Məhkəmə qərarları › İş №2-1(105)-232/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-232/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-232/2023 02.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona təyin edilmiş əlilliyinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(118)-2638/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus AZE № ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1964-ci il təvəllüdlüdür.

2. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-ci il tarixli 1071 saylı qərarından görünür ki, İddiaçı diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

3. TSEK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə 5 (beş) il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

4. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır.

5. Əlillik vəziyyətinin araşdırılması ilə bağlı xx.xx.2021-ci il tarixində Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq onun barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

6. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiəsi ilə əlaqədar əlilliyin bərpa edilməsi öhdəliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona təyin edilmiş əlilliyinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü il təvəllüdlüdür. İki il Sovet Ordusunda, 1992-1994cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2017-ci il tarixdə səhiyyə müəssisəsinin 411000AABRD nömrəli göndərişi (88 nömrəli forma) əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik təyin edilmişdir. 2020-ci ilin aprel ayında pensiya və təqaüdü dayandırılmış, bu zaman elektron sistemə əlillik vəziyyətimin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspetiza və Reabılitatsiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsasız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilmişdir.

8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2020-cı il tarixli aktla əyani müayinənin nəticələri rəsmiləşdirilərək Agentliyə göndərilmişdir. Agentlik tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək tam reablitasiya olunduğu müəyyən olunmuşdur. İddiaçı əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. O cümlədən inzibati icraatı düzgün aparmaqla iddiaçı barəsində müvafiq qərar qəbul etməklə, əllillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(118)-2638/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı əlilliyinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad etmiş və şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2020-ci il tarixli aktla əyani müayinənin nəticələri rəsmiləşdirilərək Agentliyə göndərilmişdir. Agentlik tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək tam reabilitasiya olunduğu müəyyən olunmuşdur. İddiaçı, İddiaçı əlilliyin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. O cümlədən inzibati icraatı düzgün aparmaqla iddiaçı barəsində müvafiq qərar qəbul etməklə əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Buna görə də əsaslı olaraq Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə xx.xx.2020-ci il tarixdə etibarsız edilmişdir. Bundan əlavə iddiaçı Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında elektron qaydada müraciət etmiş və onun əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və Diaqnozun mətni: keçirilmiş kəllə beyin travması postravmatik ensefalopatiya kəllədaxili hipertenziya. Epilepsiya, tez tez baş verən qıcolma tutmaları ayda 7-8 dəfə. Sidik kisəsinin Cr-i. əməliyyatdan sonrakı vəziyyət 1 mərhələ; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Əlavə müayinə və müalicəni davam etdirilməsi məsləhətdir səbəbi ilə imtina verilmişdir. İddiaçı əlilliyin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2638/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

16. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Ümumi müddəalar 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya təyin edilmiş ll dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi məhz DİN Tibb İdarəsinin sözügedən məktubu olmuşdur. Halbuki, həmin məktubda hər hansı maddi hüquq normasına istinad edilməmişdir. Sadəcə, siyahıda göstərilən şəxslərion Daxili İşlər Nazirliyinə heç bir aidiyyətinin olmaması və Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlərin əsassız olaraq rəsmişlədirilməsi qeyd edilmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçının əlilliyinin etibarsız hesab edilməsi barədə ayrıca qərar (inzibati akt) qəbul edilməmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

24. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 27 oktyabr 2016-cı il tarixli, 1071 saylı qərardan görünür ki, Şamaxı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah yaralanmalarından sonra başın sağ gicgah nahiyyəsində bir ədəd, başın arxa ənsə nahiyyəsində bir ədəd, sol çənə qabarında bir ədəd, qarnın ön səthində, sağ qabırğa qövsündə bir ədəd, bədənin sağ yan səthində, sağ qalça tini səviyyəsində bir ədəd, sol əl pəncəsinin 1-2-ci barmaqarası nahiyyəsində bir ədəd, sol ayaq pəncəsinin orta 1/3-nin içəri səthində bir ədəd çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Şamaxı rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 712 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 409 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli k/409 nömrəli canlı şəxsin məhkəmə- tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, Şamaxı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” qeyd edilmişdir.

25. İş materiallarında olan iddiaçı barəsində tərtib olunmuş xx.xx.2017-ci il tarixli göndərişdən görünür ki, TSEK-ə göndəriş zamanı xəstənin əsas diaqnozu- E11.7 insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, çoxsaylı ağırlaşmalarla, diabetik nefropatipa olduğu, T90.5 kəllədaxili travmaların nəticələrinin, keçirilmiş ağır kəllə-beyin travmasının davamlı qalıq əlamətlərinin, N18.2 Xroniki böyrək xəstəliyinin İİ mərhələsinin, XBÇ İİ dərəcə, T90.5 Kəllədaxili travmaların nəticələrinin, keçirilmiş ağır kəllə-beyin travmasının davamlı qalıq əlamətlərinin, posttravmatik ensefalopatiya, generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), vertebro-bazilyar sistemdə keçirilmiş işemik tipli pozğunluqların nəticələri, yaddaş zəifliyi və idrakın enməsi qeyd edilmişdir.

26. İşdə olan TSEK elektron informasiya sistemindən çıxarışlardan görünür ki, keçirilmiş ağır kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), vertebro-bazilyar sistemdə keçirilmiş işemik tipli pozğunluqların nəticələri, yaddaş zəifliyi və idrakın enməsi. Kəllə-beyin hipertenziya, BQDÇ, İİ dərəcə, dissirkulyator ensefalopatiya, vestibulyar-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, kəskin asteno-nevrotik sindrom. Şəkərli diabet İİ tip, çoxsaylı ağırlaşmalarla. Diabetik nefropatiya, XBÇ İİ dərəcə. 2.2. ikinci dərəcə əlillik-2.2.11.epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) olmuşdur.

27. Cavabdeh etirazında və apellyasiya şikayətində iddiaçının Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında əyani müayinəsi həyata keçirildiyini və xx.xx.2020-ci il tarixli aktla əyani müayinənin nəticələrinin rəsmiləşdirilərək iddiaçının əlillik vəziyyətinin qiymətləndirilərək tam reabilitasiya olunduğu müəyyən olunduğunu bildirmiş, qeyd edilən halı təsdiq edən sübut kimi 12 saylı TESK-in sədrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə ünvanladığı məktuba istinad etmişdir.

28. Cavabdeh tərəfindən təqdim edilmiş tarixi və nömrəsi olmayan 12 saylı TESK-in sədrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə ünvanladığı məktubda əlilliyə görə əmək pensiyası və sosial müavinət təyin olunmuş şəxslərin əlilliyinin düzgün təyin olunmasının yoxlanılması məqsədi ilə Şamaxı şəhərində ezamiyyədə olduğunu, ezamiyyə dövründə 152 nəfərin 18 yaşadək SİM uşaq və 150 nəfərin 18 yaşdan yuxarı əlilliyi olan şəxsin müayinə edildiyini, müayinələrin nəticəsində 99 nəfərdə əlillik dərəcələrinin qüvvədə saxlandığını, 12 nəfərdə hissəvi reabilitasiya aparılaraq daha aşağı əlillik dərəcəsi təyin edildiyini, 15 nəfərdə hazırda əlillik əlamətlərinin aşkar edilmədiyindən tam reabilitasiya olunduğunu, 2 nəfərdə isə sənədlərdə qeyd edilmiş xəstəlik əlamətlərinin aşkar edilmədiyindən əlillik dərəcəsinin ləğv olunduğunu, 22 nəfər əlilliyi olan şəxsin isə ətraflı müayinə üçün Xidmətə göndərildiyini, 18 yaşadək uşaqlardan 93 nəfərində sağlamlıq imkanlarının məhdudluğunun qüvvədə saxlandığını, 45 nəfərində hazırda sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri aşkar edilmədiyindən tam reabilitasiya edildiyini, 5 nəfərində isə sənədlərdə qeyd edilmiş xəstəliklər aşkar edilmədiyindən SİM ləğv edildiyi, 9 nəfər uşağın ətraflı müayinə üçün Xidmətə göndərildiyini qeyd etmişdir.

29. Həmin məktuba əlavə edilmiş Əyani müayinəyə çağırılan və tam reabilitasiya olunan əlillər siyahısında 2-ci sırada iddiaçının adının qarşısında “ləğv edilmişdir”qeyd edilmişdir.

30. Kollegiya qeyd edir ki, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə 5 (beş) il müddətinə ikinci dərəcəli əlillik təyin edildiyi və növbəti qiymətləndirilmə tarixi xx.xx.2022-ci il olduğu halda hansı əsasla və hansı qaydada onun yenidən əyani müayinəyə cəlb olunması və əyani müayinəsinin həyata keçirilməsi xx.xx.2020-ci il tarixdə əlilliyinin etibarsız edilməsi ilə bağlı hər-hansı mötəbər sübut təqdim etməmişdir.

31. Belə ki, iddiaçı 2020-ci ildə heç bir yerdə, heç bir həkim və ya komissiya tərəfindən müayinədən keçirilmədiyini bildirmiş, cavabdeh isə buna dair əlavə sübut, iddiaçının əyani müayinəsinə dair protokol və s.təqdim etməmiş, yalnız yuxarıda qeyd edilən məktuba və siyahıya istinad etmişdir.

32. Kollegiya qeyd edir ki, istinad edilən hal cavabdehə hər hansı icraat aparmadan iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Cavabdeh iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona ikinci dərəcə əlillik təyin edildiyi halda, əvvəlki praktikasına zidd olaraq onun həmin əlilliyini, əlilliyin müddəti başa çatmadan əvvəl, ona heç bir məlumat verilmədən, göndərişi verən orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubuna əsasən etibarsız hesab etməkdə qanunsuzluğa yol vermişdir.

33. Həmçinin iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçının əyani müayinəyə cəlb edilməsi ilə bağlı isə ona aid hər-hansı sübut təqdim edilməmişdir (əyani müayinəyə cəlb edilmənin əsasını təşkil edən inzibati akt, əyani müayinənin nəticələrini əks etdirən rəy, protokol, əyani müayinəni həyata keçirən həkim-ekspertlərin adı, nəticəsi əks olunan qərar, əlilliyin etibarsız hesab edilməsi barədə qərar və s.). Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir.

34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

35. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

36. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, əsaslandığı halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsin əlillik dərəcəsini ləğv etməkdə cavabdeh haqlı sayıla bilməz.

37. Qeyd olunmalıdır ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

38. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı iddiaçının əlilliyi etibarsız hesab edilərkən yuxarıda qeyd olunan qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır.

39. Apellyasiya şikayətinin iddiaçının Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında “əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Əlavə müayinə və müalicəni davam etdirilməsi məsləhətdir səbəbi ilə” də imtina verilməsinə dair dəlillərinə gəldikdə isə, kollegiya qeyd edir ki, həmin hal da iddiaçının iddiasının təmin edilməməsinə əsas ola bilməz. Belə ki, iddiaçı hazırkı icraat çərçivəsində xx.xx.2022-ci il tarixli göndərişi əsasında əlilliyinin müəyyən edilməsini deyil, xx.xx.2017-ci il tarixli göndəriş əsasında 5 il müddətinə müəyyən edilmiş əlilliyinin bərpa edilməsini xahiş edir.

40. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(118)-2638/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar