Məhkəmə qərarları › İş №2-1(105)-230/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-230/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-230/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran bələdiyyəsinin 30 sentyabr 2011-ci il tarixli 11 saylı qərarı ilə İddiaçı satılmış 500 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(118)-2713/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qəraradı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayon bələdiyyəsinin 30 sentyabr 2011-ci il tarixli 11 saylı qərarı ilə satılmış 500 kv.m torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınması və texniki paspotun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Şabran bələdiyyəsinin 30 sentyabr 2011-ci il tarixli 11 saylı qərarı ilə İddiaçı satılmış 500 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakln dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran şəhərində yerləşən 0.05 ha torpaq sahəsi Şabran bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 11 saylı qərarı ilə iddiaçıya satılmışdır. O, torpaq sahəsinin dəyəri kimi bələdiyyənin hesabına 500 (beş yüz) manat pul köçürmüşdür. Bu fakt 13 oktyabr 2011-ci il tarixli bank sənədi ilə də öz təsdiqini tapır. Həmin torpaq sahəsinin satışa çıxarılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinin müsbət rəyi verilmiş, buna müvafiq olaraq satılan torpaq sahəsinin təsdiq olunmuş kordinatları rəyə əlavə olunmuşdur. Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən sxemə əsasən 500 kv.m torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. O, torpaq sahəsi üzərində mülkiyyət hüququqnun qeydə alınmasından ötrü cavabdeh orqana müraciət etmiş, lakin ona cavabdeh tərəfindən imtina cavabı verilmişdir.

4. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, sənədlərin ekspertizası zamanı torpaq sahəsinin iddiaçıya bələdiyyənin xx.xx.2011-ci il tarixli qərarı ilə satıldığı müəyyən edilmişdir. Halbuki, 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Bu səbbədən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(118)-2713/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Şabran bələdiyyəsinin 30 sentyabr 2011-ci il tarixli 11 saylı qərarı ilə İddiaçı satılmış 500 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakln dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyə qərarı qüvvədədir, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Cavabdeh inzibati orqan daşınmaz əmlakın dövlət reyestrində hüquqları qeydə alan orqandır və onun həmin bələdiyyə qərarını mübahisələndirmək hüququ yoxdur. İddiaçı bələdiyyənin səlahiyyətlərinə etimad göstərərk torpaq sahəsinin ona qanuni şəkildə satıldığına inanmış və torpaq sahəsini əldə etmişdir.

7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədiər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, daşınmaz əmlakın (torpaq sahəsinin və tikilinin) faktiki ölçüləri, torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasıya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bır münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 69. Məhkəmə qərarının forması və məzmunu 69.3. Məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat

87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

14. İş materiallarında olan Şabran bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 11 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı fərdi mənzil tikmək üçün 500 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.

15. xx.xx.2011-ci il tarixli qəbzdən görünür ki, İsayev X2 bələdiyyəsinin hesabına torpaq alqı-satqı üçün 500 manat ödəniş etmişdir.

16. Şabran rayon İH Tikinti və Memarlıq şöbəsinin 334 saylı xx.xx.2011-ci il tarixli rəyindən görünür ki, idarə İddiaçı 500 kv.m torpaq sahəsinin ayrılmasını məqsədəmüvafiq hesab edir.

17. DTXK-nin Şabran rayon Şöbəsinin 266 saylı xx.xx.2011-ci il tarixli rəyindən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinin satışa çıxarılması məqsədəmüvafiqdir.

18. DTXK-nin Şabran rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planından görünür ki, həmin sənəd İddiaçı ayrılmış 500 kv.m torpaq sahəsi barəsindədir.

19. Məhkəmənin sorğusuna əsasən Şabran rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Şabran bələdiyyəsinin xx.xx.2011-cı il tarixli 11 saylı qərarına əsasən Dəvəçi şəhərində 500 kv m torpaq sahəsi fərdi mənzil tikmək üçün İddiaçı ayrılmışdır. Həmin qərara DTXK-nin Şabran (keçmiş Dəvəçi) rayon şöbəsinin rəyi, tərtib edilmiş yerquruluşu planı əlavə edilmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə istinad etmiş, iddia tələbini təmin edərək qeyd etmişdir ki, torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyə qərarı qüvvədədir, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 12-ci maddəsinin əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

22. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

23. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır.

24. Belə ki, hazırkı iş üzrə daşınmaz əmlakın müayinəsinin keçrilməsi, onun faktiki ölçüləri, torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasıya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi kimi iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunur ki, bu hallar da məhz birinci instasniya məhkəməsi tərəfindən araşdırılmalıdır.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipi pozulduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(118)-2713/2022 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar