Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-237/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı Məmməbağır oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli JN 033A kod 30219088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğun olaraq 0.26 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-13/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Məmməbağır oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli qərarı ilə ayrılmış 0.26 ha torpaq sahəsi ilə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı yönəldiyini bildirmiş və DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli JN 033A kod 30219088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğun olaraq 0.26 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 27.04.2018-ci il tarixli qərardadı ilə X6 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli qərarı ilə iddiaçıya üç nəfər ailə üzvü ilə birlikdə 0.26 ha torpaq sahəsi ayrılmış və həmin qərara uyğun olaraq torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Hazırda həmin ölçüdə torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçı şəhadətnaməyə uyğun olaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh arxiv sənədlərində həmin torpaq sahəsinin 0.12 ha qeyd olunduğunu bildirərək ona çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqların mövcud olması müəyyən edilmişdir. Belə ki, torpağa mülkiyyət hüququna dair şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0.26 ha göstərilməsinə baxmayaraq, idarənin elektron baza məlumatlarında, ləğv edilmiş DTXK tərəfindən idarəyə təhvil verilmiş arxiv nüsxəsində və şəhadətnamələrin qeydiyyatı kitablarında həmin torpaq sahəsi 0.12 ha ölçüdə öz əksini tapmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-13/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli qərarı ilə ayrılmış 0.2534 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən fərdi yaşayış evinə və 0.26 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 08.02.2018-ci tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş JN-033A Kod 30219088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin ölçüsünün 0.26 ha göstərilməsinə baxmayaraq, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş arxiv nüsxəsində və şəhadətnamələrin qeydiyyatı kitablarında həmin torpaq sahəsi 0.12 ha ölçüdə öz əksini tapmışdır. JN-033A Kod 30219088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan 0.12 ha ölçüdə əks olunan torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın hazırlanmasına vətəndaş tərəfindən etiraz edilmişdir. İş üzrə tərəflərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. İş materiallarında olan Xaçmaz rayon Xaçmaz bələdiyyəsi tərəfindən verilmiş 7 saylı, 27 mart 2018-ci il tarixli arxiv arayışından görünür ki, Xaçmaz rayon AİK-nın 27.11.1998-ci il tarixli 12 saylı qərarı ilə sahə ölçüsü 0.26 ha olan fərdi yaşayış evi üçün torpaq ayrılmış və arxiv sənədlərində göstərilən 0.12 ha əlavə olunan 0.13 ha onun öz pay torpağından kəsilib əvəzlənmişdir. DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN N519 kod 30219088 saylı dövlət aktının surətindən görünür ki, həmin akt Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı, X6 və X4 ayrılmış 0.49 ha torpaq sahəsinə dair verilmişdir. DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN 033A kod 30219088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, həmin akt Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı, X6 və X4 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.26 ha torpaq sahəsinə dair verilmişdir. 1988-ci ilin iyun ayında tərtib edilmiş yaşayış evinin texniki pasportundan görünür ki, İddiaçı yaşayış evinin həyətyanı sahəsinin faktiki ölçüləri 2348,0 kv metrdir. Xaçmaz rayon Arxivi tərəfindən verilmiş 427 saylı 08.08.2018-ci il tarixli arayışdan görünür ki, Xaçmaz rayonu AİK-nın “Müşkür” sovxozunun Köhnə Xaçmaz kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlərin siyahısına əsasən, İddiaçı adına qaytanlanmış kitab üzrə 0.12 ha, faktiki 0.20 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 22.02.2018-ci il tarixli məktubdan görünür ki, torpağın mülkiyyət hüququna dair şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0.26 ha göstərilməsinə baxmayaraq, idarənin elektron baza məlumatlarında, ləğv edilmiş DTXK tərəfindən idarəyə təhvil verilmiş arxiv nüsxəsində və şəhadətnamələrin qeydiyyatı kitablarında həmin torpaq sahəsi 0.12 ha ölçüdə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin 22 may 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın 10/1295 saylı 10 iyul 2020-ci il tarixli rəyindən görünür ki, vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən JN-033 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı mülkiyyətində 0.12 ha torpaq sahəsi göstərilmişdir. Qalan mübahisə predmeti olan 0.14 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə məxsusdur. İddiaçının faktiki olaraq istifadəsində 0.2534 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi İlkin Abduləzimovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN-033A Kod 30219088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsinin cizgiləri ilə uyğunsuzluq vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Hazırki işin hallarından görünür ki, iddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli qərarı ilə ayrılmış və DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli JN 033A kod 30219088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.26 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə torpağın mülkiyyət hüququna dair şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0.26 ha göstərilməsinə baxmayaraq, idarənin elektron baza məlumatlarında, ləğv edilmiş DTXK tərəfindən idarəyə təhvil verilmiş arxiv nüsxəsində və şəhadətnamələrin qeydiyyatı kitablarında həmin torpaq sahəsinin 0.12 ha ölçüdə öz əksini tapmasına istinad edərək imtina cavabı vermişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən müvafiq sorğular verilmiş və məhkəmənin sorğusuna Xaçmaz Rayon Dövlət Arxivinin 1020 nömrəli, 06 oktyabr 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1998-ci il tarixli, 12 saylı protokolu ilə Müşkür sovxozu Aqrar İslahat Komissiyası üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 33-cü İddiaçı adına qaytanlanmış kitab üzrə 0,12 ha, faktiki 0,20 ha torpaq sahəsi qeyd olunmuşdur. İş materiallarında olan 10/1295 saylı 10 iyul 2020-ci il tarixli ekspert rəyindən də görünür ki, vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən JN-033 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı mülkiyyətində 0.12 ha torpaq sahəsi göstərilmişdir. Qalan mübahisə predmeti olan 0.14 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ailə üzvləri ilə birlikdə 0,12 hektar torpaq sahəsi ayrılması nəzərdə tutulduğu halda, iddiaçının faktiki istifadəsində 0.2534 ha torpaq sahəsi olduğundan və bununla da normadan artıq torpaq sahəsi əldə edildiyindən cavabdehin apellyasiya şikayətinin dəlili bu hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini göstərilən hissədə araşdırmadan iddia tələbini 0.2534 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması hissəsində təmin etmişdir. Halbuki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli qərarı ilə iddaçıya 0,12 ha torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli protokolundan isə görünür ki, Müşkür sovxozu ərazisindəki kəndlərdə yaşayan vətəndaşların həyətyanı torpaq sahələrində normadan artıq istifadə etdikləri torpaqların onların torpaq payından çıxılması nəzərdə tutulmuşdur. Protokoldan həmçinin görünür ki, təsərrüffat üzrə torpaq payı almaq hüququ olan hər bir subyektin 0.22 ha orta torpaq payı almaq hüququ müəyyən edilmişdir. İşdən isə görünür ki, mübahisəli torpaq sahəsi ilə yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı və onun ailə üzvlərinə 0,49 ha torpaq sahəsi də ayrılmışdır. Həmin torpaq sahəsi də nəzərə alındıqda iddiaçının və onun ailə üzvlərinin faktiki istifadəsində normadan artıq həyətyanı torpaq sahəsinin olduğu təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 0,26 ha torpaq sahəsinin 0,14 ha hissəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair hissədə əsaslı olmadığından, həmin hissədə əsassızdır. İddia tələbinin 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya və onun ailə üzvlərinə ayrılarkən qanunun tələbləri gözlənildiyindən cavabdeh mülkiyyət hüququnu həmin hissədə qeydə almalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 13/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarı qismən - Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli qərarı ilə ayrılmış 0.1334 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməli, qərar qalan hissədə dəyişdirilməli, DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12.04.2005-ci il tarixli JN 033A kod 30219088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğun olaraq 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı Məmməbağır oğlundan iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xərci- 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-13/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarı qismən - Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli qərarı ilə ayrılmış 0.1334 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilsin. Bu hissədə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilsin. DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12.04.2005-ci il tarixli JN 033A kod 30219088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğun olaraq 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddiaçı Məmməbağır oğlundan iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xərci-50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-237/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-237/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver