Məhkəmə qərarları › İş №2-1(105)-232/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-232/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-232/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1942/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 1942/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli (**********676500 nömrəli) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 3 saylı Ərazi Vergi İdarəsi tərəfindən qəbul edilmiş 2022-ci il mənfəət vergisi üzrə kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli nömrəsini müəyyən edə bilmədiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə 1140428,53 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Vergi orqanı 37-ci maddənin tələblərini pozmuş və əsassız olaraq kameral hesablama qərarı çıxarmışdır. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilənlər əsassızdır. Belə ki, vergi ödəyicisi “X5” MMC (VÖEN **********), meyvə tərəvəzin topdan satışı fəaliyyəti ilə məşğul olur və 2022-ci il ərzində e-qaiməyə əsasən 7132,0 manat xidmət almış, dəyəri 4.961.295,0 manat olan alış aktına əsasən fərqli-fərqli meyvələr alınmış, dəyəri 3988836,48 manat olan meyvə məhsulları ixrac etmiş və həmçinin 2022-ci ildə vergi ödəyicinə məxsus bank hesabına xarici vəsaitlə daxil olma olmuş və konvertasiya əməliyyatı aparıldıqdan sonra, daxil olmuş vəsaitin məbləği 11.500.835,0 manat olmuşdur. Həmçinin vergi ödəyicisi tərəfindən sadələşdirilmiş vergi bəyannaməsinin 2021-ci ilin 4-cü rübündə əlavə - 1 bölməsinin debitor borclar sətrində 830.265,35 manat saxlanılmışdır. Vergi ödəyicisi tərəfindən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, vergi ödəyicisinə kameral qaydada 11.500.835,0 - 4.961.295,0 – 830.265,35 - 7132 = 5.702.142,65x20% = 1.140.428,53 manat vergi məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq yuxarıda qeyd olunan 1.140.428,53 manat vergi məbləği qanuna müvafiq hesablanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazla eynilik təşkil edir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********676500 saylı qərarın ləğvinə yönəlmişdir. İşdə olan sənədlərdən müəyyən edilir ki, vergi orqanı diskresion səlahiyyətlərindən istifadə edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********676500 saylı qərarı ilə iddiaçıya müəssisəyə 2022-ci il mənfəət vergisi üzrə 1.140.428,53 manat əlavə vergi hesablamışdır. Vergi orqanının mübahisələndirilən qərarında əlavə vergi hesablanmasına əsas olaraq iddiaçının mənfəət vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən mənfəət vergisi hesablandığı göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı hesab edərək qeyd edir ki, hesablama ümumiyyətlə Vergi Məcəlləsinin tələbləri pozularaq edilmişdir. Belə ki, vergi bəyannaməsinin təqdim edilmə müddəti il başa çatdıqdan sonra 31 mart tarixindən gec olmayaraq nəzərdə tutulmuşdur. Vergi bəyannaməsinin təqdim edilməsi barədə Vergi Məcəlləsinin 149-cu maddəsində qeyd edilmişdir. Kameral münasibət bildirmə müddəti bu dövrdə 30 iş günü olaraq müəyyən edilmiş olduğundan vergi orqanı bəyannamənin təqdim etmə müddətindən sonra 30 iş günü ərzində kameral münasibət bildirməli idi. Bundan əlavə olaraq analoji hesablama aparan cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 37-ci və 67-ci maddəsinin tələblərini pozmuşdur. Bəyannamənin təqdim etmə müddəti başa çatdıqdan sonra 30 iş günü xx.xx.2023-cü il tarixdə başa çatmasına baxmayaraq cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixdə kameral münasibət bildirmiş, əsassız olaraq analoji mənfəət vergisi hesablamışdır. Bu isə inzibati icraat qaydalarının pozulmasıdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Yuxarıda qeyd edilən hüquq normalarının tələblərinin qarşılıqlı təhlili nəticəsində o qənaətə gəlinir ki, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı, inzibati orqan həm də icraatla bağlı hüquq normalarının tələblərinə riayət etməlidir. Müvafiq olarq məhkəmənin inzibati aktın qanuniliyini yoxlaması da həm icraatla, həm də maddi hüquqla bağlı normalarının tələblərinə riayət olunması istiqamətində aparılır. Cavabdeh inzibati orqan qərar qəbul edərkən inzibati icraat haqqında qanunun tələblərini pozaraq diskresion səlahiyyətləri daxilində qəbul etdiyi inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Bundan əlavə cavabdeh orqan tərəfindən təqdim edilən etirazda müəssisənin 2022-ci il mənfəət vergisi üzrə gəlirinin 11.500.835,00 manat, xərclərinin isə 5.798.692,35 manat, vergiyə cəlb edilən gəlirin məbləğinin 5.702.142,65 manat, müvafiq olaraq hesablanmış əlavə vergi məbləği isə 1.140.428,53 manat müəyyən edilməsi göstərilmişdir. Lakin vergi orqanı təqdim edilmiş etirazda qeyd edilən məbləğlərin haradan əmələ gəldiyini əsaslandırmamışdır. Belə ki, vergi orqanı kameral vergi hesablamasına əsas olan gəlir məbləğini göstərməklə kifayətlənmiş, həmin məbləğin necə müəyyənləşdirildiyini qeyd etməmiş, eyni zamanda mənfəət vergisini hesablayarkən müəssisənin xərc sənədlərini nəzərə almamışdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası işi araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən göstərilən məbləğlər öz təsdiqini tapmamışdır. Müəssisənin təqdim etdiyi sənədlərdən göründüyü kimi, 2022-ci ildə malların təqdim edilməsi üzrə gəlir 3.988.836,48 manat olmuş, cəmi xərclər isə 4.969.827,89 manat, əmək haqqı xərci 900,00 manat DSMF xərci 177,00 manat, sosial sığorta haqları 13,50 manat, malın dəyəri 4.961.295,65 manat, digər xərclər isə 7.441,74 manat olmuşdur. Beləki, hesabatın nəticəsi üzrə 2022-ci il üzrə müəssisə faktiki olaraq (-980.991,41 manat) zərərlə işləmişdir. Lakin cavabdehin təqdim etdiyi gəlir məbləği olaraq göstərdiyi 11.500.835,00 manat gəlir məbləği mövcud olmamışdır. Cavabdeh vergi orqanı tərəfindən bank hesabına daxil olan pul vəsaitini gəlir olaraq qəbul etmişdir, lakin faktiki olaraq pul vəsaitinin daxil olması gəlir kimi qəbul edilə bilməz. Bununla əlaqədar Vergi Məcəlləsinin 130-136-cı maddələrinə əsasən gəlir xərclərin hesablanması müəyyən edilmişdir. Verqi orqanının təqdim etdiyi apellyasiya şikayətindən də görünür ki, bu müəssisənin əvvəlki dövrlərdə də fəaliyyəti olmuşdur. Keçmiş dövrlərin debitor pul vəsaitinin növbəti illərdə daxil olunması onun gəliri kimi götürülə bilməz. 2022-ci ilin gəlirlərin açıqlaması malların ixracından ibarət olmuşdur, müvafiq sənədlər isə birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarına təqdim edilmiş və lazımi araşdırma aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Vergi Məcəlləsinin 149.2-cu maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Vergi ilində fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisi həmin vergi ilində fəaliyyətini təkrar bərpa edərsə bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən hesablanan 11.500.835,00 manat gəlir məbləği sadalanan hallara görə əsassızdır. Cavabdeh inzibati orqanın müəyyən etdiyi gəlir məbləği faktiki olaraq mövcud deyildir, müəssisənin bank hesabına daxil olan pul vəsaitlərini düzgün təhlil etməmiş, debitor məbləğləri, cari dövr üzrə təqdim edilmiş mallar üzrə gəlirin məbləğini düzgün hesablamamışdır. Yuxarıda istinad edilən normalara əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Eyni zamanda məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş gömrük bəyannamələrini, alış aktlarını araşdıraraq müəyyən edir ki, müəssisənin 2022-ci ilin gəlirlərin açıqlaması malların ixracından ibarət olmuşdur, gömrük bəyannamələri ilə meyvə-tərəvəz ixracı rəsmiləşdirilmişdir. Bununla bağlı meyvə-tərəvəzi alış aktları ilə alınmış və xərclərə aid edilmişdir. Nəzərə almaq lazımdır ki, vergi orqanı Vergi Məcəlləsinin 37.4-cü maddəsinin 2-ci hissəsinə istinadən 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanması ilə bağlı diskresion səlahiyyətə malikdir. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə inzibati orqanın diskresion səlahiyyəti ödənilməli olan verginin məbləğinin əlaqəli məlumatlardan istifadə etməklə hesablanması ilə bağlıdır. Vergilərin bu qaydada hesablanması cavabdehin öhdəliyi deyil, hüququdur. Lakin bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan həmin qaydanı tətbiq etməklə verginin hesablanması barədə qərara gəldiyi hallarda onun həmin hüququ artıq öhdəlik keyfiyyəti əldə edir və inzibati orqanın Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun davranmaq öhdəliyi yaranır. Bu andan etibarən inzibati orqan həmin qaydanın şərtlərinə bağlıdır və bu şərtlərə əməl etməyə borcludur. İnzibati orqan eyni zamanda malik olduğu diskresion səlahiyyəti vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə yanaşma diskresion səlahiyyətin mahiyyətindən irəli gəlir (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-22/2022 nömrəli qərarı, &32). Yuxarıda şərh edilənlərə əsasən inzibati orqan diskresion səlahiyyətlər daxilində inzibati akt qəbul etdiyi halda öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalı idi. İstinad edilən normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə düşür. Vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. İPM-in 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1942/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar