Məhkəmə qərarları › İş №2-1(105)-237/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-237/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-237/2022 13.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı “Xızı Rayon İcra Hakimiyyəti başçısının 30.06.2016-cı il tarixli, 78 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2- 1(118)-762/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Xızı rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 2005-ci il tarixli 154 nömrəli sərəncamına əsasən İddiaçı X1 Xızı rayonu 2 nömrəli "Qara Maqsud" qış otlağı ərazisindən 100 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. 29 dekabr 2005-ci il tarixli, JN-8533 KOD 30600001 nömrəli torpaqdan müvəqqəti istifadəyə hüququna dair şəhadətnamədən görünür ki, iddiaçıya Xızı rayon İHB-nın 25.11.2005-ci il tarixli 154 nömrəli sərəncamı və 25.11.2005- il tarixli 154 nömrəli icarə müqaviləsi ilə Xızı rayonu dövlət torpaq fondu olan 2 nömrəli “Qara Maqsud” adlı ərazidən torpaqdan səmərəli istifadə etmək məqsədi ilə 15 il müddətinə 100 hektar torpaq sahəsi müvəqqəti olaraq verilmişdir. İddiaçı təkrar icarə müqaviləsinin bağlanması ilə bağlı 18 dekabr 2020-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, müraciətə baxılmış və cavabdeh orqanın 29 dekabr 2020-ci il tarixli 786 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Xızı rayonunu ərazisi üzrə dövlət mülkiyyətində olan torpaqların bölgüsü, istifadə vəziyyəti və torpaq icarəçiləri üzrə icarə haqqının ödənilməsi vəziyyətinin araşdırılması zamanı Xızı Rayon İH başçısının 25 noyabr 2005-ci il tarixli, 154 nömrəli sərəncamı ilə iddiaçıya icarəyə verilmiş 100 ha örüş-otlaq sahələrindən təyinatı üzrə istifadə olunmadığı, torpaq icarə müqaviləsinin şərtlərinə əməl edilmədiyi, rayon Baytarlıq idarəsinin təqdim etdiyi 30.06.2016-cı il tarixli 73 nömrəli arayışa əsasən onun təsərrüfatında iri və xırda buynuzlu heyvanlar mövcud olmadığı müəyyən olunmuşdur. Cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalan”nın (Yay və qış otlaqlannın istifadəsi və icarəsi) 14-cü bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə istinad edərək müraciətin icrasından imtina etmişdir. İşdən görünür ki, Xızı rayon İcra Hakimiyyətinin başçısının 30 iyun 2016-cı il tarixli, 78 nömrəli sərəncamı ilə 2 nömrəli "Qara Maqsud" qış otlağı ərazisindən 100 ha örüştorpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə Xızı rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 2005-ci il tarixli 154 nömrəli sərəncamı ləğv edilmiş, Xızı rayon İcra Hakimiyyəti Başçısı ilə iddiaçı arasında 5 il müddətinə bağlanmış 01 dekabr 2015-ci il tarixli, 13 nömrəli torpaq icarəsi müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30.06.2016-cı il tarixli, 78 nömrəli sərəncamının ləğv edilməsi, Xızı rayon İcra Hakimiyyəti başçısının 25.11.2005-ci il tarixli, 154 nömrəli sərəncamının bərpa edilməsi, icarə hüququ ilə onun istifadəsinə verilmiş həmin torpaq sahəsinə icarə müqaviləsinin yenidən bağlanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İcarəyə götürdüyü torpaq sahəsi ilə bağlı iddiaçı fiziki şəxs kimi qeydiyyatdan keçmiş, ona Azərbaycan Respublikası Vergilər Nazirliyindən vergi ödəyicisi kimi ********** nömrəli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə verilmişdir. Hazırkı dövrə qədər vergi ödəyicisi kimi dövlətə vaxtlı-vaxtında illik vergi haqqını tam ödəmiş, bu gün də ödəyir. Həmin vaxtdan etibarən istifadəsində olan torpaq sahəsini öz vəsaiti hesabına tullantılardan, daşlardan təmizləyərək əkinə və örüş üçün yararlı bir vəziyyətə gətirmişdir. Torpaq sahəsi iddiaçıya verilərkən həmin ərazidə su hövzəsi olmadığından, ətrafındakı su kanallarına su gəlmədiyindən torpaq sahəsinin suvarma işlərini bir neçə il həyata keçirə bilməmiş və bu səbəbdən şəxsi mal-qarasını həmin əraziyə yerləşdirə bilməmişdir. İstifadəsində olan ərazinin boş qalmaması üçün mövcud şəraitə uyğun olaraq həmin torpaq sahəsini şumlayaraq müxtəlif növ dənli bitkilər, heyvanların bəslənməsi üçün ot-ələf əkmişdir. Hal-hazırda torpaq sahəsinin bir hissəsində buğda, arpa əkilib. 2020-ci ilin 25 noyabr tarixində Xızı rayon İcra Hakimiyyəti tərəfindən sərəncamla istifadəsinə verilmiş torpaq sahəsinə bağlanmış icarə müqaviləsinin vaxtı bitdiyindən yeni icarə müqaviləsi bağlanması üçün müraciət etmək istədikdə ona məlum olmuşdur ki, onun iştirakı olmadan, heç bir araşdırılma aparılmadan, hər hansı bir rəsmi bildiriş göndərilmədən, illərdir istifadəsində olan torpaq sahəsinə dair verilmiş sərəncam və digər sənədləşmələr qanunsuz olaraq Xızı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 30.06.2016-cı il tarixli 78 nömrəli sərəncamla qanunsuz olaraq ləğv edilərək icarə müqaviləsinə xitam verilmişdir. İstifadəsində olan torpaq sahəsinin ləğv edilmiş sərəncamının surəti heç bir aidiyyəti dövlət qurumuna, o cümlədən Azərbaycan Respublikası Vergilər Departamentinə göndərilməmişdir. Qeyd edir ki, ona bu günə qədər həmin torpaq sahəsinə dair Vergilər Departamentindən ödəniş bildirişi gəlmişdir və iddiaçı tərəfindən həmin vergi haqqı ödənilmişdir. O, ərizə ilə rəsmi qaydada Xızı rayon İcra Hakimiyyətinə müraciət edərək yenidən həmin torpaq sahəsinə dair istifadə hüququnun uzadılması ilə bağlı yeni müqavilə bağlanılmasını xahiş etmiş, Xızı rayon İcra Hakimiyyəti tərəfindən 29.12.2020-ci il tarixli 786 nömrəli məktubla həmin torpaq sahəsinə istifadə hüququnun ləğv edilməsi barədə yeni sərəncamın olduğu bildirilərək heç bir hüquqi əsas göstərilmədən ona rədd cavabı verilmişdir. Cavabdeh orqan iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçı imtina məktubunda qeyd olunan çatışmazlıqların aradan qaldırılmasında heç bir səy göstərməmişdir. İddiaçıya torpaqdan səmərəli istifadənin təmin edilməsi və müqavilə şərtlərindən irəli gələn digər məsələlərlə bağlı Xızı rayon İH tərəfindən 29.09.2015-ci il tarixli, 688 nömrəli və 07.03.2016-cı il tarixli, 135 nömrəli bildirişlər göndərilmiş, iddiaçıya rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq o, Xızı rayon İH-ə bununla bağlı heç bir münasibət bildirməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-762/2021 nömrəli qərardadı ilə iddia Xızı Rayon İcra Hakimiyyəti başçısının 25.11.2005-ci il tarixli, 154 nömrəli sərəncamının bərpa edilməsi, icarə hüququ ilə onun istifadəsinə verilmiş və həmin torpaq sahəsinə icarə müqaviləsinin yenidən bağlanması hissəsində iddia mümkün sayılmamışdır (hakim V.Əzizova). Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-762/2021 nömrəli qərarı ilə cavabdehin 30.06.2016-cı il tarixli, 78 nömrəli sərəncamının ləğv edilməsi hissəsində isə iddia təmin edilməmişdir (hakim V.Əzizova). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və 30.06.2016-cı il tarixli, 78 nömrəli sərəncamının ləğv edilməsinə dair hissədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işin birinci instansiya məhkəməsində araşdırılan hallarından müəyyən olunur ki, hazırkı iddianın predmetini təşkil edən inzibati akt-cavabdehin 30.06.2016-cı il tarixli, 78 nömrəli sərəncamı “İnzibati icraat haqqında” Qanunun 21, 24, 61, 62, 67-ci maddələrinin tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, həmin sərəncam qəbul olunan zaman cavabdeh inzibati icraat barədə, eləcə də inzibati akt qəbul edilməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş, bu barədə onun mülahizələrini dinləməmişdir. Qeyd olunan normaların tələbinə görə rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Lakin, sözügedən 78 nömrəli sərəncamın iddiaçıya birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi işə baxılarkən öz təsdiqini tapmamışdır. Cavabdeh orqan etiraf etmişdir ki, “Xızı Rayon İH Başçısının 25.11.2005-ci il tarixli, 154 nömrəli sərəncamının ləğv olunması” barədə hər hansı inzibati iş açılmamış, icraat aparılmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. Cavabdeh müqavilə üzrə tələblər pozulduqda müqavilənin ləğv edilməsi üçün qanuni hərəkətlər edə və məhkəmədə icarə müqaviləsinin ləğv edilməsi tələbini irəli sürə bilərdi. Müqavilə tərəflərin iradə ifadəsi olduğundan yalnız tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilə, dəyişdirilə bilər. Cavabdehlə iddiaçı arasında bağlanmış torpaq icarə müqaviləsinin 6.1-ci maddəsinə əsasən tərəflərin hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəldilməzsə, qanuna müvafiq olaraq müvafiq orqana və ya məhkəməyə müraciət edir. Müqavilə şərtlərinə əsasən əgər həqiqətən iddiaçı tərəfindən müqavilə öhdəlikləri pozulmuşdursa, cavabdeh öhdəliklərin pozulması faktları barədə rəsmi şəkildə məlumat verməklə 60 gün müddətində düzəldilməsini tələb etməli, çatışmazlıqların 60 gün ərzində düzəldilməməsi halında məhkəmədə icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia qaldırmalı idi. Qeyd edir ki, sözügedən torpaq sahəsi iddiaçıın istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Hesab edir ki, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun və Torpaq Məcəlləsinin 51, 73 və 75-ci maddələrinin tələblərini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirmişdir ki, Xızı rayon İH-in 30 iyun 2016-cı il tarixli, 78 nömrəli sərəncamdan məlumatları olmamış, yalnız icarə müqaviləsinin müdətinin uzadılması barədə İcra Hakimiyyətinə 2021-ci ildə müraciət etdikdə bu sərəncamdan xəbər tutmuşlar. Birinci instansiya məhkəməsi iddia tələbinin bir hissəsinin mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Bu hissədə məhkəmənin mövqeyi ilə razılaşmış, yalnız yekun məhkəmə qərarını mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə İnzibati prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. (-).

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: 5-ci abzas. Torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; 9-cu abzas. Kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (-).

