Məhkəmə qərarları › İş №2-1(105)-238/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-238/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-238/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs Qusar rayonu Urva Bələdiyyəsi) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(118)-1030/2020 saylı qərarından üçüncü şəxs Qusar rayonu Urva Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Qusar rayon İcra Hakimiyyəti başçısının 02 aprel 1998-ci il tarixli 44 saylı sərəncamı ilə Urva kəndində fərdi yaşayış evinin tikintisi ilə əlaqədar iddiaçıya 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sərəncama əsasən 09 aprel 1998-ci il tarixdə torpağın alqı-satqısına dair akt tərtib olunmuş, buna görə iddiaçı tərəfindən 60.000 manat rüsum ödənmiş və həmin tarixdə Qusar rayon Torpaq şöbəsinin əməkdaşları tərəfindən iddiaçı üçün ayrılmış torpaq sahəsini naturada ölçməklə sərhədlərini konkret müəyyən etməklə, plan tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsinə dair iddiaçının adına JN-801F seriyalı 30121018 saylı şəhadətnamə verilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdehin 03.05.2017-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, JN-801F seriyalı 30121018 saylı şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınsa da, şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgiləri Ərazi İdarəsinin elektron kadastr xəritə materiallarında öz əksini tapmamışdır. Faktiki göstərilən torpaq sahəsi isə kəndin idman meydançasıdır və bələdiyyənin ümumi istifadəsində olan torpaqlarına aiddir. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Urva kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-539/2018 saylı, 18.07.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 614/18 saylı 13 noyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-539/2018 saylı, 18.07.2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Qusar rayonu Urva kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası hesab etmişdir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən məlumatlar keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdehə verilməli və cavabdeh iddiaçıya torpağa dair müvafiq çıxarış verməli idi. Müvafiq dövlət orqanları qanunun tələblərinə vaxtında əməl etməmiş və onların səhvi iddiaçının hüququnun məhdudlaşması üçün səbəb olmamalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 614/18 saylı 13 noyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-935/2019 saylı, 28 mart 2019cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(105)-614/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-614/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilsə də, iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmalı olan 0.20 ha torpaq sahəsi Qusar rayon Urva bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyi (üst üstə düşdüyü) üçün məhkəmə qərarının icrası mümkün olmamışdır. Belə ki, məhkəmə qərarının icrası ilə bağlı İcra Şöbəsi tərəfindən edilmiş xəbərdarlığa cavab olaraq, DƏDRX-nin 5 saylı Ərazi İdarəsi 01.04.2020-ci il tarixli **********62 saylı məktubda bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli 2-1(105)-614/2018 saylı qərarı əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş 0,20 ha torpaq sahəsi Qusar rayon Urva bələdiyyəsinin 17.07.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir (üst-üstə düşür). Bu səbəbdən qərarın icrası mümkün olmamışdır. Məhz qeyd edilən səbəbdən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Qusar rayonu Urva bələdiyyəsinin 17.07.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışın ləğv edilməsinə dair qərar qəbil edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2-1(118)-1030/2020 saylı qərardadı ilə Qusar rayon Urva bələdiyyəsi iş üzrə icraata üçünçü şəxs kimi cəlb edilmişdir. İddia tələbinin əsaslandırılması: Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı 28.03.2019-cu il tarixdə qanuni qüvvəyə minərək, icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilsə də, cavabdeh məhkəmə qərarını icra etməkdən imtina etmişdir. Cavabdehin bildirdiyinə görə, iddiaçının mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsi Urva bələdiyyəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan sahə ilə kəsişir. Bu səbəbdən hazırkı vaxta kimi qanuni qüvvəyə minmiş qərar icra edilməmişdir. Hazırda məhkəmənin qanuni qüvvəsində olan qərarı Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hikmət Maqsudovun icraatındadır. İcra məmuru qərarı icra edə bilməməsini 5 saylı Xaçmaz ərazi İdarəsi tərəfindən onlara verilmiş 01.04.2020-ci il tarixli **********62 saylı məktubunun surətini iddiaçıya verməklə, məhkəməyə bələdiyyəyə verilmiş çıxarışın ləğv edilməsi barədə iddia qaldırmasını bildirmişdir. Həmin məktubun mətnindən görünür ki, iddiaçının verdiyi iddia tələbi ilə əlaqədar olaraq məhkəmə çəkişmələri getdiyi halda, məhkəmə prosesləri davam etdiyi və işə hələ nəticə verilmədiyi halda cavabdeh tərəfindən üçüncü şəxsə torpağa dair hüquqi sənədlər vermişdir. Cavabdehin iddia tələbinə dair etirazı İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli 2-1(105)-614/2018 saylı qərarı əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 09.07.2019cu il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2-1(105)-614/2018 saylı qərarı əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş 0.20 ha torpaq sahəsi Qusar rayon Urva bələdiyyəsinin 17.07.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir (üst-üstə düşür). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Məlumat üçün qeyd edir ki, həmin qərardan 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilmişdir və kassasiya şikayətinə çıxarışın surəti əlavə edilərək bu barədə məlumat verilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi iddia predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması məsələsini nəzərə almamış, 28.03.2019-cu il tarixli, 2-1(102)-935/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(105)-614/2018 saylı 13 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh olaraq 5 saylı Xaçmaz Ərazi İdarəsi dövlət reyestrindən çıxarışın ləğv edilməsi səlahiyyətlərinə malik deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(118)-1030/2020 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim İ.Quliyev). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı adına 0,20 ha torpaq sahəsinin ayrılmasına dair Qusar rayon İcra Hakimiyyəti Başçısının 02 aprel 1998-ci il tarixli 44 saylı sərəncamı tam qanunsuz bir sərəncamdır. Çünki həmin torpaq sahəsində Urva kəndinin stadionu (idman meydançası) yerləşir. Qusar rayonu Urva Bələdiyyəsinin yerquruluşu xəritələrində də həmin torpaq sahəsi Urva kəndinin stadionu (idman meydançası) kimi göstərilmişdir və vətəndaşlara fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsi kimi satıla (ayrıla) bilməz. Qusar rayonu Urva Bələdiyyəsi bu səbəbdən həmin torpaq sahəsinə öz mülkiyyətinə 17.07.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, lakin həmin torpaq sahəsinin Urva kəndinin stadionu (idman meydançası) olmasını nəzərə alaraq heç kəsə satmamışdır. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(118)- 1030/2020 saylı qərarında Qusar rayon İcra Hakimiyyəti Başçısının 02 aprel 1998-ci il tarixli 44 saylı qanunsuz sərəncamı ilə İddiaçı 0,20 ha torpaq sahəsinin ayrılmasına istinad edilməklə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış 17.07.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi əsassızdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin rədd edilməsini xahiş etdi, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qusar rayonu, Urva kəndində yerləşən 0,35 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında Urva Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 17.07.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydin qismən-qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən onun adına qeydə alınmalı olan 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, Qusar rayon İcra Hakimiyyəti başçısının 02 aprel 1998-ci il tarixli 44 saylı sərəncamı ilə iddiaçıya Urva kəndində fərdi yaşayış evi tikmək üçün ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmalı olmasına baxmayaraq, həmin torpaq sahəsi məhkəmə araşdırmaları getdiyi müddət ərzində daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında Urva Bələdiyyəsinin adına qeydə alınmış və bu səbəbdən hazırkı vaxtadək məhkəmə qərarının icrası mümkün olmamışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Qusar rayonu, Urva kəndində yerləşən 0,35 ha torpaq sahəsi 17.07.2018-ci il tarixdə Qusar rayon Urva Bələdiyyəsinin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yaranmış zərurətlə əlaqədar məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilərək aşağıda qeyd olunan suallar barədə məhkəməyə rəy verilməsi xahiş olunmuşdur: 1.Torpağın mülkiyyətə verilməsinə dair JN-801F nömrəli, kod ********* saylı şəhadətnaməyə, həmçinin Qusar rayon İcra Hakimiyyəti Başçısının 02.04.2018-ci il tarixli, 44 saylı sərəncamına əsasən, Qusar rayon Urva kəndi ərazisindən İddiaçı mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə, **********10 daşınmaz əmlakın reyestr nömrəsi ilə verilmiş çıxarış ilə Qusar rayon, Urva kəndi ərazisində Urva Bələdiyyəsinin mülkiyyətində olan 0,35 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşürmü? Üst-üstə düşdüyü təqdirdə, həmin hissənin dəqiq ölçüsü müəyyən edilsin və bu barədə torpaq sahəsinin planı tərtib edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı 05 oktyabr 2021-ci il tarixli, **********19 saylı mütəxəssis rəyindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-801F nömrəli, kod 30121018 saylı şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir. Lakin İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-801F nömrəli, kod ********* saylı şəhadətnaməyə əsasən verilmiş 0,20 ha torpaq sahəsinin cizgiləri elektron baza məlumatlarındakı DWJ xəritələrində öz əksini tapmadığından həmin torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Torpağın mülkiyyətə verilməsinə dair JN-801F nömrəli, kod 30121018 saylı şəhadətnaməyə əsasən verilmiş 0,20 ha torpaq sahəsinin, **********10 daşınmaz əmlakın reyestr nömrəsi ilə verilmiş çıxarış ilə Qusar rayon, Urva kənd ərazisində Urva Bələdiyyəsinin mülkiyyətində olan 0,35 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşüb və ya düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin mütəxəssis rəyinə əlavə edilmiş mübahisəsi gedən torpaq sahəsinin və Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin ölçü planından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Urva Bələdiyyəsinin mülkiyyətində olan 0,35 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə 0.20 ha hissədə tam olaraq üst-üstə düşmüşdür. Həmçinin, cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş iddiaçıya məxsus Qusar rayonu, Urva kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından və həmin torpaq sahəsinin ortofoto görüntüsündən görünür ki, torpaq sahəsinin yerləşdiyi ərazi futbol və voleybol meydançası kimi istifadə olunur və həmin əraziyə Urva Bələdiyyəsinin adına çıxarış verilib. Beləliklə məkhəmə kollegiyasında işin halları araşdırılarkən müəyyən edildi ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən, inzibati orqan Qusar rayonu, Urva kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsini iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alaraq müvafiq çıxarışın verilməsi öhdəliyi daşımasına baxmayaraq, məhkəmədə mübahisə gedən ərəfədə həmin torpaq sahəsi də daxil olmaqla 0.35 ha torpaq sahəsini mülkiyyət hüququ əsasında Urva Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdır. Halbuki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, “hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24.05.2017-ci il tarixli məktubunda qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması göstərilsə də, cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir və iş materiallarında da bu halı təsdiq edən hər hansı bir sübut yoxdur, əksinə səlahiyyətli dövlət qurumu tərəfindən iddiaçıya göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Bu şəhadətnamə isə ləğv olunmamışdır və hüquqi qüvvəyə malikdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2015-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir: “Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Hazırkı halda yuxarıda sadalanan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə Qusar rayon İcra Hakimiyyəti başçısının 02 aprel 1998-ci il tarixli 44 saylı sərəncamı və JN-801F nömrəli, kod ********* saylı şəhadətnaməyə əsasən, 0,20 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və şikayətin dəlillərini əsassız hesab edərək bildirir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Qusar rayon İcra Hakimiyyəti başçısının 02 aprel 1998-ci il tarixli 44 saylı sərəncamı ilə 0,20 ha torpaq sahəsinə dair JN-801F nömrəli, kod ********* saylı şəhadətnamə əsasında həmin torpaq sahəsi artıq iddiaçının mülkiyyətinə verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarəna əsasən, həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması cavabdeh inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmuşdur. İşin sadalanan xüsusatlarına baxmayaraq, cavabdeh orqan həmin torpaq sahəsini Bəldiyyənin mülkiyyəti kimi qeydə almışdır. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1 və 5.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Qanunvericiliyə əsasən bələdiyyələrə öz mülkiyyətlərində olan torpaq sahələrinə dair sərəncam verilməsi ilə bağlı hüquq verilsə də, onların mülkiyyətinə aid olmayan torpaq sahələri ilə bağlı sərəncam vermək səlahiyyəti verilməmişdir. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İşin sadalanan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya məxsus 0.20 ha torpaq sahəsinin Bələdiyyə mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyetsrində qeydə alınması qanunsuz olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0. və 8.0.5-ci maddələrinin tələbinə görə, qeyd edilən şəhadətnamə, həmçinin qanuni qüvvədə olan məhkəmə qərarı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Analoji qayda Mülki Məcəllənin 139-1.1 və 139-1.1.5-ci maddələrində də nəzərdə tutulub. Torpaq sahəsinin iddiaçıya ayrılmasına dair sərəncamın qanunsuz olmasına dair üçüncü şəxsin apelyasiya şikayətinin dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, Qusar rayon İcra Hakimiyyəti başçısının 02 aprel 1998-ci il tarixli 44 saylı sərəncamı və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə iş materiallarında heç bir sübut yoxdur. Həmin sərəncam və şəhadətnamənin hazırkı vaxtadək qüvvədə olması da mübahisə edilmir. Odur ki, kollegiya şikayətin dəlilini əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birini instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(118)- 1030/2020 saylı qərarı dəyişdirilməli, Qusar rayonu, Urva kəndində yerləşən 0,35 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında Urva Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 17.07.2018-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın qismən-qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmalı olan 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(118)-1030/2020 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Qusar rayonu, Urva kəndində yerləşən 0,35 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında Urva Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 17.07.2018-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat qismən-qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmalı olan 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar