Məhkəmə qərarları › İş №2-1(105)-235/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-235/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-235/2022 01.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı “cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinin hərəkətini qanunsuz hesab etməklə onun doğum haqqında akt qeydləri kitabında soyadının “Nəbiyev” soyadından “Süleymanov” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(118)- 2142/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, onun doğum haqqında şəhadətnaməsində soyadı Süleymanov olmuş və o, bu soyadla uşaq bağçasına getmiş, orta məktəbdə təhsil almış, ona şəxsiyyət vəsiqəsi verilmişdir. Orta təhsilini başa vurduqdan sonra Bakı şəhərində hərbi liseyə qəbul olunmuş və həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə qəbul olunmuş və 13 iyun 2019-cu ildə bu ali təhsil ocağını bakalavr diplomu ilə bitirmişdir. Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində leytenant rütbəsində xidmət edir, hərbi qulluqçudur. Bütün sənədlərində soyadı “Süleymanov” yazılsa da hazırda ona məlum olmuşdur ki, onun soyadı cavabdeh təşkilatdakı akt qeydləri kitabında atanın soyadı ilə - “Nəbiyev” kimi qeyd edilmişdir. İddiaçı bu barədə məlumat əldə edən kimi cavabdeh təşkilata müraciət edərək soyadının akt qeydləri kitabında “Nəbiyev” soyadından “Süleymanov” soyadına dəyişdirilməsini xahiş etmiş, lakin cavabdeh bunu etməkdən imtina edərək ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Belə hesab edir ki, bu imtina əsassızdır, buna görə də cavabdehin hərəkətəri qanunsuz hesab olunmaqla doğum aktlarının qeydiyyatı kitabında soyadının dəyişdirilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü X1 ilkin doğum haqqında akt qeydi 27.08.1997-ci ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində tək ana kimi qeyd edilmişdir, uşağa valideynlərin birgə nikahı olmadığı üçün uşağa ana soyadı ilə doğum haqqında şəhadətnamə (XX-JQ 297995) 27.08.1997-ci il tarixdə təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2007-ci il tarixli 2-287 saylı qətnaməsini əsasən atalıq müəyyən edilərək uşağa Nəbiyev soyadı ilə doğum haqqında yeni şəhadətnamə (AZ-İ 176523) 02.10.2008-ci il tarixdə verilmişdir. Uşağın soyadını “Nəbiyev”dən, “Süleymanzadə”yə dəyişdirilməsi üçün X1 ilk olaraq soyadı yeni doğum haqqında şəhadətnaməsinə (AZ-İ 176523 02.10.2008) əsasən şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır, bundan sonra qeydiyyatı üzrə qeydiyyat şöbəsində soyadını “Nəbiyev”dən, “Süleymanzadə”yə dəyişiklik edə bilər. Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(118)-2142/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin 18.08.2021-ci il tarixli 05/Q-2935/15 nömrəli məktubundan (səh. 9) görünür ki, iddiaçı tərəfin soyadın dəyişdirilməsi barədə müraciətinə cavab olaraq 12.05.2011-ci il tarixli 79 saylı “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına əsasən soyadın və adın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyi göstərilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1 və 26.4-cü maddəsinə görə, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: -1.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; -1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; -6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. -6.18-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə kollegiyası qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsində qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, İddiaçı xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, atalığı müəyyən olunmadığına görə ana soyadına görə Süleymanov soyadını almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2007-ci il tarixli 2- 287 nömrəli qətnaməsinə əsasən atalıq müəyyən edilərək ona AZ-İ 176523 nömrəli, 02.10.2008-ci il tarixdə “Nəbiyev” soyadı ilə yeni doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı iddia edir ki, onun soyadının “Nəbiyev” olmasından xəbəri olmamışdır. Belə ki, ona “Süleymanov” soyadı yazılmış şəxsiyyət vəsiqəsi, həmin şəxsiyyət vəsiqəsi əsasında ümumvətəndaş pasportu verilmişdir. Cavabdeh təşkilat iddiaçının arqumentinə etiraz edərək, bildirmişdir ki, iddiaçı özündə olan köhnə doğum haqqında şəhadətnamənin surətini qeydiyyat şöbəsinə təhvil vermədən özünə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu əldə etmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, inzibati orqan tərəfindən 02.10.2008-ci ildə iddiaçının soyadının “Nəbiyev” kimi yazılması qanun pozuntusu kimi qəbul edilə bilməz. Nəzərə alınmaldır ki, iddiaçının soyadına dəyişiklik edilməsi üçün əsas Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2007-ci il tarixli 2-287 nömrəli qətnaməsi olmuşdur ki, həmin qətnamənin icrası qeydiyyat şöbəsi tərəfindən icra edilmişdir. İddiaçı tərəfindən soyadının “Nəbiyev” kimi qeyd olunmasından xəbərinin olmamasına dair gətirdiyi arqumenti məhkəmə əsaslı hesab etmir. Nəzərə alınmalıdır ki, İddiaçı atasının İntizar Nəbiyev olması, yəni atalığının müəyyən edilməsi ilə bağlı məhkəməyə verdiyi iddia ərizəsi özünün təşəbbüsü əsasında verilib və məhkəmə qətnaməsinə əsasən İntizar Nəbiyevin iddiaçının atası olması müəyyən edilərək soyadının atasının soyadına uyğun yazılması qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının bu əsaslarla soyadının dəyişdirilməsi tələbi ilə bağlı gətirdiyi arqument əsassızdır. İşdən görünür ki, 2008-ci il tarixdə “Nəbiyev” soyadı ilə doğum haqqında yeni şəhadətnamə verilsə də, iddiaçı “Süleymanov” soyadı ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, ali təhsil haqqında sənəd almışdır. Yəni, iddiaçı faktiki olaraq hazıradək tanındığı, hüquq və vəzifələr əldə etdiyi soyadını daşımaq və bunun üçün yalnız doğum haqqında akt qeydləri kitabında 2008-ci il tarixdə aparılmış qeyddəki “Nəbiyev” soyadının “Süleymanov” soyadına dəyişdirilməsini tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçının atalığın müəyyən olunması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə özünün təşəbbüsü ilə müraciət etdiyinə istinad etməsi əsassızdır. Belə ki, iddiaçının soyadının “Nəbiyev”ə dəyişdirilməsi Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2007-ci il tarixli 2-287 nömrəli qətnaməsi əsasında həyata keçirilmiş olsa da, iddiaçı atalığın müəyyən olunması ilə bağlı iddia ərizəsi verilərkən yetkinlik yaşına çatmamışdı və həmin ərizə onun qanuni nümayəndəsinin təşəbbüsü ilə verilmişdir. Yuxarıda sadalanan normalardan da görünür ki, Azərbaycan Respublikası vətəndaşlarının soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İddiaçı da ona verilmiş bu hüquqdan istifadə edərək inzibati orqana müraciət etmişdir. Belə olan halda, iddiaçının mövcud tələbi onun soyadının növbəti dəfə dəyişdirilməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(118)-2142/2021 saylı qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməli, İddiaçı doğum haqqında akt qeydləri kitabında soyadının “Nəbiyev” soyadından “Süleymanov” soyadına dəyişdirilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(118)-2142/2021 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1997-ci il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydləri kitabında soyadının “Nəbiyev” soyadından “Süleymanov” soyadına dəyişdirilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar