Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-24/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 2-1(118)-164/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) ona məxsus 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Lakin cavabdeh inzibati orqanın 06 avqust 2019-cu il tarixli, **********32 saylı məktubu ilə iddianın təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatının aparılması Qaydalarının 9-cu maddəsinin 9.1.2-ci bəndinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması təmin edilməlidir. Bu səbəbdən, təqdim edilmiş sənədlər ekspertiza edilmiş, lakin JN-011A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin elektron kadastr baza məlumatlarında 0,06 ha olduğu, qalan 0,50 ha torpaq sahəsinin isə bələdiyyə mülkiyyətində göstərildiyii aşkar edilmişdir. Bildirilmişdir ki, şəhadətnamə barədə məlumatların dəqiqləşdirilməsi məqsədi ilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və Yerquruluş Layihə Tədqiqat Mərkəzi MMC-yə sorğu ünvanlanmış və daxil olan cavab məktubunda İddiaçı adına 0,06 ha torpaq sahəsinin qeydiyyata alındığı, 0,56 ha torpaq sahəsinin (şəhadətnamənin) verilməsinə əsas olmuş sənədlərin aşkar edilmədiyi bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 16 sentyabr 2019-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək əldəetmə müddətini nəzərə alaraq torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasında 0,5631 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınmasını, ona məxsus 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını və məhkəmə baxışı ilə bağlı xərclərin cavabdeh tərəfindən ödənilməsinı xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasında 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Siyəzən Rayon İcra Hakimiyyəti Başçısınin 25 aprel 1995-ci il tarixli 152 nömrəli qərarı ilə Gil-gilçay qəsəbə İnzibati Ərazi vahidi üzrə nümayəndəliyinin 10 aprel 1995-ci il tarixli 27 saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi və həyətyanı sahə üçün torpaq sahəsi ayrılmışdir. Daha sonra müraciəti əsasında keçirilən islahat vaxtı ailə üzvlərinin əvvəllər Dəvəçi rayonu ərazisində yerləşən Siyəzən sovxozunda işlədiklərini və Siyəzən rayonunun Dəvəçi rayonu tərkibindən çıxdıqdan sonra onlara səhvən sovxozdan pay torpaqları verilmədiyini, onun və qardaşının Vətən torpaqları uğrunda döyüş bölgələrində xidmətlərini nəzərə alaraq Siyəzən rayon İcra Hakimiyyətinin göstərişi ilə ona ayrılmış torpaq sahəsinin qonşuluğunda bağçılıq üçün əlavə 0,50 ha torpaq sahəsi verilmişdir. 1995-ci ildə göstərilən əlli altı sot (faktiki 0,5631 ha) torpaq sahəsi naturada ayrılandan və mərzləri çəkiləndən sonra öz şəxsi hesablarına və zəhmətləri ilə daşdan, kimyəvi çirklənmələrdən yabanı bitki və kollardan onlar tərəfindən təmizlənib dəmir torla hasarlanmışdır. Torpaq sahəsi bu ilə qədər hər il münbitləşdirilir, istifadə və mühafizə olunur. 2001-2002-ci illərdə torpaq islahatı haqqında qanunvericiliyə uvğun olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri tərəfindən torpaq mülkiyyətçilərinin hüquqlarının tənzimləməsini təmin etmək məqsədi ilə yerqurulusu və ərazi bölgüsü isləri aparılmış, lazımı hüquqtəsdiqləyici sənədlər toplanmış və bunun nəticəsi olaraq mülkiyyətçilərə müvafiq hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dair şəhadətnamələr verilmişdir. O cümlədən iddiaçıya 24.06.2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə verilmişdir. İddiaçı 05.07.2019-cu il tarixində qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə almaq məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun adına elektron bazada 0,06 ha torpaq sahəsinin qeydiyyata alındığı və 0,5631 ha torpaq sahəsinin (şəhadətnamənin) verilməsinə əsas olmuş sənədlərin ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan xxxx MMC-də aşkar edilməməsin əsas göstərərk, müraciətin təmin edilməsindən imtina etmişdir. Verilmiş imtina ilə razı deyildir. Belə ki, torpaq sahəsi onun tərəfindən 1995-ci ilin may ayından hasarlanmış, 23.06.2002-ci il tarixinədək istifadəsində, 24.06.2002-ci il tarixdən isə xüsusi mülkiyyətindədir. Həyətyanı torpaq sahəsindən bu günə qədər fasiləsiz və etirazsız istifadə olunur. Bu faktlar həmin torpaq sahəsinin 1995-ci ildən Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Gil-gilçay qəsəbə İnzibati Ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən, 2001-ci ildən isə Gil-gilçay qəsəbə Bələdiyyəsi tərəfindən vergiyə cəlb olunması və həmin ödənişlərin ödənilməsini təsdiq edən arayış, bildiriş və qəbzlərlə təsdiqlənir. Bundan əlavə cavabdeh tərəfindən verilmiş 15.10.2018-ci il tarixli **********94 saylı arayış da həqiqətən 2002-ci ildə ona fərdi yaşayış evinin, həyətyanı sahənin və bağ altında olan 0,5631 ha torpaq üzərində mülkiyyət hüququna dair JN-011A saylı şəhadətnamənin verilməsini və verilən bu mülki-hüquqi sənədin saxta olmadığını sübut edir. Əlavə 0,50 ha torpaq sahəsinin səlahiyyətli orqan tərəfindən ayrılmasını təsdiq edən sənədlərin birinci nüsxələri 2001-ci ildə məhz öz səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alıb rəsmiləşdirmək, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə bu hüquqları təsdiq edən müvafiq sənədlər vermək səlahiyyətləri olan və 2015-ci ildə ləğv edilən digər dövlət orqanının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmuş Dövlət Yerquruluşu Layihə İnstitutunun nümayəndələrinə təqdim edilmişdir və bu sənədlərin əsasında torpağın mülkiyyətə verilməsini və dövlət qeydiyyatına alınmasını təsdiqedən Şəhadətnamə alınmışdır. Hazırda həmin arxiv sənədlərinin lazımi səviyyədə təhvil verilməməsi və ya hansısa bir dövlət orqanında səhlənkarlıqdan itməsi səbəbindən aşkar edilməməsi iddiaçının təqsiri sayılmamalıdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 2-1(118)-164/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, iddiaçı X2 torpağın mülkiyyətə verilməsinə dair JN- 011A saylı şəhadətnamə əsasında 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır(hakim İ.Quliyev) Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini iddiaçının müraciətinə imtina ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş torpaq sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Həmin maddədə nəzərdə tutulan əsaslardan birinin mövcud olmasını təsdiq edən sənəd (sənədlər) müraciətə əlavə edilmədiyindən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən- 0,5031 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı X3 torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasında 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, şəhadətnamə barədə məlumatların dəqiqləşdirilməsi məqsədi ilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “xxxx” MMC-yə sorğu ünvanlanmış və daxil olan cavab məktubunda İddiaçı adına 0,06 ha torpaq sahəsinin qeydiyyata alındığı, 0,56 ha torpaq sahəsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmamış və hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə iddianı təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının JN 011A, 30500017 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə mülkiyyətində olan 0,5631 ha torpaq sahəsinə mülkiyyət sənədi verilmiş, iddiaçının mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Bu şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Cavabdeh iddiaçının müraciətinə imtinasında, eləcə də iddia ərizəsinə dair etirazında iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası zamanı JN-011A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin elektron kadastr baza məlumatlarında 0,06 ha olduğu, qalan 0,50 ha torpaq sahəsinin isə bələdiyyə mülkiyyətində göstərildiyini bildirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq cavabdehin dəlillərini araşdırmamış, İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipini pozmuş, bununla da iddianın tam həcmdə təmin edilməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Halbuki İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. İş materiallarında olan JN-011A seriyalı KOD 30500017 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37 saylı qərarına əsasən, 0,56 ha torpaq sahəsi Siyəzən rayon Gil-gil çay qəsəbə sakini İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı şəhadətnaməyə əsasən, 0.56 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə etdiyi müraciət əsasında, cavabdeh inzibati orqan “xxxx” MMC-yə sorğu edərək bildirmişdir ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 24 iyun 2002-ci il tarixində təsdiq edilmiş JN-011A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın sahəsi 0.56 ha qeyd edilmiş, lakin idarənin xidməti istifadəsində olan elektron kadastr məlumat bazasında sözü gedən torpaq sahəsinin İddiaçı mülkiyyətində olan hissəsi 0.06 ha, qalan 0.50 hissəsi isə bələdiyyə torpaqları kimi göstərilmişdir. Bununla əlaqədar sözügedən JN-011A (KOD ********) şəhadətnamənin verilməsi üçün əsas olan ilkin sənədlərin surətlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim edilməsinə köməklik göstərilməsi və neçə hektar torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınacağına dair münasibət bildirilməsi xahiş edilmişdir. xxxx” MMC-nin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə cavab olaraq ünvanladığı məktubda qeyd edilmişdir ki, arxiv məlumatları əsasında aparılan araşdırma zamanı vətəndaş İddiaçı adına 0.06 ha torpaq sahəsi qeydə alınmışdır. 0.56 ha torpaq sahəsinə verilmiş JN- 011A nömrəli şəhadətnamənin işlənməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən cavabdehin imtinasında qeyd edilən xüsusatla bağlı aidiyyəti orqanlara sorğulara edilmiş, verilmiş cavablardan aşağıdakılar müəyyən edilmişdir: - Siyəzən rayon Dövlət Arxivi tərəfindən tədqim edilmiş Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 37 saylı protokolundan görünür ki, 23 fevral 1998-ci il tarixdə Siyəzən rayonu Aqrar İslahat Komissiyasının iclası keçirilmiş, iclasın nəticələrinə əsasən, “Cıraqqala” yerli aqrar islahatı komissiyasının 09.02.1998-ci il tarixli 21 saylı iclas protokolunun, “Beşdam” yerli aqrar islahatı komissiyasının 05.02.1998-ci il tarixli, 6 saylı, 06.02.1998-ci il tarixli, 7 saylı iclas protokollarının, həmçinin “Nizami” yerli aqrar islahatı komissiyasının 15.02.1998-ci il tarixli 11 saylı iclas protokolunun təsdiq edilməsi qərara alınmışdır. - Siyəzən rayonu X6 X4 ilə Siyəzən rayonu, Gilgilçay qəsəbəsi ərazisindən fərdi mənzil tikintisi üçün 3 ha torpaq sahəsi ayrılması haqqında rayon İcra Hakimiyyəti Başçısının Gilgilçay qəsəbəsi üzrə nümayəndəsinin, rayon torpaq şöbəsinin müdirinin rəyləri, rayon XDS sədrinin 3 may 1994-cü il tarixli 15 saylı sərəncamı ilə yaradılmış komissiyanın aktı nəzərə alınmış, Siyəzən rayonu, Gilgilçay qəsəbəsi ərazisindən fərdi mənzil tikintisi üçün 3 ha torpaq sahəsi ayrılmış, qərarın icrasına nəzarət rayon torpaq şöbəsinin müdiri Ə.Ələkbərova tapşırılmışdır. - Siyəzən rayon İcra Hakimiyyətinin başçısının fərdi mənzil tikintisi haqqında 25 aprel 1995-ci il tarixli 152 saylı sərəncamın surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının Gilgilçay qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəliyin 10 aprel 1995-ci il tarixli, 24 saylı sərəncamı nəzərə alınmış, Siyəzən rayon XDS-nin 10.07.1994-cü il tarixli, 5-11 nömrəli qərarı ilə Gilgilçay qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 3 ha torpaq sahəsində İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır. - Siyəzən rayon İcra Hakimiyyəti Siyəzən rayon Dövlət Arxivinin 29 iyun 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının iclas protokollarında, torpaq islahatı ərzində torpaq sahələrinin ayrılması məsələləri ilə bağlı arxivə vətəndaşlardan çoxlu sayda müraciətlər daxil olur. Araşdırmalar göstərir ki, Arxivə sovxoz torpaqlarından vətəndaşlara ayrılmış pay torpaqlarının sənədləri təhvil verilmişdir. Məhkəmənin sorğusu ilə bağlı bildirilmişdir ki, nəinki İddiaçı, o cümlədən heç bir Gilgilçay qəsəbə sakininin torpaq alan subyektlərin siyahısı tərəflərindən aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 12 oktyabr 2020-ci il tarixli, **********50 saylı məktubla məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində aşkar olunmuş arxiv sənədinin təsdiq olunmuş surəti və elektron kadastr bazasından əldə olunan Siyəzən rayonu, Gil-Gil kəndi ərazisində yerləşən 0,56 ha torpaq sahəsinə dair daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsindən çıxarışın surəti təqdim edilmişdir. - Mübahisəsi gedən torpaq sahəsinə dair daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsindən çıxarışdan görünür ki, xəritədə İddiaçı məxsus JN-011A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında qeydə alınmış torpağın sahəsi 0.06 ha qeyd edilmişdir. - Siyəzən rayon Aqrar İslahatı Komissiyası tərəfindən təsdiq edilmiş Siyəzən rayonu Gil-GİL çay qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən çıxarışdan görünür ki, İddiaçı aqrar islahat zamanı 11 nömrəli dövlət aktına əsasən 0.06 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti iddiaçıya torpaq sahəsinin verilməsinə əsas olmuş qərarın təqdim edilməsi ilə bağlı sorğuya cavab olaraq, Siyəzən rayonu “Nizami təsərrüfatı yerli aqrar islahatı komissiyasının 15 fevral 1998-ci il tarixli 11 saylı qərarının təsdiq edilməsinə dair Siyəzən rayonu aqrar islahatı komissiyasının 23 fevral 1998-ci il tarixli, 37 saylı qərarını təqdim etmişdir. Məhkəmə Kollegiyası tərəfindən 21 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilərək vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən JN-011A KOD 30500017 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, İddiaçı ayrılmış Siyəzən rayonu, Gil-Gil kəndi ərazisində yerləşən 0.56 ha torpaq sahəsinin kateqoriyası barədə, eyni zamanda kənd təsərrüfatı ehtiyacları üçün yararlılığının (yararlı, az yaralı, yararsız) hansı səviyyədə olması barədə məlumat verilməsi xahiş olunmuşdur. xxxx MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş C-10 saylı 17.02.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, vahid elektron baza məlumatlarında olan Gilgilçay kəndinin yerquruluşu xəritəsində mübahisəli ərazidə İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.06 ha olduğu qeyd edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş JN-011A saylı 30500017 kodlu şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0.56 ha torpaq sahəsi vahid elektron baza məlumatlarında olan xəritə materiallarında İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi kimi öz əksini tapmamışdır. (BEF-0.50ha) qeyd edilən səbəblərdən sualların cavablandırılması mümkün olmamışdır. Siyəzən rayon Dövlət Arxivinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verdiyi 29 iyun 2020-ci il tarixli, 22 saylı məktubda nəinki İddiaçı, o cümlədən heç bir Gil- Gil çay qəsəbə sakininin torpaq alan subyektlərin siyahısında aşkarlanmadığını bildirsə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş cədvəldən görünür ki, 1999-cu ildə Siyəzən rayon Aqrar İslahatı Komissiyasının sədri F.M.Hacıyev tərəfindən təsdiq edilmiş cədvələ əsasən Siyəzən rayon Gil-Gil çay qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə həyətyanı torpaq sahələri verilmişdir. Qeyd edilən ziddiyyətlə bağlı məsələyə aydınlıq gətirilməsi və buna dair arxivdə hər hansı sənəd olduğu təqdirdə surətinin məhkəməyə təqdim edilməsi məqsədilə kollegiya tərəfindən təkrarən arxivə sorğu ünvanlanmış, eləcə də, “Çıraqqala” yerli aqrar islahatı komissiyasının 09.02.1998-ci il tarixli 21 saylı, “Beşdam” yerli aqrar islahatı komissiyasının 05.02.1998-ci il tarixli 6 saylı və 06.02.1998-ci il tarixli 7 saylı və “Nizami” yerli aqrar islahatı komissiyasının 15.02.1998-ci il tarixli 2 saylı iclas protokollarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Siyəzən rayon İcra Hakimiyyəti Siyəzən rayon Dövlət Arxivi 08 may 2021-ci il tarixli məktubla sorğuya cavabda bildirmişdir ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının, eləcə də Çıraqqala, Beşdam, Nizami yerli aqrar islahatı komissiyalarının qərarlarında vətəndaş İddiaçı adına verilmiş hər hansı bir torpaq sahəsinin olması aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən yuxarıda sadalanan sübutların tədqiq edilməsi nəticəsində müəyyən edildi ki, 1998-ci il tarixdə Siyəzən rayonunda aparılmış aqrar islahat zamanı Siyəzən rayon Aqrar İslahatı Komissiyası tərəfindən təsdiq edilmiş Siyəzən rayonu Gil-GİL çay qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvələ əsasən, iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmış, eyni zamanda vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən də, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-011A seriyalı şəhadətnamə əsasında iddiaçının adına qeydə alınmış torpağın sahəsi 0.06 ha qeyd edilmişdir. Lakin buna baxmayaraq iddiaçıya verilmiş şəhadətnamədə ayrılan torpağın sahəsi 0.56 ha qeyd edilmişdir. Kollegiya tərəfindən çoxsaylı sorğular ediməsinə baxmayaraq iddiaçıya aqrar islahat zamanı 0.56 ha torpaq sahəsinin ayrılması öz təsdiqini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: .................................. 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Sadalanan hüquq normalarını hazırkı mübahisəyə tətbiqi baxımdan kollegiya hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-011A seriyalı şəhadətnamədəki məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara tam olaraq uyğun olmadığından cavabdehin, 0.5031 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, 0.56 ha torpaq sahəsinə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda işdə olan sənədlərlə aqrar islahat zamanı iddiaçıya 0.06 ha torpaq sahəsinin ayrılması təsdiq edilsə də, 0.5031 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydə alınması ilə bağlı iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin tam olaraq təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın qismən ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - 0,5031 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 2-1(118)-164/2020 saylı qərarı qismən-iddiaçı X2 torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasında 0,5031 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilsin. Qərar qalan hissədə, yəni X2 torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasında 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-24/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-24/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver