Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-233/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı torpaq sahəsi üzərində obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1873/2021 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin imtinasını qanunsuz hesab etməklə Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinə məxsus olan və 14.10.2014-cü il tarixli 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən 10 il müddətinə-14.10.2024-cü il tarixə kimi icarəsinə verilmiş 80 kv.m torpaq sahəsinin üzərində obyektin tikintisinə dair sərəncamın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinə məxsus olan və 14.10.2014-cü il tarixli 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən 10 il müddətinə- 14.10.2024-cü il tarixə kimi icarəsinə verilmiş 80 kv.m torpaq sahəsi üzərində obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsi arasında 14 oktyabr 2014-cü il tarixdə bağlanmış 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 0.008 ha torpaq sahəsi 10 il müddətinə onun icarəsinə verilmişdir. Onun torpaq sahəsi üzərində icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmaqla adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bundan başqa Sumqayıt Şəhər İcra hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin 30.10.2014-cü il tarixli B-21 saylı icazə məktubu əsasında razılaşdırılmış eskiz layihəsinə əsasən ona həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyekt tikintisinə icazə verilmiş və ******* nömrəli 17.06.2021-ci il tarixli istismara hazırlıq aktı tərtib olunmuşdur. O, öz vəsaiti ilə inşa edilmiş həmin tikili üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin ona ünvanlanan cavab məktubunda bildirilmişdir ki, onun inşa etdirdiyi tikinti obyektinə dair sənədləşmənin aparılmasına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq kodu alındıqdan sonra baxıla bilər. O, bundan sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, lakin ona izah olunmuşdur ki, qeyd edilən ərazidə tikintinin aparılmasına icazə verilməsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamı təqdim edildikdən sonra həmin kodun verilməsi mümkündür. Lakin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsi tərəfindən tikintinin aparılması ilə bağlı rəsmi icazə sərəncam şəklində deyil, məktub şəklində ona təqdim olunmuşdur. Bu isə bu gün obyekt üzərində hüquqların dövlət qeydiyyatına alınmasında bir sıra çətinliklər yaradır. Buna görə də, iddiaçı cavabdeh təşkilata müraciət edərək ona qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində tikintinin aparılmasına dair sərəncamın surətinin verməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. Həmin sərəncamın surətinin iddiaçıya verilməməsi səbəbindən ona qanuni əsaslarla ayrılmış qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirə bilmir.
4. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil olan məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları”na uyğun olaraq yuxarıda göstərilən tikinti obyektinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq kod aldıqdan sonra iddiaçının təkrar müraciəti əsasında qeyd olunan məsələyə yenidən baxıla bilər. Eyni zamanda mövcud Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə icazənin verilməsi üzrə icraatı nəzərdə tutulan XİV fəslində artıq inşa edilmiş və uzun müddət istismar olunan tikinti obyektinin tikintisinə icazə verilməsi nəzərdə tutulmamışdır.
5. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1873/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova)
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq qanunvericilikdə bütün hallarda tikintiyə icazənin məktub şəklində deyil, müvafiq icra hakimiyyəti orqanının müvafiq qərarı əsasında verildiyi nəzərdə tutulmuşdur. Bununla yanaşı Şəhərsalma və Tikinti Məcəlləsində artıq inşa edilmiş tikiliyə dair icazənin verilməsi nəzərdə tutulmamışdır. İddiaçı isə hazırki iddia tələbində artıq inşası 2016-cı ilin may ayında başa çatmış obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
7. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanının tikintiyə icazəsi müvafiq qərarla rəsmiləşdirilməli olduğu halda, ona bu icazə məktub formasında verilmişdir. Cavabdeh tərəfindən yol verilmiş bu pozuntunun aradan qaldırılması və tikintinin aparılmasına icazə verilməsi barədə qərarın (sərəncamın) qəbul edilməsi ilə bağlı etdiyi müraciətindən cavabdeh tərəfindən məntiqsiz bir əsas gətirilərək qanunvericilikdə artıq inşa edilmiş tikintiyə icazənin verilməsinin nəzərdə tutulmadığı səbəbindən imtina olunmuşdur. Halbuki, qeyd olunan pozuntuya cavabdehin özü tərəfindən yol verilərək 2014-cü ildə tikintiyə icazə verilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edilməmişdir. Cavabdehin özü də tikilinin icazəli olduğunu mübahisələndirməyərək yalnız qanun normasının arxasına sığınaraq sözügedən qərarın verilməsinin mümkün olmadığını bildirmişdir. Təəssüf ki, birinci instansiya məhkəməsi işə baxarkən üzərinə düşən vəzifəni tam şəkildə yerinə yetirməmiş, işə səthi yanaşaraq tələblərinin hüquqi mahiyyətinə varmamışdır. İş üzrə müəyyən edilmiş hallardan da görünür ki, inşa etdirdiyi tikili üzərində hüququnu təsdiq edəcək sənədləri cavabdehin yol verdiyi pozuntu nəticəsində əldə edə bilmir. Belə ki, 2013-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin tikintiyə icazə ilə bağlı müraciət etdiyi zaman qüvvədə olmuş mətninə əsasən (5 mart 2019-cu il tarixli 1525-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 75-ci maddənin mətni yeni redaksiyada verilmişdir) barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Həmin Məcəllənin 75.6-cı maddəsinin mətninin əvvəlki redaksiyasında qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 1 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 75.7-ci maddəsinin mətninin əvvəlki redaksiyasında isə müəyyən edilmişdir ki, tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Göründüyü kimi, cavabdeh olan dövlət qurumunun səhvi ucbatından onun hüququ pozulmuşdur. Hesab edir ki, dövlət qurumunun tikintiyə icazəni qərar formasında deyil, məktub formasında verməklə yol verdiyi qanun pozuntusuna görə o məsuliyyət daşımamalı və buna görə onun hüququ, o cümlədən mülkiyyət hüququ pozulmamalıdır. Bu cür hüquqi mövqe istər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məkhəməsinin bir sıra qərarlarında da öz əksini tapmışdır. Cavabdehin mövqeyinə görə, onun özünün 2014-cü ildə verdiyi icazə əsasında inşa etdiyi tikilinin qanunvericilikdə nəzərdə tutulmuş və vaxtında cavabdehin təqsiri ucbatından ona verilməmiş tikintiyə icazə qərarını almaq üçün artıq inşa edilmiş tikilini sökməlidir və bundan sonra təkrar tikintiyə icazə verilməsi barədə müraciət edərək tikintini yenidən inşa etməlidir. Məhkəmə də cavabdehin məntiqsiz və inzibati icraat haqqında qanunvericiliyə zidd olan bu mövqeyi ilə razılaşaraq inzibati məhkəmə icraatının prinsiplərinə və mahiyyətinə uyğun olmayan şəkildə hərəkət etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
10. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.13. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.01.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
15. İşdə olan Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinin 06 saylı 05 may 2014-cü il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsinin 138 nömrəli 30.04.2014-cü il tarixli və Azərbaycan Respublikası DTXK Sumqayıt şəhər şöbəsinin 02/360 saylı 02.05.2014-cü il tarixli rəylərini nəzərə alaraq Hacı Zeynalabdin bələdiyyəsinin mülkiyyətində olan 80 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədi ilə icarə hüququ qaydasında verilməsi ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır.
16. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi tərəfindən verilmiş 30.04.2014-cü il tarixli 138 nömrəli rəydən görünür ki, Hacı Zeynalabdin bələdiyyəsinin 85 saylı 10 aprel 2014-cü il tarilxli müraciətinə əsasən Hacı Zeynalabdin qəsəbəsi ərazisində sahibkarlıq məqsədi ilə 80 kv.m torpaq sahəsinin ayrılmasına etiraz edilmir.
17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX № ******* seriyalı 16.10.2014-cı il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdın qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydə alınmışdır.
18. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 30.10.2014-cü il tarixli B-21 saylı məktubdan görünür ki, hüquqi şəxs X1 tərəfindən (lisenziya № 081421) tərtib edilmiş və Memarlıq və şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəsinə əsasən iddiaçıya məxsus olan Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə etiraz edilmir.
19. 2014-cü ildə tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinə məxsus olan İddiaçı icarəsinə verilmiş 80 kv.m torpaq sahəsi üzərindəki obyekt barəsindədir.
20. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin əməkdaşı O.Şıxıyev, sifarişçi İddiaçı və layihəçi Babək Atakişiyev tərəfindən tərtib edilmiş 17.06.2021-ci il tarixli ÖD04736 nömrəli istismara hazırlıq aktından görünür ki, tikintisinə 30 may 2014-cü il tarixdə başlanmış və 03 may 2016-cı il tarixdə başa çatmış Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsi üzərində inşa edilən ümumi həcmi V=576,0 kub metr, ümumi sahəsi S=131,04 kv m, tikinti sahısi 80,0 kv m olan 2 mərtəbəli binanın müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilir.
21. İddiaçı ilə Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsi arasında bağlanmış 14.10.2014-cü il tarixli icarə müqaviləsinə əsasən 0.008 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Həmin torpaq sahəsi iddiaçının icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsində obyekt inşa etmək üçün icazə almaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi 30.10.2014-cü il tarixli məktubu ilə tikintinin aparılmasına etiraz edilmədiyini bildirmişdir. İddiaçı tikinti obyektini inşa edərək başa çatdırmış, bundan sonra tikili üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını istədikdə ona bildirilmişdir ki, tikiliyə Şəhərsalma və Arxitektura Komitəsindən kod alınması zəruridir. Həmin komitədən isə imtina cavabı verilərək bildirilmişdir ki, tikintiyə icazə verilməsinə dair sərəncam mövcud olmadığından kodun verilməsi mümkün deyildir. Bundan sonra, iddiaçı hazırkı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla qanunvericiliklə müəyyən edilmiş müddətdə baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Hazırkı işdən isə görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi iddiaçıya məktub ünvanlayaraq ona məxsus torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə etiraz edilmədiyini bildirmişdir.
23. Göründüyü kimi iddiaçıya istifadəsində olan torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə icazə müvafiq icra hakimiyyətinin qərarı ilə verilməmiş, Şəhərsalma və Tikinti Məcəlləsində artıq inşa edilmiş tikiliyə dair icazənin verilməsi isə nəzərdə tutulmamışdır.
24. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1873/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.