Məhkəmə qərarları › İş №2-1(105)-238/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-238/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-238/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəÇi hakim Məmmədov Zahid Tahir oğlu, Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması, hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2- 1(118)-1904/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı E.İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin möhürü ilə 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33 №li məktubunu qoyaraq ünvanına göndərməsi faktı məhkəmə tərəfindən cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə və torpağa dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-292/2021 saylı, 10.03.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-319/2021 saylı, 02.07.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-292/2021 saylı, 10.03.2021-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə yenidən baxılarkən, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin möhürü ilə 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33 №li məktubunu qoyaraq ünvanına göndərməsi faktı məhkəmə tərəfindən cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə və torpağa dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 278 saylı, 20.07.2004-cü il tarixli sərəncamı sənədini, İnşaat Pasportu ("xxxx" ASC-nin, “Azəriqaz” İB-nin, istilik təsərrüfatı idarəsinin, elektrik enerjisi satışı təşkilatı olan Barmek Azərbaycan Elektrik Şəbəkəsinin, Sumqayıt Telekommunikasiya Qovşağının, Ekologiya və təbii sərvətlər Nazirliyi Sumqayıt şöbəsinin, DİN-nin Yanğın Təhlükəsizliyi idarəsinin və digər müvafiq təşkilatların razılıqları) sənədlər toplusunu, o cümlədən İddiaçı 2-ci mikrorayon ərazisində kommersiya obyekti tikintiquraşdırılması məqsədi ilə ayrılmış 32 kv.m. torpaq sahəsinin mövqe planı Sumqayıt şəhər İcra Hakimiyyəti Baş Memarlıq və Şəhərsalma idarəsinin möhürü ilə təsdiqlənmiş sənədini, obyektin planını, obyektin ümümi görünüşü şəklini, Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinin möhürü ilə təsdiqlənmiş sənədi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etmişdir. Bundan başqa obyektin fəaliyyət göstərdiyini göstərən obyektə qazın verilməsi üçün “Azəriqaz” X2 Şərt icazəsini təqdim etmiş, mövcud obyektin faktiki fəaliyyət göstərdiyini bildirən "xxxx" ASC-nin 01.02.2011-ci il tarixli 152303 saylı müqaviləsini təqdim etmiş, obyektində mövcud olan 64-4-74-86 nömrəli stasionar telefonun işlədiyinin sübutları kimi müqaviləni və ödəniş qəbzini təqdim etmiş, kommersiya obyektinin on illərlə işlədiyinin və Dövlət Vergi qurumuna vergi ödənişlərinin verildiyinin sübutları sənədlərini təqdim etmiş, "xxxx" ASCnin bildirişini 10.08.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində 114-cü növbəlilik qəbzi əsasında obyektinə aid bütün sənədləri məsul şəxsinə təqdim etmişdir. Həmin məsul şəxs sənədlərə baxıb, dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Belə olan halda iddiaçı əlyazma ərizəsinin qəbul edilməsini və imtinanın rəsmi təqdim edilməsini istəmişdir. Rəhbərlik tərəfindən qəbul etmələrini istəmiş, rəsmi müraciət vermək üçün məsul şəxsdən ərizə blankını istəmiş, lakin, o, müxtəlif bəhanələrlə ləngidilmiş, ərizə blankı verilməmiş, hətta əlyazma rəsmi ərizəsinin qəbulundan imtina olunmuşdur. İlk dəfə ondan dörd çatmayan sənəd istəsələr də, bu dəfə sektor müdiri iddiaçının yanında baş mühəndislə məsləhətləşərək, Dövlər Reyestrində obyektinin qeydə alınması üçün Tikintiyə icazə və İstismara icazə sənədlərini istəmişdir. 10.08.2020-ci il tarixdə rəsmi əlyazma ərizəsi qəbul olunmadığından, növbəti gün səhər tezdən iş başlanan kimi yenə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə gəlmişdir. Bu dəfə kompüterdə hazırlanmış kağız daşıyıcıda ərizə gətirmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin ümümi şöbəsində bildirmişdir ki, ərizəsi qəbul olunmazsa Azərbaycan Respublikasının bütün aidiyyəti səlahiyyətli orqanlara şikayətlər edəcəkdir. İddiaçının 11.08.