2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları 1-ci bənd. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. 3-cü bənd. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində, istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. 6-cı bənd. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Mülki Məcəllə: Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Maddə 31. Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. “İnzibati icraat haqqında” Qanun: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (-). Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 8-ci abzasına əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə, habelə müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan digər halların müəyyən edilməsi torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı mübahisəli torpaq sahəsindən təyinatı üzrə istifadə etdiyini, o cümlədən sözügedən təsərrüfatda xırdabuynuz heyvanların saxlanılmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Bu konstitusiya norması hər hansı bir fərdin qanunla qadağan olunmayan iqtisadi fəaliyyətinin sərbəstlik prinsipini inkişaf etdirir. Hakimiyyət orqanları və ya vəzifəli şəxslərin qərar və yaxud hərəkətləri (hərəkətsizliyi) azad sahibkarlıq hüququnu məhdudlaşdırırsa, onları məhkəmə qaydasında mübahisələndirmək olar. Konstitusiyaya görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin İİ hissəsi), hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi). İcarə münasibətləri, bir qayda olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında tənzimlənir. Bununla belə, torpaq icarəsi münasibətlərinin xüsusiyyətlərini nəzərə alaraq qanunverici «Torpaq icarəsi haqqında» ayrıca qanun qəbul etmişdir. Lakin, bu Qanunun 2-ci maddəsində xüsusilə qeyd olunur ki, torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 73-cü maddəsinin 1-ci bəndinin 5-ci abzasına əsasən, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə torpaq sahəsi üzərində icarə hüququna xitam verilir; - 73-cü maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin 1-ci bəndinin 5-ci, (...) abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. - 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. - 75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində, istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. - 75-ci maddəsinin 6-cı bəndində isə Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Mülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli «Torpaq icarəsi haqqında» Qanunun müddəalarında da öz əksini tapmışdır. Qanunun 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Göründüyü kimi, sadalanan normativ-hüquqi aktların göstərilən müddəaları icarəyə, o cümlədən torpaq icarəsi ilə əlaqədar yaranan münasibətlərə xitam verilməsi üçün tərəflərin razılığı olmadığı halda məhkəməyə müraciət edilməsini tələb edir. Bundan başqa, tərəflər arasında bağlanmış 01 dekabr 2015-ci il tarixli, 13 nömrəli icarə müqaviləsinin 4-ci bəndinə əsasən icarəyəverənin icarə müqaviləsinin və icarə haqqının dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və azaldılması barədə təkliflər vermək hüququ, icarəyə verilmiş torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəlləşdirilərkən bu sahənin satın alınmasını ilk növbədə icarəçiyə təklif etmək vəzifəsi, icarəçinin isə icarə müddəti bitdiyi zaman müqavilənin uzadılması üçün icarəyəverənə təklif etmək, torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək hüquqları vardır. Həmçinin, həmin müqavilənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir və pozulmuş qaydalar 60 gün müddətində düzəldilməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Müqavilənin razılaşma olmadan və məhkəməyə müraciət etmədən birtərəfli qaydada vaxtından əvvəl ləğv olunması həmçinin MM-in 6.1.1 və 6.1.2-ci maddələrində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi prinsiplərinə uyğun gəlmir. Göründüyü kimi, qanunvericilik torpaq icarəsi müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğv edilməsini nəzərdə tutur. Oxşar müddəa tərəflər arasında bağlanmış icarə müqaviləsində də təsbit olunmuşdur. Lakin, hazırkı işin hallarından məlum olur ki, cavabdeh inzibati orqan qeyd edilən şərtə əməl etməmişdir. Belə ki, iddiaçıya öhdəliyin yerinə yetirilməməsi, xüsusən də torpaqdan təyinatı üzrə istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilməmiş, iddiaçı torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun əldə edildiyi vaxtdan cavabdeh orqan tərəfindən icarə hüququna xitam verilməsi barədə sərəncam verilənə qədər 11 ilə yaxın müddət keçmişdir. Buna baxmayaraq cavabdeh məhkəməyə müraciət etmək əvəzinə müqavilənin müddəti bitməmiş, iddiaçının iradəsinə zidd olaraq birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz sərəncam qəbul etmişdir. Bundan başqa işin apellyasiya qaydasında məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, Xızı Rayon İcra Hakimiyyətinin mübahisələndirilən 30.06.2016-cı il tarixli, 78 nömrəli sərəncamı barədə iddiaçıya məlumat verilməmişdir. Belə ki, iş materiallarında həmin sərəncamın iddiaçıya təqdim edilməsini təsdiq edən hər hansı sübut aşkar edilməmiş, cavabdeh orqan tərəfindən də məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını araşdırmadan iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş 30.06.2016-cı il tarixli, 78 nömrəli sərəncam iddiaçıya münasibətdə qanunvericiliyin tələblərinə zidd olduğundan, bununla da iddiaçının hüquqlarını pozduğundan, eyni zamanda cavabdeh sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən həmin sərəncam ləğv edilməlidir. Odur ki, sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-762/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Xızı rayon İcra Hakimiyyəti Başçısının 30.06.2016-cı il tarixli, 78 nömrəli sərəncamı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar