həmin torpaq sahəsi ayrılarkən Abşeron Rayon İcra Hakimiyyəti Saray qəsəbəsi nümayəndəliyi tərəfindən torpağın koordinatları müəyyən edilmiş və bu barədə nişangahlar qoyularaq akt tərtib olunmuşdur. Qeyd edilən torpaq sahəsi 1999-cu ildən onun istifadəsində olmaqla yanaşı bu ərazidə o fərdi yaşayış evi tikməklə uzun illərdir ki, ailə üzvlərilə yaşayır. Ona qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli bildirişi ilə onun xahişini təmin etməkən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 30 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı iddiaçıya 0.10 ha torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 saylı sərəncamı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktı təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Bundan başqa sənəd üzrə torpaq sahəsinə giriş-çıxış yolunun mövcud olmadığı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi icra hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Saray qəsəbəsi üzrə nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozulması deməkdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(118)-2019/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayonu, Saray qəsəbə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin Cavabdehnə həvalə olunması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov)

5. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

9. İş üzrə İddiaçı Bahadur qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

11. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Maddə 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

16. Hazırki işin hallarından görünür ki, iddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə İcra nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 nömrəli sərəncamı ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir.

17. Cavabdeh isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamlarının nəzərdə tutulmadığına istinad edərək imtina cavabı vermişdir. Bundan başqa, imtinasında göstərmişdir ki, torpaq sahəsinə giriş-çıxış yolunun mövcud olmadığı aşkar edilmişdir.

18. İş materiallarından görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə X3 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış və vətəndaşa fərdi yaşayış evi tikməyə icazə verilmişdir.

19. Cavabdehin iddiaçının hüququnu qeydə almaqdan imtina əsası və apellyasiya şikayətinin eyni dəlili (torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamlarının nəzərdə tutulmaması) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanı ilə aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilmişdir: “2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.”

20. Cavabdeh torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncam vermək hüququnun olmadığına istinad etsə də, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, qəsəbə icra nümayəndəliyi iddiaçıya torpaq sahəsi ayırarkən səlahiyyətli olmuşdur. Belə ki, yuxarıda qeyd olunan Fərmana edilən dəyişikliyə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyasında inzibati ərazi dairəsi üzrə nümayəndələr tərəfindən 2001-ci ilin yanvarın 1-dək verilmiş qərar da nəzərdə tutulmuşdur.

21. Göründüyü kimi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş qərar daşınmaz əmlak üzərində hüquq əldə edilməsini təsdiq edir.

22. Bundan başqa, iş materiallarına olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 149 nömrəli sərəncamın 4-cü bəndindən görünür ki, 100 ailənin hər birinə 0,10 ha torpaq sahəsinin Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilmişdir.

23. Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməsi üzrə ona verilmiş səlahiyyət çərçivəsində qeyd olunan torpaq sahəsini İddiaçı ayırmışdır.

24. Cavabdehin digər imtina əsasları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, həmin torpaq sahəsinə dair Abşeron rayon X1 planından çıxarış iddiaçıya verilmişdir.

25. Torpaq sahəsinə giriş-çıxış yolunun mövcud olmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən əsas iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş imtina əsaslarına aid deyil.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya ayrılarkən qanunun tələbləri gözlənildiyindən cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır.

27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasını əsaslandırdığı hallar iddiaçıya ayrılmış həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz. Odur ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.

28. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(118)-2019/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar