Məhkəmə qərarları › İş №2-1(105)-238/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-238/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-238/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə ("xxxx" MMC iş üzrə üşüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: riskli vergi ödəyicisi,ƏDV-nin əvəzləşdirilməsi) Sədrlik edən və məruzəçi-hakim X1, Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 iyun 2024-cü il tarixli, **********842100 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-5119/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 13 iyun 2024-cü il tarixli, **********842100 saylı Qərar ilə 49.081,14 manat əlavə ƏDV məbləği hesablanmışdır. Cavabdehin 3-21-2-10/2-17735/2025 nömrəli məktubundan görünür ki, İddiaçı MMC (VÖEN **********) tikinti, yenidənquraşdırma, abadlıq işlərinin görülməsi sahəsində fəaliyyət göstərir. Cəmiyyət, Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin sifarişi ilə Bakı şəhəri, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin dam örtüklərinin və qəsəbə daxili qum-çınqıl yolların təmiri işlərinin həyata keçirilməsi məqsədilə bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin icrası zamanı işlərin müəyyən hissəsinin görülməsini xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi ilə "xxxx" MMC-yə (VÖEN **********) həvalə etmiş və işlərin görülməsi ilə əlaqədar rəsmiləşdirmə MT2403 seriyalı 00077965 nömrəli elektron qaimə-faktura ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq “2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə” risk meyarı müəyyən edilmiş və vergi ödəyicisi "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli **********616200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iki müəssisə arasında həyata keçirilən əmtəəsiz əməliyyat "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması üçün əsas olmuşdur. Belə ki, HADİ İNŞAAT MMC-yə xidmət göstərməli olan "xxxx" MMCnin vergi orqanında olan məlumatlarına əsasən alışında hər hansı mal-material müəyyən edilməmiş, eyni zamanda işçiləri də olmamışdır. Bununla bağlı 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq edilmiş məlumatlar Sumqayıt Apellyasiya Məhkəməsinə də təqdim edilmişdir. Eyni zamanda qeyd etmək zəruridir ki, HADİ İNŞAAT MMC-yə oxşar xidmətlər "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) tərəfindən də göstərilmişdir. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında həyata keçirilmiş əməliyyat xx.xx.2024-cü il tarixli EBEA seriyalı 237643 nömrəli e-Qaimə-faktura ilə rəsmiləşdirilmiş, "xxxx" MMC-dən fərqli olaraq STAR CONSTRUCTİON MMC-nin alışında tikinti materialları müəyyən edilmiş və həmin sənəd (xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 237643 nömrəli e-Qaimə-faktura) ƏDV məbləğinin əvəzləşdirilməsinə əsas olmuşdur. Həmçinin, İddiaçı MMC ilə "xxxx" MMC arasında həyata keçirilmiş əməliyyatlar da müvafiq olaraq xx.xx.2024-cü il tarixli EBDY seriyalı 713239 nömrəli və xx.xx.2024-cü il tarixli EBEA seriyalı 531734 nömrəli e-Qaimə-fakturalar ilə rəsmiləşdirilmiş, "xxxx" MMC-dən fərqli olaraq "xxxx" MMC-nin alışında tikinti materialları müəyyən edilmiş və həmin sənədlər (xx.xx.2024-cü il tarixli EBDY seriyalı 713239 nömrəli və xx.xx.2024-cü il tarixli EBEA seriyalı 531734 nömrəli e-Qaimə-fakturalar) ƏDV məbləğlərinin əvəzləşdirilməsinə əsas olmuşdur. Qeyd edilənlərə əsasən bildirmək istərdik ki, vergi ödəyicisi İddiaçı MMC tərəfindən MT2403 seriyalı 00077965 nömrəli elektron qaimə-fakturaya uyğun olaraq 49081,14 manat ƏDV məbləğinin əvəzləşdirilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən mümkün olmamışdır, belə ki, həmin maddəyə uyğun olaraq əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər əlavə dəyər vergisinin əvəzləşdirilməsinə əsas vermir. Qeyd olunanlara əsaslanaraq, müvafiq qaimə üzrə daxil edilmiş əvəzləşdirilmiş məbləğə uyğun olaraq İddiaçı MMC-yə 49081,14 manat məbləğində əlavə kameral vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 iyun 2024-cü il tarixli, **********842100 nömrəli qərarın ləğv edilməsini ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 iyun 2024-cü il tarixli **********842100 nömrəli Qərara əsasən “HADİ İNŞAAT" MMC-yə 2024-cü ilin aprel ayı üçün əlavə 49.081,14 manat əlavə ƏDV məbləği hesablanmışdır. Mübahisələndirilən qəraralarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, tərəfinizdən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00077965 nömrəli elektron qaimə-faktura üzr aparılan əməlliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 49081.14 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrind bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 49081.14 manat kənarlaşma yaranmışdır. Cavabdeh vergi orqanı tərəfindən 2023-cü ildə əməkdaşlıq etdikləri bir neçə vergi ödəyicisinin hazırda riskli vergi ödəyicisi statusu daşıması səbəbindən həmin ödəyicilərdən əldə edilmiş aşağıda qeyd edilən elektron qaimə-faktura məbləğlərinin gəlirdən çıxılan xərc kimi təsdiqlənmədiyi qeyd edilmişdir. Aşağıda qeyd olunanlara əsasən 13 iyun 2024-cü il tarixli **********842100 nömrəli Qərarı qanunsuz və əsassız hesab edirlər. Vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli **********044000 qeydiyyat nömrəli məktubla əməkdaşlıq etdikləri “Strong Construction" MMC-dən (VÖEN: **********) görülmüş işlərin qarşılığında əldə etdikləri elektron qaimə-fakturaların əvəzləşmə üçün əsas hesab edilmədiyi qeyd edilmişdir. Məlumdur ki, Vergi Məcəlləsinin 175.11.-ci maddəsinin müddəalarına əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər verginin əvəzləşdirilməsinə əsas vermir. "xxxx" MMC (VÖEN: **********) tikinti, yenidənquraşdırma, abadlıq işlərinin görülməsi sahəsində fəaliyyət göstərir və tenderlərdə iştirak edərək əsasən dövlət orqanları ilə əməkdaşlıq edir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti (VÖEN: **********) sifarişi ilə ümumi dəyəri ƏDV daxil 1 289 387.17 manat olan, Bakı şəhəri, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzilin, dam örtüklərinin və qəsəbə daxili qum-çınqıl yolların təmiri işlərinin həyata keçirilməsi məqsədilə bağlanılmış xx.xx.2024-cü il tarixli MİD/AZ/03 nömrəli müqavilənin icrası zamanı işlərin müəyyən hissəsinin görülməsi “Strong Construction " MMC-yə (VÖEN: **********) həvalə edilmişdir. Dəqiqliklə qeyd etmək lazım olarsa, “STRONG CONSTRUCTİON" MMC (VÖEN: **********) ilə bağlanılmış xx.xx.2024-cü il tarixli 05/24 nömrə subpodrat müqaviləsi ilə ƏDV daxil 321754.14 manat məbləğində işlərin yerinə yetirilməsi razılaşdırılmış, işlər bağlanılmış müqavilələrə uyğun olaraq yekunlaşmış, xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00077965 nömrəli e-qaimə ilə rəsmiləşdirilmişdir. İddiaçı işlərin yekunlaşması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti-nə (VÖEN: **********) üm məbləğlərinin cəmi ƏDV daxil 1 289 387.17 manat olan 3 ədəd elektron qaimə-fakturanı uyğun olaraq xx.xx.2024-cü il tarixində (EBDY 874357), xx.xx.2024-cü il tarixində (EBDZ 842122) və xx.xx.2024-cü il tarixində (EBEA 468003) təqdim edilmişdir. İnternet Vergi İdarəsinin “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” axtarış sistemi vasitəsilə əldə etdikləri məlumata əsasən “STRONG CONSTRUCTİON" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********616200 nömrəli qərarla riskli vergi ödəyicisi kimi dəyərləndirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə aldıqda, hazırda riskli vergi ödəyicisi statusu daşıyan hüuquqi şəxs ilə qarşılıqlı həyata keçirilmiş əməliyyatların həmin hüquqi şəxsin riskli vergi ödəyicisi olmadığı dövrdə baş tutduğu aydın olur. Yuxarıda qeyd edilən bir daha təsdiq edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. Belə ki, “STRONG CONSTRUCTİON" MMC (VÖEN: **********) dolayısı ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti -nə (VÖEN: 13003905Ü görmüş, bu işlərin təhvilinin üzərindən müəyyən vaxt keçmişdir və həmin vergi ödəyicisi görülən işlərin müddəti çərçivəsində riskli vergi ödəyicisi kimi dəyərləndirilməmişdir. Əməkdaşlıq etdikləri vergi ödəyicilərinin işləmə prinsipinin və eyni zamanda bütün sənədləşmə, rəsmiləşmə prosedurlarının qanunvericiliyin tələblərinə tam uyğun olması onların da öncəliyidir. AR Vergi Məcəlləsinin müddəalarına əsasən, riskli vergi ödəyicisi statusu daşıyan ödəyicilərə tətbiq edilən məhdudlaşmaları və bununla əlaqədar olaraq onlarla işləyən sahibkarların üzərinə düşən vergi yükünü nəzərə alsaq, heç bir fiziki və hüquqi şəxs həmin ödəyicilər ilə işləmək marağında deyil. Müqavilənin bağlanılması zamanı qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmaması araşdırılmış, risk meyarı daşımadığı üçün müqavilə bağlanılmış, işlər yerinə yetirilmişdir. Hazırda riskli vergi ödəyicisi statusu daşıyan müəssisədən əldə etdiyimiz elektron-qaimə fakturaların ƏDV-nin əvəzləşdirilməsi və vergitutma məqsədləri baxımından xərc kimi tanınması zamanı nəzərə alınmaması halında yarana biləcək vergi yükünü düşünərsək, əmtəəsiz və ya riskli hesab edilən əməliyyat aparmaq marağımız olmamışdır. Lakin, məlumdur ki, hansı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi kimi dəyərləndirilə biləcəyi ehtimalını öncədən müəyyənləşdirmək mümkün deyildir. “STRONG CONSTRUCTİON" MMC (VÖEN **********) ilə əməkdaşlıq həmin vergi ödəyicisinin riskli vergi ödəyicisi statusu daşımadığı dövrdə olmuş, görülmüş işlər faktiki və tam şəffaf olaraq icra edilmiş, hər hansı əmtəəsiz əməliyyat baş tutmamışdır. Əlavə olaraq ümumi dəyəri 321754.14 manat təşkil edən müqavilə üzrə bütün sənədləri (müqavilə, Forma 2, Forma 3) qoşmaya əlavə edərək təqdim edilmişdir. AR Vergi Məcəlləsinin müddəalarına əsasən, riskli vergi ödəyicisi statusu daşıyan ödəyicilərə tətbiq edilən məhdudlaşmaları və bununla əlaqədar olaraq onlarla işləyən sahibkarların üzərinə düşən vergi yükünü nəzərə alsaq, heç bir fiziki və hüquqi şəxs həmin ödəyicilər ilə işləmək marağında deyil. Müqavilənin bağlanılması zamanı qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmaması araşdırılmış, risk meyarı daşımadığı üçün müqavilə bağlanılmış, işlər yerinə yetirilmişdir. Hazırda riskli vergi ödəyicisi statusu daşıyan müəssisədən əldə etdikləri elektron-qaimə fakturaların ƏDV-nin əvəzləşdirilməsi və vergitutma məqsədləri baxımından xərc kimi tanınması zamanı nəzərə alınmaması halında yarana biləcək vergi yükünü düşünərsək, əmtəəsiz və ya riskli hesab edilən əməliyyat aparmaq marağımız olmamışdır. Lakin, məlumdur ki, hansı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi kimi dəyərləndirilə biləcəyi ehtimalını öncədən müəyyənləşdirmək mümkün deyildir. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olubolmadığını vergi orqanı tərəfindən X6 müvafiq məlumatlar daxil edildiyi andan görür. Həmçinin, riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə xidmətlərin dəyərinin əvəzləşdirilməməsi və xərc kimi tanınmaması, lakin həmin xidmət əsasında təqdim edilmiş elektron qaimə-fakturaların dəyərinin gəlir kimi tanınması vergi qanunverciliyinə ziddir. Bundan başqa, 2024-cü ilin mart ayında baş tutmuş əvəzləşdirmələrə görə 2024-cü ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinə münasibətdə kameral vergi yoxlaması həyata keçirilmişdir ki, bu da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə zidd olmuşdur. Belə ki, kameral vergi yoxlaması yalnız ƏDV bəyannaməsi təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirilə bilərdi. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, İddiaçı MMC (VÖEN **********) tikinti, yenidənquraşdırma, abadlıq işlərinin görülməsi sahəsində fəaliyyət göstərir. İddiaçı MMC Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin sifarişi ilə Bakı şəhəri, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin dam örtüklərinin və qəsəbə daxili qumçınqıl yolların təmiri işlərinin həyata keçirilməsi məqsədilə bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin icrası zamanı işlərin müəyyən hissəsinin görülməsini xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi ilə "xxxx" MMC-yə (VÖEN **********) həvalə etmiş və işlərin görülməsi ilə əlaqədar rəmiləşdirmə MT2403 seriyalı 00077965 nömrəli elektron qaimə-faktura ilə aparılmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00077965 nömrəli elektron qaimə-faktura əsasında "xxxx" MMC-dən (VÖEN **********) “mənzillərin dam örtüklərinin və qəsəbə daxili qumçınqıl yolların təmir işləri” xidməti əldə edilmişdir. ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riski vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq “2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə” risk meyarı müəyyən edilmiş və vergi ödəyicisi "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli **********616200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riski vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1.2 yarımbəndinin məzmundan da aydın olur, ilk növbədə, əməliyyat həyata keçirilməli, daha sonra həmin əməliyyatın əmtəəsiz əməliyyat olması aşkar edilməli, sonda isə ödəyici riskli vergi ödəyicisi hesab edilməlidir. Əməliyyatın həyata keçirilməsinin və elektron qaimə- fakturanın əldə edilməsinin "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmadığı dövrdə baş tutması mübahisənin həlli baxımından heç bir hüquqi əhəmiyyət kəsb etmir. Həmçinin nəzərə alınmalıdır ki, iki müəssisə arasında həyata keçirilən əmtəəsiz əməliyyat "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması üçün əsas olmuşdur, bu baxımından iddiaçının absurd yanaşması mübahisənin düzgün həlli istiqamətində heç bir hüquqi əsasa söykənmir. Həmçinin mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.11-ci maddəsinə istinad etmək zəruridir, hansı ki, həmin maddənin məzmununa əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər əlavə dəyər vergisinin əvəzləşdirilməsinə əsas vermir. Beləliklə, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00077965 nömrəli elektron qaimə-faktura üzrə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz aparıldığından əvəzləşdirilməyə əsas vermir. Qeyd olunanlara əsaslanaraq, müvafiq qaimə üzrə daxil edilmiş əvəzləşdirilmiş məbləğə uyğun olaraq 49081.14 manat məbləğində əlavə kameral vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-5119/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 iyun 2024-cü il tarixli **********842100 nömrəli Qərarının ləğv edilməsi qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Həmçinin bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasına görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır. Həmçinin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 87.3-1-ci maddəsinə görə, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. Başqa sözlə sözügedən maddənin məzmunundan göründüyü kimi, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, qanunun bu maddəsi onların fəaliyyəti üzrə kameral vergi yoxlaması tam başa çatdıqdan sonra tətbiq edilir ki, hazırkı işdə bu hal mövcuddur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-2496/2023 saylı Qərarı)” Hazırki işdən görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024- cü il tarixli 05/24 nömrəli subpodrat müqaviləsi ilə adıçəkilən MMC tərəfindən iddiaçıya ƏDV daxil 321.754,14 manat məbləğində işlərin görülməsi razılaşdırılmış, işlər yekunlaşmış və müvafiq olaraq xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı 00077965 nömrəli e-qaimə ilə rəsmiləşdirilmişdir. Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2024-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC həmin tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə (aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) əsasən riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Cavabdeh etirazında "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmadığı dövrdə baş tutmasını mübahisənin həlli baxımından heç bir hüquqi əhəmiyyət kəsb etmədiyini, iki müəssisə arasında həyata keçirilən əmtəəsiz əməliyyatın "xxxx" MMCnin riskli vergi ödəyicisi olması üçün əsas olduğunu qeyd etmişdir. Göstərilən halla bağlı cavabdeh tərəfindən əməliyyatların əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda onun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 109. Gəlirdən çıxılmayan xərclər ... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt ... 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” (21 noyabr 2024-cü il tarixədək qüvvədə olan redaksiyada) 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində ƏDV üzrə 49081,14 manat məbləğində kənarlaşma aşkar edilməsinə dair qəbul edilmiş müvafiq Qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd olunan qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2403 seriyalı 00077965 nömrəli elektron qaimə-faktura üzrə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz aparıldığından əvəzləşdirilməyə əsas vermir, qeyd edilən qaimə üzrə 49081,14 manat ƏDV məbləğinin əvəzləşdirildiyi nəzərə alınaraq, cari ay üçün təqdim edilən bəyannamədə ƏDV məbləği 0 manat qeyd olunması nəticəsində 49081,14 manat kənarlaşma yaranmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə müvafiq qurum arasında podrat müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən müqavilənin predmetini təşkil edən müvafiq işlərin görülməsi podratçı qismində iddiaçıya həvalə edilmişdir. İddiaçı isə həmin işlərin görülməsi məqsədilə üçüncü şəxs "xxxx" MMC ilə subpodrat müqaviləsi bağlamaqla, işlərin görülməsini həmin MMC-yə sifariş etmiş, qeyd edilən MMC podratçı qismində işlərin yerinə yetirilməsini öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, müvafiq MMC tərəfindən qeyd edilən işlər yerinə yetirilərək, iddiaçıya təhvil verilmiş, bu barədə təhvil-təslim aktı tərtib edilmiş, habelə həmin aktın məzmununda görülmüş işlərin ümumi dəyərinin 272672,99 manat olduğu, ƏDV məbləğinin 49081,14 manat təşkil etdiyi, yekun cəmi məbləğ 321754,13 manat olduğu qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, qeyd edilən dəyər məbləğində olan işin üçüncü şəxs tərəfindən iddiaçıya təqdim edilməsi (satılması) ilə bağlı elektron qaimə tərtib edilmiş, həmin qaimənin məzmununda qaytarılmalı olan ƏDV-nin məbləği kimi 49081,14 manat qeyd edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, həmin işlərin dəyəri ödənilmiş, sifarişçi tərəfindən işlər təhvil alınmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı məhz həmin işlərin dəyərinə münasibətdə ƏDV məbləğinin əvəzləşdirilməli olduğunu əsas gətirərək, 49081,14 manat məbləğində ƏDV məbləğini əvəzləşdirməsini həyata keçirmişdir. Cavabdeh inzibati orqan isə faktiki olaraq belə bir işlərin görülməməsi, üçüncü şəxs qismində çıxış edən müvafiq MMC-nin məhz bu məqsədlə yaradılması, qeyd edilən əməliyyatdan başqa hər hansı əməliyyat aparmaması, bu əməliyyatın aparılmasından sonra fəaliyyətini dayandırması, həmin əməliyyata görə riskli vergi ödəyicisi hesab edilməsi kimi hallara istinad edərək, iddiaçı ilə üçüncü şəxs arasında aparılmış həmin əməliyyatı əmtəəsiz əməliyyat hesab edərək, ƏDV əvəzləşdirilməsinə yol verilmədiyindən, ƏDV üzrə kənarlaşma aşar etmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən subpodrat müqaviləsi üzrə həmin işlərin təhvil alınması, habelə podrat müqaviləsi üzrə həmin işləri müvafiq quruma təhvil verməsi, həmin işlərin dəyərinin sifarişçi tərəfindən ödənilməsi halı iş materialları əsasında öz təsdiqini tapır. Belə olan halda, kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə sübutetmə yükün bilavasitə cavabdeh vergi orqanının üzərinə düşür. Başqa sözlə desək, cavabdeh iddiaçı ilə üçüncü şəxs arasında aparılmış əməliyyatın əmtəəsiz əməliyyat hesab etdiyi halda, onun əsaslarını (belə bir işin görülmədiyini, faktiki olaraq bu işlərin mövcud olmadığını, təqdim edilməsiyini və s.) sübutetmək öhədliyi daşıyır. İndiki halda isə cavabdeh inzibati orqan həmin hallara dair heç bir mötəbər sübut təqdim etməmiş, əlavə vergi məbləğinin hesbalanmasının əsası kimi məhz ehtimallara əsaslanmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən xidməti vəzifəsindən irəli gələrək inzibati akt qəbul edərkən inzibati icraat çərçivəsində tam və hərtərəfli araşdırma aparmalı və vergilərin hesablanması zamanı hesablamanın obyektivliyinə xələl gətirəcək hər hansı şübhəyə yer buraxmamalıdır. İndiki halda isə cavabdeh inzibati orqan ehtimallara əsaslanmaqla, iddiaçı ilə üçüncü şəxs arasında parılmış əməliyyatı şübhə altına almışdır ki, bu hal qanunvericiliyin tələbinə zidd olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçı ilə üçüncü şəxs arasında həmin əməliyyatın aparıldığı vaxtda üçüncü şəxs olan MMC riskli vergi ödəyicisi qismində çıxış etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərar əsassız olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsi mövcud olduğundan, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq həmin işlərə aid məhkəmə qərarları ilə müəyyən edilmiş hallara istinad edilmişdir, təkrarən həmin halların qeyd edilməsi zərurəti mövcud olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində qəbul etdiyi qərarı qanunveriicliyin tələbinə zidd olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-5119/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar