Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-232/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin 1 saylı Quba-Xaçmaz regional filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)-1513/2021 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivinin 26 may 2021-ci il tarixli, 593 saylı arxiv çıxarışına (işə girmə əmri qeyd olunmayıb) əsasən İddiaçı 02.04.1971-ci ildən 29.04.1972-ci ilədək (1 il 27 gün), 04.05.1975-ci ildən (işdən çıxma əmri göstərilməyib) Xaçmaz rayonu 1 nömrəli Meyvəçilik sovxozunda işləmişdir.
2. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki Peşə Təhsili Komitəsinin 1691 nömrəli attestatından görünür ki, iddiaçı 02 sentyabr 1974-cü ildən 04 sentyabr 1975-ci ilə qədər 103 nömrəli Quba Texniki peşə məktəbində təhsil almışdır.
3. İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, 23 may 1972ci ildən 25 iyun 1974-cü ilədək keçmiş X3 həqiqi hərbi xidmətdə olmuşdur.
4. Əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 03.12.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış, əmək kitabçası üzrə ümumilikdə 21 il 7 ay 16 gün sığorta stajına malikdir.
5. İşin hallarından görünür ki, iddiaçı 10.07.2012-ci il tarixdən 30.04.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır.
6. İddiaçı 05 may 2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana əlillik müddəti bitdiyinə görə əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçməsi tələbi ilə müraciət etmiş, cavabdeh 07 iyun 2021-ci il tarixli **********3 nömrəli məktubu ilə iddiaçının müraciətiə cavab olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiya sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci maddəsinə əsasən sığorta olunanların qazanılmış əmək pensiya hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi üçün iddiaçının təqdim etdiyi arxiv arayışlarında qeyd edilmiş 01.06.1970-31.08.1970, 01.04.1971-30.04.1972, 01.05.1975-31.07.1975, 01.12.1975- 31.12.1976-cı illərə kimi olan dövrlər əmək kitabçasında qeyd edilmədiyinə görə sığorta stajına daxil etmək mümkün olmamışdır. Cavabdeh orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı olmadığına görə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin 2 saylı regional ərazi filialının əmək pensiyası təyin edən komissiyasının 07 iyun 2021-ci il tarixli 137 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sığorta stajı olmadığına görə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtinasını əsassız hesab etməklə, cavabdehin üzərinə ona əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, pensiya təyin olunması üçün müraciətinə verilmiş cavab məktubunda 01.06.1970-31.08.1970, 01.04.1971- 30.04.1972, 01.05.1975- 31.07.1975, 01.12.1975-31.12.1976-cı illərə kimi olan dövrləri əmək kitabçasında qeyd edilmədiyinə görə sığorta stajının 25 il olmaması adı ilə imtina verilmişdir. Halbuki qeyd olunan arxiv arayışları ilə onun həqiqətən də həmin illərdə Xaçmaz rayonunun keçmiş 1 nömrəli Meyvəçilik Sovxozunda işləməsi təsdiqini tapır. Odur ki, tələb olunan 25 il sığorta stajı olmadığına görə onun müraciəti təmin edilməmişdir. Həmin illərdə onun 18 yaşı tamam olmadığına görə adına əmək kitabçası açılmamışdır. Qeyd olunan illərdə işləməsi habelə, 02 sentyabr 1974 - 04 senyabr 1975-ci illərdə keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə təhsili Komitəsinin Quba 103 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı müddət sığorta stajına hesablanmalıdır. Qeyd olunan arxiv arayışlarında və peşə təhsili barədə attestatda göstərilən müddətdə hesablandıqda tələb olunan sığorta stajı tamamlanır. Lakin cavabdeh əsassız olaraq həmin sənədləri qəbul etməkdən imtina etmişdir. Cavabdehin imtinası əsassız hesab edilməli və cavadehin üzərinə pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi qoyulmalıdır.
10. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı 1970-1974-cü və 1984-1987-ci illərdə “Azərbaycan Kommunist Partiyasının 60 illiyi kolxozu”nda işlədiyini iddia edir. İddiaçı ona pensiya təyin olunması üçün Fondun 2 saylı regional ərazi filialına müraciət etmiş, lakin iddiaçının işlədiyini iddia etdiyi 01.06.1970-31.08.1970, 01.04.1971- 30.04.1972, 01.05.1975-31.07.1975, 01.12.1975-31.12.1976-cı illər əmək kitabçasında qeyd edilmədiyi üçün Fondun 2 saylı regional ərazi filialı tərəfindən ona əmək pensiyası təyin olunmaqdan imtina edilmişdir. İddiaçı pensiya yaşına 02.07.2016-cı il tarixdə çatsa da, 10.07.2012-ci il tarixdən 30.04.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Fondun 2 saylı regional ərazi filialı tərəfindən verilən imtina qanunidir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)-1513/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim L.Mirzəyeva)
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ onun əlilliyə görə əmək pensiyasının müddətinin bitdiyi tarixdən yarandığından həmin münasibətə tətbiq olunmalı hüquq norması hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsidir. Yəni iddiaçıya pensiya təminatına imkan verən sığorta stajı azı 25 il, pensiya kapitalı isə 28800 manat olmalıdır. Cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məsələdə düzgün nəticəyə gəlməmişir. Belə ki, həmin tarixdə iddiaçı əlilliyə görə əmək pensiyaçısı olmuşdur və müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Belə olan təqdirdə birinci instansiya məhkəməsi iddiaçıya hansı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə münasibət bildirməli idi. b) Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak etməyən iddiaçı onun iştirakı olmadan işə baxılmasını, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5. Pensiya seçmək hüququ 5.1 Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 34.1. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Maddə 31.3. Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir.
18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
20. İnzibati Prosessual Məcəllə: Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
21. Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”
22. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67.1-2. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. İşin hallarından göründüyü kimi iddiaçı cavabdehin üzərinə ona əmək pensiyası hesablanıb verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan 07 iyun 2021-ci il tarixli məktubla iddiaçının işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının işlədiyi dövrlər əmək kitabçasında qeyd edilmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır.
28. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlər arxiv arayışlarına əsasən hesablanıb sosial sığorta stajına daxil edilməlidir. İddiaçıya məxsus əmək kitabçasındakı iş stajı ilə yanaşı, arxiv arayışında qeyd edilən dövrlər də nəzərə alındıqda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:
30. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
31. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması.
32. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1953–cü il təvəllüdlü olduğu üçün 63 yaşda, yəni 02.07.2016–cı il tarixdən yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Həmin vaxt isə iddiaçı əlilliyə görə əmək pensiyası alırdı. İş materiallarından görünür ki, iddiaçı 10.07.2012-ci il tarixdən 30.04.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Hazırda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya yaşına çatması ilə bağlı birinci şərt ödənilir.
33. İkinci şərtlə bağlı olaraq iddiaçının “Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı olmalıdır.
34. İddiaçıya məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 03.12.1975-ci il tarixdən 01.01.1999-cu il tarixədək 21 il 7 ay 16 gün olmaqla sığorta stajına malik olmuş, hazırkı qərarın 1-ci bəndində qeyd olunmuş 593 saylı arxiv arayışına əsasən, 02.04.1971-ci il tarixdən 29.04.1972-ci il tarixədək 1 il 27 gün olmaqla Xaçmaz rayonu 1 nömrəli Meyvəçilik sovxozunda işləmiş, 23 may 1972-ci ildən 25 iyun 1974-cü ilədək 02 il həqiqi hərbi xidmətdə olmuş, 02 sentyabr 1974-cü ildən 04 sentyabr 1975-ci ilə qədər (1 il) 103 nömrəli Quba Texniki peşə məktəbində təhsil almış, həmçinin 1975-ci ilin sentyabr ayından 1976-cı ilin dekabr ayınadək 1 il 03 ay olmaqla 1 nömrəli Meyvəçilik sovxozunda işlədiyi müddət nəzərə alındıqda iddiaçının ümumilikdə (21 il 07 ay 16 gün+1 il 27 gün+02 il+1 il +1 il 03 ay=26 il 11 ay 13 gün) 25 ildən artıq sığorta stajına malik olduğu təsdiq olunur.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
36. Həmçinin, iddiaçının təhsil aldığı vaxt qüvvədə olan 04.08.1956-cı il tarixli “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən, peşə məktəblərində, dəmir yolu məktəblərində, kadr hazırlayan kurs və məktəblərdə təhsil müddəti ümumi iş stajına daxil edilmişdir.
37. Eyni zamanda, 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
38. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdu.
39. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün “Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsində müəyyən edilmiş sığorta stajını topladığı təsdiq olunur.
40. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının halında isə onun işlədiyi müvafiq dövrlər əmək kitabçasında göstərilməmişdir, bu hal isə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasına maneçilik yaradır.
41. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın mövqeyini əsassız hesab edir və bildirir ki, zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.
42. Hazırkı qərarın 23-cü bəndində qeyd olunan hüquq normalarının tələblərinə görə əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
44. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
45. Beləliklə, iddiaçının Xaçmaz rayonu 1 nömrəli Meyvəçilik sovxozunda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1970-1976-cı illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Xaçmaz rayonu 1 nömrəli Meyvəçilik sovxozunda işlədiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Xaçmaz filialının 26 may 2021-ci il tarixli arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.
46. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
47. Qeyd edilən illərin əmək kitabçası ilə təsdiq olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının Xaçmaz rayonu 1 nömrəli Meyvəçilik sovxozunda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu.
48. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir.
49. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə arxiv arayışları işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir.
50. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz.
51. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçıya hansı tarixdən yaşa görə əmək pensiyası təyin olunması məsələsinə münasibət bildirməmişdir. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı 10.07.2012-ci il tarixdən 30.04.2021-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası almış, 05.05.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, yaşa görə pensiya növünə keçməsini xahiş etmişdir.
52. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Qanunun 31.3-cü maddəsinə uyğun olaraq, təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir.
53. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
54. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)-1513/2021 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı Quba-Xaçmaz regional filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.