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində böyük çətinliklərlə qəbul olunmuş rəsmi ərizəsində yazılıb: Yazıb bildirir ki, 10.08.2020-ci il tarixdə səhər saat 10:40-da 114-ci növbə əsasında idarədəki müvafiq vəzifəli şəxsinə fəaliyyətdə olan kommersiya obyekti tikilinin Dövlət Reyestrində qeydə alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 278 №li 20.07.2004-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə aid inşaat Pasportu sənədlər toplusunu təqdim etmişdir. Həmin vəzifəli şəxs İdarədə sektor müdiri ilə onu görüşdürmüş, sektor müdiri onun yanında baş mühəndis Ağasəf müəllimlə məsləhətləşərək, Dövlət Reyestrində obyektinin qeydə alınması üçün sənədlərdə aşağıdakı çatmayanları gətirməyini istəmişdir: 1. Tikintiyə icazə; 2. istismara icazə. Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının 278M-H 20.07.2004-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə aid İnşaat Pasportu sənədlər toplusu veriləndən kommersiya obyekti tikilərək, faktiki fəaliyyətdədir, Azərişıq ASC-dəki **********6 istehlakçı koduna əsasən elektrik enerjisi sərfiyyatına görə pul ödənilir və bundan vergi tutularaq dövlətə xeyir verilir, obyektində mövcud olan su sərfiyyatına görə pul ödənilir, obyektində olan 64- 4-74-86 nömrəli stasionar telefon nömrəsinə görə hər ay pul ödənilir, vergi qurumuna dövlət vergisi verilir. Hökumət Portalında göstərdiyi məlumatları yoxlamaq mümkündür. Dövlət Reyestrində mövcud olan tikilinin qeydə alınması haqqında sənədi verməməklə, süründürməçilik etməklə ona 60 min manat ziyan vurulur. Obyektin planı, obyektin ümümi görünüşü şəklini, Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinin möhürü ilə təsdiqlənmiş sənədi, İnşaat Pasportu sənədlər toplusunu idarədə vəzifəli şəxslərə təqdim etmişdi, kserosurəti isə hazırkı ərizəsinin qoşmasında əlavə olunmuşdur. Yuxarıda qeyd olunanlara, müvafiq qanunvericiliyə əsasən xahiş etmişdir: Araşdırma aparılmasını, faktiki tikilinin Reyestrdə qeydə alınması üçün tədbir görülməsini, əks halda çatışmayan sənədləri göstərməklə onun ərizəsinə əsaslandırılmış yazılı cavab verilməsini. Qoşma: 1. Vəzifəli şəxsin xətti ilə tələb olunan sənədlər siyahısının surəti. 2. İdarədəki növbəlilik qəbzi. 3. Şəxsiyyət vəsiqəsinin surəti. 4. İnşaat Pasportunun surəti. 5. Su təchizatı haqqında Müqavilənin surəti. 6. Azəriqaz istehsalat Birliyinin obyektinə verilmiş texniki şərtinin surəti. İddia ərizəsində daha sonra göstərilir ki, iddiaçı tikiliyə tikinti icazəsinin alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Baş Memarlıq və şəhərsalma idarəsinə əvvəlcə şifahi müraciət etmiş, nəticəsi olmadığından səhər tezdən 14.08.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Tikiliyə tikinti icazəsinin alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Baş Memarlıq və şəhərsalma idarəsində ərizənin qəbul olunması haqqında ştampı ilə sübutu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 14.08.2020-ci il tarixdə təqdim edib, sorğu verilməsini istəmişdir. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinə sorğunun verilməsi xahişi barədə ərizəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə əlbəəl olaraq 14.08.2020-ci il tarixdə rəsmi vermiş və həmin ərizənin qoşmasında Baş Memarlıq və şəhərsalma idarəsində bu haqda rəsmi müraciətin qəbul olunması haqqında sübutun surəti əlavə olunmuşdur. Həmin gün, yəni 14.08.2020-ci il tarixdə 2 saylı Sumqayıt Ərazi İdarəsində əlbəəl olaraq rəsmi müraciəti qəbul olunarkən, ümümi şöbənin məsul işçisi demişdir ki, hələ 11.08.2020-ci il tarixdə qəbul olunmuş ərizəyə cavab hazır deyildir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin möhürü ilə və poçtun ştampları ilə 24.08.2020-ci il tarixdə poçt vasitəsi ilə məktub-zərfi almışdır. Həmin zərfin içərisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 14.08.2020-ci il tarixli **********33 saylı iddiaçıya ünvanlanan məktubu var idi. Həmin zərfin üzərindəki poçt ştampından göründüyü kimi, həmin məktub 21.08.2020-ci il tarixdə poçt şöbəsinə təhvil verilmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Qanunu pozaraq, saxtakarlığa yol vermişdir. Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli 935 №-li Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın 19 və 98-ci bəndlərinə əsasən sənəd imzalanan gün göndərilməlidir. Göründüyü kimi, Təlimatın 19; 98-ci bəndlərini kobud şəkildə pozaraq, faktiki olaraq 21.08.2020-ci il tarixdə iddiaçının ərizəsinə cavab verdiyini gizlətmək məqsədi ilə vəzifəli şəxslər saxtakarlıq edərək 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli sənədi qoymuşdur, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi 21.08.2020-ci il tarixdə poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33№-li məktubunu qoymuşdur. Göründüyü kimi 2 saylı Sumqayıt Ərazi İdarəsinin möhürü və 21.08.2020-ci il tarixli poçt ştampı zərfin üzərində mövcuddur. 14.08.2020-ci il tarixdə Baş Memarlıq və şəhərsalma idarəsinə sorğunun verilməsi xahişi barədə ərizəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi əlbəəl olaraq rəsmi qaydada qəbul etmişdir, ümumi şöbə Reyestrdən Çıxarışın verilməsi üçün 11.08.2020-ci il tarixli rəsmi ərizənin cavabının hələ hazır olmadığını iddiaçıya şifahi olaraq bildirmişdir. Belə olan halda iddiaçının 14.08.2020-ci il tarixdə Baş Memarlıq və şəhərsalma idarəsinə sorğunun verilməsi xahişi barədə (vəsatətə) ərizəyə baxılmalı idi, sorğu verilməli, daha sonra Çıxarışın verilməsi üçün 11.08.2020-ci il tarixli rəsmi ərizəsinə məcmu halda baxılmalı idi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi 21.08.2020-ci il tarixdə poçt şöbəsinə təhvil verdiyi cavabda 14.08.2020-ci il tarixdə aldıqları vəsatət barədə yazılmalı olduğu halda, heç nə yazılmamışdır. Bu bir daha Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçının yuxarıda qeyd etdiyi korrupsion əməllərini təsdiq edir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21.08.2020-ci il tarixdə poçt şöbəsinə iddiaçının ünvanına çatdırılması üçün təhvil verdiyi 14.08.2020-ci il tarixli məktubu qanunsuzdur, hüquqlarının kobud pozulması ilə yazılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyildir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 278№-li 20.07.2004-cii il tarixli sərəncamı; İnşaat Pasportu, sənədlər toplusu, Obyektin planı, obyektin ümumi görünüşü, şəkli, Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinin möhürü ilə təsdiqlənmiş sənəd təqdim edilməsinə baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi süründürməçilik edir. Müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Lakin “Azəriqaz” istehsalat birliyi tərəfindən qazın iddiaçının obyektinə verilməsi üçün Texniki Şərt sənədinin surəti, "xxxx" ASC-nin obyektinə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 01.02.2011-ci il tarixli müqavilənin surəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizəsi ilə birlikdə verdiyi digər sənədlərdən göründüyü kimi obyektinin altından heç bir magistral boru kəmərləri keçmir. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafıq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Belə yardımın göstərilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndindən də irəli gəlir. Belə ki, həmin normaya əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139.1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 14.08.2020-ci il tarixli cavab məktubu ilə dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Araşdırma aparılması, faktiki tikilinin altındakı torpaq sahəsinə Reyestrdən Çıxarışın verilməsi barədə 31.08.2020-ci il tarixdə iddiaçının ərizəsi əlbəəl rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində qəbul edilmişdir. Daha sonra 01.09.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində aşağıdakı kimi rəsmi qaydada ərizə qəbul edilmişdir: “Yazıb bildiririr ki, 31.08.2020-ci il tarixli ərizəsilə o, onlardan mövcud olan faktiki kommersiya obyekti tikilinin altındakı torpaq sahəsinə Reyestrdən Çıxarışı verilməyini xahiş etmişdir. Dövlət Reyestrində qeydə alınması üçün Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının 278 saylı, 20.07.2004-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə aid İnşaat Pasportu sənədlər toplusunu təqdim etmişdir. Obyektin planı, obyektin ümumi görünüşü şəklini Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinin möhürü ilə təsdiqlənmiş sənədi, İnşaat Pasportu sənədlər toplusunu İdarədə vəzifəli şəxslərə təqdim etmişdir, kserosurəti isə 11,08.2020-ci il tarixli ərizəsinin qoşmasında əlavə olunmuşdur. Bir daha torpaq sahəsinin plan və ölçüsünü göstərən sənədin surətini əlavə olaraq bununla onlara təqdim edib, ərizələrinə məcmu halda baxılmasını xahiş etmişdir. Faktiki fəaliyyətdə olan kommersiya obyekti tikiliyə kod nömrəsinin təqdim edilməsi barədə 07.09.2020-ci il tarixli ərizəni iddiaçı müvafiq sənədlərin surətləri ilə birlikdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sifarişli məktublarla göndərmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət huququ vardır. Mülkiyyət hüququ, o cümlədən xususi mülkiyyət huququ qanunla qorunur. Mülkiyyət huququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və huquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq huququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-4-cü maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mulki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yukluluyunun), başqasına keçməsinin və bu huquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə huquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mulki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. İnsan Hüquqları uzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə huququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə huququ mahiyyət etibarı ilə mülkiyyət huququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək huququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət huququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına gorə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Gorunduyu kimi, İnsan Hüquqları uzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət huququnun tanınması kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cu bəndinə gorə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin huquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə gorə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 11.08.2020-ci il tarixdə ərizə ilə müraciət etmiş və onun müraciəti ********** nömrə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı təqdim etdiyi sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış binasının qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara icazə sənədi təqdim olunmamışdır. Bununla əlaqədar İddiaçı bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Sözügedən qeyriyaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas (əsaslar) təqdim edildikdən sonra müraciətinə qanunamüvafiq qaydada baxılacağı İddiaçı göndərilmiş 14 avqust 2021-ci il tarixli **********33 saylı məktubla bildirilmişdir Etirazda həmçinin göstərilmişdir ki, İddiaçı ünvanlanan 14 avqust 2020-ci il tarixli, **********3 saylı bildirişə 14 avqust 2020-ci il tarixdə saat 17:46-da nömrə verilmişdir. 15 avqust 2020-ci il və 16 avqust 2020-ci il tarixlərinin iş günü olmadığını, nömrələnmiş məktubların ümumi şöbədə surətlərinin çıxardılaraq arxivləşdirilməsini, xaric olan sənədlərin kitabında qeydiyyatının aparılmasını, pandemiya ilə əlaqədar olaraq ölkədə karantin dövrü olduğunu və işçilərin sayının az olmasını nəzərə alaraq məktub 19 avqust 2020-ci il tarixdə poçta təqdim olunmuşdur. Qeyd olunanlara əsasn məhkəmə hesab edir ki, cavabdeh tərəfindən bilidirişin zərfləşdirilərək poçta verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Etirazda daha sonra göstərilir ki, iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. İş üzrə təkrar məhkəmə baxışı zamanı cavabdehin 26.11.2021-ci il tarixli məktubunda isə göstərilmişdir ki, İddiaçı torpaq sahəsinə münasibətdə ilkin olaraq 31.08.2020-ci il tarixində ********** daxil olma nömrəli ərizə ilə müraciət olunmuş, 01.09.2020-ci il tarixli ********** daxil olma nömrəli ərizə ilə topaq sahəsinin plan və ölçüsünü göstərən sənədin sürətini əlavə olaraq təqdim etmiş, ərizələrinə məcmu halda baxılmasını xahiş etmişdir. İddiaçı tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin 20.07.2004-cü il tarixli, 278 sayı torpaq sahəsinin ayrılması barədə sərəncamı və Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş mövqe planının sürətləri müraciət zamanı ərizəyə əlavə olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısın”da İcra Hakimiyyəti başçılarının 01.01.2001-ci il tarixdən sonra verdiyi qərarlar nəzərdə tutulmamışdır. Göründüyü kimi torpaq sahəsinin ayrılması qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçıya 11.09.2020- ci il tarixli **********24 nömrəli imtina məktubu təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2-1(118)-1904/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətində göstərir ki, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilnməməsi məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə vəsatətlərə əhəmiyyət verməmiş, araşdırma tam aparılmamış, tətbiq edilməli olan maddi hüquq norması tətbiq edilməmiş, məhkəmə qərarı ilə hüquqları pozulmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tətbiq edilməli olan maddi hüquq normalarının tətbiq edilmədiyi, tətbiq edilməməli olan maddi hüquq normalarının tətbiq edilməsi səhv qərarın qəbul edilməsi ilə nəticələnmişdir və nəticədə hətta 18 (on səkkiz) il bundan əvvəl Sumqayıt şəhər İcra Başçısının Sərəncamına əsasən ona verilmiş torpağa mülkiyyət hüququ da pozulmuşdur. Faktiki olaraq fəaliyyət göstərən obyektinə dair heç bir sübut məhkəmə qərarında qəsdən göstərilməmişdir. İPM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 06.12.2021-ci il tarixli qərarında heç bir sübut qiymətləndirilməsi aparılmamışdır. Halbuki İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı sübutlarla əsaslandırılmalıdır. Bu haqda Sumqayıt Apellyasiya Məhkəməsinin 02.07.2021-ci il tarixli qərarında birinci instansiya məhkəməsi üçün torpaqla bağlı göstəriş yazılsa da, birinci instansiya məhkəməsi bu göstərişi yerinə yetirməmişdir, bununla bağlı heç bir qiymətləndirilmiş sübut məhkəmə qərarında göstərilməmişdir, birinci instansiya məhkəməsi öz vəzifə borcunu yerinə yetirməmişdir və bu haqda Sumqayıt Apellyasiya Məhkəməsinin 02.07.2021-ci il tarixli qərarında yazılıb: Torpaq sahəsinə dair tələb üzrə araşdırma aparmamış, mahiyyəti üzrə baxaraq hüquqi qiymət verməmişdir. İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İPM-nin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə araşdırma aparmağa borclu olduğu halda, birinci instansiya məhkəməsi bunu etməmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu yenidən məhkəmə aktlarına baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəldilmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına yönəlmişdir. Apellyasiya şikayətində daha sonra Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1904/2021 saylı məhkəmə iclas protokoluna dair iddiaçı tərəfindən təqdim edilmiş 28.12.2021-ci il tarixli qeydin məzmununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin müvafiq bəndlərinə istinad edilməklə göstərilir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Məhkəmə qərarında hakim iddiasında göstərdiyi qanun pozuntusu hallarını sadalasa da, cavabdeh tərəfinin (tövsiyyə xarakterli pandemiya nağılına) qanuna əsaslanmayan münasibətini göstərsə də, cavabdehin qanun pozuntusuna hüquqi qiymət verməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(118)-1904/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin yuxarıda qryd edilən hallarından göründüyü kimi iddiaçı hüquqlarını qeydə aldırmağı tələb etdiyi daşınmaz əmlak – torpaq sahəsi və müvafiq tikili üzərində hüquqlarının yaranması əsası kimi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 278 saylı, 20 iyul 2004-cü il tarixli sərəncamına və qeyri-yaşayış binasının inşaat pasportuna, habelə həmin qeyri-yaşayış binasında fəaliyyət göstərən kommersiya obyektinin fəaliyyətinə dair kommunal və vergi orqanlarının sənədlərinə istinad etməklə hüquqlarının qeydə alınmasını və müvafiq çıxarışın verilməsini tələb edir. İddiaçının təqdim etdiyi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 20.07.2004-cü il tarixli 278 saylı sərəncamından görünür ki, ünvan 3 ünvanında yaşayan İİ qrup əlil İddiaçı 2-ci mikrorayon ərazisində kommersiya obyekti tikinti-quraşdırma məqsədilə 32 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan əlavə, iş materiallarına həmin qeyriyaşayış binasının inşaat pasportu da əlavə edilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində qeyri-yaşayış binası inşa edilərək kommersiya obyekti kimi fəaliyyət göstərir. Cavabdeh inzibati orqanın iddiaçının ərizəsinin təmin edilməsindən imtinasının əsasını isə qeyri-yaşayış binasının qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara icazə sənədinin təqdim olunmamsı təşkil edir. Birinci instansiya məhkəməsi iddianın müvafiq hissəsinin təmin edilməməsinin əsası kimi iddiaçı tərəfindən cavabdeh inzibati orqana, habelə məhkəməyə sözügedən tikiliyə dair sənədlər, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarın təqdim edilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.1, 8.0.8, 8.0.9 və 8.0.9.2.-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi 2013-cü ilin yanvarın 1-dək, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək tikilmiş tikililər və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilməli olan sənədlərin dairəsi qanunvericilikdə imperativ olaraq müəyyən edilmişdir. Hazırki işdə isə iddiaçı tərəfindən cavabdeh inzibati orqana, habelə məhkəməyə sözügedən tikiliyə və torpaq sahəsinə dair yuxarıda qeyd olunan nomra ilə tələb olunan sənədlər, yəni torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı təqdim edilməmişdir. İstinad edilən Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hüquqların dövlət qeydiyyatı üçün kifayət qədər əsaslar olmadığı üçün, inzibati orqan tərəfindən qeydiyyat aparılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi düzgün olaraq həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri” haqqında Əsasnamənin müvafiq bəndlərinə istinad etməklə bu nəticəyə gəlmişdir ki, həmin Əsasnamədə yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsini mülkiyyətə ayırması ilə bağlı səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası həmçinin iddiaçının iddia tələbinin “21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33 №li məktubunu qoyaraq ünvanına göndərməsi faktı məhkəmə tərəfindən cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması” hissəsinə dair cavabdeh inzibati orqanın etirazında istinad etdiyi hallara (15-16 avqust 2020-ci il tarixlərinin iş günü olmaması, pandemiya ilə əlaqədar olaraq ölkədə karantin dövrü olduğunu və işçilərin sayının az olmasını nəzərə alaraq məktubun 19.08.2020-ci il tarixdə poçta təqdim olunması) birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətləndirmə ilə razılaşmaqla qeyd edir ki, cavabdeh tərəfindən bilidirişin zərfləşdirilərək poçta verilməsi zamanı iddiaçının hüquqlarını pozan hər hansı pozuntuya yol verilməmişdir. Apellyasiya şikayətində istinad edilən və məzmunu tamamilə eyni şəkildə şikayətə daxil edilmiş Sumqayıt İnzibati Məhkəməsinin məhkəmə iclas protokoluna dair iddiaçı tərəfindən təqdim edilmiş 28.12.2021-ci il tarixli qeydin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, birinci insatansiya məhkəməsi tərəfindən həmin qeydlərə 07.01.2022-ci il tarixli qərardadla münasibət bildirilmiş, qeydlər əsassız olduğundan rədd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(118)-1904/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar