Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-235/2023 16.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, D/Yolu evi, PÇ-2 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-2646/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli xidməti orderdən görünür ki, xx.xx.1968-ci il tarixli protokolla ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, D/Yolu evi, PÇ-2 ünvanında yerləşən sahəsi 30 kv m olan kazarma tipli yaşayış sahəsi İddiaçı verilmişdir.
2. Sumqayıt ASAN Xidməti Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, D/Yolu evi, PÇ-2 ünvanında yerləşən evdə İddiaçı qeydiyyatdadır.
3. İddiaçı xx.xx.2022-ci il tarixldə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, D/Yolu evi, PÇ-2 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mənzilə dair təqdim edilmiş 24 noyabr 2003-cü il tarixli orderin səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi, həmçinin sözügedən orderə təsdiqlənməmiş düzəliş olunması və daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmaması səbəbindən imtina cavabı verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, Abşeron rayonu, Xırdalan şəhəri, D/Yolu evi, PÇ-2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, D/Yolu evi, PÇ-2 ünvanında yerləşən mənzil iddiaçının mərhum atasına, xx.xx.2003-cü il tarixli xidməti orderlə isə iddiaçıya verilmişdir. O, anadan olduğu vaxtdan həmin mənzildə yaşayır, qeydiyyatda təkdir. O, mənzil üzərində hüquqlarınən dövlət qeydiyyatına alınması məqsədi ilə cavabdeh idarəyə ərizə ilə müraciət etmiş, lakin cavabdeh qurumdan ona 20 iyul 2022-ci il tarixli imtina məktubu verilmişdir. Bu səbəbdən də, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, sözügedən mənzilə dair təqdim edilmiş 24 noyabr 2003-cü il tarixli orderin səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi və orderə təsdiqlənməmiş düzəliş olunduğu müəyyən edilmişdir. Daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmadığı müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
8. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-2646/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil "xxxx" QSC Biləcəri yolu distansiyasına aid xidməti mənzillər olduğundan həmin qurum tərəfindən ayrılması qanunazidd olmamışdır. İddiaçının mənzil üzərində mülkiyyət hüququnu qeydə alınmasını tələb etmək üçün subyektiv hüquqa malikdir.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. İmtinanın və etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, məhkəmə müayinə baxışının keçirilməsinə şərait yaradılmaması səbəbindən baxışın keçirilməməsinə lazımi əhəmiyyət verməmişdir. Belə ki, Ərazi İdarəsinin mütəxəssisinin mübahisə predmeti olan mənzilə baxış keçirməməsi sözügedən mənzilin və mənzilin tərkib hissəsi olduğu binanın ümumiyyətlə mövcud olub-olmaması, istismara yararlı olub-olmaması barədə məlumatın olmaması anlamına gəlir. Ərazi İdarəsində sözügedən ünvanda yerləşən bina barəsində heç bir məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti iş üzrə İİİ şəxs qismində icraata cəlb edilməmiş, mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına İcra Hakimiyyətinin münasibəti öyrənilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
13. İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər;
15. Mənzil Məcəlləsi: Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
20. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, D/Yolu evi, PÇ-2 ünvanında yerləşən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir.
21. İddiaçı tələbinin əsası kimi Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli xidməti orderə istinad etmişdir.
22. Həmin orderdən görünür ki, xx.xx.1968-ci il tarixli protokolla ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, D/Yolu evi, PÇ-2 ünvanında yerləşən sahəsi 30 kv m olan kazarma tipli yaşayış sahəsi İddiaçı verilmişdir.
23. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçı atasının uzun müddət dəmiryolu idarəsində işlədiyini, dəfələrlə mükafatlandırıldığını, hazırkı yataqxananın da atasına yaşamaq üçün iş yerindən verildiyini, özünün də həmin mənzildə doğulub yaşadığını, atası vəfat etdikdən sonra 2003-cü ildə onun adına order verildiyini bildirmişdir.
24. Birinci instasniya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı mülkiyyət hüququ verilmədən "xxxx" QSC-yə məxsus D/Yoiu evi, PÇ-2 ünvanında yerləşən xidməti kazarma tipli yataqxanada yaşaması üçün xx.xx.2003-cü il tarixində xidməti order verilmişdir. Sorğuda qeyd olunan xx.xx.1968-ci il tarixli protokolun əsli və ya surəti aşkar olunmamışdır.
25. İş materiallarında olan iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası "xxxx" QSC İnfrastruktur Departamentinin 2№li Müəssisəsinin 26 yanvar 2012-ci il tarixli, 54 saylı Forma-2 arayışının surətində də Abşeron rayonu, Xırdalan şəhəri, D/Yolu evi, PÇ- 2 ünvanında yerləşən mənzil "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2№li müəssisəsinə məxsus olduğu göstərilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını xahiş etdiyi yataqxana otağı xidməti yaşayış sahəsi kimi ona verildiyindən həmin mənzil üzərində onun mülkiyyət hüququ qeydə alına bilməz.
27. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.
28. Bu qərarın 14-cü bəndində istinad edilmiş “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Eyni zamanda həmin maddədə yataqxanaların özəlləşdirilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Belə ki, həmin maddənin ikinci cümləsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Qeyd edilməlidir ki, həmin qanunun müvafiq maddəsinin xx.xx.2006-cı il tarixədək olan redaksiyası ümumiyyətlə yataqxanalarda yaşayış sahələrinin özəlləşdirilməsini qadağan edirdi.
29. Hazırkı halda isə istinad edilən normaya əsasən iddiaçının faktiki yaşadığı və qeydiyyatda olduğu yaşayış sahəsi xidməti order əsasında ona verilmişdir. Həmin yaşayış sahəsi yalnız xidməti rejimdən çıxdıqdan və yerli icra hakimiyyətinin balansına verildikdən sonra onun qərarı əsasında bağlanmış mənzil kirayə müqaviləsi əsasında özəlləşdirilə bilər.
30. Beləliklə, iddiaçının təqdim etdiyi “Azərbaycan Dövlət Dəmir Yolu” tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli xidməti order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının orderi kimi qəbul edilə bilməz. Bu səbəbdən də iddiaçı üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hər hansı birini təqdim etmədiyindən cavabdeh inzibati orqan həmin qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir.
32. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-2646/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-2646/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.