Məhkəmə qərarları › İş №2-1(105)-239/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-239/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-239/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vegilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması, iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun tutulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-1284/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxx 2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək xx.xx.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması, iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdeh vergi orqanına müraciət edərək xx.xx.2020-ci il tarixli ərizəsinə təcili cavab verilməsini və məlumat üçün şəxsi vərəqəsindən çıxarışın təcili olaraq ona göndərilməsini xahiş etmişdir. Həmin ərizə cavabdeh orqan tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir, lakin qanunla müəyyən edilmiş müddət ərzində ərizəsinə cavab verilməmişdir. Bununla bağlı onun hüquqlarının pozulmasına yol verilmişdir. Həmin müraciətlə bağlı cavab xx.xx.2020-ci il tarixdə poçta verilmiş, zərfin içərisinə isə xx.xx.2020-ci il tarixli məktub qoyulmuşdur. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli ərizəsində 2020-ci ilin l rübünə görə sadələşdirilmiş vergi hesabatını, o cümlədən DSMF-yə əvvəllər verilməli hesabatın sistemdə aşağıdakı kimi qeyd edilməsi göstərilmişdir : yanvar -0, fevral – 0, mart – 0, cımi l rüb – 04 2020-ci ilin l rübündə muzdlu işçi nəzərdə tutulmamışdır və olmayıb. Beləliklə, iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsi vergi hesabatı ilə, xx.xx.2020-ci il tarixli ərizəsi isə həmin hesabatln qəbul edilməsi və şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi ilə bağlı olmuşdur. Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. İddiaçı tərəfindən qanunun qeyd edilən tələbləri pozularaq müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada deyil, vergi orqanına ərizə ilə müraciət edilərək hesabat rəqəmlərinin sistemə işlənməsi tələb edilmişdir. Vergi Məcəlləsinin 72.7-ci maddəsinin tələblərinə uyğun olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndəriıməsi vergi orqanının vəzifəsi kimi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formaya uyğun olmamasına baxmayaraq həmin ərizədə göstərilən hesabat rəqəmləri vergi orqanı tərəfindən qəbul edilərək sistemə işlənilmişdir. Lakin iddiaçı qanunun tələbinə uyğun olmayaraq vergi orqanının üzərinə hesabat sənədinin qəbul edilməsi ilə bağlı həmin ərizələrə cavab vermək vəzifəsi qoyulmasını iddia etmişdir ki, bu hal qanunun tələblərinə uyğun deyildir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)- 1284/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova) Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd eidlənlərə əsasən, apellyasiya şikayəti iqsmən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İşin hallarından məlum olur ki, iddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə 2020-ci ilin l rübünə görə vergi hesabatını təqdim etmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edərək xx.xx.2020-ci il tarixli ərizəyə cavab verilməsini və şəxsi hesab vərəqindən çıxarışın təqdim edilməsini xahiş etmişdir, Həmin ərizə cavabdeh orqan tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir, lakin qanunla müəyyən edilmiş müddət ərzində ərizəsinə cavab verilməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə istinad edərək iddianı mümkün saymamışdır və bunu onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının vergi hesabatının qəbul edilməsi ilə bağlı ərizəsinə cavab verməməsinin qanunpozuntusu kimi tanınmasına dair iddia tələbi əsassızdır. Belə ki, göstərilən tələb İPM-nin 2.2.5-ci maddəsinin əhatə dairəsinə daxil deyildir və həmin tələbə mahiyyəti üzrə baxılması tərəflər üçün hər hansı hüquqi müəyyənlik yaratmayacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, iddiaçı tələbində onun ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması və bunun nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Kollegiya hesab edir ki, hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsi ilə müəyyən edilmiş iddia növünə aiddir. Bu iddianın xüsusi mümkünlük şərti iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsidir. İşdən də görünür ki, belə bir müraciət olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, vergi qanunvericiliyində yalnız vergi hesabatında dəqiqsizliklər aşkar edildiyi halda 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə bildiriş göndərilməsi nəzərdə tutulmuşdur. Hesabatın qəbul edilməsi və şəxsi hesab vərəqinə işlənməsi barədə hər hansı məlumatın verilməsi isə qanunvericilikdə nəzərdə tutulmadığından vergi orqanı vergi ödəyicisi qarşısında belə bir öhdəlik daşımamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü, 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. Habelə, tərəflər arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin 2-ci bəndi ümumilikdə onun predmetini müəyyən edərkən, 2.1-ci bəndində göstərilmişdir ki, vergi bəyannamələrinin (hesabatların) vergi ödəyicisi tərəfindən elektron sənəd formasında göndərilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsidir. Göründüyü kimi, elektron sənəd formasında aparılan mütləq qayda vergi ödəyicisi ilə vergi orqanı arasında olan yazışmaların bütün növlərinə aid deyil, yalnız bəyannamələrin (hesabatların) göndərilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70-ci maddəsi vergi ödəyiciləri ilə yazışma qaydasını tənzimləyərkən, 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Habelə, tərəflər arasında yazışmaların yazılı qaydada aparılmasının mümkünlüyü müqavilənin 3.1.2, 6.2 və 6.3-cü bəndlərində də öz əksini tapmışdır. Göründüyü kimi, 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamış, belə ki, iddiaçının yazılı qaydada vergi orqanına müraciət etmək, habelə müraciətinə eyni qaydada cavab tələb etmək hüququ vergi qanunvericiliyində nəzərdə tutulmuş və tərəflər arasında bağlanmış müqavilə yalnız bəyannamələrə aid olmaqla, iddiaçının yazılı qaydada yazışmanın aparılması hüququnu məhdudlaşdırmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tətbiqində səhvə yol verilmişdir. Beləliklə, hazırki işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən yuxarıda göstərilən hallar araşdırılmadığından və onlara qiymət verilmədiyindən mahiyyəti üzrə qərar qəbul edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin mahiyyəti üzrə qərar qəbul edilməsi üçün ilkin olaraq aparılmalı yoxlama 1-ci instansiya məhkəməsi tərəfindən həyata keçirilmədiyi halda, bu yoxlama apelyasiya instansiyası məhkəməsi tərəfindən aparılaraq işin mahiyyəti üzrə qərarın qəbul edilməsi inzibati prosessual qanunvericiliklə məqsədə müvafiq hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işin mahiyyəti üzrə qərar qəbul edilməsi məqsədilə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-1284/2020 saylı qərardadı ləğv edilməli, inzibati iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalı, iddiaçının şikayəti qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)- 1284/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vegilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması, iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun tutulması tələbinə dair iddiaya mahiyyəti üzrə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar