Məhkəmə qərarları › İş №2-1(105)-237/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-237/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-237/2023 15.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə (Açar sözlər: dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə əlaqədar kompensasiya məbləğinin tutulması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 2-1(085)-19/2019 nömrəli, 24 aprel 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* və MA seriyalı ******* saylı çıxarışlara əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.1655 ha və 0.10807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı mülkiyyətindədir. İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edərək Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar həmin qurumun işçiləri tərəfindən mülkiyyətində olan torpaq sahəsində qazma işləri aparılmaqla yararsız vəziyyətə salındığını bildirmiş, torpağın dövlət ehtiyacları üçün alınması və yararsız hala salınması ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq kompensasiyanın ödənilməsini xahiş etmişdir. "xxxx" ASC-nin (hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) iddiaçının 01 mart 2017-ci il tarixli yazılı ərizəsinə cavab olaraq H-3/16-1945 saylı 03 aprel 2017-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 12 fevral 2019-cu il tarixli məktubda göstərilmişdir ki, Bilgəh Novxanı-Sumqayıt istiqamətində avtomobil yolunun layihələndirilməsi müxtəlif variantlar üzrə hazırlanmış və seçilmiş variantlara əsasən yolun layihələndirilməsi mərhələlər üzrə hissə hissə həyata keçirilirdi. Sözügedən yolun layihələndirilməsi və tikintisinə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üçün vəsait ayrılmadığından layihənin başa çatdırılması və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması işləri sona çatdırılmamışdır. Bu səbəbdən sözügedən yolun layihə işlərinin başa çatdırılması, razılaşdırılması və tikinti işlərinin davam etdirilməsi üçün sərəncamla dövlət büdcəsindən vəsait ayrıldıqda öz həllini tapacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinin ilkin plan və profil cizgiləri çərçivəsində MA seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,10807 ha torpaq sahəsinin 0,0282 ha (282 kv.metr) hissəsi və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,1655 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları layihədə göstərilən yolun qazma yamacına düşür Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaqlarının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq 135000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 2015-ci ildə ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsində qazma işləri aparılır. Qazma işlərini aparan şəxslər cavabdehin işçiləri olduqlarını, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınacağını və buna görə ona kompensasiya ödəniləcəyini bildirmişlər. Lakin dəfələrlə müraciət olunmasına baxmayaraq məsələ öz həllini tapmamış və kompensasiya bu günə kimi ona ödənilməmişdir. Hazırda iddiaçıya məxsus torpaq sahəsi cavabdehin əməkdaşları tərəfindən qazılaraq ilkin vəziyyətindən təxminən 10 metr dərinə salınmış və tam yararsız hala düşmüşdür. Aradan uzun müddət keçməsinə baxmayaraq iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. İddiaçının torpaq sahəsinin hazırda real bazar qiyməti hər sot üçün 5000 manat, ümumi dəyəri 135000 manat təşkil edir. İddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi sahə yol tikinti altına düşməmişdir. Ərazidə avtomobil yolunun tikintisi zamanı həmin avtomobil yolunun bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus ərazidən keçdiyindən və SOCAR-ın buna etirazından sonra, Nazirlər Kabinetinin göstərişinə əsasən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinə dəyişiklər edilmişdir və avtomobil yolu iddiaçının torpaq sahəsindən yan keçirməklə inşa ediləcəkdir. İddiaçının torpaq sahəsinə müdaxilə edilməyəcəyini, həmin torpağın dövlət ehtiyacları üçün alınmasının zəruri olmadığını nəzərə alaraq iddiaçının vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbi əsassızdır. Qeyd edilən avtomobil yolunun tikintisi ilə bağlı iddiaçının müraciəti olduğu halda müdaxilə olunan torpaqda kultivasiya və bərpa işləri təmin ediləcəkdir. Üçüncü şəxs iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq işlərin görüldüyü iddiaçıya bildirilmiş və torpaq sahəsinə görə kompensasiyanın ödənilməsindən imtina edilməmişdir. Bu baxımdan sözügedən iddia tələbi mümkün sayıla bilməz. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(085)-19/2019 saylı (hakim Zaur Pirverdiyev) qərarı ilə iddia qismən təmin edilmiş, X7 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.2735 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 97200 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “BilgəhSumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya ödənilməlidir. cavabdehin nümayəndəsi ilk olaraq sahənin tikinti altına düşmədiyini qeyd etsə də, sonradan iddiaçının müraciət etdiyi halda müdaxilə olunan torpaqda rekultivasiya və bərpa işlərinin təmin ediləcəyini bildirir. Bundan başqa, iş materiallarından və fotoşəkillərdən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus sahəyə müdaxilə olunmaqla qazılmış və istifadəyə tam yarasız hala salınmış, eləcə də cavabdeh 03 aprel 2017ci il tarixli məktubunda tikinti altına düşən sahəyə görə kompensasiya ödənilməsinin gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacağını qeyd etmişdir. Ödənilməli olan kompensasiyanın məbləğinə münasibətdə cavabdeh torpaq sahəsinin 1 sotuna bütün əlavələr nəzərə alınmaqla 3000 manat kompensasiya ödənilməsini qeyd etsə də, hansı əlavələrin nəzərdə tutulmasını qeyd etməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçıya kompensasiya hesablanan zaman Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə də nəzərə alınmalıdır. Bu halda tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla 97200 manat (81000 (3000 x 27 sot) + 16200 (81.000 x 20% = 16200) = 97200) təşkil edir Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı qismən təmin etmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmiş və araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlığının olması da işin araşdırma tələb edən hallarındandır. Halbuki “Avtomobil yolları” haqqında Azərbaycan Respublikası Qanununa görə təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı-təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir. Hamim Qanunun 15-1-ci maddəsinə görə Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi isə qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etməklə kifayətlənmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. İddia ərizəsindən göründüyü kimi İddiaçı yolun tikinti altına düşən torpaq sahəsinə görə cavabdehə qarşı iddia qaldıraraq kompensasiya tələb etmişdir. Halbuki, İddiaçı məxsus torpaq sahəsinin yolun tikintisi altına düşüb-düşmədiyi araşdırılıb aydınlıq gətirildikdən sonra yalnız bu qənaətə gəlmək olardı. Eyni zamanda məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək, dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xx.xx.2010-cu il tarixli 2-182 nömrəli məktubu ilə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə tövsiyyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin göründüyü kimi qeyd olunan tövsiyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxmaqla nəticədə qeyri-qanuni qərar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli 2- 1(105)-05/2021 saylı qərarı ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmədən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2- 1(085)19/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2021-ci il tarixli 2-1(102)- 902/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli 2-1(105)- 05/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2022-ci il tarixli 2- 1(105)-23/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırkı iş üzrə məhkəmə icraatında iştirakına xitam verilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(085)-19/2019 saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilən apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2022-ci il tarixli 2- 1(105)-23/2021 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2- 1(085)19/2019 saylı qərarı dəyişdirilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən 0,10807 ha “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyalı torpaq sahəsinin 0,0282 ha (282 kv.metr) hissəsinin, həmçinin MA seriyalı ******* nömrəli Çıxarışa əsasən 0,1655 ha “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyalı torpaq sahəsinin bütövlüklə dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 15.178,33 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 2-1(102)-1859/2022 nömrəli qərarı ilə kasasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-23/2022 saylı, 8 iyul 2022ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin olunmamışdır. İddiaçının apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının nümayəndəsi Vəkil elektron qaydada apellyasiya şikayətinə etiraz ilə məhkəmə kollegiyasına müraciət edərək, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.2735 ha torpaq sahəsinin sotunun qiyməti 2.722 manat müəyyən edilərək, həmin məbləğə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq hesablanmaqla ümumilikdə kompensasiya məbləğinin hesablanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat və məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi Vəkil elektron qaydada ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.2735 ha torpaq sahəsinin sotunun qiyməti 2.722 manat müəyyən edilərək, həmin məbləğə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq hesablanmaqla ümumilikdə kompensasiya məbləğinin hesablanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında hazırki iş üzrə eyni xarakterli işlə bağlı artıq kassasiya instansiya məhkəməsinin qərarının mövcud olduğunu, həmin qərarla müəyyən edilmiş kompesasiya məbləğini qəbul etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, yazılı etirazın məzmununa uyğun izahat verərək, bu halların nəzərə alınmaqla, kompensasiya məbləğinin hesablanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Maddə 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. 8-ci maddəsinə görə qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. 55.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1- bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2-ci maddəsinə əsasən bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağında daha yüksək qiymətini verən üsul tətbiq edilir. 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 2-1(102)-1859/2022 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-23/2022 saylı, 8 iyul 2022-ci il tarixli qərarı ləğv edilib, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya məxsus olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müvafiq məbləğdə kompensasiya ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtina əsası kimi sözügedən layihənin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmaması halına istina edərək, gələcəkdə vəsait ayrıldığı halda layihə üzrə tikinti altına düşən torpaq sahəsi üzrə kompensasiya ödənilməsi ilə bağlı məsələnin həllini tapacağını bildirmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, sözügedən torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, habelə sözügedən layihə üzrə tikinti altına düşən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin 1 sotuna bütün əlavələr nəzərə alınmaqla 3000 manat kompensasiya ödənilmişdir. İşin mübahisəli halları ondan ibarətdir ki, sözügedən torpaq sahələrinin müvafiq layihə üzrə tikinti altına düşüb-düşməməsi və ya hansı hissədə düşməsi, habelə bununla əlaqədar olaraq kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı olan hallardır. Bununla bağlı məhkəmə kolegiyası ilk növbədə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi, mütəxəssis rəyi əsasında sözügedən torpaq sahələrindən ölçüsü 0,10807 ha olan torpaq sahəsinin 0,0282 ha hissəsinin və ölçüsü 0,1655 ha olan torpaq sahəsinin qeyd edilən layihə üzrə yolun qazma yamacına düşdüyü əks olunmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 7 fevral 200-ci il tarixli 16 nömrəli qərarı ilə təsdiq eidlmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nın məzmununa əsasən yolun qazma yamacı tikilən yolun dayanıqlığına, təhlükəsizliyinə və texniki baxımından istismarına yararlığına xidmət edən sahə olmaqla, yolun ayrılmaz hissəsidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, sözgüedən torpaq sahələri müvafiq layihə üzrə tikilən yolun qazma yamacına düşməsi halı müəyyən edildiyindən, habelə yolun qazma yamacı yolun ayrılmaz hissəsi olduğundan, həmin torpaq sahələri (0,0282 ha və 0,1655 ha) dövlət əhəmiyyətli yolun inşası ilə bağlı alınmanın təsirinə mərzu qalan torpaq sahəsi kimi, başqa sözlə desək, həmin torpaq sahələri bununla bağlı alınmalı olan torpaq sahələri kimi çıxış etmişdir. Bundan əlavə, məhkəmə iclasında iddiaçının verdiyi izahatından aydın olur ki, sözügedən torpaq sahələri müvafiq layihə üzrə tikinti işləri ilə bağlı yararsız hala düşdüyündən istifadə edə bilmir. Həmçinin, tərəflərin məhkəmə iclasında veridyi izahatından, habelə iş materiallarında olan sözügedən məhkəmə qərarının məzmunundan aydın olur ki, hazırki işin halları ilə eynilik təşkil edən başa inzibati iş üzrə kassasiya instansiya məhkəməsinin qərarı mövcuddur və həmin qərar əsasında müvafiq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmalı olduğundan, 1 sotunun qiyməti 2722 manat məbləğində hesablanmaqla, kompensasiya ödənilməsi ilə bağlı nəticəyə gəlinmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 1273/203 syalı xx.xx.2023-cü il tarixli qərarı). Eyni zamanda qeyd edilən məhkəmə qərarının məzmunundan görünür ki, həmin inzibati iş üzrə müvafiq torpaq sahəsi sözügedən layihə üzrə yolun qazma yamacına düşdüyü müəyyən edilmiş, bu əsasla həmin torpaq sahəsinin dövlət əhəmiyyətli yolun inşası ilə əlaqədar alınmalı olduğu barədə nəticəyə gəlinmişdir. Həmçinin, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən bununla bağlı aparılmış inzibati icraatın materialları təqdim edilməmiş, habelə öz izahatında yuxarıda istinad edilən oxşar inzibati iş üzrə qəbul edilmiş məhkəmə qərarına istinad edərək, qeyd edilən torpaq sahəsinin dövlət ehtiyacı üçün alınması ilə əlaqədar 1 sotunun məbləğinin məhz 2722 manat məbləğində müəyyən edilməsinə razı olduqlarını bildirmişdir. Eyni zamanda iddiaçı tərəf də bu əsasla kompensasiya məbləğinin müəyyən edilməsinə razı olduqlarını bildirmiş, bu barədə yazılı ərizə məhkəməyə təqdim etmişdir. Bu baxımından məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki iş üzrə sözügedən torpaq sahələrinin (0,1937 ha hissəsinin) dövlət əhəmiyyətli yolun qazma yamacı hissəsinə düşməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, işin qeyd olunan halları indiki halda mübahisələndirilmədiyindən, habelə hər iki tərəf torpaq sahəsinin 1 sotunun qiymətinin 2722 manat məbləğində müəyyən edilməklə, kompensasiya məbləğinin hesablanmasına razı olduğundan, hazırki iş üzrə əlavə məhkəmə araşdırmasının aparılmamasını prosessual qənaət prinsipi və məhkəmə təcrübəsinin vahidliyi prinsipinin təmin edilməsi baxımından məqsədəmüvafiq hesab edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçıya məxsus 0,1937 ha torpaq sahəsi müvafiq layihə üzrə dövlət əhəmiyyətli yolun inşası ilə əlaqədar dövlət ehtiyacları üçün alınmalı olduğundan, habelə 1 sot torpaq sahəsinin qiyməti 2722 manat əsas götürülməklə, müəyyən edildiyindən, ümumilikdə həmin torpaq sahəsinin qiyməti 52725,14 manat (1 sotun qiyməti 2722 manat x 19,37 sot) təşkil edəcəkdir. Həmçinin, qeyd olunmalıdır ki, həmin məbləğə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən (dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir) 20 %, yəni 10545,03 manat əlavə edilməklə, ümumilikdə 63270,17 manat (52725,14 manat+10545,03 manat olmaqla) kompensaisya məbləği iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə kollegiyası hazırki iş üzrə qeyd olunan halları əsas götürərək, hazırki iş üzrə birinci instansiya məhkəməsi sözgüeədn torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmalı olduğu qənaətinə gəlməsi ilə bağlı işin hallarına düzgün hüquqi qiymət versə də, torpaq sahəsinə görə kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı hissədə işin yuxarıda istinad olunan halları baxımından torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsini qanunvericilik normalarının tələbinə uyğun araşdırma aparmamış və həmin tələblərə uyğun müəyyən etməmiş, bununla da həmin hissədə yalnış nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, ödənilməli olan kompensiaya məbləği 63270,17 manat məbləğində müəyyən edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 2-1(085)-19/2019 nömrəli, 24 aprel 2019-cu il tarixli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,1937 ha (0,0282 ha+0,1655 ha) torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 63270,17 (altmış üç min iki yüz yetmiş manat 17 qəpik) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar