Məhkəmə qərarları › İş №2-1(105)-238/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-238/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-238/2024 14.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxsin nümayəndələri X6, X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “2022-ci ilin dekabr ayında prokurorluq orqanları işçilərinin əmək haqqının 31.7% artımının aldığı müavinətə şamil edilməklə yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(118)-4458/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Bakı şəhəri Səbayıl rayon məhkəməsinin 2- 1702/2006 saylı, 29 noyabr 2006-cı il tarixli qətnaməsində göstərilmiş “X4 keçmə haqqında Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinin və “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 4-cü hissəsinə müvafiq olaraq orta əməkhaqqının 50 misli miqdarında dövlət büdcəsindən vergi tutulmadan birdəfəlik müavinətin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulması və 2022-ci ilin yanvar ayından inflyasiya ilə bağlı 10%, 2023-cü ilin yanvar ayından 14,7% əmək haqqının indeksasiya olunması ilə artımın və 2022-ci ilin dekabr ayında prokurorluq orqanları işçilərinin əmək haqqının 31.7% artımının aldığı müavinətə şamil edilməklə yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, “Tərtər hərbi Prokrorluğunun müstəntiqi vəzifəsində işləyərkən xidməti vəzifəmi icra edən zaman hər iki qıç nahiyyənin aşağı ətraflarını don vurduğundan "oblitirasiya edici indoartrid "diaqnozlu xəstəliyə tutulmuşdur. Həmin faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən araşdırmalar aparılmış, toplanmış materiallar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı qərarnın 1.1 maddəsinin 4-cü bəndinə əsasən, aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərilibdir. Nazirliyin yanında Dövlət Əmək müvəttişliyi tərəfindən araşdırmalar aparılmış araşdırmanın nəticəsinə dair təhqiqat aktı tərtib olunmuş, Azərbaycan Respublika Hərbi Prokurorluluğunun əməkdaşlarının iştirakı ilə "İZ" formalı akt tartib olunmuşdur. Eyni zamanda X8 göstərişinə əsasən müalicə olduğu sənədlərlə birlikdə Tibb Ekspertizadan keçirilmişdir. Məhkəmə Tibb Ekspertin Aktında da aldığı bu xəsarətin dondurma nəticəsində əmələ gəldiyi göstərilmişdir. Sumqayıt şəhərində yerləşən 06 tibb Sosial Ekspert Komissiyasının rəyinə əsasaan 2 qrup əlillik təyin olunmaqla əmək qabiliyyətinin 80% itirilməsi və əlilliyin səbəbinin "Əmək zədəsi" olduğu müəyyən edilibdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən tutduğu vəzifədən azad olunmağına dair əmrin düzgün verilməməsi, həmçinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə penisiyanın təyin olunmasına dair mübahisə yarandığından, 2006-cı ilin yay aylarında Səbayıl rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1702/2006 nömrəli 29 noyabr 2006-cı il tarixli qətnaməsi ilə "Tərtər Hərbi Prokurorluğunda xidməti vəzifəni icra edən zaman əmək qabiliyyətimin itirilməsi ilə əlaqədar olaraq "Prokurorluq Orqanlarında xidmət keçmə haqqında "Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasaən birdəfəlik müavinət verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 nömrəli 2000-ci il tarixli 03 nömrəli xx.xx.2003-cü il tarixli Qərarlarına əsasən 06 saylı Tibb Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 saylı rəyinə müvafiq olaraq orta əmək haqqının 80% məbləğində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən hər ay müavinət ödənilməsi qət edilmişdir. Qeyd edilən bu qətnamə cavabdehlər tərəfindən bu günə qədər icra olunmuşdur. Qətnamədə öz əksini tapan birdəfəlik müavinətin verilməsi ilə bağlı Bakı Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna həm şifahi, həm də yazılı şəkildə müraciət etmişdir. Çox zaman verilən sorqulara cavab verilməyibdir. Azərbaycan Respublikası hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli HP-09(709)184 saylı cavab məktubunda göstərilmişdir ki, "Məhkəmə və X11 işçilərinin dövlət mühafizəsi haqqında" Azərbaycan Respublikası qanununun 1-ci maddəsində göstərilən hallar və tələblər nəzərə alınmaqla həmin Qanunun 19-cu maddəsinin tələblərinin tətbiq olunması, yəni orta əmək haqqının məbləğinin əlli misli miqdarında vergi tutulmadan birdəfəlik müavinətin ödənilməsi ona şamil oluna bilməz. Eyni zamanda həmin məktubda göstərilmişdir ki, əgər əmək haqqında artım olarsa, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003- cü il tarixli 3 saylı qərarına əsaəsn yenidən hesablanıb, növbəti aylarda ona ödəniləcəkdir. 2022-ci ilin dekabr ayında Prokurorluq orqanları işçilərinin əmək haqlarının 31,7 faiz artırılması ilə bağlı Hərbi Prokurorluğa rəsmi qaydada müraciət etmişdir. Sorğuya verilən xx.xx.2023-cü il tarixli 3-3-13/2-78- 87/2023cü il tarixli cavab məktubunda həm qeyd edilən qətnamənin icrasından, həm də artımın ona şamil olunmasından tamamilə imtina olunmuş və göstərilimişdir ki, "X4 keçmə haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən məzuniyyətə çıxarkən ikiqat əmək haqqı məbləğində aldıqları pul təminatı və müalicə olunmaları ilə bağlı iki qat məbləğdə birdəfəlik pul müavinəti ləğv olunaraq göstərilən məbləğ əmək haqqına əlavə edilərək uyğunlaşma həyata keçirilmişdir. Məktubun mətnindən belə çıxır ki, guya hələ orqanda işləyir və onlardan müalicə və məzuniyyət pulu tələb edir. Halbuki, qeyd olunan qətnaməyə uyğun olaraq orta əmək haqqının əlli mislinədək birdəfəlik müavinətin verilməsinin və əmək haqqında olan artımın ona şamil olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan Qətnaməyə uyğun olaraq Hərbi Prokurorluq tərəfindən 2007-ci ilin yanvar ayından hər ay ona 943 manat məbləğində müavinətin verilməsi təyin edilibdir. Bu günə qədər həmin məbləğdə müavinət alır. 2022-ci ilin yanvar ayında "inflyasiya ilə bağlı bütün işçilərin əmək haqqı 10% indeksasiya olunubdur. Bu da ona şamil olunmayıb. 2023-cü ilin yanvar ayında yenə də inflyasiya ilə bağlı əmək haqları 14,7% indeksasiya olunub, bu artım da ona şamil olnmayıb. Belə güman yaranır ki, aldığı bu müavinətdə inflyasiya təsir etmir, bu müavinət başqa dövlətin valyutasına aiddir. Halbuki, indiki indeksasiya ilə bağlı artım bütün növ pensiya və müavinətlərə şamil olunur. Beləliklə də Azərbaycan Respublikası Hərbi Prokurorkluğu tərəfindən yuxarıda qeyd olunan qətnamədə göstərilən orta əmək haqqının əlli mislinədək müavinətin verilməsindən, 2022-ci ilin dekabr ayındakı artımın ona şamil edilməsindən imtina etməsini qanunsuz və əsasız hesab edir. Bu imtinanın əsasını qanun deyil, prokruorluğun şəxsi fikir və mülahizələri təşkil edir və qanuni qüvvəyə minmiş məhkəmə qərarları o,cümlədən Qətnamələr dərhal icra olunur, müzakirə obyekti ola bilməz. X4 keçmə haqqında "Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsində nəzərdə tutulan birdəfəlik müavinətin verilməsi "Məhkəmə və X11 işçilərinin dövlət Müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunul ilə tənzimlənir. Bu Qanunun 19-cu maddəsinin 4-cü hissəsinin mətni "X4 Keçmə haqqqında" Azərbaycan Respublikası Qanunun 20.6-cı maddəsinin mətni ilə eynidir və tam üst-üstə düşür. Belə ki, Qanunun 19cu maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, xidməti vəzifəsinin icrası ilə əlaqədar məhkəmə hüquq mühafizə orqanları işçiləri xidməti davam etdirməsinə imkan verməyən dərəcədə zədələndikdə, yaralandıqda, kontuziya olduqda, xəsarət aldıqda, xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərə onların orta əmək haqqı məbləğinin əlli misli miqdarında vergi tutulmayan birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası Hərbi Prokurorluğun bu qanunun 1-ci maddəsinə istinad etməklə, 19-cu maddəsinin 4-cü hissəsinin ona şamil olunmasından imtina etməsi şəxsi fikir və öz mülahizələrinə əsaslanır, eyni bir normativ hüquqi Aktın maddələrinin tətbiqində süni olaraq toqquşma (kolliziya )yaradır. X14 haqqında Əmək haqqının artımının ona şamil olunması ilə bağlı bunları göstərə bilər. Əmək vəzifələrini icra edən zaman xəsarət alaraq, əlil olmuş şəxslərin, aldıqları pensiya və müavinətləri tənzimləyən yeganə qanun Azərbaycan Respublikası Nazirlər kabinetinin 27 saylı 28 fevral 2000- ci il tarixli və 03 saylı 09 yanvar 2003 tarixli qərarlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 saylı 09 01 2003 tarixli qərarının 2.1 maddəsinə əsasən istehsalda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi ayrılıq ödənişlər yolu ilə ödənilir. Aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarın 3.4 maddəsinə əsasən, orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarınınl nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir. Həmin Qərarın 3.5.maddəsi isə əmək haqqının artımı nəzərdə tutur. Belə ki, bu maddədə göstərilmişdir ki, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödəncləri zərərə görə aylıq ödənclərin miqdarı qanunvericilklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minmum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericilklə müəyyən olunmuş qaydada təhsis edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasını da götürümüş orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi (peşə,vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(118)-4458/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi, işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Şikayətdə göstərilir ki, qərardadın qəbul edilməsində həm maddi hüquq normalarının, həm də prossesual hüquq normalarının tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmə müavinətin yenidən hesablanması öhdəliyini pensiyanın təyin edilməsi və baş verilməsi hüququ ilə səhv salmışdır. Yuxarıda qeyd etdiyi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X12 tərəfindən “Təhqiqat aktın tərtib edilməsi" İZ" formalı aktın tərtib olunması, məhkəmə tibb ekspertiziasının rəyinin alınması 06 saylı tibb sosial ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 saylı rəyinə əsasən 2006-cı il tarixdən subyektiv hüququ əmələ gəlmişdir. Azərbaycan Respublikası MM-nin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilkdə və mülki hüquqların və vəzifələrin əmələ gəlməsi kimi nəzrdə tutulmuş aktlardır. Bu aktların hamısı iddia ərizəsinə əlavə olunubdur. "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları Azərbaycan Respublikası Kabinetinin 27 nömrəli 28 fevral 2000-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur. Həmin qərara əsasən həmin dövrlərdə Azərbaycan Respublikası Nazirlər kabinetinin Siyasət İdarəsinin rəis vəzifəsinin icra edən Tatyana Babayevanın göstərişinə əsasən Nazirliyin tərkibində olan X8 46-T nömrəli xx.xx.2006- cı il tarixli əmrinə əsasən Komissiya yaradılmış və Azərbaycan Respublikası hərbi Prokurorluğunun istintaq şöbəsinin prokuroru ədliyyə polkovnik-X1 İştirakı ilə təhqiqat aktı tətbiq olunmuş və istehasalatda baş vermiş bədbəxt hadisə haqqında "İZ" formalı 01 saylı akt tərtib olunmuşdur. "İstehsalat Qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 03 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Həmin qərarın 1.3 maddəsində göstərilmişdir ki, aşağıdakı sənədlər olduqda təqsirkar işə götürülən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. İstehsalatda baş vermiş bəbdəxt hadisə haqqında qanunvericiliklə müəyyən olunmuş akt və yaxud işə götürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi,qərarı) olduqda. İşçinin peşə əmək qabiliyyətinin itiriləməsinin və yaxud peşə xəstəliyini təsdiq edən tibbi sosial və yaxud ekspert komissiyasının "TSEK" qərarı və ya ölümü haqqında şəhadətnaməsi olduqda. Zərərçəkənə dəymiş zərərə görə ödənclərin növləri və miqdarı bu qərarın 2.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin mətninə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətinin itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyəti faizi miqdarında müəyyən edilib ödənilir. Orta əmək haqqının artımının aylıq ödənclərə şamil olunması bu qərarın 3.5-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə əsasən istehsalatda əmək xəsarəti ilə ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericilklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklərlə müəyyən olunmuş qaydada ödənilir. Bu halda aylıq ödənclərinin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkarın müəssisəsində işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımından sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı. "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" AR Nazİlrər Kabinetinin 2000-ci il tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Bununla da 1-ci instansiya məhkəməsi işdə olan qanuni və əsaslı olan materiallar və sənədləri araşdırmamış, hüquqi qiymət verməmişdir. Yuxarıda sadalanan maddi hüquqi normaları düzgün tətbiq olunmamış, tətbiq olunmalı olan qanuni və digər normativ hüquqi aktı tətbiq etməməklə təyin olunmuş müavinəti təyin olunmuş pensiya ilə səhv salınmışdır. İddia ərizəsinin predmetini təyin olunmuş müavinətin yenidən hesablanması tələbi təşkil edir. O, isə bu iddia tələbindən kənara çıxaraq penisiyanın yenidən hesablanması tələbi ilə çıxış edir və üstəlik də cavabdehin səhv salındığını, əsl cavabdehin isə DSMF olduğunu göstərir. Yuxarıda qeyd olunan X14ın tələblərinə əsasən müavinətlər təqsirkar müəssisələr və orqanlar tərəfindən ödənilir. Səbayıl rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə də məhəl qoymamışdır. Belə ki, həmin qətnamə hər ay müavinətin verilməsini Azərbaycan Respublikası Hərbi Prokurorluğun üzərinə qoymuşdur. Deməli müavinətin artırılması və ya azaldılması da Hərbi Prokurorluğa aiddir. İ instansiya məhkəməsi tərəfindən qeyd edilən qərardad qəbul edilərkən ciddi prosessual hüquq pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İPM-nin 13 və 48-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmənin yardım etmək vəzifəsi olmasına baxmayaraq əksinə iddianın predmetindən kənara çıxaraq müavinətin yenidən hesablanması tələbini pensiyanın yenidən hesablanması ilə əvəz etmişdir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinin tələblərinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da iddia tələbindən kənara çıxmağa haqqlı deyildir. Bundan əlavə X8 3-cü şəxs qismində işə cəlb olunmasına dair vəsatəti də məhkəmə tərəfindən təmin olunmayıb. Əgər X12 məhkəmə prosesində iştirak etsəydi iddia tələbinin düzgün olduğu bir daha sübuta yetirilərdi. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırıİmalıdır. Həmin məcəllənin 34.1 maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyə) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümümi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinidə tələb edə bilər. Cavabdehin məhkəməyə ünvanladığı apellyasiya şikayətinə etirazda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edib, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(118)-4458/2023 nömrəli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipinə tam əməl edilməmiş, iddia ərizəsinin, cavabdehin imtinasının, habelə iddia ərizəsinə etirazının əsasını təşkil edən hallarla bağlı araşdırma aparılmamış, həmin dəlillərlə bağlı sübutlar əldə etməyərək dəlillərə mötəbər sübutlarla təsdiq olunmayan qiymət verilmişdir. İddia tələbindən göründüyü kimi iddiaçının tələbi aldığı müavinətin yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulması ilə bağlıdır. Məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı hazırda 2022-ci ilin dekabr ayında prokurorluq orqanları işçilərinin əmək haqqının 31.7% artımının aldığı müavinətə şamil edilməklə, müavinətin yenidən hesablanmasını məhkəmədən xahiş edir. O, cavabdeh qismində Azərbaycan Respublikası Hərbi Prokurorluğunu qoyaraq, iddiasını həmin orqana yönəltmişdir. Halbuki qanunvericiliklə hazırki cavabdehə pensiya təyinatı və hesablanması ilə bağlı hər hansı səlahiyyət verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini səlahiyyəti olmayan inzibati orqana yönəltdiyindən onun iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Cavabdeh xx.xx.2023-cü il tarixli imtinasında bildirmişdir ki, “Sizin maaşların artımı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən aldığınız müavinət məbləğinin artırılması, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xidməti vəzifələrin icrası ilə əlaqədar xidməti davam etdirmənizə imkan verməyən dərəcədə xəsarət aldığınıza görə orta əmək haqqı məbləğinin 50 misli miqdarında birdəfəlik müavinətin Sizə ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevə ünvanladığınız 31 mart 2023-cü il tarixli ərizənizə Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsində daxil olmuş və öyrənilmişdir. Məlumat üçün bildirilir ki, “Prokurorluq orqanlarına qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 05 noyabr 2022-ci il tarixli, 625-VİQD Qanunu ilə prokurorluq işçilərinin hər il məzuniyyətə çıxarkən ikiqat əmək haqqı məbləğində aldıqları pul təminatı və müalicə olunmaları ilə bağlı verilən ikiqat məbləğdə birdəfəlik pul müavinəti ləğv olunaraq göstərilən məbləğ əmək haqqına əlavə edilərək uyğunlaşdırılma həyata keçirilmişdir. Bundan başqa, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərildiyi kimi, bu Qanun özlərinin təhlükəsizliyinə qarşı qəsdlərə səbəb ola biləcək funsiyaları yerinə yetirən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsini təmin etmək, habelə ədalət mühakiməsinin həyata keçirilməsinə, cinayətlərə qarşı mübarizəyə lazımi şərait yaratmaq məqsədi ilə göstərilən şəxslərin və ya onların yaxın qohumlarının həyatının, sağlamlığının, mənzilinin və əmlakının dövlət müdafiəsi üzrə tədbirlər sistemini müəyyənləşdirdiyindən bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş xidməti vəzifələrin icrası ilə əlaqədar məhkəmə və hüquq mühafizə orqanlarının işçiləri xəsarət aldıqda onlara ödənilən əmək haqqı məbləğinin əlli misli miqdarında birdəfəlik müavinətin ödənilməsi Sizə şamil edilə bilməz.” İddiaçıya ünvanlanmış məktubun məzmunundan göründüyü kimi, cavabdeh iddiaçıya ödənilməli müavinətlə bağlı səlahiyyətli olmamasını bildirməmiş, prokurorluq işçilərinin hər il məzuniyyətə çıxarkən ikiqat əmək haqqı məbləğində aldıqları pul təminatı və müalicə olunmaları ilə bağlı verilən ikiqat məbləğdə birdəfəlik pul müavinətinin ləğv olunaraq əmək haqqına əlavə edilərək uyğunlaşdırma aparıldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında da cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının Tərtər Hərbi Prokurorluğunda işlədiyi müddətdə aldığı əmək xəsarətinə görə təyin edilmiş müvafiq ödəniş hər ay həyata keçirilir. Lakin iddiaçının müavinətin artırılması ilə bağlı hazırki tələblə bağlı isə Hərbi Prokurorluqda məbləğlərin indeksasiyası olmuş, artım olmamışdır. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi isə bildirmişdir ki, iddiaçıya müavinət Hərbi Prokurorluq tərəfindən təyin edilmişdirsə, yenidən hesablama da həmin orqan tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3-cü bənd). “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtlərİ və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarına əsasən İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Həmin qərarın 1.3-cü bəndinə əsasən, aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); Səbail Rayon Məhkəməsinin 2-1702/2006 nömrəli 29 noyabr 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı "Tərtər Hərbi Prokurorluğunda xidməti vəzifəni icra edən zaman əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar olaraq "Prokurorluq Orqanlarında xidmət keçmə haqqında "Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasaən birdəfəlik müavinət verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 nömrəli 2000-ci il tarixli 03 nömrəli xx.xx.2003-cü il tarixli Qərarlarına əsasən 06 saylı Tibb Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 saylı rəyinə müvafiq olaraq orta əmək haqqının 80% məbləğində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən hər ay müavinət ödənilməsi qət edilmişdir. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarının 1.1-ci bəndinə əsasən bu Qaydalar-qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur... Bu Qaydalar dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına, onların hüquqi statusunu tənzimləyən normativhüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla (əgər göstərilən aktlarla həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa),...şamil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən xəsarət alması ilə əlaqədar müavinət təyin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarından da görünür ki, iddiaçı ona verilən müavinətin yenidən hesablanması tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçının müraciətinə imtina cavabı vermiş, iddiaçı da həmin cavabı mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməklə iddiaçının qanunvericiliklə qorunan maraqlarını, qanunvericilikdə nəzərdə tutulmuş gözlənilən sosial təminat hüququnu pozmuşdur, birinci instansiya isə ətraflı araşdırma aparmadan iddianı mümkünsüz saymışdır. Halbuki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərliyi prinsipinə əməl etməlidir. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz bu prinsip məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir.” Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, məhkəmə araşdırmasının predmetindən və konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəyə aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönələn və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı ilə işin faktiki hüquqi halları müzakirə edilməklə qərardadda qeyd edilən formada ona iddia tələbləri ilə bağlı yardım edilsə də, göstərilən yardım iddiaçının hüquqi marağı baxımından kifayətedici olmamışdır. Belə ki, qeyd edildiyi kimi iddiaçının hüquqi marağı ona təyin edilmiş müavinətin məbləğinin artırılmasına yönəlmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbləri baxımından birinci instansiya məhkəməsi iddia tələbinin mümkünsüzlüyü ilə bağlı səhv nəticəyə gəlmişdir. Bu səbəbdən də apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(118)-4458/2023 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar