Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-233/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı DSMFnin Şamaxı rayon şöbəsinin 04 oktyabr 2020-ci il tarixli **********2 saylı imtinasının əsassız hesab olunması və iddiaçının 10.03.1993-cü il tarixdən 05 aprel 1994-cü il tarixə kimi “xxxx” kiçik müəsissəsində işlədiyi müddətin sığorta stajına hesablanmaqla ona əmək pensiyasının verilməsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-788/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı DSMF-nin Şamaxı rayon şöbəsinin 04 oktyabr 2020-ci il tarixli **********2 saylı imtinasının əsassız hesab olunması və iddiaçının 10.03.1993-cü il tarixdən 05 aprel 1994-cü il tarixinə kimi “xxxx” Kiçik Müəssisəsində işlədiyi müddətin sığorta stajına hesablanmaqla ona əmək pensiyasının verilməsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialını cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ilin əvvəllərində DSMF-nin Şamaxı rayon şöbəsində yoxlama aparılarkən ona əmək pensiyası verilməsi dayandırılmış və bildirilmişdir ki, onun 10.03.1993-cü il tarixdən 05 aprel 1994-cü il tarixinə kimi “xxxx” kiçik müəsissəsində işlədiyi dövrə dair müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən və hal-hazırda həmin müəssisənin hüquqi ünvanı məlum olmadığından qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır və bu səbəbdən iddiaçıya pensiya verilməsi dayandırılmışdır. İddiaçı DSMF-nin Şamaxı rayon şöbəsinin imtinasını əsassız hesab edir. Belə ki, o, əmək fəaliyyətinə 1972-ci ildə Şamaxı rayonu Lenin adına sovxozda başlamışdır. Əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmışdır. Üzləşmə sənədləri də arxivdə var. Yalnız 10.03.1993-cü il tarixdən 05 aprel 1994-cü il tarixinə kimi “xxxx” Kiçik Müəsissəsində işlədiyi dövrə dair sənədlər arxivə təhvil verilmədiyi üçün bu dövrə dair qarşılıqlı yoxlama aparmaq mümkün olmamışdır. Lakin həmin dövrdə “xxxx” Kiçik Müəsissəsi DSMF ilə hesablaşma apamışdır, yəni sosial sığorta haqları ödənilmişdir, amma sənədlərin arxivə verilməməsi, o demək deyildir ki, iddiaçı pensiya almamalıdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, qanunvericiliyə əsasən şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. X2 filialına ünvanlanan sorğuya cavab məktubunda “xxxx” Kiçik Müəsissəsinin sənədlərinin təhvil verilmədiyi qeyd olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanan sorğuya verilmiş cavab məktubunda belə müəssisənin həmin illər ərzində qeydiyyatdan keçmədiyi bildirilmişdir. İddiaçı “xxxx” Kiçik Müəsissəsində əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, habelə sözügedən firmada iddiaçının işlədiyi dövrlərə görə heç bir əmək haqqı cədvəlləri aşkar olunmadığından, eyni zamanda sorğular ünvanlanan müvafiq qurumlardan daxil olan cavab məktublarında firmaya dair heç bir sənəd aşkar olunmadığından 10.03.1993-cü il – 05.04.1994-cü ilə qədər olan dövr sosial sığorta stajına daxil edilməklə pensiyanın təyin edilməsi qanunun tələblərinə uyğun deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-788/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim V.Əzizova.) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: 2006- cı il yanvarın 1-nə kimi qüvvədə olmuş Əmək qanunları məcəlləsinə əsasən işçinin əmək stajı onun əmək kitabçasına əsasən müəyyən olunurdu. Əmək kitabçasında 25 illik əmək stajı var. 2006-cı ildə yeni qəbul edilmiş əmək pensiyaları haqqında qanunun tələbinə əsasən işçinin sığorta stajı onun əmək kitabçasına və sığorta kartına əsasən müəyyən olunur. Eyni zamanda əmək pensiyaları haqqında qanunun 25-ci maddəsinə görə işçinin sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Mübahisələndirilən məhkəmə qətnaməsində qanunvericiliyin bu müddəaları nəzərə alınmamış, məhkəmə prosesi zərurət olmadığı halda lazımsız istiqamətdə araşdırmalar aparılmaqla uzadılmış və əsassız qərar qəbul edilmişdir, əmək pensiyaları haqqında qanunun 25-ci maddəsinin tələbləri nəzərə alınmadan, vətəndaşın Əmək kitabçasında aparılan qeydlər mübahisələndirilmədən məhkəmə əsassız bir nəticəyə gəlmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı 10.03.1993-cü ildən 05.04.1994-cü ilə kimi “xxxx kiçik müəssisəsində işləmişdir. Bu qeydlər mübahisələndirilməmiş, saxta olması və s. şəkildə həqiqiliyinə şübhə olmamışdır. İşə əlavə olunmuş DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 14.02.2020-ci il tarixli arayışa əsasən “xxxx kiçik müəssisəsi 10.03.1993-cü ildən 05.04.1994-cü ilədək DSMF-nin Şamaxı yayon şöbəsi ilə hesablaşma aparılmışdır. Bu isə o deməkdir ki, onun üçün də həmin illər üzrə dövlət sosial sığorta haqları ödənilmişdir. Vətəndaşa pensiya təyin olunması üçün onun sosial sığorta haqlarını ödəməsi vacibdir. Müəssisənin həmin illərdə vergilər nazirliyində qeydiyyatda olub-olmaması, bu vətəndaşın pensiya almasına hansısa dərəcədə təsir göstərməsi qanunda nəzərdə tutulmamışdır. Vergilərdə qeydiyyatda olmaq özü belə, əgər o sosial sığorta haqlarını köçürməmişsə, vətəndaşa pensiya təyin olunması üçün əsas ola bilməz. Digər tərəfdən, müəssisə mövcud olmamışsa sosial sığorta haqları necə ödənilmişdir? Digər tərəfdən bu müəsisənin Vergilər Nazirliyində 1994-cü ildə qeydiyyata alınması o demək deyil ki, müəssisə həmin vaxt yaranmışdır. Ondan əvvəl Maliyyə Nazirliyinin tərkibində vergi sektoru olmuş, müəssisələr orada qeydə alınmışdır. 1994-cü ildəki qeydiyyat isə Vergilər nazirliyinin yaranması və bununla bağlı bütün mövcud müəssisələrin yenidən Vergilər Nazirliyində qeydiyyata alınması ilə bağlı qeydiyyatdır. Vergilər Nazirliyinin bu arayışını əldə əsas tutaraq iddiaçının iddiasının rədd olunması əsassızdır. Əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi həmin dövrdə işləməməsi anlamına gəlmir. İdarənin, təşkilatın sənədlərini vaxtaşırı arxivə təhvil verilməlidir. Arxiv müdiriyyəti, onun timsalında dövlət bunu tələb etməli idi və almalı idi. Belə hal hər bir halda vətəndaşın xeyrinə həll olunmalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin təmin olunmamasını, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-788/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-788/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1954-cü il təvəllüdlüdür. DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 30.01.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının əmək kitabçasına əsasən 10.03.1993-cü il – 05.04.1994cü ilə qədər “xxxx” kiçik müəsissəsində işlədiyi dövrlər X2 filialına təhvil verilməmiş və müəssisənin hüquqi ünvanı məlum olmadığına görə qarşılıqlı yoxlanması mümkün olmamışdır. Həmin dövrlər sığorta stajına daxil olmadığı üçün iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 14.02.2018-ci il tarixli arayışdan görünür ki, xxxx firması 10.03.1993-cü ildən 05.04.1994-cü ilədək DSMF-nin Şamaxı rayon şöbəsi ilə hesablaşma aparmışdır. İddiaçının adına açılmış əmək kitabçasından görünür ki, İddiaçı 24.02.1972-ci ildə əmək fəaliyyətinə başlamış, müxtəlif iş yerlərində, o cümlədən 10.03.1993-cü ildən– 05.04.1994-cü ilədək “xxxx” firmasında işləmişdir. 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 12.10.2020-ci il və 02.11.2020-ci il tarixli cavab məktublarından görünür ki, “xxxx” kiçik müəssisəsi 27 iyun 1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsinə baxmayaraq 4 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmadığından müəssisə barədə vergi orqanında hər hansı bir məlumat aşkar edilməmişdir. 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən DSMF X3 Şamaxı filialına verilmiş cavab məktubundan görünür ki, xxxx” kiçik müəssisəsi 27 iyun 1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsinə baxmayaraq 4 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmadığından müəssisə barədə vergi orqanında hər hansı bir məlumat aşkar edilməmişdir. X2 filialı tərəfindən DSMF X3 Şamaxı filialına verilmiş cavab məktubundan görünür ki, xxxx kiçik müəssisəsinin sənədləri X2 filialına təhvil verilməmişdir. Hazırkı işin hallarından görünür ki, iddiaçıya pensiya təyin olunmuş, müəyyən müddət iddiaçı həmin pensiyanı almış, daha sonra isə pensiya ödənişi dayandırılmışdır. İddiaçı pensiyanın bərpa olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən imtinasını onunla əsaslandırmışdır ki, əmək kitabçasına əsasən iddiaçının “xxxx” Kiçik Müəsissəsində işlədiyi dövrlər X2 filialına təhvil verilməmiş və müəssisənin hüquqi ünvanı məlum olmadığına görə qarşılıqlı yoxlanması mümkün olmamışdır. Həmin dövrlər sığorta stajına daxil olmadığı üçün iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə iddianı təmin etməmiş və İddiaçı tələb olunan yaş həddinə çatsa da, onun 25 il sığorta stajına malik olması, yəni 10.03.1993-cü il tarixdən 05.04.1994-cü il tarixədək “xxxx” kiçik müəssisəsində işləməsi faktının yoxlanılmasının mümkün olmamasına, iddiaçının işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisədən əmək haqqı almasını təsdiq edən sənədlərin (əmək haqqı cədvəlləri) aşkar edilməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasında və DSMF-nin Şamaxı rayon şöbəsinin 14.02.2018-ci il tarixli arayışında “xxxx” firması qeyd olunsa da, birinci instansiya məhkəməsi tərəfindən sorğular “xxxx” kiçik müəssisəsi ilə bağlı edilmişdir. Məhkəməyə daxil olmuş vergi orqanının cavab məktubundan görünür ki, həmin məlumatlar xxxx kişik müəssisəsi və Sirvan firması kiçik müəssisəsi ilə bağlı olmuşdur. Vergi orqanının eyni məzmunlu məktublarında həmin müəssisənin 27 iyun 1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyi qeyd olunur. Halbuki iddiaçının əmək kitabçasında və DSMF-nin Şamaxı rayon şöbəsinin 14.02.2018-ci il tarixli arayışında, həmçinin apelyasiya baxışı zamanı sorğuya cavab olaraq daxil olmuş haqq-hesab sənədlərindən görünür ki, xxxx firması hələ 1993-cü ildə Azərbaycan Respublikası Pensiya Fondu ilə haqq-hesab aparmışdır. Məhkəmə kollegiyası vergi orqanı və X2 filialı tərəfindən təqdim olunmuş məlumatların məhz “xxxx” firması ilə bağlı olmadığı qənaətinə gəlir. Belə ki, “xxxx” firmasının özünün belə adı haqq-hesab cədvəlindən görünür ki, bir neçə dəfə dəyişmişdir. Məhkəmə kollegiyası həmin sorğulara cavab məktublarında qeyd olunan müəssisənin digər bir müəssisə olduğu qənaətindədir. Bu səbəbdən həmin sorğulara verilən cavabı da işə aidiyyəti olmadığından mötəbər hesab etmir. İş materiallarında olan DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 14.02.2018ci il tarixli arayışdan görünür ki, “xxxx” firması 10.03.1993-cü ildən 05.04.1994-cü ilədək DSMF-nin Şamaxı rayon şöbəsi ilə hesablaşma aparmışdır. Apelyasiya baxışı zamanı həmin arayışın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi barədə cavabdehə sorğu məktubu göndərilmişdir. 30.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş DSMF X3 11 saylı Regional ərazi filialının cavab məktubu ilə İddiaçı işlədiyi “xxxx” firmasının 1993-1995-ci illərə aid 4 №li əlavələr məhkəməyə təqdim edilmişdir. Həmin əlavələrdən görünür ki, “xxxx” firması Azərbaycan Respublikası Pensiya fondu Vəsaitləri üzrə haqq-hesab cədvəlini cavabdehə təqdim etmişdir. Həmin cədvəllərlə müəyyən olunur ki, tələb olunan- 10.03.1993-cü ildən 05.04.1994-cü ilədək olan dövr üzrə 1993-cü ilin İİ rübü üçün, 01.10.1994-cü il tarixli, 01.04.1993-cü il tarixli haqq-hesab cədvəllərini “xxxx” firması cavabdehə təqdim etmişdir. Cədvəldən o da müəyyən olunur ki, məhz mübahisələndirilən dövr üzrə idarənin adı xxxx firması olmuş, sonralar “xxxx” MMC, Fuad LTD cəmiyyəti olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında olan möhürdə, DSMF-nin 14.02.2018-ci il tarixli arayışında, təqdim olunmuş haqq-hesab cədvəllərində qeyd olunmuş xxxx firmasında iddiaçının işləməsi sübut olunur. Həmin sübutlar bir-birini tamamlayır, heç bir ziddiyyət təşkil etmir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının tam ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-788/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-788/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı iddiaçının 10.03.1993-cü il tarixdən 05 aprel 1994-cü il tarixə kimi “xxxx” firmasında işlədiyi müddət sığorta stajına hesablanmaqla ona əmək pensiyasının verilməsinin bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-233/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-233/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver