Məhkəmə qərarları › İş №2-1(105)-232/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-232/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-232/2021 25.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 11 saylı regional ərazi filialına qarşı qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa olunması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(118)- 735/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 07 sentyabr 2018-ci il tarixli, 277 saylı qərarına əsasən iddiaçıya 01 yanvar 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, 2020-ci ilin yanvar ayı da daxil olmaqla iddiaçı yaşa görə pensiya almışdır. Lakin 2020-ci ilin fevral ayından ona pensiyanın ödənilməsi dayandırılmışdır. Belə ki, cavabdeh iddiaçıya 29 yanvar 2020-ci il tarixli, **********7 saylı məktub ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsində seçmə üsulla aparılan yoxlama nəticəsində məlum olmuşdur ki, onun 1992-1997-ci illərdə M.Ə.Sabir adına sovxozun Üzüm istehsalı və emalı müəssisəsində işlədiyi dövrlər barədə təqdim etdiyi əmək haqqı arayışının 1996-1997-ci illərində pozuntu olduğu üçün həmin illər sosial sığorta stajına daxil olmadığı üçün ona yaşa görə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Pensiyanın dayandırılması ilə razılaşmayan iddiaçı 17 fevral 2020-ci il tarixdə cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin imtinasının əsassız hesab edilməsi və 1992-1997-ci illərdə Şamaxı rayonu Sabir adına sovxozun üzüm istehsalı və emalı müəssisəsində işləməyi barədə arxiv arayışlarında göstərilən müddətin sığorta stajına hesablanmaqla ona pensiya verilməsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, pensiyanın dayandırılmasını əsassız hesab edir. Belə ki, o, 1972-1992-ci illərdə Şamaxı rayon Mədrəsə kənd "xxxx" sovxozunda, 1992-1998-ci illərdə isə M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsində fəhlə işləmişdir. Bütün iş stajı əmək kitabçasında öz əksini tapır. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-1(118)-735/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, DSMF-nin Şamaxı rayon şöbəsinin 29.01.2020-ci il tarixli **********7 saylı imtina məktubunun əsassız hesab edilməsi, iddiaçı X1 07.07.1992-ci il tarixdən 09.04.1998-ci il tarixədək Şamaxı rayonu, M.Ə.Sabir adına Üzüm istehsalı və emalı müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması öhdəliyinin Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Şamaxı rayon filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-1(118)-735/2020 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Şamaxı rayon filialının prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 11 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. “Əmək Pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı gündən dayandırılır: -37.8.1 əmək pensiyaçısı vəfat etdikdə; -37.8.2 əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; -37.8.3 bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. İş materiallarında olan iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün təqdim etdiyi sənədlərdə faktiki uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi arxiv arayışı ilə məhkəmənin sorğu nəticəsində əldə etdiyi “eyni” arxiv arayışı arasında ziddiyyətlər mövcuddur. Əmək kitabçasında iddiaçının 1992-1998-ci illərdə “M.Ə.Sabir adına sovxozun Üzüm İstehsalı və Emalı” müəssisəsində fəhlə işləməsi qeyd edilsə də, arxiv arayışlarında olan məlumatlar əmək kitabçasında olan məlumatlarla üst-üstə düşmür. Belə ki, iddiaçının əmək kitabçasında “M.Ə.Sabir adına sovxozun Üzüm İstehsalı və Emalı” müəssisəsində 07.07.1992-09.04.1998-ci illər arasında işlədiyi qeyd edilsə də, lakin iddiaçının təqdim etdiyi 29 yanvar 2020-ci il tarixli, 105 saylı və məhkəmənin sorğusu əsasında əldə etdiyi 27 oktyabr 2020-ci il tarixli, 191/111 saylı arxiv arayışlarında isə 1992-1997-ci illər arasında işlədiyi qeyd edilmişdir. İş materiallarına iddiaçı tərəfindən sübut kimi əlavə edilən 29 yanvar 2020-ci il tarixli, 105 saylı arxiv arayışında iddiaçının 1992-ci ildə Mədrəsə kəndi "xxxx" sovxozunda, həmçinin 1992-1997-ci illərdə ‘‘M.Ə.Sabir adına sovxozun Üzüm istehsalı və Emalı” müəssisəsində işlədiyi qeyd edilmişdir. Lakin məhkəmənin sorğu nəticəsində əldə etdiyi arxiv arayışında isə iddiaçının yalnız 1992-1997-ci illərdə Şamaxı rayonunun M.Ə.Sabir adına sovxozda işlədiyi göstərilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi arxiv arayışında 1992-ci ilin yanvar-iyun ayları ərzində ona əmək haqqı ödənildiyi qeyd edilsə də, məhkəmənin sorğu nəticəsində əldə etdiyi arxiv arayışında 1992-ci ilin yanvar-iyun ayları ərzində ona əmək haqqı ödənilmədiyi göstərilmişdir. Bununla yanaşı, məhkəmənin sorğu nəticəsində əldə etdiyi arxiv arayışında əlavə olaraq qeyd edilmişdir ki, 1996-ci ilin 3-cü və 4-cü aylarında əmək haqqında və 1997-ci ildə iddiaçının soyadında qaralama vardır. Həmçinin həmin arayışa əsasən, iddiaçının işə qəbul və işdən azad olma əmrləri aşkar olunmamışdır. Bu özü-özlüyündə əmək kitabçasında yazılmış həmin qeydlərin mötəbərliyini sübhə altına alır. Buradan göründüyü kimi cavabdeh orqan haqlı olaraq müvafiq illəri iddiaçının sosial sığorta stajına daxil etməyərək ona yasa görə əmək pensiyasının verilməsini dayandırmışdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına nəzər yetirdikdə oxşar məsələlərin həmin Qanunda da təsbit edildiyi müşahidə olunur. Belə ki, qeyd edilən Qanunun 12-ci maddəsinə müvafiq olaraq, kişilər üçün pensiya hüququnun yaranması üçün 2 şərtin olması tələb olunur: 1) 60 yaş 2) azı 25 il iş stajı. Göründüyü kimi şəxsə pensiya təyin edilməsi üçün hər iki şərtin eyni anda mövcud olması tələb olunur. Əks təqdirdə şəxsin pensiya hüququ yaranmayacaq və bununla əlaqədar səxsə cavabdeh orqan tərəfindən imtina verilməsi qanunun tələblərinə uyğun və əsaslı olacaqdır. Beləliklə, iddiaçının onun stajını təsdiq edən sənəddə - arxiv arayışında qaralamalar mövcud olduğu üçün həmin illərin mötəbərliyi şübhə altına alınmış olur. Bu səbəbdən də sözügedən 1996 və 1997-ci illər iş stajı kimi qiymətləndirilə bilmir. Həmin illər mövcud stajdan çıxıldıqda isə iddiaçının stajı 25 il sosial sığorta stajı tamamlanmır. Bu da qanunun 7-ci maddəsində göstərilən staj şərtinin ödənilməməsi deməkdir və nəticə etibarilə cavabdeh tərəfindən verilmiş imtina əsaslıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi və əlavə olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Samaxı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 15 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi və X3 təyin edilmiş yaşa görə əmək pensiyası ödənişinin 01 fevral 2020-ci il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Belə ki, ilkin iddia ərizəsində iddiaçı cavabdehin pensiyanın dayandırılması ilə bağlı hərəkətlərini mübahisələndirərək pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında cavabdeh tərəfindən təqdim edilən sənədlərin tədqiqi zamanı isə müəyyən edildi ki, cavabdeh tərəfindən pensiyanın dayandırılması barədə qərar qəbul edilmişdr. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım edərək tələbini dəqiqləşdirməyi təklif etmişdir. Yaranmış mübahisə ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin hallarından görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş (60 yaş 06 ay) yaş həddinə çatmiş və 25 il sığorta stajına malik olduğu üçün cavabdeh tərəfindən ona 01.01.2018-ci il tarixdən yaşa görə pensiya təyin edilsə də, 2020-ci ilin fevral ayından pensiya ödənişi dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsində sosial müavinətlərin, 01.01.2018-ci il tarixdən 01.01.2020-ci il tarixədək təyin edilmiş əmək pensiyaları və ünvanlı sosial yardımların təyinatı və ödənişinin icrası vəziyyətinin araşdırılması barədə 15 fevral 2020-ci il tarixli akta əsasən, X1 (p/iş №032852) Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmadığı, X1 01.01.1996-31.12.1997-ci illərə dair sosial sığorta stajı öz təsdiqini tapmadığına görə, ona yaşa görə əmək pensiyası hüququ olmadan qanunsuz olaraq yaşa görə əmək pensiyası təyin edildiyi və nəticədə 3655,00 manat artıq ödəmə yarandığı müəyyən edilmişdir. Qeyd edilən akta istinadən, Dövlət Sosial Müdafiə Fondunun Samaxı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 15 fevral 2020-ci il tarixli qərarına əsasən iddiaçının 1996-1997-ci illərdə işləməsini qarşılıqlı yoxladıqda cədvəldə bəzi yerdə yüngül qaralama olduğuna görə yaşa görə əmək pensiyası dayandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində əmək haqqının ödənilməsinə dair 1996- 1997-ci illər üzrə cədvəllərdə iddiaçıya aid bəzi məlumatlarda qaralama olduğu üçün cavabdeh həmin illəri sosial sığorta stajına daxil etməmiş və bu səbəbdən 25 il sığorta stajı yaranmadığı üçün iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasını dayandırmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının 1992-1997-ci illərdə Şamaxı rayonu, Sabir adına sovxozun üzüm istehsalı və emalı müəssisəsində işləməsi onun əmək kitabçası və arxivdə aşkar edilmiş əmək haqqı cədvəlləri ilə təsdiq edilir. Məhkəmə öz qərarında cavabdehin əmək kitabçasında göstərilən tarixlə əmək haqqı cədvəlləri arasında olan uyğunsuzluqla bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, əmək haqqı cədvəllərinin 1992-1997-ci illərə aid olması, iddiaçının işdən azad edilməsi barədə əmrin isə 09 aprel 1998-ci il tarixdə verilməsi onun işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsas olmamalıdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, dövlət arxivi tərəfindən verilən arayışlarla iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlar arasında hər hansı ziddiyyətin olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçının adına açılmış ИТ-İ seriyalı № ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı 01.08.1972-ci il tarixdən 29.06.1992-ci il tarixədək Mədrəsə kənd "xxxx" sovxozunda, 07.07.1992-ci il tarixdən 09.04.1998-ci il tarixədək “M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində fəhlə işləmiş, 09.04.1998-ci ildə öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 tərəfindən verilmiş 29.01.2020ci il tarixli 105 saylı arxiv arayışından görünür ki, iddiaçı 1992-ci ildə Mərdəsə kənd Pravda sovxozunda, 1992-1997-ci illərdə “M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində işləmiş və işlədiyi müddətdə əmək haqqı almışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq X10 filialı tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli, 130 saylı arxiv arayışlarından da görünür ki, X4 1973-cü ilin yanvar ayından 1992-ci ilin iyul ayına qədər Şamaxı rayonu Mədrəsə kəndi Pravda sovxozunda, 1992-ci ilin iyul ayından 1997-ci ilin dekabr ayına qədər Şamaxı rayonun Sabir adına sovxozda işləmiş və əmək haqqı almışdır. “M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsinin 1998-ci ilə dair əmr kitabları, əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları arxivə təhvil verilməmişdir. Beləliklə həm əmək kitabçası, həmçinin arxiv arayışları ilə iddiaçının 01.08.1972-ci il tarixdən 29.06.1992-ci il tarixədək Mədrəsə kənd "xxxx" sovxozunda, 07.07.1992-ci il tarixdən 09.04.1998-ci il tarixədək “M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində fəhlə işləməsi tam sübuta yetirlir. “M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində əmək haqqının ödənilməsinə dair 1996-1997-ci illər üzrə cədvəllərdə iddiaçıya aid məlumatlarda qaralama olması səbəbindən həmin illərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş “M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsinin 1992-1997-ci illər üzrə əmək haqqı cədvəllərindən görünür ki, həqiqətən də, arxiv arayışında qeyd edildiyi kimi iddiaçıya işlədiyi müddətdə hər ay əmək haqqı ödənişi edilmişdir. Cədvəldən həmçinin görünür ki, 1996-cı ilin mart, 1997-ci ilin yanvar və may aylarında ödənilən əmək haqqının məbləğində, həmçinin 1997ci ildə iddiaçının soyadında qaralama edilmişdir. Kollegiya hesab edir ki, qeyd edilən hal iddiaçının 1996-1997-ci illər üzrə əmək fəaliyyətini şübhə altına alan hal hesab edilə bilməz. Belə ki, iddiaçının 1996-1997-ci illərdə “M.Ə.Sabir adına sovxozun üzüm istehsalı və emalı” müəssisəsində işləməsi həm əmək kitabçası ilə, həmçinin arxiv arayışı və əmək haqqı cədvəlləri ilə təsdiq edilir. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.2ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmçinin, həmin qanunun mötəbərlik prezumpsiyası adlanan 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hazırkı halda da, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasındakı, eləcə də arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. “Əmək pensiyaları haqqında” qanunun 37.8.3-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Göründüyü kimi iddiaçının yaşa görə pensiya təyin olunması üçün zəruri iş stajının olmadığı barədə inzibati orqanın gəldiyi nəticə və bu nəticənin maddiləşdiyi DSMF-nin Şamaxı rayon şöbəsinin 15.02.2020-ci il tarixli qərarı aşkar qanunsuzdur. Hazırkı halda iddiaçıya əmək pensiyasının təyin edilməsi şərtlərinə uyğun olmayan hər hansı halın mövcudluğu müəyyən edilmir. Məhkəmə kollegiyası xatırladır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 və 67.2-ci maddələri). Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya ödənilən pensiyanın dayandırılması barədə 15.02.2020-ci il tarixli qərarı qanunsuz əlverişsiz akt olduğundan ləğv olunmalıdır. «İnzibati icraat haqqında» Qanunun 67.3-cü maddəsinə görə Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd edilən normaya əsasən, kollegiya hesab edir ki, qərarın ləğv edilməsi ilə yanaşı cavabdehin üzərinə iddiaçıya 2020-ci ilin fevral ayından yaşa görə əmək pensiyası ödənişinin davam etdirilməsi barədə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(118)-735/2020 saylı qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(118)-735/2020 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Samaxı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 15 fevral 2020-ci il tarixli qərarı ləğv edilsin və X3 təyin edilmiş yaşa görə əmək pensiyası ödənişinin 01 fevral 2020-ci il tarixdən bərpa olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 11 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar