Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-239/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı regional ərazi filialına qarşı imtinanın qanunsuz hesab edərək 36 aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(118)-1957/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 20.09.1978-ci il tarixdə anadan olmuşdur. İddiaçının 27.08.2014-cü təvəllüdlü qızı X2 ümumi xəstəlik səbəbindən (diaqnoz: Hemiplegik spastik serebral iflic və s.) sağlamlıq imkanları məhdud uşaq olması ƏƏSMN-nin TSEK tərəfindən 05.02.2021-ci il tarixdə müəyyən edilmişdir.
2. İddiaçıya 05.02.2021-ci il tarixdən 150 manat məbləğində sağlamlıq imkanı məhdud 18 yaşınadək uşaqğa sosial müavinət və 50 manat məbləğində qulluğa görə verilən Prezident təqaüdü təyin edilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək övladı L.Əbilovanın sağlamlıq imkanları məhdudluğunun müəyyən edildiyi 05.02.2021-ci il tarixdən əvvəlki son üç il üçün ona sosial müavinətin ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh 18.08.2021-ci il tarixli məktubunda iddiaçıya “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.4-cü maddəsinə uyğun olaraq 05.02.2021-ci il tarixdən 150 bir yüz əlli) manat məbləğində sağlamlıq imkanı məhdud 18 yaşınadək uşağa sosis müavinət və 50 ( əlli ) manat məbləğində qulluğa görə verilən Prezident təqaüdü təyin edildiyini göstərmiş, habelə qanunun 9.1.3-cü maddəsinə istinad edilməklə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edildiyi qeyd olunmuş, faktiki olaraq iddiaçının ərizəsinin təmin olunmasından imtina olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
5. İmtina ilə razılaşmayan iddiaçı 27.09.2021-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının 18.08.2021-ci il tarixli imtinasını qanunsuz hesab edərək övladı X3 05.02.2021-ci il tarixdən hesablanmaqla geriyə 36 aylıq müavinətin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, G.Əbilov ilə birgə nikahdan olan övladı L.Əbilova 27.08.2014-cü il tarixdə anadan olarkən “Hemiplegik spastik” serebral iflic xəstəsi olmaqla bu günədək yataq xəstəsi kimi yaşayır. Lakin, övladının sağalmasını gözlədikləri üçün onun sağlamlığının məhdud olmasını istəməmiş, buna baxmayaraq o sağalmadığı üçün ƏƏSM-nin Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmiş və komsiyyanın 05.02.2021-ci il tarixli qərarı ilə qızının sağlamlıq imkanları məhdud olması təsdiqlənmişdir. İddia ərizəsində göstərilir ki, xəstəlik kağızlarından övladı L.Əbilovanın doğulduğu andan tam fəaliyyətsiz olması və bu səbəbdən də sağlamlıq imkanları məhdud olması görünür. Hər ay onun sağlamlığı üçün külli miqdarda pul xərcləyir və bu səbəbdən cavabdeh tərəfindən 05.02.2021-ci ildən ona 150 manat müavinət müyəyyən edilsə də, qızı anadangəlmə sağlamlıq imkanları məhdud olduğundan müvaifıq qanunvericiliyin tələblərinə əsasən ona geriyə hesablanmaqla 36 aylıq müavinətin verilməsini cavabdehdən xahiş etmişdir. Lakin, cavabdeh qurum 18.08.2021-ci il tarixli imtina məktubu verərək müavinətin verilməsinin mümkünsüz olduğunu bildirmişdir. İddiaçı İddia ərizəsində “Sosial müavinətlər haqqında” Azərbaycaı Respublikası Qanununun müvafiq normalarına istinad etməklə müraciətinin qanuni olduğu, cavabdeh orqanın əsassız olaraq imtina cavabı verdiyini və bununla da onu mülkiyyətindən məhrum etdiyini göstərmişdir.
Cavabdehin etirazının dəlilləri
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Sosial müavinətlər haqqında” qanunun 7-ci və 9.1-ci maddələrinə istinad edərək göstərmişdir ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: -sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə. Qanunverici müavinətlərin təyin edilməsi ilə bağlı üç müddət məhdudiyyəti müəyyən etmişdir: hüququn yarandığı gün, Qanunun qüvvəyə mindiyi gün, ən çoxu müraciət edilməzdən əvvəlki üç il. Qeyd olunan hüquq münasibətində hüququn yarandığı gün 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edildiyi tarixdir. Beləliklə, iddiaçının sağlamlıq imkanı məhdud övladına 05.02.2021-ci il tarixdən 150 manat məbləğində sosial müavinət və 50 manat məbləğində qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Həmin müavinətin üç il geriyə ödənilməsi nəzərdə tutulmamışdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
8. Sumqayıt İnzibati Məhkəməsinin 18.11.2021-ci il tarixli, 2-1(118)-1957/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya sonradan sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır.
10. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. İddia ərizəsində göstərilən eyni dəlillərlə əsaslandırılan apellyasiya şikayətində göstərilir ki, işə baxan məhkəmə cavabdehin nümayəndəsi tərəfindən verilmiş izahata əsaslanaraq social müavinətlər haqqında qanunun 9.1-ci maddəsinə əsasən övladı L.Əbilovaya sağlamlıq imkanlarının məhdudluğu 05.02.2021-ci il tarixdə təyin edilərək elə həmin tarixdən də ona 150 manat məbləğində sosial müavinət və 50 manat məbləğində qulluğa görə Prezident təqaüdü təyin edildiyindən hazırki qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həmin müavinətin üç il geriyə ödənilməsinin mümkünsüz olduğunu əsaslandırmışdır. İşə baxan məhkəmə övladı L.Əbilovanın anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin anadangəlmə sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermədiyini əsaslandırmışdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi o, iddia ərizəsində L.Əbilova anadan olarkən Hemiplegik spastik serebral iflic xəstəsi olmaqla bu günədək də yataq xəstəsi olaraq yaşadığını, onun müavinət almaq hüquqununda doğulduğu andan yaranmasını göstərmişdir. 01.01.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən X3 05.02.2021-ci il tarixdən hesablanmaqla geriyə 36 aylıq müavinətin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
14. “Sosial müavinətlər haqqında” Qanun: Maddə 1.0.1 sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 7.0.4. Müavinətlər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Maddə 3.1. şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə:
17. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı il ətəsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası:
19. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
20. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir.
21. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.01.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, iddiaçının qızının sağlamlıq imkanlarının məhdudluğunun 05.02.2021-ci il tarixdən müəyyən edilməsi və cavabdeh tərəfindən də məhz həmin tarixdən müvafiq müavinət və təqaüdün təyin edilməsi işin mübahisəsiz hallarıdır.
25. Hazırkı iddia ilə iddiaçı qeyd edilən müavinətin 05.02.2021-ci il tarixdən əvvəlki 36 ay üçün ödənilməsini tələb edir və bunu övladının anadangəlmə sağlamlıq imkanları məhdud uşaq olması ilə əsaslandırır.
26. İddiaçının müvafiq dəlillərinə, o cümlədən apellyasiya şikayətində istinad etdiyi hallara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir. Qanunvericiliyin tələblərinə görə isə sağlamlıq imkanları məhdudluqla bağlı müavinət onu almaq hüququ yaranan gündən təyin edilməlidir.
27. Buna görə də iddiaçının qızının sağlamlıq imkanlarının məhdudluğu 05.02.2021-ci il ci il tarixində qəbul edilmiş TSEK qərarı ilə müəyyən olunduğundan, onun müavinət almaq hüququ da həmin andan yaranır. Bu səbəbdən cavabdehin iddiaçının müraciətinin təmin edilməməsi ilə bağlı imtinası, eləcə də birinci isntansiya məhkəməsinin məhkəmələrin iş üzrə gəldiyi nəticələ qanuni və əsaslı olmuşdur.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(118)-1957/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.