Məhkəmə qərarları › İş №2-1(105)-237/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-237/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-237/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Abşeron rayonu Hökməli bələdiyyəsinə qarşı “siyahıya alınmış əmlakının satılması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2-1(118)-3344/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Cavabdeh hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınaraq adına ********** VÖEN verilmişdir. İddiaçı cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmış, qərar əsasında cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 70637,83 manat borcuna görə ümumi 80400 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********5 saylı protokollar tərtib edilmiş, ümumi 80400 manat məbləğində daşınmaz əmlak qismində 13800,0 manat dəyərində **********30 reyestr nömrəli 0.0460 ha, 17400,0 manat dəyərində **********31 reyestr nömrəli 0.0580 ha, 22200,0 manat dəyərində **********75 reyestr nömrəli 0.0740 ha və 27000,0 manat dəyərində **********87 reyestr nömrəli 0.09 ha ölçüdə torpaq sahələri siyahıya alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Abşeron rayonu Hökməli bələdiyyəsinə qarşı «cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 35466,33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 80400 manat dəyərində siyahıya alınmış əmlakının Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması» barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi Abşeron rayonu Hökməli bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən öhdəliyin yerinə yetirilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarılmışdır. Qərar əsasında cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 70637,83 manat borcuna görə 80400 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********5 saylı protokollar tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı protokollara əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləği ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 35466,33 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2-1(118)-3344/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə hesab etmişdir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mövcudluğu, əmlakın siyahıya alınması haqqında qərarın qüvvədə olması, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir. İnzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında siyahıya alınmış əmlakın dəyəri 80400 manat müəyyən edilsə də, iddiaçı tərəfindən cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 35466,33 manat məbləğində borcunun qaldığını bildirmişdir. Məhkəmə belə olan halda hesab edir ki, cavabdehin cari borc məbləği siyahıya alınmış əmlakın iddiaçı tərəfindən göstərilən dəyərinə mütənasib deyildir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Hökməli bələdiyyəsinə vergi orqanı tərəfindən əmlakın siyahıya almaya təqdim edilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş və qeyd olunan əmlakların siyahıya alınması məqsədilə hüquqi şəxsin məsul şəxsi şəxsiyyətini təsdiq edən sənəd və həmin əmlakın sənədlərini təqdim etməklə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olunmuşdur. Azərbaycan Republikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1 maddəsinin, “Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Republikasının Qanununun 7-ci maddəsinin tələblərinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.1 maddəsinə əsasən, vergi ödəyicisi hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından olmayaraq vergi öhdəliklərini yeri yetirməsi məcburidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən yaranmış boı ödənilməsinə dair cavabdehə yazılı bildirişlər göndərilsə də, ödəyici tərəfindən qanunvericiliyin tələbi ciddi şəkildə pozulmuş və borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış borclar habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borcu üzrə hesablanmış faizlərin və təyin edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.6-cı maddəsində isə əmlakın siyahıya alınması ardıcıllığına əsasən il növbədə bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakların, o cümlədən avtonəqliyyatının siyahıya alınması nəzərdə tutulmuşdur. Belə ki, siyahıya alınma prosesi vergi orqanının müvafiq qərarı əsasında Vergi Məcəlləsi tələblərinə uyğun həyata keçirilərək, “Əmlakın siyahıya alınması haqqında” Protokol və sənədlər tərtib edilmişdir. 80400 manat məbləğində daşınar əmlak qismində 308012002, **********31, **********75 və **********87 reyestr nömrəli torpaq sahələri siyahıya alınmış, bu barədə xx.xx.2022-cü il tarixli, **********5 nömrəli protokol, protokola əlavə (siyahıya alınmış əmlakın siyahısı) və siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilmə, gizlədilməsinə və dəyişdirilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq tərtib edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izah etmişdir ki, həmin torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilsə də, plan və ölçü sənədləri tərtib edilməmişdir. Bundan başqa həmin torpaq sahələri ayrı-ayrı vətəndaşlara satılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:nağd pul vəsaitləri;bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər;inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir.Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir.Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir. 89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür. ..... Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydaları: 6.10. siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün aşağıdakı məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir: ... 6.10.5. Vergi orqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi vergi ödəyicisi qismində çıxış edən cavabdehin vergi borcunun ödənilməməsi ilə əlaqədar ona məxsus olan müvafiq əmlakın satılması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə iddianın təmin edilməməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin cari borc məbləği siyahıya alınmış əmlakın iddiaçı tərəfindən göstərilən dəyərinə mütənasib deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2-1(102)-1617/2024 nömrəli qərarı ilə əmlakın siyahıya alınması barədə tələblərlə əlaqəli yeni məhkəmə təcrübəsi formalaşdırılmışdır. Məhkəmə kollegiyası həmin təcrübəni nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin məhkəmə həm də nəzərə almalıdır ki, hər bir konkret işin xüsusi halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üsulu kimi Vergi Məcəlləsinin 89 və 90-cı maddələrində əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakların satılmasına dair tənzimləmələr mövcuddur. Qeyd edilən tənzimləmələrin mənasına görə, yekun məqsədə xidmət edən, bir-biri ilə əlaqəli, lakin iki müstəqil təmin etmə üsulu mövcuddur - əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması. Qanunvericiliyin tələblərinə görə yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına bilər. Buna görə də, siyahıya alınma mərhələsində əmlakın vergi ödəyicisinə əmlak hüquqları əsasında məxsus olduğu mötəbər sübutlarla təsdiq olunmalıdır. Əmlaka daşınar və daşınmaz əmlaklar, habelə qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) aiddir. Bundan başqa, siyahıya alınma əsaslandırılmış qərar çıxarılmaqla həyata keçirilməli, sözügedən qərarda əmlakın vergi ödəyicisinə məxsusluğuna dair mötəbər sübutlara və müvafiq hüquq müəyyənedici sənədlərə istinad olunmalıdır. Hüquqi şəxsin bütün əmlakı, fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı borcun məbləği nəzərə alınmaqla siyahıya alına bilər. Hazırki iş üzrə iş materiallarına əlavə olunmuş əmlakın siyahıya alınması barədə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron rayonu Hökməli bələdiyyəsinə əmlakının siyahıya alınması barədə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarlar bir icraatda birləşdirilmiş və vergi ödyəicisinin əmlakının siyahıya alnması qərara alınmışdır. Əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, Abşeron rayonu Hökməli bələdiyyəsinin mülkiyyətində olan ümumi 80400 manat məbləğində daşınmaz əmlak qismində - 13800,0 manat dəyərində **********30 reyestr nömrəli 0.0460 ha, 17400,0 manat dəyərində **********31 reyestr nömrəli 0.0580 ha, 22200,0 manat dəyərində **********75 reyestr nömrəli 0.0740 ha və 27000,0 manat dəyərində **********87 reyestr nömrəli 0.09 ha ölçüdə torpaq sahələri siyahıya alınmışdır. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, **********30, **********31, **********75 və **********87 reyestr nömrəli torpaq sahələri Abşeron rayonu Hökməli bələdiyyəsinin mülkiyyətindədir. Cavabdeh bələdiyyə etirazının dəlili kimi siyahıya alınmış torpaq sahələrinə dair plan və ölçü sənədlərinin tərtib edilməməsini və torpaqların faktiki harada yerləşməsinin bəlli olmadığını göstərmiş, digər izahatında isə torpaqların bəzilərinin ayrı-ayrı vətəndaşlara satıldığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərinin yoxlanılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu vermişdir. Həmin idarənin sorğulara verdiyi cavab məktubları ilə müəyyən edilmişdir ki, hər dörd torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilmişdir, başqa sözlə koordinatları və faktiki yerləşdiyi yeri bəllidir, bundan başqa həmin torpaq sahələrinin özgəninkiləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, siyahıya alınmış əmlak hazırda cavabdehin adına qeydiyyatda olmaqla, vergi öhdəliyinin yerinə yetirilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı addım atılmamış, dövlət büdcəsinə olan borc məbləği ödənilməmişdir. Siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı isə vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir. Qanunvericilikdə bu hüquqi imkandan istifadə edilməsinin qayda və şərtləri dəqiq tənzimlənmişdir. Buna görə, əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, vergi orqanı tərəfindən belə iddia verilənədək siyahıya alınma barədə qərar qəbul edilməli, həmin qərarın qəbul edilməsindən 30 gün keçməsinə baxmayaraq büdcə qarşısında olan öhdəlik yenə də yerinə yetirilməmiş olmalıdır. Bundan başqa, yalnız siyahıya alınmış əmlakların satılması barədə qərar çıxarıla bilər, siyahıya alınmamış əmlaklar barəsində belə qərar verilə bilməz. Vergi Məcəlləsinin 90.1-ci maddəsində istifadə olunan “zəruri və kifayət olan həcmdə” ifadəsi mütənasiblik və ədalətlilik prinsiplərinin tələblərinin nəzərə alınmasını tələb edir. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir. Kollegiya xüsusilə qeyd edir ki, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin ayrı-ayrı işin halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları sözügedən prinsiplərin tələbləri ilə əlaqələndirməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar da verə bilər. Belə hallar o zaman yol verilən ola bilər ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 81.4-cü maddəsinə görə maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır. Nəzərə alınmalıdır ki, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin üzərinə vəzifə kimi qoyulmuş və vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda cavabdeh öhdəliklərini yerinə yetirməmiş, vergi borcu üzrə yaranmış borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməmişdir. Belə ki, qanunla müəyyən edilmiş qaydada vergiləri, həmçinin məcburi dövlət sosial sığorta haqlarını ödəmək hər bir ödəyicinin vəzifəsidir. Eyni zamanda borc ödənilmədiyi təqdirdə ona məxsus əmlakın siyahıya alınması və satılması barədə iddia ərizəsi ilə 30 gün müddətində məhkəməyə müraciət edilməsi isə bu sahədə nəzarəti həyata keçirən vergi orqanın vəzifəsidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı 35466,33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 80.400 manat məbləğində əmlakın satılmasını tələb edir. Hansı ki, sözügedən əmlak hər biri daşınmaz əmlakın dövlət reyestirndən çıxarış və plan və ölçü sənədlərə malik olan 4 ədəd ayrı-ayrı torpaq sahəsindən ibarətdir və onlardan ikisinin də satılması borcun ödənilməsi üçün kifayət edər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin qismən təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən - 35466.33 manat borcun ödənilməsi üçün kifayət edən 13800,0 manat dəyərində qiymətləndirilən 0.046 ha **********30 reyestr nömrəli və 22200,0 manat dəyərində qiymətləndirilən 0.074 ha **********75 reyestr nömrəli torpaq sahələrinə münasibətdə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2-1(118)-3344/2024 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Abşeron rayonu Hökməli bələdiyyəsinin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 35466,33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin mülkiyyətində olan 13800,0 manat dəyərində qiymətləndirilən 0.046 ha **********30 reyestr nömrəli və 22200,0 manat dəyərində qiymətləndirilən 0.074 ha **********75 reyestr nömrəli torpaq sahələri Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada satılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar