Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-233/2025 28.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “AR Silahlı Qüvvələrində hərbi xidmət dövrü istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3326/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “AR Silahlı Qüvvələrində hərbi xidmət dövrü istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının (1994-cü il üçün 41,25 gün, 1995-ci il üçün 45 gün, 1996-cı il üçün 45 gün, 1997-ci il üçün 45 gün, 1998-ci il üçün 45 gün, 1999- cu il üçün 45 gün, 2000-ci il üçün 45 gün, 2001-ci il üçün 45 gün, 2002-ci il üçün 45 gün, 2003-cü il üçün 45 gün, 2004-cü il üçün 45 gün, 2005-ci il üçün 45 gün, 2006-cı il üçün 90 gün, cəmi 626,25 gün) hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3326/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçı, ona hərbi xidmət dövrü istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə kompensasiya ödənilməsini tələb edir. İlkin olaraq iddiaçının iddia tələbi ona kompensasiyanın ödənilməsinə dair iddia olmaqla, öhdəliyin icrası haqqında iddia olsa da, analoji məhkəmə işlərindən yaranmış təcrübəyə əsasən, iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in xx.xx.2011-ci ilədək qüvvədə olan 298-ci maddəsi - şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir). Lakin qeyd olunan iddialar üzrə 01 aylıq müddət tələbinin MPM-in 298-ci maddəsinə əsasən tətbiq edilməsi üçün, “məluma olma” halı da baş verməlidir. Məlum olduğu gün dedikdə, şəxsin hüquqlarının pozulduğunu həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından şəxsin ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Eyni zamanda mübahisə açan tərəf qanunvericilik aktlarının (MPM-in 298-ci maddəsi) verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İnzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçı AR Silahlı Qüvvələrində hərbi xidmət dövrü istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə- 1994-cü il üçün 41,25 gün, 1995-ci il üçün 45 gün, 1996-cı il üçün 45 gün, 1997-ci il üçün 45 gün, 1998-ci il üçün 45 gün, 1999cu il üçün 45 gün, 2000-ci il üçün 45 gün, 2001-ci il üçün 45 gün, 2002-ci il üçün 45 gün, 2003-cü il üçün 45 gün, 2004-cü il üçün 45 gün, 2005-ci il üçün 45 gün, 2006-cı il üçün 90 gün, cəmi 626,25 gün üçün pul kompensasiyasının ödənilməsini tələb edir. Məlum olur ki, iddiaçı onun istifadə etmədiyi məzuniyyət günlərinin olması barədə ən azından 2006-cı ildən məlumatlı olmuşdur. İddiaçı istifadə etmədiyi məzuniyyət günləri barədə 2006-cı ildən məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 18 il sonra, xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiası mühahisələndirməyə dair iddia növünə aid deyil, inzibati orqanın faktiki hərəkətsizliyi nəticəsində ona verilməyən məzuniyyətə dair kompensasiya tələbinə dairdir. Həmin normalarda isə inzibati akta qarşı yeni hüquqi müdafiə imkanının olmamasından sönbət gedir. Məhkəmə qeyd edilən normanın tətbiqində səhvə yol vermişdir. Göründüyü kimi mübahisələndirilən inzibati orqanın hərəkətsizliyinin edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində inzibati orqanın hərəkətsizliyinin mübahisələndirilməsinə dair müddət nəzərdə tutulmamışdır. Bu səbəbdən istinad edilən inzibati orqanın hərəkətsizliyinin mübahisələndirilməsi imkanını 30 iyun 2011-ci il tarixədək itirməmişdir. Odur ki, bu əsasa görə məhkəmənin iddia müddətinin ötürülməsi barədə dəlili əsaslı sayıla bilməz. Bundan başqa, iddia müddətinin ötürülmədiyi və iddianın mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq öz təsdiqini tapmışdır. Cavabdeh iddia müddətinin keçməsi ilə bağlı da ümumiyyətlə birinci instansiya məhkəməsində heç bir iradını bildirməmişlər. Eyni zamanda, analoji iddiaların, yəni İPM qanuni qüvvəyə minməmişdən əvvəl məzuniyyətə çıxmamış şəxslərin məzuniyyət hüquqları bərpa edilərək onlara kompensasiya ödənilmişdir. Hazırkı onun ilə eyni statusa malik olan şəxslərin iddialarının təmin olunmasına dair qanuni qüvvəyə minmiş kifayət qədər məhkəmə aktları mövcuddur. Eyni zamanda cavabdeh inzibati orqanlar tərəfindəndə məhkəmədən kənar şəkildə kompensasiyanın ödənilməsinə dair faktlar var. Məhkəmə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Həmçinin, onun inzibati orqandan səlahiyyətlərinin düzgün həyata keçirilməsini tələb etmək hüququ müddətlə məhdudlaşdıra bilməz. Eyni zamanda müddət, hərbi qulluqçunun verilməyən növbəti əmək məzuniyyətinə görə kompensasiya verilməsi hüququndan məhrum etməməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbinin predmetini hərbi xidmət dövrü istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının hesablanaraq ona ödənilməsi ilə bağlı tələb təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Belə ki, qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, hazırki iş üzrə iddianın mümkünlük şərtlərinə cavab veribverməməsinə dair işin hallarına birinci instansiya məhkəməsi tərəfindən qanunvericilik normasının tələbləri baxımından düzgün hüquqi qiymət verildiyindən, təkrar olaraq həmin halların qeyd edilməsi zərurəti mövcud olmamışdır. Bu baxımından kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növü olmaqla, məhz 1994-2006-cı illərin müvafiq ayları üzrə istifadə edilməyən məzuniyyətə görə ödənişin ödənilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi indiki halda iddiaçının iddia tələbinin əsaslandığı hallar məhz 1 yanvar 2011-ci ilədək olan dövrə aid olmuş, yəni İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi vaxtadək olmuşdur. Həmin dövrədək qüvvədə olan prosessual qnaunvericilik normasının tələbində iddia müddətinin tətbiq edilib-edilməməsi halının inzibati mübahisələrə dair işlər üzrə iddianının növünə görə fərqləndirilməsinə dair norma nəzərdə tutulmamış, ümumi iddia müddəti kimi hüquqlarının pozulduğunu bildiyi gündən 1 ay müddətində mübahisələndirmək hüququnun olması təsbit edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının hüququnun pozulduğu vaxtda qüvvədə olan prosessual qnaunvericilik normalarının tələbinə müvafiq olaraq mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməməsi halı, onun sonradan qüvvəyə minmiş yeni prosessual qanunvericilik normasının tələbinə istinad etməklə həmin halları mübahisələndirmək imkanını istisna edir. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3326/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-233/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-233/2025
28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver