Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-231/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X4. Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 2 saylı regional ərazi filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-1096/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı sağlamlıq imkanları məhdud övladı olan ana kimi ona yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 10 mart 2020-ci il tarixli, ********** saylı məktubla onun müraciətindən imtina edilmişdir. İmtinanın səbəbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.1 və 8.2 maddələrinə əsasən çoxuşaqlı ana və sağlamlıq imkanları məhdud övladı olan ana kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün 25 il sığorta stajı tələb olunur. mart 1982-ci il tarixdən may 1992-ci il tarixə kimi 08 il 09 ay sığorta stajı təsdiq olunur. “Gəndab” üzümçülük sovxozunda işlədiyi 1982- 1984-cü illər əmək kitabçasında qeyd edilməyib. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4 maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 1-ci qrup əlilə qulluq dövrü sığorta stajına daxil edilir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 22.12.2014-cü il tarixli 197 nömrəli əmrindən çıxarışda onun dekabr 2014-cü il tarixdən patron (köməkçi), yəni qəyyum təyin olunaraq qulluq etməyi qeyd edilib. Nəticədə onun 25 il sığorta stajı yığılmır. Beləliklə, “Gəndab” üzümçülük sovxozunda işlədiyi 1982-1984-cü illər əmək kitabçasında qeyd edilmədiyi və Nurlan adlı uşağına dekabr 2014-cü il tarixdən əvvəl qulluq etməyi sənəd ilə təsdiq olunmadığı üçün 25 il sığorta stajı yığılmır və şöbənin əmək pensiyaları təyin edən komissiyasının 06.03.2020-ci il tarixli, 5/33 nömrəli qərarı ilə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtina ilə razılaşmayan İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə 23 iyun 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəndov üzümçülük sovxozunda işlədiyi iki ilin stajını və oğlu-İ qrup əlil X6 13.11.1990-cı il tarixdən qulluq etdiyinə görə 30 il sosial sığorta stajının hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçının 1982-ci ilin mart ayından 1984-cü ilin may ayınadək Gəndob sovxozunda işlədiyi və oğlu-İ qrup əlil X6 13.11.1990-cı il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 02 sentyabr 2020-ci il tarixli iclas protokolunun qərarına əsasən, cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 2 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 5 uşaq anasıdır. Uşaqlardan biri- 13.11.1990-cı il təvəllüdlü X10 anadangəlmə psixi qüsurlu doğulmuşdur. Nurlana müddətsiz əlillik dərəcəsi verilmişdir. O, psixiki qüsuruna görə öz hərəkətlərinin mənasını dərk etmir, özü-özünü idarə edə bilmir və onun daimi kənar qulluğa ehtiyacı vardır. Nurlan anası tərəfindən idarə edilir, iddiaçı onun bütün ehtiyaclarını ödəyir. Bundan başqa iddiaçı 1982-1984-cü ildə Gəndob üzümçülük sovxozunda işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-nun Xaçmaz rayon şöbəsinə müraciət etmişdir. Lakin ona imtina məktubu verilərək bildirilmişdir ki, Gəndab üzümçülük sovxozunda işlədiyi 1982-1984-cü illər əmək kitabçasında qeyd edilmədiyi və Nurlan adlı uşağına dekabr 2014-cü il tarixdən əvvəl qulluq etməyi sənəd ilə təsdiq olunmadığı üçün 25 il sığorta stajı yaranmır. Bu səbəbdən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Verilən imtina ilə razılaşmır. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-1096/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 1982-ci ilin mart ayından 1984-cü ilin may ayınadək Gəndov sovxozunda işlədiyi və oğlu-İ qrup əlil X6 13.11.1990-cı il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun 2 saylı Regional Ərazi filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinə DSMF publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsi (bundan sonra-2 saylı regioanl ərazi filialı) tərəfindən verilmiş 05 avqust 2020-ci il tarixli, **********0 saylı imtinada İddiaçı Nurlan adında övladına qulluq etməsi faktı barədə əsaslı sənədlər təqdim etmədiyi və yaşa görə tələb olunan sığorta stajı təsdiq edilmədiyi üçün onun sağlamlıq imkanları məhdud uşağın anası kimi yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı göstərilmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 8-ci maddəsinə əsasən 18 yaşa kimi sağlamlıq imkanları məhdud uşağını 8 yaşa kimi tərbiyə etmiş analar Qanunun 7-ci maddəsində göstərilən yaş həddi 5 il azaldılmaqla minimum əmək pensiyasına hüquq verən pensiya kapitalına malik olduqda və ya 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququna malik olurlar. İddiaçı xx.xx.1963-cü iİ təvəllüdlü olduğundan yuxarıda qeyd etdikləri Qanunun 7-ci maddəsi ilə 2020-ci ilin fevral ayında yaş həddi 64 il 6 ay müəyyən olunduğu üçün onun 59 il 6 ay yaş həddində, yəni 11.02.2020-ci il tarixdən yuxarıda göstərilən sərtlər daxilində yaşa görə - əmək pensiyası hüququ yarana bilər. "Əmək pensiyalarının təyin edilməsi, sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1.1-ci bəndinə əsasən is stajı əmək kitabçasına əsasən müəyyən olunur. İddiaçı 1982-ci ilin mart ayından 1992-ci ilin may ayınadək 08 il, 09 ay sığorta stajı barədə sənəd təqdim edib. Eyni zamanda, “Gəndov” üzümçülük sovxozunda işlədiyi 1982-1984-cü illər əmək kitabçasında qeyd edilməyib. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və İ qrup əlilə qulluq dövrü qanunçuluqla müəyyən olunmuş qaydada təyin olunmuş qəyyumun sığorta stajına daxil edilir. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 22.12.2014-cü il tarixli 197 nömrəli əmrindən çıxarışda iddiaçının 2014-cü ilin dekabr ayından patron (köməkçi), yəni qəyyum təyin olunaraq əlil övladı X6 qulluq etməsi qeyd edilib. Nəticədə, vətəndaşın əmək kitabçasına qeyd edilməyən 01.03.1982 - 30.04.1984-cü illər daxil olmaqla 18.09.1985 - 10.04.1987, 04.05.1987-13.05.1992-ci illərdə sığorta stajı və patron təyin olunduğu 2014-cü il tarixdən 01.02.2020-ci il tarixə kimi İ qrup əlilə xidmət dövrü nəzərə alınmaqla cəmi 13 il 2 ay sığorta stajı toplanıb. İddiaçı şöbəyə (bundan sonra - filial) ərizə ilə müraciət edərkən oğlu ilə 13.11.1990-cı il tarixdən Xaçmaz rayonu Xətai küçəsində yaşadığını və həmin tarixdən xəstə olmasının müəyyən olunduğunu qeyd etmişdir. Lakin sənədlərə əsasən onlar 2007-ci ilin aprel ayına kimi Şabran rayonunda yaşamış və xəstə uşağı üçün müavinəti 2006-cı ilin noyabr ayına kimi həmin rayonda almışdır. Uşağın sağlamlıq imkanlarının məhdudluğu ilk dəfə 26.07.1993-cü il tarixində müəyyən olunmuş və tibbi qərara əsasən 26.07.1995-ci il tarixə kimi ata uşağa qəyyum təyin olunmuşdur. Xəstə uşağa və İ qrup əlilə qulluq olunması, qəyyum təyin olunması barədə qərara və ya yaşayış yeri üzrə İcra Hakimiyyəti nümayəndəliyinin arayışına əsasən müəyyən olunur. İddiaçının oğlu Xaçmaz rayonuna köçdükdən sonra 16.04.2007-ci il tarixdə İ qrup əlillik müəyyən olunub. Belə ki, 16.04.2007-ci il tarixdən 2014-cü ilin dekabr ayına kimi olan müddət sığorta stajına əlavə olunduğu halda cəmi 20 il 10 ay sığorta stajı təsdiq olunur. Bundan əlavə, iddiaçının oğlunun xəstə uşaq kimi əlilliyinin müəyyən olunduğu 14.06.1996-cı il tarixdən 16 yaşa 13.11,2006-cı il tarixə kimi ananın qulluq etməsi faktı Şabran rayonunda yaşadığı ərazi üzrə İcra Hakimiyyəti nümayəndəliyinin arayışına əsasən müəyyən oluna bilər. Lakin vətəndaş həmin arayışı təqdim etməyib. Beləliklə, İddiaçı “Gəndov” üzümçülük sovxozunda işlədiyi 1982-1984-cü illər əmək kitabçasında qeyd edilmədiyi və Nurlan adlı övladına 2014-cü ilin dekabr ayından əvvəl qulluq etməyi sənəd ilə təsdiq olunmadığı üçün 25 il sığorta stajı yaranmır. Bu səbəbdən də şöbə tərəfindən imtina verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlkin olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin hallarından göründüyü kimi iddiaçı ona 56.6 yaşdan sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, qeyd edilən normaların tələblərinə əsasən iddiaçıya sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edə bilmək üçün üç şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi. - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, qüvvədə olan qanunvericiliyə görə 01.07.2017–ci il tarixdən qadınların yaş həddi 65 yaşa kimi hər il 6 ay artırılır. Belə ki, sağlamlıq imkanları məhdud uşağı olan analar 01.07.2017-01.07.2018-ci il müddətində 55 il 6 ay yaş həddində, 01.07.2018-ci il tarixdən 01.07.2019–cu il tarixə kimi 56 yaşda, 01.07.2019-cu il tarixdən 01.07.2020–ci il tarixə kimi 56.6 yaşda əmək pensiyası hüququ qazanırlar. İddiaçı xx.xx.1963–cü il təvəllüd olduğu üçün 56.6 yaşda, yəni 11.02.2020–ci il tarixdən əmək pensiyasına hüquq qazanmışdır. İkinci şərtlə bağlı kollegiya qeyd edir ki, Şabran rayon İHB-nin Ağalıq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.02.2020-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, 13.11.1990-cı il təvəllüdlü X5 atası X9, anası X2r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dəvəçi rayon Həkim Ekspert Komissiyası tərəfindən verilmiş 16 yaşınadək uşağın müayinə aktından çıxarışdan görünür ki, iddiaçının oğlu-13.11.1990-cı il təvəllüdlü X10 14.06.1996-cı il tarixdə tibbi müayinədən keçmiş, onda müəyyən edilmiş xəstəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.04.1994-cü il tarixdə təsdiq edilmiş “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ” verən göstərişlərin əsas meyarlarının 3.1 bəndinə uyğun olması qeyd edilmişdir. Qərarın müddəti 16 yaşın tamamınadək müəyyən edilmişdir. İkinci dəfə 16.04.2007-ci il tarixdə, yəni 16 yaşına çatdıqdan sonra təkrar müayinədən keçmiş və ƏƏSMN-nin 12 saylı TSEK tərəfindən verilmiş 303346 saylı arayışa əsasən, X6 uşaqlıqdan xəstəlik səbəbindən müddətsiz olaraq İ qrup əlillik verilmişdir. Şabran rayon İHB-nın Ağalıq İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 568 saylı 20.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1990-1997-ci illərdə Şabran rayonu, Ağalıq kəndində yaşamışdır. Ağalıq kəndində yaşadığı müddətdə oğlu-X10 ilə birlikdə yaşayaraq ona qulluq etmiş, eyni zamanda bütün məişət ehtiyaclarını ödəmişdir. Həmçinin, Xaçmaz rayon İHB-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 3197 saylı 20.08.2020-ci il tarixli arayışdan isə görünür ki, İddiaçı 1997-ci ildən hazıradək ünvan 1 ünvanda 1 qrup əlil (hərəkətsiz) olan xəstə oğlu X10 ilə birlikdə yaşayır və ona qulluq edir. Beləliklə, 13.11.1990-cı il təvəllüdlü Nurlanın uşaqlıqdan sağlamlıq imkanlarının məhdud olduğu və iddiaçının oğlunu səkkiz yaşına kimi tərbiyə etməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq edilir. 25 illik əmək stajı ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh iddiaçının əmək kitabçası üzrə 08 il 09 ay sığorta stajını qəbul edir, 1982-1984-cü illər üzrə sovxoz stajı əmək kitabçasında qeyd edilmədiyindən cavabdeh tərəfində staja daxil edilməmişdir. İddiaçının sağlamlıq imkanları məhdud uşağına və daha sonra İ qrup əlil olan oğluna qulluq etdiyi illərin sığorta stajına daxil edilməsi ilə bağlı isə cavabdeh apellyasiya şikayətində bir tərəfdən iddiaçının Xaçmaz rayonuna köçdükdən sonra oğlunun İ qrup əlilliyi müəyyən edilən 16.04.2007-ci il tarixdən 2014-cü ilin dekabr ayına kimi olan müddət sığorta stajına əlavə olunduğu halda iddiaçının 20 il 10 ay sığorta stajının təsdiq edildiyini, digər tərəfdən isə iddiaçının oğlunun üzərində patron təyin olunduğu 2014-cü il tarixdən 01.02.2020-ci il tarixə kimi İ qrup əlilə xidmət dövrü nəzərə alınmaqla cəmi 13 il 2 ay sığorta stajı topladığını qeyd edir. Eyni zamanda cavabdeh şikayətində iddiaçının 2007-ci ilin aprel ayına kimi Şabran rayonunda yaşadığını və xəstə uşağı üçün müavinəti 2006-cı ilin noyabr ayına kimi həmin rayondan aldığını bildirərək, həmin illər üzrə uşağa qulluq faktının Şabran rayonunda yaşadığı ərazi üzrə İcra Hakimiyyəti nümayəndəliyi tərəfindən arayış verilmədiyini bildirmişdir. Kollegiya ilk öncə iddiaçının sağlamlıq imkanları məhdud uşağına və daha sonra İ qrup əlil olan oğluna qulluq etdiyi illərin sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı sağlamlıq imkanları məhdud uşağı üçün müavinəti 2006-cı ilin noyabr ayına kimi Şabran rayonundan almış olsa da, yuxarıda qeyd edilən yaşayış yeri üzrə verilmiş arayışlardan göründüyü kimi, iddiaçı 2006cı il tarixədək deyil, 1997-ci il tarixədək Şabran rayonu, Ağalıq kəndində yaşamış, daha sonra Xaçmaz rayonuna köçmüşdür. Hər iki rayonda iddiaçının yaşadığı ərazi üzrə nümayəndəlik tərəfindən verilmiş arayışlarda iddiaçının sağlamlıq imkanları məhdud uşağına, həmçinin hazırda İ qrup əlil olan oğluna doğulduğu gündən hazırkı vaxtadək qulluq etməsi öz təsdiqini tapmışdır. Patron təyin edilməsi barədə sərəncamla bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, 22.12.2014-cü il tarixdə İcra Hakimiyyətinin 197 saylı sərəncamı ilə Xaçmaz şəhəri Xətai küçəsi 5 nömrəli evdə yaşayan İ qrup əlil X10 üzərində həmin ünvanda yaşayan anasının (iddiaçının) patron təyin edilməsi, 2014-cü il tarixədək Nurlana anası tərəfindən qulluq etməsini inkar edən fakt kimi qəbul edilə bilməz. Əksinə uşaqlıqdan quluq etdiyindən yetkinlik yaşına çatdıqdan sonra da İcra Hakimiyyəti tərəfindən iddiaçı oğlunun üzərində patron təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Beləliklə yuxarıda sadalanan sənədlərlə iddiaçının 1990-cı ildən pensiya yaşına çatanadək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağına, eləcə də, daha sonra İ dərəcə əlilliyi olan şəxsə qulluq etməsi öz təsdiqini tapmışdır. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin müddəti iddiaçının sosial sığorta stajına daxil etmişdir. Bundan əlavə, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 18.09.1985-ci il tarixdən 10.04.1987-ci il tarixədək Bryansk mebel fabrikində (01 il 06 ay 23 gün), 04.05.1987-ci il tarixdən 11.12.1996-cı il tarixədək (09 il 07 ay 07 gün) Dəvəçi rayon Sovet Konstitusiyası adına sovxozda fəhlə işləmişdir. Həmçinin, Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş Şabran (keçmiş Dəvəçi) rayon Gəndab üzümçülük sovxozu üzrə əmək haqqı cədvəllərindən görünür ki, X3 1982-ci ilin mart ayından 1984-cü ilin may ayınadək həmin sovxozun 1 saylı üzümçülük briqadasında fəhlə işləmiş və əmək haqqı almışdır. Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş Şabran (keçmiş Dəvəçi) rayon Gəndab üzümçülük sovxozunun əmrlər kitabından görünür ki, X3 23.08.1982-ci il tarixdə 233 saylı əmrlə həmin tarixdən şərab emalı zavodunda işləmək üçün 11 saylı səyyar mexanikləşdirmə dəstənin hesabına köçürülmüş, 10.09.1984-cü il tarixli 361 saylı əmrlə işdən azad edilmişdir. Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş Sovet Konstitusiyası adlı tərəvəzçiliksüdçülük sovxozunun əmrlər kitabının arxıv çıxarışından görünür ki, X3 04.05.1987-ci il tarixdə 141 saylı əmrlə 5 saylı təsərrəüfat briqadasına fəhlə qəbul edilmiş, 28.08.1990-cı il tarixdə 171 saylı əmrə əsasən, madddi həvəsləndirmə fondu hesabına mükafatlandırılmış, 01.03.1991-ci il tarixli 43/1 saylı əmrə əsasən, uşağının körpə olması nəzərə alınaraq qismən ödənişli analıq məzuniyyətinə buraxılmışdır. Vətəndaşın işdən azad olunması barədə əmrə təsadüf edilməmişdir. Əmək kitabçası üzrə iddiaçının sosial sığorta stajı cavabdeh tərəfindən mübahisələndirilməsə də, 1982-1984-cü illər üzrə arxiv arayışı ilə təsdiq edilən dövr əmək kitabçasında nəzərdə tutulmadığından cavabdeh tərəfindən sığorta stajına daxil edilməmişdir. Belə ki, cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının halında isə onun sovxozda işlədiyi dövrlər onun əmək kitabçasında göstərilməmişdir, bu hal isə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasına maneçilik yaradır. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, sözügedən dəlil əsassızdır. Belə ki, 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının sovxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1982-1984-cü illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə sovxozda işlədiyi arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, iddiaçının işlədiyi və həmçinin sağlamlıq imkanları məhdud, yetkinlik yaşına çatdıqdan sonra isə İ qrup əlil övladına qulluq etdiyi müddət də sığorta stajı kimi nəzərə alındıqda, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin (yeni redaksiyada) 25 il sosial sığorta stajı ilə bağlı şərti ona münasibətdə tam ödənilmiş olur. Cavabdehin şikayətinin digər dəlili iddiaçının cavabdehin imtina cavabını aldıqdan 03 ay sonra məhkəməyə müraciət etməsi və bununla da, məcburetmə haqqında iddia üçün nəzərdə tutulmuş 01 aylıq müddətin ötürülməsi olmuşdur. Qeyd edilən dəlili əsassız hesab edərək məhkəmə kollegiyası qeyd edir ki, qaldırılmış iddia, növünə görə öhdəliyin icrası haqqında iddia olduğundan İPM-in 38.2-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-1096/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-231/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-231/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver